Ağ daşlarla hörülmüş bu köhnə hasar əvvəllər adam boyundan bir-iki qarşı yuxarı idi. Barmaqların ucuna qalxıb o biri tərəfi rahatca görmək olurdu. Qulam bir neçə dəfə bu hasarı bir az da qaldırmaq istəsə də, atası Məhəmməd kişi qoymamışdı. Qulam hətta bir dəfə kəndin aşağı başındakı kamaz sürücüsü qaçqın Yusifdən bir kamaz daş gətirməsini də istəmişdi...
Bir də bu hasardan qonşuları Cəlilgil tərəfə qapı vardı. Məhəmməd kişinin sağlığında o qapı gecə-gündüz açıq olardı. Qapı bağlı olanda kişinin ürəyi sıxılardı. Buna görə də heç kim o qapını bağlamazdı, nə o tərəf, nə bu tərəf...
Əvvəllər hasarın bir tərəfində, vaxtilə kənddə adnan deyilən, pulunu balta kəsməyən kassir Məhəmməd yaşayırmış. Kəndnən bir hörməti varmış Məhəmməd kişinin. Kənddə kassir Məhəmmədin qoca, uzun ömürlü yaşıdlarından eşitmişdim ki, gəncliyində hündürboy, iri gövdəli, gözləri şabalıdı, qaşları, saçları gur və qapqara, yaraşıqlı bir oğlan imiş Məhəmməd kişi. Saçlarını da həmişə arxaya darayarmış. Kənddə kürəyini yerə vuran yoxuymuş. İki-üç nəfəri birnəfəsə qatlayıb dizinin altına qoyurmuş. Toyda hamı onun oynamağına həsədlə baxarmış. Qızlar da dərdindən lap dəli-divanə imiş...
Üzündən nur tökülən kassir Məhəmməd yaman xeyirxah kişi imiş. Qonum-qonşusuna, qohum-əqrəbasına, kəndçilərinə həmişə əl tutarmış. Bayramlarda yekə bir cöngə kəsdirib, kəndin at belindən düşməyən cavanlarıyla hər qapıya pay yollayarmış. Deyilənə görə, kassir Məhəmməd kənddə hansı məclisə ayaq bassaymış, hamı ehtiram əlaməti olaraq ayağa qalxarmış. Məclis toy-nişan imişsə, ya bəyə bir yüzlük verərmiş, ya da gəlinə veriləcək cehizlərdən birinin xərcini çəkərmiş. Yox, əgər yas mərasimi imişsə, onda mərhumun məzar daşının haqq-hesabını öz boynuna götürərmiş. Su üstə bir-birinin üstünə “lapatka” qaldıran taytuşları, torpaq üstə bir-birinə söyən kəndçiləri, çəpər üstə bir-biri ilə düşmən olan qonşuları, bir toyuq üstündə arvad söhbətinə qarışıb dava eləyən neçə ilin dostlarını, bir sözlə, bütün küsülüləri bir araya gətirib barışdırarmış. Yəqin, elə bu səbəbdən kənddə hamı mehriban yaşayırmış. Qapısı hamının üzünə açıq imiş Məhəmməd kişinin. Kim onun qapısına borca, diləyə getsəymiş, əliboş qayıtmazmış. Utana-utana qapısını döydüyü adama: “Ehtiyacın olan şeyi istəmək ayıb deyil, bu gün mənim olar, sabah sənin. Onda mən də çəkinmədən sənin qapına gələrəm, “Əl tutmaq Əlidən qalıb” – deyib atalar” deyirmiş. Hələ əgər çörək vaxtı getmisənsə, səninlə bir tikə çörək kəsməmiş buraxmazmış adamı qapıdan. Bir də deyirlər ki, kassir Məhəmməd dünyasını dəyişəndə (evdə oturduğu yerdə, qəfildən ürək tutmasından) kənd camaatına yaman pis təsir eləyib. Hamı öz qapısından yola salırmış kimi ağlayıb, yas saxlayıb Məhəmməd kişiyə. Hamı çiynilərini onun tabutu altına vermək istəyirmiş. Adətə görə (elə indi də), cənazəni küçənin başına qədər aparıb, orda böyük maşına qoyurlarmış. Məhəmməd kişinin tabutunu isə kəndin kişiləri məzarlığa qədər çiyinlərində aparıblar. Qapqara qaralmış, guruldayan göy üzü ilə bərabər, kəndin dağ boyda kişiləri də ağlayırmış. Bir də hər evdə üzü divara tərəf çevrilmiş televizorun üstünə atılan qara yaylığı heç kim tərpətməyib qırx gün boyunca...
Hələ yaxında öz oğluna, qızına toy-nişan edəcək ailələr vaxtı dəyişərək, gələn ilə saxlayıblarmış. Hətta Məhəmməd kişinin qonşusu Zeynal kişinin oğlu Cəlilin dəvətnaməsi də paylanıbmış. Məhəmməd kişinin ili çıxana qədər bu kənddə bir dəfə də olsun “Vağzalı” səsi eşidilməyib...
Məhəmməd kişi rəhmətə gedəndən sonra həyətinin hasarı çat-çat olmuş, bir neçə yerdən partlamışdı. Elə bil kişinin xiffətini eləyirdi hasar.
Bir də bu hasarın boyu o qədər uzanmışdı ki, ayağının altına çəllək də qoysan, o biri tərəfi görmək mümkün deyildi... Məhəmməd kişinin ürəyini sıxılmağa qoymayan qapıdan isə əsərəlamət qalmamışdı. Heç elə bil bineyiqədimdən burda qapı olmayıb...
Artıq kassir Məhəmmədin yurdunda oğlu Qulam yaşayırdı.
Qulam heç atasına oxşamırdı. Həm qaraqabaq, həm də simic adam idi. Kəndin xeyrinəşərinə də yaramazdı. Hamı ilə əlaqəni kəsmişdi. Hətta uzaq qohumları ilə də. Heç atasının qəbri üstünə ziyarətə də getməzmiş. Rəhmətlik kişinin qəbir daşının ətrafında boy verən alaq-ulağı, kol-kosu bayramlarda gedib kəndin cavanları təmizləyərmiş. Məhəmməd kişinin özü kimi qəbri də əziz, doğma imiş kənd camaatına. Tində-dalanda, çayxanada toplanan kişilər: “Heyif Məhəmməd kişidən, yurdunda bir yönnü züryəti də qalmadı, bu Qulam heç elə bil o kişinin belindən gəlməyib” deyib, giley-güzar edərmişlər.
Qulam atasının ölümündən sonra şəhərə köçmüşdü. Kənddəki evlərinə adətən, daha çox yaz, payız ayları dincəlməyə, ad günləri keçirməyə, yeyib-içməyə gələrdilər.
Tez-tez məhlədə masaları baş-başa düzüb, böyük süfrə açarmışlar, üstündə barmaq qoymağa yer olmazmış. Gün batana, hava qaralana yaxın gilənar ağacının aşağı əyilən, möhkəm budağından yenicə asılmış quzunu soymaq işinə Qulamın əmisi oğlu Heydər baxardı. Həmişə də qana bulaşmış köynəyini çıxarıb ağacın əlçatan bir budağına keçirərdi Heydər. Keçən dəfəki qonaqlıqdan üstündə ət qırıntıları qalmış şişləri təmizləyən kim, bəlkə də, hələ tam soyumamış manqalı yenidən alovlandırmaq üçün balaca kömür kisəsinin ağzını açan kim, Qulamın ikinci arvadı Zenfira xaladan bıçaq istəyən kim... Bir sözlə, bir gəlhagəl, bir vurhavur olurmuş ki, gəl görəsən. Hələ balaca uşaqların qorxu və böyük həvəslə məhlənin küncündəki, hasara yaxın olan dörd bir yanı xırda gözlü, qalın setkaya alınmış qarqarada o baş-bu başa gedən “afçarka”ya ət atmalarını demirəm...
Günlər tez keçirdi. Hasar heç də yaxşı deyildi. Bir tərəfdən ovxalanıb tökülmüş, bir tərəfdən beş-altı daş enində, hər iki tərəfdən boy-boy çatlamışdı. İt bağlanan tərəfdən isə içəri, Qulamgil tərəfə qocaman adamlar kimi əyilmiş, həm də həmin hissəsi yan daşlardan bir az aralanmışdı. Elə bil boyundan utanırdı hasar... Bəlkə də, lap xəcalət çəkirdi...
Nənəm deyirdi ki, uşağı olmurdu Qulamın. Ta o pir, o ocaq qalmamışdı ki, gedib baş çəkməmiş, nəzir verməmiş, qurban deməmiş olsunlar. Di gəl ki, bir xeyri olmurdu. Axırda Qulam arvadını da götürüb müalicə üçün Türkiyəyə, ordan da Almaniyaya getmişdi. Qulamın oğlu illərlə davam edən müalicənin nəticəsində, arvadının həyatı bahasına dünyaya gəlmişdi. Heç ikinci arvadından da uşağı yoxuydu Qulamın. Birinci arvadından gözünün ağı-qarası, vur-tut cəmi bir oğlu var idi, vəssəlam. Üstündən yeddi il keçirdi artıq. Bu dəfə kənddəki evə yığışmalarının səbəbi Qulamın atasının adını vermədiyi oğluna ad günü keçirməsi idi. Həm də Qulamın oğlu bu il məktəbə gedəcəkdi axı. Gələndən-gedənə məhlənin küncündə, hasarın yanında, qarqaradakı itdən əl çəkməzdi bu uşaq. Onu yaman çox istəyirdi. Elə it də ona öyrənmişdi artıq, qalın səsiylə hürmürdü ona...
Hasarın o biri tərəfində isə, adətən, sakitlik hökm sürərdi. Cəlilin qışa odun yığmaq üçün məhlədəki iri ağaclara vurduğu baltanın səsi hərdənbir eşidilməsəydi, elə bilərdin ki, heç bu tərəfdə adam yaşamır... Cəlil hündür, qarayanız, çəlimsiz, ailəcanlı bir oğlan idi. Bir ayağını çəkirdi. Köynəyinin yaxalığını da, boynunu gün yandırmasın deyə, həmişə açıq saxlayardı. Başında da yekə “qarğı papaq” olardı. Hasar kimi onun da beli əyilmişdi. Amma boyundan yox, cibindən utanırdı Cəlil...
Kənd camaatının əkin sahələrini sulayar, biçin vaxtı ot komalamağa, bostan vaxtı qarpız yığmağa gedər, beləcə, ailəsini dolandırardı. Kənddə hamı onu “suçu Cəlil” kimi tanıyırdı. Onun iki uşağı: bir oğlu, bir qızı var idi. Hasarın hündürlüyü çox şeyi gizləsə, ört-basdır eləsə də, xəfif küləyin manqaldan götürüb gətirdiyi tüstünün qarşısını almaqda aciz idi. Bu uşaqların tüstüqarışıq manqal iyini iştahla içinə çəkməyi Cəlilin ürəyini o manqalda unudulub qalan kabab kimi yandırırdı... İçdiyi su da boğazından keçmirdi. İşıq pulunu vaxtında ödəyb bilmədiyinə görə bir neçə gün idi ki, çıraq işığında otururdu Cəlilgil. Qulamın məhləsindəki lampalar isə səhərə qədər yorulmazdı...
Qulamgilin məhləsinin çox hissəsi bağlı olduğundan, onlar elə çox hiss eləməsələr də, axşamdan Cəlilgil tərəfdən əsməyə başlayan külək Məhəmməd kişinin ölümü kimi, qəfil, istiqamətini dəyişmədən elə şiddətlənməyə başlamışdı ki, deyirdin, elə bu saat bu boyda kəndi qatıb qabağına aparacaq. Küncdə, hasarın bir addımlığındakı it isə köhnə dostu ilə birgə əylənir, onun atdığı ət tikələrini göydəcə qapırdı...
Cəmi bir neçə dəqiqə keçmişdi. Hasarın qəzalı vəziyyətdə olan hissəsi elə uçub-dağılmışdı ki, elə bil kimsə burdan qapı açmaq istəmişdi... Tökülən daşların üstündəki ləkələr gilənar ağacının boynuna atılmış köynəyin qırmızı ləkələrini xatırladırdı... Səhərisi gün Qulam hasarı elə sökdürmüşdü ki, yerində bir dənə daş parçası da qalmamışdı...