Qoca hər dəfə ürəyindəki ağrılardan şikayət edəndə qonşu kimi köməyinə gəlirdim. Yenə belə olmuşdu. Ona təcili özünü yoxlatdırmasını məsləhət görüb, bir-iki dərman yazdım, getmək istəyəndə məni tutub saxladı. Qabağıma armudu stəkanda pürrəngi çay qoyub divanda uzandı, gözlərini bir nöqtəyə zillədi. Danışmaq istəyirdi, sadəcə danışaraq yüngülləşmək. Daha deyə bilmədim ki, psixoloq deyiləm, mənə ürəyini boşaldasan. Hərçənd beyinlə qəlb arasında bəlli bir əlaqə var. Tək-tənha yaşayan qocanı ünsiyyətdən məhrum etmək olmazdı. Bəlkə də, çənəsinin altına keçən adamlarla uzun-uzadı danışmaq, daha dəqiqi, onlara monoloq söyləməklə təsəlli tapırdı. Xoş əhvalla, ola da bilsin, özünü belə göstərməyə çalışaraq ordan-burdan danışmağa başladı. Sonra isə söhbətin səmtini dəyişib kəndlərindəki bir nəfərdən söz açdı:
- Mən sənə gör nə vaxtdan danışıram, lap uşaqlığımdan.
Uşaqlıq xatirələri çox güclü olur. Bir də görürsən, adamın səhər nə yediyi yadından çıxır, amma lap balacalıqda deyilən bir söz, ya danışılan bir hadisə yaddaşın dərinliklərində iz qoyur. Elə möhkəm qazılır ki – bir də heç vaxt silinməyəcəkmiş kimi. Ağzımdan boş söz çıxaran deyiləm, gör yaşı yetmişi haqlamış bu qoca nə söyləyir. Deməli, belə, bizim kənddə bir oğlan vardı. Adı... adını bilməsən də, olar, bunun nə önəmi var ki? Gəl şərti olaraq həmin oğlana “Adsız” deyək.
Mən arabir başımı aşağı-yuxarı tərpədib dinməzcə qulaqasır, qoca isə sanki öz-özüylə danışırmış kimi, arxayın-arxayın sözünə daşam edirdi:
- Adsız çox yaraşıqlı, boy-buxunlu bir uşaq idi. Ağıllı, bacarıqlı, zirək. Kasıb ailədə doğulmuşdu, amma çoxlarının gözü onu götürmürdü. Sənə bir sirr açım: insanlar üzə vurmaq istəməsələr də, ətrafdakıların puluna yox, məhz ağlına həsəd aparırlar. Təbii ki, söhbət başqalarındakı bu ağlı görə bilənlərdən gedir. Adsız kənddə böyüyüb boyabaşa çatmışdı, uşaqlığında maddi-mənəşi çox çətinliklər çəkib. Atası adi kəndliydi, anası isə evdar qadın. Yoxsulluq içində ailə saxlamaq müşkül məsələdir. Bununla belə, evin tək övladı olan Adsızdan ötrü valideynləri əllərindən gələni əsirgəmirdilər. Adsız da dərslərini pis oxumurdu, ata-anasının ümidlərini doğrultmaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırdı. Axı belə davam eləyə bilməzdi, böyüyüb bir mənsəb sahibi olmalı idi. İmkanlarına görə hamı onlara yuxarıdan aşağı baxırdı, bu ailəni, bu uşağı kimsə saymırdı.
Zaman keçdi, vədə dolandı. Adsız məktəbi bitirib universitetə daxil oldu. Tale üzünə gülmüşdü, ya da çəkdiyi zəhmətlərin məntiqi nəticəsini görürdü. Belə desək, daha düz olar. Bakıda təhsilini başa çatdırıb, müstəntiq kimi işə düzəldi. Adama qəribə gəlsə də, ta uşaqlığından həmişə diqqətdən kənar qalan Adsız, otuz yaşına çatanda artıq prokuror olmuşdu. Bu, onun həyatda qazandığı çox böyük bir uğur idi. Vəzifəsi, nüfuzu və pulu vardı. Maşını, evi, bağı. Adsız ötən illər ərzində çox şeylər əldə etmişdi. Heç vaxt ağlının ucundan belə keçirmədiyi qədər çox şey!
Amma bir məqamı da gərək nəzərdən qaçırmayasan: həyatda tək savadla, nailiyyət qazanmaqla iş bitmir, insanın insan olmasında çox şərtlər şar. Səni cəmiyyətdə, əsas da öz içində sən edən xüsusiyyətlərindir. Ünsiyyətli, adama yovuşmaz, mərhəmətli, ya qəddar olmağın. Bu xüsusiyyətlərin nisbəti necədir? Və ən vacibi, özünü özünmü idarə edirsən? Yoxsa səni xüsusiyyətlərin yönləndirir? Sən isə elə bilirsən ki, qərarlarını ağılla verdin. Saysız xüsusiyyətlərin nisbətlərinə görə, sonsuz fərqdə insan yaranır. Ümumi şəkildə nə qədər qruplaşdırmalar olsa da... Bax, indi mən Adsızın bu yönündən söz açmaq istəyirəm. Onun haqda danışmaq, ancaq necə biri olduğuna toxunmamaq mümkün deyil. Yoxsa tamam yanlış təəssürat yaranar. Sənə onun insanlığından, xislətindən söhbət edəcəm, – qoca dərindən nəfəs alıb sözünə fasilə verdi. Bir xeyli gözlərini dikdiyi nöqtədən ayırmadan durdu, sonra isə danışığına davam etməsi üçün razılıq istəyirmiş kimi, sualedici nəzərlərlə üzümə baxdı.
- Danışın, danışın, qulağım sizdədir, - mən yenə başımı aşağı-yuxarı yellədib diqqətimin onda olduğunu bildirdim. Həm də özümdə maraq yaranmışdı artıq.
- Deməli, belə: Adsızda hələ uşaqlıqdan müsbətlərlə yanaşı, mənfi cəhətlər də gözə çarpırdı, onda ikili xüsusiyyətlər vardı. Bu cür adamlara nə qədər desən, rast gəlmək olar. Bəzən çox sakit idi, bəzən də çox dalaşqan, kobud. Çevrəsindəkilərlə ünsiyyəti sabit deyildi, səmimi də ola bilərdi, ikiüzlü, riyakar da. Bir də görürdün, Adsızın hansısa uşaqdan, ya xırda bir şeydən xoşu gəlmədi, başladı aranı qarışdırıb daşa salmağa. Onun çılğın olduğunu deyirdilər, amma bu, ayrı şeydi. Yaşa dolduqca onda qəddarlıq, amansızlıq kimi cəhətlər əmələ gəlməyə başladı. Bəlkə də, ehtiyac içində keçən uşaqlığına qarşı yaranan bir nifrət idi bu? Adsızın içində özünün də baş aça bilmədiyi ikinci, üçüncü, bəzənsə dördüncü bir şəxs yaşayırdı. Hərdən hiss edirdin ki, normal olmağa çalışır. Ancaq əbəs yerə, beyni çox tez-tez dönürdü, içindəki o digər insanlar üzə çıxıb onu tamam azdırırdılar. İnsan şüurunda çox qarmaqarışıq proseslər gedir, tək bir xüsusiyyətimiz olsaydı, nə vardı ki?! Bəzən də Adsız hər şeyi unudub heç nə olmamış kimi özünü aparırdı. Uşaqlıqda bu, sadə hadisələrlə – evdə, dərsdə, həyətdə oynayan zaman ortaya çıxır. Amma böyüyəndə... hər şey dəyişir. Həyata atılıb ciddi qərarlar verməli olursan, gərək taleyüklü məsələlərdə seçim edəsən. Səhv buraxmaqla ya öz həyatını dəyişə bilərsən, ya da başqalarının. Geri dönüşü olmayan nəticələrə yol açan addımlar atmağı isə heç kim istəməz.
Bir yandan da insanın dəyişməsinə həmişə bir səbəb olur. Keçdiyi həyat yolu, sosial durumu, çevrəsindəki adamlar. Adsızın da dəyişməsinə tutarlı səbəb vardı – pul! Pul çox təhlükəli şeydir. Maddi imkan, vəzifə adamın gözünü tutub tanınmaz hala sala bilər. Adsız da belələrindən idi: kimsəyə məhəl qoymur, heç kəsi saymırdı. Hamıya yuxarıdan aşağı baxıb alçaltmağa çalışırdı, elə bilirdi ki, artıq ona hər şey olar. Əvvəllər içində az-çox özüylə çarpışırdısa da, indi tamam başqalaşmışdı. Tərifi, qürrələnməyi sevən idi, onda özünəvurğunluq, yekəxanalıq kimi xüsusiyyətlər əmələ gəlmişdi.
Adsız yaşının keçməsinə baxmayaraq, ailə qurmadı. Bu barədə heç fikirləşmirdi də. Yavaş-yavaş ətrafına yaltaq adamları toplayıb, zamanını ancaq onlarla bir yerdə eyş-işrətə xərcləməyə başladı, içkiyə qurşandı. Gündəlik kef məclisləri onu real həyatdan ayırıb ayaqlarını yerdən üzmüşdü, gözü heç kəsi görmürdü. Ondan yararlanmaq istəyənlər isə çox idi, hər fürsətdə başına dolanırdılar. Adsız da sanki hər şeyi unudub xoş bir yuxunun içinə düşmüşdü.
Pul çox olanda bəzən insani keyfiyyətlər qabarır, bəzən də əksinə, mənfi cəhətlər. Adsızda ikinci hal idi, əldə etdikləri qüsurlarının qabarmasına təkan vermişdi. Uşaqlıqdan bir insan kimi tam formalaşmadığından çox tez dəyişdi. Həyatda özünü tapa bilmirdi sanki. Əgər onda mənəvi zənginlik olsaydı, pula belə asanca boyun əyməzdi. Axı adamın içi dolu olmayanda boşluğu pul, vəzifə, şöhrət kimi dəyərsiz şeylər tutur.
Adsızın ağlını başına yığa bilən yox idi. Canı yanan adamları özündən uzaqlaşdırmış, yoxsulluq içində yaşayan yaxınlarıyla, qohum-əqrəbayla əlaqələri tamam kəsmişdi. Həndəvərində təkcə ona yaltaqlananlar, üzdə gülüb, dalda quyusunu qazanlar vardı. Hə, bir dəfə belə bir hadisə oldu, təfərrüatı dəqiq bilinməsə də, bu haqda çox danışırlar...
...Adsızın yanına rayondan bir uşaqlıq dostu gəlir. Adsız onu restoranda qonaq edib, pis qarşılamır. Dostu onun uğurlarına sevindiyini bildirir, amma Adsızın necə dəyişməsi də gözündən qaçmır. Davranışlarından, söhbətlərindən çox şey tutur. Başa düşür ki, Adsız əvvəlki adam deyil, tamam başqalaşıb. Üzdə xoş qarşılasa da, köhnə dostunu hər fürsətdə aşağılamağa çalışır. Alçaldılmağı götürməyən dost ona dəyişdiyini, pulun, vəzifənin gözünü necə tutduğunu eyham vurub həqiqətləri söyləyir. Bunları eşitmək istəməyən Adsız isə içki havasına özündən çıxıb qışqırmağa, dostunu təhqir etməyə başlayır. Arada kəskin gərginlik yaşanır... Həmin gecə qaranlıq bir küçədə dostun meyidini tapırlar. İşin üstü açılmır. Kimi-kimsəsi olmayan kasıb bir oğlan idi, kim düşəcəkdi ki cinayətin dalınca? Bəs onun ölümündə Adsızın əli vardımı? Bu sual uzun illər çox adamın arasında dolaşıb dildən-dilə gəzir. Bizim kənddə indi də danışırlar. Adsızı həmin cinayətdə ittiham edənlər də var, bunun sadəcə bir şayiə olduğunu fikirləşənlər də...
Qoca yenə dərindən köks ötürüb, nəzərlərini bir nöqtəyə zillədi. Mən isə susurdum. Səbirsizliklə söhbətin mətləb üstə gəlməsini gözləyir, Adsızın hekayəsini niyə danışdığını anlamağa çalışırdım. Axır sanki yuxudan ayılıbmış kimi, fikrindən aralanıb sözünə daşam etdi:
- Adsız bu hadisədən sonra da dəyişmir. Yenə səhərdən axşamacan öz kefində, işi də boşlamağa başlayır artıq. Elə bilir ki, həmişə belə olacaq, həyat da, vəzifə də əbədi şeylərdir. Amma belə deyilmiş. Bir müddət sonra onu işdən çıxarırlar, tədricən qazandıqlarını itirməyə başlayır. *irəyə yığılan “dost”lar da ondan uzaqlaşırlar. Əgər ala biləcəkləri heç nə yoxdursa, niyə də çevrəsində hərlənsinlər ki? Pul üstündə qurulan münasibətlər pulla bir yerdə də yox olmağa məhkumdur.
Ömrü boyu qazandıqlarının hamısını Adsız əldən çıxarır. Uzun zaman davam edən yanlışlıqlar sonda faciəyə yol açmaya bilməzdi. İri qaya parçasına bir damcı su düşüb onu ikiyə bölür. Əslində qayanı parçalayan axırıncı damcı deyil, ondan əvvəlkilərdir. Adsız da ilk başda içindəki o səlis, düzgün insanla üzüyuxarı çıxmışdı, sonra isə uğurun “başgicəlləndirici” sehri qarşısında duruş gətirə bilməyib yolunu azdı.
Artıq Adsızın yanında kimsə yoxdu, ona yaxın duran tapılmır. Əsas məqam da bundan sonra başlayır. Adsız nə qədər istəsə də, uşaqlığındakı məsum günlərə dönə bilmir. Keçmiş bir əbədiyyət qədər uzaqda qalmışdı. Zamanla özünü tamam itirib batdıqca batır. Bir tərəfdən də içki düşkünlüyü, psixoloji sarsıntılar keçirməsi, səhhətinin korlanması. Olan-qalan nəyi varsa, satıb xərcləyir, ticarətə girişib ağılsız risklər edir; aldadır, aldanır, başına min oyun gəlir. Bir də gözünü açanda baxır ki, səfil olub. Adsız heç çörək almağa iqtidarında olmayan birinə çevrilib küçələrə düşür, saç-saqqalı uzanır, parklarda yatır. Bir sözlə içki düşkünlü zavallı bir səfil?...
Yaddaş elə bir şeydir ki, bəzən sahibinə zülm edib yaşamağa qoymur, keçmiş daim bizi geriyə boylanmağa vadar edir. Bu, səhvlərimizi görüb nəticə çıxarmaqdan ötrü yaxşıdır. Amma keçmişin adamın yaxasından yapışıb bataqlığa çəkdiyi hallar da çox olur. “Sən bu hala düşəcək adam deyildin, gör nə günlərə qaldın. Əvvəlki kimi olmalısan, belə yaşamaqdansa, ölmək yaxşıdır!” Bu səslər adamın qulağında əks-səda verir. Keçmişə baxıb qəm çəkirsən, bu gündən, əsas da gələcəyindən əlin üzülür. Halbuki həmişə sıfırdan başlamaq olar. Bax, Adsızı da təzədən ayağa qalxmağa qoymayan bu idi. Elə bir saniyə olmurdu ki, əvvəlki vaxt larını yada salmasın. Keçmiş onu heçliyində itirməyə çalışırdı, itirirdi də. Adsız zəifliyinin əsirinə çevrilmişdi. Əvvəl pulun çoxluğundan özünü itirdi, sonra isə yoxluğundan. Həyatı əzab sanırdı, onun üçün hər şeyin sonu gəlmişdi artıq. Fikirləşirəm ki, bu adam özü öz taleyini yaradıb yaşadı. Günahı nə taledə axtarmağın mənası var, nə də həyatda.
Amma ard-ardına yaşanan faciələr dayana da bilirmiş. Günlərin bir günü külək səmtini dəyişdi. Bir dəfə Adsızı maşın vurdu... Ya təsadüfdən, ya da intihara cəhd edən zaman, bilmirəm. Qəzadan sonra Adsız beyin silkələnməsi keçirib yaddaşını itirdi. Artıq keçmiş ondan əl çəkmişdi. Təzə doğulan körpə kimi, yenidən həyata başlamaq olardı. Adsızın ağlında yaşamaqdan başqa heç nə yox idi.
Tezliklə xəstəxanadan çıxıb həyatını qurmağa başladı. Sakitcə işləyirdi, başını salacaq daxması, yeyəcək bir tikə çörəyi oldu. Əgər ilk baxışdan faciəşi, eyni zamanda möcüzəşi hadisə – qəza baş verməsəydi, Şübhəsiz, ömrü qırılmışdı. Ya kiminləsə dalaşarkən, ya da küçənin ortasında soyuqdan donaraq. İndi isə yaşayırdı. Yazın gözoxşayan gülçiçəyinə, yayın qızmar günəşinə, payızın qızıl xəzəlinə, qışın bəyaz qarına baxıb həyatdan zövq ala bilirdi. Başqa da nə lazımdır ki insana?!
Bəs geriyə dönə bilsəydi, Adsız səhvlərini yenidən təkrarlayardımı? Demək çətindir! Həyatda səhvlərdən nəticə çıxara bilənlər də var, lap min dəfə də olsa, eyni şeyi təkrarlayanlar da. Əslində Adsızın bəxti gətirmişdi, həmin qəza həyatına yeni bir nəfəs verdi. Sükanın çarxını çevirib maşını uçurumun kənarından uzaqlaşdıran bir nəfəs! Hələ çox-çox əvvəl yolundan dönə bilərdi. Amma, görünür, faciələrə gedən yolda şüuru donmuşdu. Həqiqətlərə qarşı qulaqlarını da qapamışdı, gözlərini də.
Qoca yetərincə uzun çəkən monoloqunu burda dayandırdı, artıq neçənci dəfə dərindən köks ötürüb fikrə daldı. Mən onun sözünün dalını gətirəcəyini, Adsızın hekayəsini tamamlayacağını düşünürdüm. Amma o dinmirdi. Axır anladım ki, gözləməyin mənası yoxdur, getməliyəm.
Qocanın daxmasından çıxıb yol boyu beynimdə Adsızın hekayəsini çək-çevir etdim. Onun həyatına həm acıyır, həm də qocanın dediyi kimi, taleyini özü yazan bu adama acımağın düz olmadığını fikirləşirdim. Hər şey insanın öz əlindədir axı...
Hərdən bu Adsız qəhrəmanın kimliyi, əsl adı barədə düşünürəm. Bəlkə də, qoca həyatını danışmışdı mənə. Çünki o da eynən Adsız kimi təktənha yaşayan kimsəsiz biri idi. Neçə dəfə yanında olmuşdum, amma hələ də onun keçmişindən heç nə bilmirdim.