İÇİMDƏ BİR MƏN QALMIŞDIM
Ramiz Rövşənə
Kölgəm keçdi öz içimdən,
öz içimdən keçdi kölgəm.
Qaldım uçuna-uçuna,
neçə hissdən keçdi kölgəm.
İçimdəki məndən keçdi,
içimdəki səndən keçdi…
Keçdi ağriya-ağrıya,
keçdi ağlaya-ağlaya.
Keçdi getdi düşdü yola..
Yoldakı adamdan keçdi…
birindən yox, yüzdən, mindən.
Çöldəki ağacdan keçdi,
göydəki yağışdan keçdi,
düzdəki çiçəkdən keçdi…
Çox şeylərdən keçdi kölgəm,
kölgəm çox şeylərdən keçdi.
Tindəki köpəkdən keçdi,
damdakı pişikdən keçdi…
Hərəsindən çox şey qaldı,
çox şey qaldı hərəsindən.
Əynində neçə adamın
dərdi, ahı, dəli qeyzi,
yaşamaq zilləti qaldı…
Əynində leysan yağışın
nəmli rütubəti qaldı…
Əynində quru ağacın
fani həqiqəti qaldı…
Əynində qönçə çiçəyin
bir günlük qəfləti qaldı…
Nələr qaldı hərəsindən,
hərəsindən nələr qaldı.
Əynində qara köpəyin
Aya ulamaq xiffəti, əynində qoca pişiyin
yeddi can möhnəti qaldı.
Keçdi hamsının içindən…
Keçdi başından-ucuna,
keçdi enindən-uzuna.
Keçdi, keçdi, keçdi kölgəm..
Keçdi dağıla-dağıla,
keçdi hamısından kölgəm.
Keçdi getdi öz yoluna,
getdi yorula-yorula…
getdi sıxıla-sıxıla,
getdi yıxıla-yıxıla..
Getdi dəydi boz divara…
divar çilik-çilik oldu…
O divarin arxasında
xəzri külək silkələndi.
Keçdi küləyin içindən…
xəzri külək tikələndi.
Bütün kölgələr dağıldı,
dağıldı bütün kölgələr.
Hamsı uçub getdilər,
hamısı qaçıb getdilər..
İçində bir mən qalmışdım,
içində bir mən qalmışdım.
İŞIQ MƏNİ YORDU KEÇDİ
İşıq məni yordu keçdi,
Damarımdan sordu keçdi,
Mən oyandım, gecdi, gecdi,
Uçub tavandan asıldım.
Aşağı baxırdı gözüm,
Məndən yuxarıda göydü.
Ulduzlar qışqırdı birdən,
Ulduzlar arxamca söydü.
Elə kimsə çağırırdı
balaca evimdən baxıb.
Mən susurdum, nur yağırdı
içimdən aşağı axıb.
Biri kölgəmi döyürdü
mən yatdığım çarpayıda.
Elə bil ki, istəyirdi
getdiyim yerdən qayıdam.
Qaranlıqda görməyirdim
nə üzünü, nə gözünü.
Anam yandırdı işığı,
Tavandan atdım özümü.
***
Hazıram yaralanmağa…
Boynum qıldan incə
önündə..
Əllərinlə bağla
gözlərimi,
görməyim öldüyümü.
Sabah yenə bu vədə
bir uşaq baxsın
göylərə,
gözləri mənimkitək
iri və daha çox məsum…
Və tapsın mənim
nə vaxtsa
adını unutduğum
ulduzumu
göylərin sənə ən yaxın
dərinliyində..
Yeni ad versin ona…
daha ümidli..
Mənim
taleyimə bənzəməyən
bir sonu olsun
Və o sonun da
üç nöqtəsi olsun,
İlahi!
Sənin qədər
qəti qərar verməsin
məni
öldürməmişdən
əvvəl…
***
Gəl sülh sazişi
imzalayaq,
İlahi!
Mən qələmimi
qırım,
Sən mənim taleyimi
yaz təzədən.
Və bir gün
gözlərimi açıb
görüm ki,
nə mən varam
bu dünyada,
nə də yazdığım
şeirlər…
Ancaq
tənha söyüd var ki,
heç vaxt
ayağım dəyməyən
bir çayın sahlində,
altında iki sevgli
verib baş-başa
nə vaxtsa
əzbər bildikləri
bir şeiri
oxuyurlar bir-birlərinə,
sahibinin kimliyini
bilmədən…
***
İşığı söndürsəm,
nə olacaq, görəsən?!
Gözlərim görəcəkmi
qaranlıqda?!
Mən
fosforlu
pişik gözlərinə
çox baxmışam
Ayı bulud arxasında
gizlənən gecələrdə…
Bəlkə ona görə
gözlərim yaxşı
görür
və yaşıl görür
gecələr
bəxtimə yazılan
qara səhərləri də…
Qaranlıqda
yaşıl budağa dönür
kiminsə qara əlləri
və qamçılayır məni
səhərədək, gündüzlər
gecə gördüklərimi
unudum deyə…
***
Mən sağlığına
badə içilən günahların
ən böyüyünü etdim,
İlahi!
Sevdim!..
o da bircə dəfə…
Səni sevdim, İlahi!..
Uşaq idim, körpə idim,
bağışla…
Bilməzdim ki,
uşaq ikən edilən
günahların da
cavabı sorularmış
ölmədən yaşadığım
cəhənnəmdə…
***
Mənlə yaşamaq
çox çətin -
bilir ən yaxınlarım…
Mənsiz yaşamaq
lap çətin -
bilir ən yaxınlarım.
Mən ölümlə
həyat arasındakı
ən bilinməyən yerdə
yaşayıram illərdi.
Və hər gün,
hər saat, hər an
həyatı ölümə,
ölümü həyata
çevirə bilir
hisslərim
qəlbimin
ipə-sapa yatmayan
fəsillərində…
***
Yaşamadığım bütün sevgilərin
məni öldürməyən yasını
tuturam bu gün.
Gözlərim parçalı-buludlu...
Qara absent kimi yandırıcı
göz qapılarımdan
sızmağa yer tapmayıb
boğazıma dirənənlər.
Mən bilmərəm...
İçənlər bilər, içənlər..
Çoxillik şərabların
daha kəskin olduğunu..
Qapı-pəncərələr
üzümə elə baxır,
sanki gələcəyə yox, yalnızca keçmişlərə
çıxış yolu varmış kimi
bu lənətlənmiş yerdən.
Öz dərdindən sərxoştək
səndələyə-səndələyə
çıxacağam qapıdan
geri dönməmək üzərə bu günümə...
Yaşaya bilməyəcəyim
bütün sevgilər bağışlasın məni.
***
Anama
Bezib insanlardan,
bezib həyatdan
görünməz olmaq istəsəm,
qaçıb-qaçıb yorulsam,
başımı köksünə qoyub
sığınsam varlığına,
dünyada gizlənməyə
başqa yer yoxmuş kimi
qısılsam gözlərinin
ala gilələrinə...
Dünyada daha sakit
yer olmaz
gözlərindən savayı, orda
mənim kimi gizlənən
böyük qardaşım olmasa...
***
Ağ saçlı bir nənəyə
Baxıram çiyinlərinə dağılmış
gur, qalın saçlarına..
Dəniz ləpələri kimi qulac-qulac...
dalğalar kimi qıvrım və inadkar,
tutduğunu buraxmaz.
Köpüklü ləpələr kimi
ağappaq güllər açıb..
Sevin, heç olmasa,
bir bənzərliyin var dənizlə.
Mənim qısa, cod saçlarımla
dəniz kənarındakı
son dəblə qırxılmış
yolka ağaclarına
bənzəmək olar ancaq...
***
Yuxuda üzdüyüm,
dənizə tökdüyüm
qurğuşun göz yaşları
zəhərlədi dənizdə üzən
ac-yalavac balıqları,
əritdi rəngli daşları…
O rəngli daşlar altında
gizlənən ac balıqların
gözlərində
elə bir şey vardı ki,
aman Allah,
qurğuşun göz yaşlarmdan da
ağır,
qurguşun göz yaşlarımdan da
zəhərli…
***
Halım hal deyil...
Bu halla
nə yeni günə başlamaq olar,
nə də son vermək olar
yeni günə...
Bu halla
keçmişə baxıb,
gələcəkdə
səni gözləyən günlərin
gəl-gəl deyən
əliaçıqlığına inanıb
qətl etdiyin
zamanın fəryadını
dinləmək olar
illərin qanına
boyana-boyana...
Bu halla
gələcəyin qapısını azacıq,
lap azacıq da
aralamağa gücün yetməz.
Üzünə çırpılar qapı
ömürlük həbsə məhkum olunmuş
məhbusun günahlarının qıfılladığı
zindan qapıları kimi..
***
GƏRƏKSİZ İNSANIN BİR GÜNÜ
Səhər alatoranı...
Gecədən qalma yırtıq-söküyü
yamayır avqust günəşi.
Əsəblərin yanır külqabıda
siqaret-siqaret, qutu-qutu...
Gözlərindən xəbərdarlıq asılb:
Giriş qadağandır!
İçini kimsə oxusa,
kimsə toxunsa gözlərinə,
daha deyiləcək bir sözün qalmaz.
Qaranlıq bir hücrə kimidir ürəyin
dördbucaqlı...
Sən nifrət qədər yaxın
və əziz dost tanımadın.
Hər şey öldü içində,
bircə onu öldürməyə
güc tapmadın.
Yağışdan sonrakı
torpaq ətrini
sevirsən bircə...
Çünki yoxdur
ölümdən başqa bir kimsən...
“Ulduz “ jurnalı