BARIŞ, GET
Dünya ağ-qaralaşıb, səslər qırıq-qırıqdı,
Gedirsən, o yol, o sən, izləri əmanət et.
Bu gediş gediş deyil, bu gediş ayrılıqdı,
Amma küsülü getmə, qurban olum, barış, get.
Elə gözəl gedirsən, nə intizar var, nə qəm,
İndi də küçələri sənsiz-sənsiz gəzərəm,
Gedişi dözülməzim, gedişinə dözərəm,
Təki bilim, xoşbəxtsən, eybi yoxdu, yığış, get,
Amma küsülü getmə, qurban olum, barış, get.
Görüştək vidalaşaq, “Sağ ol, gülüm, necəsən?”
Unudular nə şəhər, nə yol, nə küçə, nə sən,
İstəmirəm görəndə yanımdan düz keçəsən,
Soruş, narahat olma, nə sözün var, soruş, get,
Amma küsülü getmə, qurban olum, barış, get.
Mən həsrət qalsam belə, toxunar yuxum sənə,
Yadlaşar üzüm-gözüm, yadlaşar qoxum sənə,
İcazə ver, son dəfə doyunca baxım sənə,
Gözümdən itənəcən yolu qarış-qarış get,
Amma küsülü getmə, qurban olum, barış, get.
Nə mənasız gedişdi, nə gəmi var, nə qatar,
Bir sən varsan, bir də mən, bir də məsafələr var,
Bilmirəm gedənləri necə yola salarlar,
Bu da son əl sallama, bu da ki son baxış, get,
Amma küsülü getmə, qurban olum, barış, get.
Bu son görüş, son gediş məni kimsəsiz qoyar,
Mələklər qaçıb gedər, şeytan məni daşlayar,
Bax, hava da tutulub, indi yağış başlayar,
Xəstələnərsən axı, başlamamış yağış get,
Amma küsülü getmə, qurban olum, barış, get.
KİTAB OXUYAN ADAM
Bir az unuduluram təkliyimlə görüşüb,
Tənhalığım da olmur dərdlərimin qənimi.
Bir az da narahatam. Sanki yerim səhv düşüb,
Bahar vaxtı yazılan payız şeiri kimi.
Elə bil hisslərimə ölüm yuxusu gəlir,
İnsanlardan soyuyub uzaqlaşıram tamam.
O ki yağış yağanda torpaq qoxusu gəlir,
Bax mən o qoxuyla da xoşbəxt olan adamam.
Kaş elə unutduğum kimi unudulaydım,
Gələnə “Gəl” demirəm, “Qal” demirəm gedənə.
Kaş ki uşaq evinin pəncərəsi olaydım,
Ümid dolu gözlərlə baxaydı hamı mənə.
Üzülmürəm vədəsiz ömrümdən gedənlərə,
Üzülərdim, məsələn, ölsə idi əgər ki.
Baxıb gülürəm məndən ehtiyat edənlərə,
Pişik bəsləyən adam kimə pislik edər ki?
İndi içim də gülür üzdən gülümsədikcə,
Dərdin özüdü insan, o da məndən uzaqdı.
Kitab oxuyanların ən böyük dərdi təkcə
Oxumaq istədiyi kitabı tapmamaqdı.
GET
Bu da son, əlvida, sağ ol, bağışla,
Soruşma “Nə üçün?” soruşma “Niyə”?
Bir payız axşamı yağan yağışla
Get, daha qayıtma, dönmə geriyə.
Dəniz hisslərimin boşluğunda it,
Dəli burulğanda burulub gəlmə.
Geriyə qayıdan dalğalarla get,
Gələn dalğalara qoşulub gəlmə.
Axan göz yaşımın lal axan çaydan
Fərqi yox, axdıqca üzümdə gəzib.
Get sarı yarpaqla, hansı ki yaydan
Əmanət qalmışdı, budaqdan bezib.
Daha istəmirəm səni, başa düş,
Günahkar olsan da, gözlərin dolur.
Get daha, nə olar, bəzən bir gediş
Başqa bir gəlişin səbəbi olur.
Bəzən göylər susur, yağış çiləmir
Saralan adama, solan adama.
Bəzən sevgisi də kömək eləmir
Arzusu gözündə qalan adama.
Fələk saydığımın əksini sayıb,
Məni itirmisən, getməsən belə.
Sənə “Qal” deməyə gücüm qalmayıb,
Get, daha dönməmək ümidi ilə.
MƏLƏKDƏN ÜSTÜN
Yollar dağılsa da, gedən yol tapar,
Həsrət qaçılmazdı “Olacaq”dısa.
“Sənsiz yaşamaram” deyirdim sənə,
Sənsiz yaşayıram, yaşamaqdısa.
Niyə getdin, axı niyə? Ürəyim
Səni öz ayrılmaz parçası bildi.
Niyə getdin axı? Sən getməmişdən
Yaşamaq bu qədər çətin deyildi.
Otaq yoldaşıma döndü qoxular,
Hopdu divarlara hamısı bir-bir.
Xaraba otaqda siqaret iyi
Tək sənin qoxunu öldürə bilmir.
Ölümə məhkumdu ümidsiz sevgi,
Boğdum öz sevgimi öz əllərimlə.
Sən özün sussan da, canın sağ olsun,
Qoxun danışacaq ciyərlərimlə.
Özün qanadını qırıb tulladın,
Səni mələklərdən üstün görmüşdüm.
Mənim ürəyimi almaq asandı,
Çətini gözümdən düşməkdi... düşdün.
DAŞ
Heykəllər tarixi danışar bəzən,
Gəl ki özlərinin yaşı bilinməz.
Bəzən adamlar da dönüb daş olar,
Amma daş adamlar adama dönməz.
Torpağın altında döndü torpağa
Dünyadan daş kimi gedən adamlar.
İsaya tapındı, ibadət etdi
Məryəmi daş-qalaq edən adamlar.
Tanrının yerinə keçəcək iblis,
Həsrətlə baxacaq Tanrı yerinə.
Tanrını köməyə çağırma, adam,
Göydən daş yağacaq Tanrı yerinə.
Tanrılar yaddaşdan qopub gəlirlər,
Balıq yaddaşından, quş yaddaşından.
İnsan tanrılaşıb daşlara hopur,
Sonra da oxunur daş yaddaşından.
Artıb “Miranşahlar” deyəcək “Kiri”!
“Haqqam” deyənləri asdıracaqlar.
“Mən dəli deyiləm!” deyən şairi
“Dəli” damğasıyla susduracaqlar.
O şair iblistək görünər gözə,
Hamı daşlamağa başlayar onu.
Məhv olmuş adamlar çarxıma çəkər,
Daşlaşmış adamlar daşlayar onu.
Mən də daşlanacam, qurban olduğum,
Mən də daşlaşacam günün birində.
Amma daşlığıma ağlamaq üçün
Daş qalaq olmasın sənin yerində.