Qız ağır günlərdə anadan olmuşdu: ölüm, göz yaşıydı hər tərəf. Güllənin nə olduğunu bilməsə də, baxışları güllə səslərinin arxasınca yollanardı həmişə. Müharibənin nə olduğunu da anlamırdı hələ. Anlayanda nifrət edəcəkdi bütün müharibələrə. Ata-anasını az görən, onların qucağına, qayğısına, istisinə həsrət bir körpə ömrü yaşayırdı sadəcə. Ata döyüşürdü hamı kimi. Ananın görmədiyi iş yox idi: səngərdə olur, yaralılara qulluq edir, əsgərlərin paltarlarını yuyur, həyət-bacaya, heyvana baxır, uşaqların yeməyinə, pal-paltarına əl yetirir, dərslərinə nəzarət edir və sair və ilaxir... Kəndin bütün qadınları kimi. Hava, su, ağaclar, daşlar, gül-çiçək,... hər şey, hər şey ağır idi. Yaşamaq ağır idi. Hamı ağır idi. Yaşlılar, gənclər, yeniyetmələr, uşaqlar – hamı eyni yaşda, hamı qoca idi. Körpələr daha çox ağlayır, öz-özlərinə qığıldayırdılar, güldürən yox idi onları; ya özləri gülmürdülər, heç kəs fərqində deyildi. Nə şikayət edən, nə də şikayət etməyə vaxt var idi. Səbir vardı – ümid, inam dolu.
Qızın qardaşı tez-tez səngərlərə – döyüşçülərin yanına qaçardı. Atası qardaşı danlayar: “Sən dərslərini oxumalısan deyərdi. Qızın qardaşı isə deyinərdi: “Nə oxumaq... Torpaqlarımızı alaq, sonra oxuyaram da...” Amma atası bu sözləri eşitmirdi. Bunları oğlan eşidirdi. O, təkcə oğlanın yanında danışar, ürəyinin sözünü deyərdi: – Onsuz da çıxıb gedəcəm.
Hələ olanları dərk etməyən, amma üzünə, baxışlarına havanın, suyun, dağın-daşın, ağacların,.. ağırlığı düşmüş oğlan soruşardı:
– Hara?
– Uzaqlara. Bizim kənddən uzaqlara, döyüşməyə. Elə yerə ki, atam məni tapmasın, – deyə qızın qardaşı böyük, lap böyük kişilər kimi cavab verərdi.
– Məni də özünlə apararsan.
– Yox, səni apara bilmərəm. Balacasan, – deyib oğlanın yaşla (yaşa) dolmuş gözlərinə baxar, səsi titrəyərdi – Axı sən burda lazımsan. Atalarımız döyüşür, analarımız bütün günü işləyirlər. Sizin həyət, bizim həyət, bunlara baxan bir kişi lazımdı, ya yox? Hələ bacım, onu sənə tapşırıram. Onsuz da sən baxırsan ona. Dərslərini də oxu. Yaxşı oxu. Kitabları əlindən yerə qoyma... mən oxumadım. Savadlı adam güclü olur. Bacımın da dərslərinə baxarsan. İstəyirəm həkim olsun, – deyən qardaşın gözləri yol çəkərdi.
Bir dəfə oğlan kədərli halda atasından soruşdu:
– Sən gec qayıdacaqsan ki?
Bu dərdli səsə gülümsəyib “Yox... torpaqlarımızı alan kimi” – cavabını verdi.
Axı qız kiçik idi. Məktəbə getməyinə çox qalırdı. “Deməli, gec qayıdacaq” – deyə düşündü... Bu söhbətdən sonra oğlanın gözləri bir az da qocaldı, səsi, yerişi, duruşu bir az da ağırlaşdı. Bunun səbəbi təkcə qızın qardaşının gec qayıtmağı deyildi, onun bütün varlığına sarılan mahiyyətini tam dərk etmədiyi müharibənin gec qurtaracağı idi. Deməli, neçə il atasını lap az görəcək, bütün günü anası üçün darıxacaq, dostları ilə rahat oynaya bilməyəcək, məktəbə rahat getməyəcək. Tez-tez zirzəmilərə doluşacaqlar, kimlərsə şikəst olacaq, kimlərsə öləcək, kimlərsə hay salıb, kimlərsə sakitcə ağlayacaq. Ümumiyyətlə, hələ neçə il oğlana elə gələcək ki, böyüklər hamısı ağlayır... Qızın qardaşı isə sözünü tutdu, bir müddətdən sonra getdi... Amma tez qayıtdı. Əsgər paltarında, sakitcə uzanmışdı, elə gözəl, elə yaraşıqlı, elə gənc... Hamı yığışmışdı ətrafına. Döyüşçülərdən biri pıçıldadı: “Elə cəsur, elə ürəkli idi...”
Ana inildədi:
– Nə yaman tələsdin, oğul...
Oğlan ataya baxırdı. Ata göz yaşına oxşayırdı – hamı kimi... Heç kəs özünə oxşamırdı. Özünə oxşamamaq necə müdhişdi. Qızcığazı düşündü. Gözünə dəymədi. Birdən qardaşının yanında peyda oldu. Kiçik əlləri ilə onun əlindən tutdu. Elə bir sükut oldu ki, elə bil dünyanın dili tutuldu. Bir əli ilə qardaşının saçını tumarladı. Sükut pozuldu... Dünya ağlayırdı... qardaşın əli islandı. Qızcığaza elə gəldi ki, qardaşı əlini sıxdı. “Darıxmışdım” dedi. Birdən kimsə ayıldı, qızcığazı qucağına götürdü, sinəsinə sıxdı. O hıqırdı:
– Qaqaş niyə uzanıb, tərpənmir? Ölüb?
Bapbalaca qızın “Ölüb?” sualı heç kəsi təəccübləndirmədi. Bircə oğlan düşündü: Nədi ölüm? Yəni səni torpağa qoyacaqlar. Yəqin, çox ağrıyanda belə olur. Axı adam ağrıyanda anası onu qucağına alır, ovundurur. O saat ağrıların azalır, sonra keçib gedir. Ana qucağından rahat, isti, güvəncli yer varmı, görəsən? Yəqin, torpaqdı, ona görə də ona ANA deyirik. ANA torpaq. Torpaq bizi qucağına alır. Ana kimi”. Oğlan düşünürdü. Yenə ataya baxdı, baxdı... Atanın başına elə bil ağ papaq qoymuşdular. Ətrafdakılara baxdı. Heç kəs heyrətlənmirdi. Müharibədə heyrət ölür.
Bir neçə il ötdü. Qızcığaz məktəbə gedirdi. Hamının başı yenə qarışıq idi. Nisbətən sakitlik olsa da, müharibə bitməmişdi. Oğlan qızcığazdan ayrılmırdı. Qız tez-tez soruşardı:
– Sən mənim qardaşımsan?
Həmişə də eyni cavabı eşidərdi:
– Yox... Hə...
Heç biri anlamasa da, bu qeyri-müəyyən cavab ikisini də qane edirdi.
Tez-tez kəndin ətrafındakı meyvə bağlarına gedərdilər. Ancaq bir tərəfində gəzərdilər. Az qala bağların ortasından uzunuzadı səngər qazılmışdı. Həmişə səngərlərdə əsgərlər olardı. Bir gün qızcığaz soruşdu:
– Niyə biz o tərəfə getmirik? Axı ora da bizim kəndimizdi.
– Çünki indi orda düşmənlər var.
– Düşmən kimdi?
– Düşmən?.. Yəni bizi sevməyənlər...
– Adamı öldürənlər də düşməndi?
– Hə...
– Mən məhləmizdəki o sarı oğlanı xoşlamıram. Amma onu öldürmərəm.
– O başqa, o sənə heç nə eləmir ki...
– Orda düşmənlər varsa, əsgərlər niyə çıxıb getmirlər?
– Bizi qoruyurlar.
– Əsgərlər olmasa, düşmənlər bizi öldürər?
– Öldürər.
– Səni də öldürərlər?
Oğlan bir an susdu.
İçində cavabladı: “Hələ səni də... Amma sən həkim ola bilərsən. Bəlkə, müəllim olmaq istədin...”
Sonra onun saçına sığal çəkdi:
Müharibədi. Müharibədə belə olur.
Bu cavab qızcığaz üçün kifayət deyildi. Çox da anlamadı. Bircə onu anladı ki, müharibədə hamı ölə bilər, uşaqlar da, böyüklər də, bütün sevdiklərin də, hamı...
–Bəs müharibə nə vaxt qurtarar?
Oğlan duruxdu, fikirləşdi:
– Müharibə edən tərəflərdən biri təslim olsa.
– Onda biz təslim olaq, müharibə də qurtarsın.
– Olmaz, – oğlan acıqlandı. – Bir də bu sözü demə! Onlar bizim torpaqlarımızı alıblar. Biz o torpaqları azad eləməliyik. Təslim ola bilmərik. Bilmərik!
– Onda onlar təslim olsunlar, müharibə də qurtarsın... Heç kim də ölməsin. Axı özün deyirsən ki, kimsə təslim olmalıdı. Olsunlar da, onlar təslim olsunlar, ölməsin heç kim, – qızcığaz ağlamsındı, gözləri doldu.
Oğlan onun göz yaşını barmağının ucu ilə sildi. Öz-özünə danışdı: “Əslində bu göz yaşından dəhşətli heç nə yoxdu. Kaş insanlar bir-birini ağlatmayaydı. Mənnən olsa, silah kəşf edənləri cəzalandırardım. Yox, ümumiyyətlə , silaha qadağa qoyardım”.
Qız yenə soruşdu:
– Bəs onlar niyə təslim olmurlar?
– İstəmirlər. Biz özümüz onları təslim edəcəyik.
– Bəlkə, istəyirlər, nə bilirsən, istəmirlər?
– İstəsələr, bilərik.
– Necə bilərik?
Ağ bayraq qaldırarlar.
Qızcığaz heyrətlə ona baxdı.
Oğlan içində ümid görünən heyrətli baxışları su kimi içdi:
– Ağ bayraq qaldırmaq – yəni müharibə etmək istəmirəm, təslim oluram, barışmaq istəyirəm deməkdi. Ağ bayraq qaldırsalar, torpaqlarımızı versələr, müharibə olmaz, başa düşdün? – deyə izahatından razı qaldığını bilmək üçün qıza baxdı. Qızcığazın üzündə işıq vardı. Danışan işıq. Bu işıq deyirdi ki, başa düşmək üçün bundan gözəl nə ola bilər?!
Bir neçə gün ötdü. Oğlan həyətdən qızı səslədi. Bir də səslədi. Yuxarı qalxdı. Qızcığaz yox idi. Axı məktəbdən birlikdə gəliblər, bu hara yoxa çıxıb? Tək gedib. Qorxdumu, həyəcanlandımı, heç özü də anlamadı. Səngərlərə tərəf qaçdı. Bu gün gecədən yenə də atışma səsləri eşidilirdi. Oğlan ürəyinin dalınca qaçırdı. Çatdı. Qızcığaz görünmürdü. Əsgərlərdən biri acıqlandı:
–Nə dimdik durmusan, əyil. Eşitmirsən, atırlar?..
Oğlan isə bir az da dikəldi, bir az da ucaldı elə bil, gözlərindəki heyrət əsgərlərin baxışlarını ardınca apardı. Ağacların arasından çıxan ağ bayraq iki tərəf arasındakı boşluğun ortasında o tərəf-bu tərəfə gedirdi. Atışma dayandı. Hər iki tərəf çaşıb qalmışdı. Müharibənin bitmə ümidi dolanırdı ortada... Bayrağın sahibini görmək olmurdu. Təkcə oğlan görürdü – ağa bürünmüş körpə, zəif, zərif vücudu. Başına saldığı ağ örpəyin altından dinc, rahat, müharibəsiz-filansız günlər kimi gözəl qara saçları görünürdü hərdən. Qızcığaz aclıqdanmı, yaşam acısındanmı, içindəki kədərdənmi özünə gələ bilməyən, nazik bayraq çubuqlarına bənzəyən ayaqları üstündə uçurdu.
Hər iki tərəf susmuşdu...