GÖYƏRÇİN YUVASI...
Burda binaların üstü qırmızı
Utanan qızların yanağı kimi.
Bu şəhərdə pəncərələr danışmır
Dilənən qadının uşağı kimi.
Elə ki yağışlar yağır şəhərə,
Damlar boya sürtür dodaqlarına.
İslanmasın deyə, çölə çıxmayan,
Düzür ləyənləri otaqlarına.
Şəhərdə qohumlar yada qarışıb,
Saatın dalınca qaçır adamlar.
Yuxu əsir alıb yorğun şəhəri,
Burda ayaq üstə yatır adamlar.
Bu şəhəri dəniz basıb bağrına,
Bəlkə də, ondandır, yuxlayır, yatır.
Günləri ötürsün, ay bitsin deyə,
Hərə bir tərəfdə başını qatır.
Ey gənclər şəhəri, silkələn, oyan,
Daha bu gün keçdi, dəyişər sabah.
Sənin dilindədir, bir kəlmə “Ol!” de,
Unutma bu şəhəri unutma, Allah!
ÇƏTİN DEYİL XOŞBƏXT OLMAQ...
Bütün pərdələri bağladıq,
Qaranlığımıza sığındıq,
Çəkildik hücrələrimizə,
Unutduq gördüklərimizi,
Unutduq…
Özümüzü ovutduq,
Bu gün də bacardıq çətin olanı;
Gülümsədik,
Kimsə anlamadı bu ağ yalanı.
Anlamadıq biz də kimsəni,
Bu gün də dünənin eynisi,
Dünən bu gündən cavan,
Sabahın eynəklisi...
Bu qaç-qovun adı yaşamaq…
Çətin də deyil, inan heç deyil...
Xoşbəxtliyə hardansa başlamaq…
Ümidlərimiz quşların qanadlarında,
Quşlarsa dənizin taa o tayında...
BƏS ELƏMİR ANLAMAĞA, ANLATMAQ...
Çıxıb getsəm indi...
Ayaqyalın keçsəm arpa zəmilərindən
Qızmar günəşin altında,
Görsəm, necə olur başqa cür yanmaq...
Çıxıb getsəm indi...
Sonuncu izlərimi ləpələr udsa,
Boğulsam mavi sularında dənizin,
Görsəm, necə olur başqa cür boğulmaq...
Çıxıb getsəm indi...
Bilmədiyim yollarla bilmədiyim şəhərə,
Ruhum köçsə yad bir bədənə,
Görsəm, necə olur başqa cür doğulmaq...
Sevgidən yazılan bütün kitablar,
Ah, bu kitablar...
Yaşamaq lazımdır, yaşamaq...
Bəs eləmir anlamağa anlatmaq
Eyni deyildir ki, heç bir oxumaq...
NAMƏLUM ŞƏHƏRDƏ...
Gör ha,
Neçə qış ötüb
O baharın üstündən
Neçə durna qatarı
Qayıdıb səfərindən.
Mənim yerim bəllidi,
Gedib dönürəm geri;
Dönüb qayıtdığım yer
Sənsizlik ölkəsidi,
Qəriblik döngəsidi.
Burda hava soyuqdu,
Burda sənsizdir həyat,
Burda şəhər kimsəsiz,
Burda insanlar səssiz,
Getdiyin yollar kimi
Fikirlərim dolaşıq…
Hərdən məktub yazırsan –
Həsrətimə bir işıq...
Əyilmiş hərflərə
Yüklənib bəhanələr,
Cümlələri titrəyir,
Kəlmələriysə ürkək
Üşüyür məntək...
Yazırsan:
“Yad eldə
Yad baxışdan uzaq ol,
Bəlkə, görüşmədik heç,
Ömür qısa, uzaq yol.
Qışda bitmədi, bəlkə,
Sən üşümə, əzizim;
Qalın elə əynini,
Geyin əlcəklərini...”
Axı hardan biləsən,
Naməlum bir şəhərin
Soyuq təqvimi deyil,
Sənin soyuq eşqindir
Burda üşüdən məni...
XOŞBƏXT İDİM
Sevirdim mən yağışı…
Pəncərəmdəki naxışını sevirdim,
Dayanmadan yağışını sevirdim…
Taqqıldayan səsini,
O həzin nəğməsini sevirdim,
Torpaqdakı qoxusunu,
Bu fəslin yuxusunu sevirdim…
Uşağıydım, bilmirdim,
Daman damlar,
Yaş odunlu ocaqlar,
Soyuq çaydanlar,
Qaranlıq otaqlar,
Ac adamlar var…
Ürəyi isti,
Əli üşüyən,
Qar topasına sevinən,
Ayaqqabısı yırtıq
Uşaqlar var…
Kirpiyi yaş,
Qazanı boş,
Sobası yanmayan analar var…
Laxlayan dirəyə söykənmiş,
Gözləri yerə zillənmiş,
Utanan atalar var,
Bilmirdim;
Xoşbəxt idim.
UZAQ MƏMLƏKƏT
Bəzən yaşılın sarıya dönüşü
Sənə dərd olar...
Gözünün önündə açılan qönçə,
Min ilin ağacı tək quruyar, solar
Bəzən hələ qar yağmadan
Qışın soyuqluğu dolar qəlbinə,
Üşüdər səni...
Qar dənələri yağar başına,
Ağarar saçın...
Xəbərsiz olar ağ tellər
Qara tellərindən…
Ağappaq köpüklü şəlalə kimi
Süzülər çiyinlərindən,
Bəzən donar baxışların,
Boylanar yollara
Kimsəsiz uşaqlar kimi…
Gözlədiyin o “kimsə” gəlməz,
Ovutmaz qəlbini yad əl sığalı,
Yetim qalar üzünün tumar yeri...
Bəzən o yad əl üçün darıxar
Saçının sığal yeri...
Bəzən də bahar gəlmədən
Günəş doğular...
Qaranlıqlar boğular...
Xoş günlərin xatirəsi
Ümidinə qanad olar;
Qanadlanar arzular,
Coşğun dənizlər kimi çağlayar
Qəlbindəki diləklər.
Diləyini ünvanına çatdırar
Bu ünvansız küləklər.
Bəlkə, o gün, o “kimsə” gələr,
Xoşbəxt olarsan səndə
Ayağının dəymədiyi
Uzaq bir məmləkətdə…