SUSUR GECƏ
Bu gecə də susur gecə
yalanlar qabağında...
Yollar mat qalır yenə
piyada fiqurların
qurbanlıq həyatına...
Kimsə də addımlayır
hiyləgər vəzir kimi.
Bilinmir bu oyunda
kim sıxıb əzir kimi?
Burda yalanla “doğru”
o qədər yaxın ki...
İtləri də gizlədir
göy üzünə hürməyi.
Susur yollar, küçələr,
susur gecə...
PƏRVANƏNİN VÜSALI
Gəlibsən özündən xəbərsiz kimi,
Çırağın başına dönürsən belə.
İşıq da, sükut da əriyib gedir,
Sən də əriyirsən, sönürsən belə.
Vüsalın son anı ölümdü niyə?
Vaxtmı qisas alır bəxtdən, taledən?
Bilirdin yanmaq var eşqin sonunda,
Yenə təslim etdin ürəyini sən.
Bu eşqi əfsanə sayanlar da var...
Görəsən, bu eşqin nədir günahı?
Dünyanı tutacaq qarğışlar kimi
Korun-korun yanan qəlbinin ahı.
Yanırsan özündən xəbərsiz kimi...
EŞİTMİR
Açılmır üzünə gözlənən səhər,
Gözlərin dikilib indi hara, de?
Eşitmir səsini ötüb keçən vaxt,
Daha öz səsini divarlara de.
Otağı qaranlıq pəncərələrdən
Boylanıb baxdığın dünya talandı.
Bir də doymadığın məsafələr var,
Eşqi, sədaqəti dadlı yalandı.
Ölmüş bir gecənin ruhudu, bəlkə,
Susan gözlərində dayanıb qalan?
Tək keçmişin deyil, hər zamanını
Həyatdı, taledi gözündən salan.
Eşitmir səsini ötüb keçən vaxt...
GECƏ DƏ
Üzü bomboz küçələrin
adamsız adamları...
Külək də oyada bilmir
ömürlük yatanları.
Əllər göydən üzüldükcə
yorğun düşür ayaqlar.
Tanrının hesab sayında
boşunadı hər nə var.
Gecə də ulamaqdadı
tənha yalquzaq kimi.
Vaxtsa insan həyatında
qurulmuş tuzaq kimi...