İŞTİRAKÇILAR:
QİYAS - “Çağdaş” qəzetinin redaktoru, 61 yaşında
DİLARƏ - onun arvadı, 55 yaşında
NAMİQ - Onların oğlu 31 yaşında
BƏHRAM ZEYNALLI - Qiyasın əmisi, akademik 73 yaşında
RASİM- onun oğlu, jurnalist, 37 yaşında
ŞAMXAL - prokuror 68 yaşında
ZAKİR -onun oğlu, 29 yaşında
FİRUZ - Dilarənin qardaşı 48 yaşnda
AĞARƏFİ - Firuzun keçmiş dostu, iş adamı 48 yaşında
ÇOPUR CABBAR - elmi işçi, 71 yaşında
SƏDYAR - Ali məktəb müəllimi 60 yaşında
MİTİNQİN APARICISI
QORXMAZ - 22-23 yaşlarında
ƏJDƏR KİŞİ - Qiyasgilin qonşusu, taksi sürücüsü 78 yaşnda
QURGEN - Əjdərin iş yoldaşı, taksi şoferi. 77 yaşında
SUREN - Qurgenin nəvəsi. 26 yaşında
BAKIDA VƏ MOSKVADA TV DİKTORLARI
SÜSƏN SÜMBÜL - müğənni
OPERATOR
QORXMAZIN İKİ DOSTU
Hadisələr Bakıda 1990-cı ilin yanvar günlərində cərəyan edir.
BİRİNCİ ŞƏKİL
Respublika Baş prokurorunun müavini Şamxal Bədirzadənin işt otağı. Yazı masası, üstündə bir neçə telefon, 10-12 nəfərlik iclas masası, Divarda Qorbaçovun şəkli və Azərbaycanın inzibatı xəritəsi.Dörd televizor, hərəsi bir proqramı, o cümlədən Moskva proqramını göstərir.
Tamaşa boyu müxtəlif məkanların fövqündə, arxa tərəfdə iri ekran-monitor. Ara-sıra TV ekranlarında görünən səhnələr iri ekranda da göstərilir.
Şamxal iclas masasının sağ tərəfində, üç müsafir - Bəhram Zeynallı, Çopur Cabbar, Sədyar isə qarşıda - sol tərəfdə oturublar. Söhbət əsnasında katibə hamıya çay gətirir və çayları təzələyir.
ŞAMXAL: Xoş gəlmisiniz, səfa gətirmisiniz, professor, bağışlayın akademik, əziz Bəhram müəllim. Sizi xüsusi salamlayıram. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz, bilirəm axı...
BƏHRAM: Moskvadan elə dünən gəlmişəm. İclas çox gərgin keçirdi...
ŞAMXAL: Bilirəm, bilirəm. Televiziya ilə izləyirdim. Sizin çıxışınız da aləm idi.
BƏHRAM: Day o qədər təbrik ediblər ki, Akademik Qonçarov dedi ki, staraya qvardiya ne stareet. Məsələ onda deyil.
ÇOPUR CABBAR: Siz danışanda Qorbaçovun ağzı açıq qalmışdı.
SƏDYAR: Hə, doğrudan da çox diqqətlə qulaq asırdı.
BƏHRAM: Məsələ onda deyil...
Telefon zəngi,
ŞAMXAL: (durub dəstəyi qaldırır) Bəli, yoldaş katib, gəliblər, yanımdadırlar. (qulaq asır), Əlbəttə, yoldaş katib, mütləq, mütləq (dəstəyi asıb masaya qayıdır). Katib idi, Sizə salam deyirdi.
ÇOPUR CABBAR: Sağ olsun.
ŞAMXAL: Bəhram müəllim, İndi sizə necə müraciət edim, hörmətli akademik ya hörmətli deputat
BƏHRAM: Şamxal, sizinçün mən həmişə ancaq Bəhram müəlliməm
ŞAMXAL: Əlbəttə. Rasimin uğurlarına da çox sevinirəm. Ayrı necə ola bilər axı, sizin oğlunuzdur. BBS-yə verdiyi məlumat rəhbərliyin də xoşuna gəlib. Rəhmtəlik Rüxsarə xanım sağ olsaydı, necə də sevinərdi.
BƏHRAM: (köksünü ötürür) Həyatdır da... Elə bəlalar var iki tibb də aciz qalır.Tamara xanım necədir?
ŞAMXAL: Onun da xəstəliklərdən gözü açılmır.
BƏHRAM: Mən dedim də, hökman əməliyyat lazımdır.
ŞAMXAL: Başımız açılır ki... Nə isə... Əziz dostlar, mən sizi başqa məsələyə görə əziyyət verib, çağırmışam. Özünüz görürsünüz də vəziyyəti...
ÇOPUR CABBAR: Bəli, ölkə əldən gedir.
ŞAMXAL: Hələ getməyib, amma gedə bilər. Sizi məhrəm bilib çox məxfi məlumatları verəcəm. Təbii ki, söhbət bu otaqdan çıxmamalıdır.
SƏDYAR: (ətrafa boylanır) Bu otaq da dinlənilir?
ŞAMXAL (gülür) Yox, amma ayrı yerdə dinlənənlər bu otaqda açılır. Uzun sözün qısası, Moskvada güc nazirləri tapançanı dirəyiblər Qorbaçovun gicgahına ki, şübhəsiz, məcazi mənada deyirəm, bəli, tələb ediblər ki, ciddi tədbirlər görsün.
ÇOPUR CABBAR: Çoxdan lazım idi.
ŞAMXAL: Bəli, demokratiya yaxşı şeydir, amma ölçü hissi də olmalıdır da..Yoxsa bu olur hərki-hərkilik, özbaşınalıq, dərəbəylik. Demokratiya...
ÇOPUR CABBAR: Demokratiya yox dermokratiya
ŞAMXAL: Hər halda bir az ehtiyatlı olmaq lazımdır. Dünyanın gözü bizdədir
BƏHRAM: Mən də Qorbaçovla görüş zamanı ona dedim, elə eləmək lazımdır ki, nə şiş yansın, nə kabab.
SƏDYAR: Qorbaçov bunu yaxşı başa düşər, çoxdanın kababçısıdır.
ÇOPUR CABBAR: Niyə, şaşlıkı ruslar da bilir.
BƏHRAM: Məsələ onda deyil
ŞAMXAL: Mən sizə niyə zəhmət verirəm? Bizdə olan vəziyyəti bilirsiniz. Meydanda gün gündən daha radikal tələblər irəli sürülür. Moskva da bunu diqqətlə izləyir və çox narahatdır. Respublika rəhbərliyindən ciddi addımlar atmağı tələb edir. (telefon zəngi) Söz vaxtına çəkər... Moskvadı... (telefonlardan birini götürür) Da, zdrastvuyte. Sluşaö vas. Mı delaem vse vozmojnoe, çtobı derjatğ sobıtiə pod kontrolem. Çto znaçit nedostatoçno? Gto - narod, tovarih Taşkov. Ponimaö, çto napravləöt, no... (qulaq asır) Xoroşo, uçtem...
SƏDYAR: Siz də yaman işə düşmüsüz. Bir yandan xalq, bir yandan Moskva.
ÇOPUR CABBAR: Nə xalq, xalq salmısınız, bu xalq deyil, kütlədir, qara camaatdır.
ŞAMXAL: Hər halda, çalışmalıyıq ki, bu çətin zamanda qan tökülməsin.
BƏHRAM: Mən Qorbaçova bu barədə də dedim, dedi ki, mən ordunu heç kəsin ayağına verə bilmərəm.
SƏDYAR: Şamxal müəllim, bizə sözünüz nədir?
ŞAMXAL: Sizə sözüm odur ki, siz bizim nüfuzlu ziyalılarımızsınız. Cabbar müəllim, Sədyar müəllm, xüsusilə də akademik Bəhram Zeynallı. Millətin necə deyərlər qaymağı. Gərək meydanı ələ alasınız, imkan verməyəsiniz ki, hər növ avantüristlər xalqı çaşdırıb yoldan çıxartsınlar.
ÇOPUR CABBAR: Biz əlimizdən gələni etməyə hazırıq
ŞAMXAL: Cabbar müəllim, Sədyar müəllim siz ali məktəb müəllimisiniz. Arxanızda böyük bir tələbə kütləsi durur. Hər halda sevimli müəllimləririn sözünü eşidərlər
SƏDYAR: Ay eşitdilər ha... gözləri qızıb.
ŞAMXAL: Hər halda təşəbbüs göstərmək lazımdır.
SƏDYAR: Yoldaş Beriya demişkən popıtka ne pıtka.
ŞAMXAL: Çayınızı soyutmayın. Bəhram müəllim, Sizi bir başqa məsələylə bağlı da narahat etmək istəyirəm. Bilirsiz də Meydanda, elə ümumiyyətlə ictimai hərəkatda ən aktiv adamlardan biri Qiyas müəllimdir. Qiyas Zeynallı, sizin qardaşınız oğlu, çox radikal çıxışlar edir: istefa-flan...
ÇOPUR CABBAR: Tək çıxış etsəydi dərd yarıydı, həm də “Çağdaş” qəzetinin redaktorudur, ağzına gələni yazır və çap edir.
ŞAMXAL: Bəli, o da düzdü. Əziz Bəhram müəllim, mənim də, elə rəhbərliyin də fikri budur ki, onu ipə-sapa ancaq siz yatıra bilərsiniz Sizin sözünüzdən çıxmaz.
BƏHRAM: Ay-hay, tərsin biridir. Elə sözümdən çıxdığı üçün on ildən çoxdur onu dindirmirəm, salam-kəlamı kəsmişəm.
ŞAMXAL: Bilirəm, xəbərimiz var. Səbəbi də yadımdıdır. Neçə il qabaq oğlumu instituta girməyə qoymadı Öz oğlunun tutulmasına razı oldu, amma inadından dönmədi. Amma indi söhbət şəxsi məsələdən getmir, ölkənin taleyindən gedir.
BƏHRAM: Oğlu üç il yatdı, çıxdı.
ŞAMXAL: Bilirəm, Amma doğrudan da Niyaz müəllim
BƏHRAM: Qiyas.
ŞAMXAL: Bəli. Qiyas müəllim bizə pislik yox, yaxşılıq etdi. Oğlum instituta girə bilməsə də onu elə öz sistemimizdə işə düzəltdim. İndi artıq mayordur.
BƏHRAM: Şamxal, sizin xətriniz bilirsiz mənə necə əzizdir Amma məndən bunu istəməyin. Mən o tərsə söz deyən deyiləm. Onsuz da sözümü yerə salacaq. Məni soyuq saqqal eləməyin. Rəhmətlik Rüxsarəyə də söz vermişdim ki, bir də heç vaxt Qiyası dindirməyəcəm.
ÇOPUR CABBAR: Akademik inciməsin, heç dindirməli adam da deyil. O da, onun bir dostu var Kərim Əsgəroğlu, ikisi də bir yuvanın quşu, bir başmağın tayıdırlar. Qatı millətçi, pantürkist, Türkiyə heyranı...
SƏDYAR: Yenə köhnə palan için tökməyin, Cabbar müəllim. Daha danoslar vaxtı keçib, Stalinin sümükləri də çürüyüb.
ÇOPUR CABBAR: Elə indi də bir Stalin lazımdır ki, dəmir əllə bu ağzıgöyçəkləri yığıb-yığışdırsın.
SƏDYAR: Kərim Əsgəroğulunu dama bassın, dədəsinin də sümüklərini qəbirdən çıxarıb Sibirə göndərsin.
ÇOPUR CABBAR: Sədyar, sənin də məzhəbindən baş açmaq olmur. Sən kimin tərəfindəsən?
SƏDYAR: Özümün.
ŞAMXAL: İş ondadır ki, hər ikisi - Niyaz Zeynallı da, Kərim Əsgəroğlu da ciddi nəzarət altındadırlar və hər ikisinə qarşı çox sərt tədbirlər görülə bilər. Görürsüz, mən sizinlə çox açıq danışıram.
ÇOPUR CABBAR: Yəni həbs də oluna bilərlər.
BƏHRAM: Yox, mən istəmirəm ki, Qiyas həbs olunsun, necə olsa da bizim adımızdı, istəmirəm ki, familimizə ləkə düşsün. Mən, ümumiyyətlə, heç kəsin siyasi məsələlərə görə həbs olunmasını istəmirəm. O dövrü görmüşük, keçmişik, Allah eləməsin yenidən qayıtsın.
ŞAMXAL: Məbadə mən sizə təzyiq edəm, Bəhram müəllim. Əgər Niyazla danışmaq istəmirsinizsə, başqa yolu da var. Mitinqdə sizə məxus təmkinlə, məntiqlə müdrikcəsinə çıxış edin, onda Qiyas kimilər də nüfuzdan düşər. Gec-tez xalq kimin kim olduğunu anlayacaq Populist çıxışlarla ağsaqqal sözünü ayıracaq.
ÇOPUR CABBAR: Elədir, xalq gözü tərəzidir.
SƏDYAR: Bəzən çəp gözlə baxsa da.
ÇOPUR CABBAR: Akademik bağışlasın, bunların, elə Qiyasın da, Kərimin də niyyətləri başqadır. Azərbaycanı SSRİ tərkibindən çıxarıb Türkiyəyə qatmaq. Budur məqsədləri. Kərimin rəhmətlik atası da qatı türkçü idi.
SƏDYAR: Nə Kərim, nə atası heç yerdə deməyiblər ki, SSRİ-dən çıxaq, Türkiyəyə qatılaq. Atası bir böhtanın qurbanı olub Sibirə sürgün edildi. Stalindən sonra bəraət aldı, qayıtdı.
ŞAMXAL: Bunların hamsını bilirik.
ÇOPUR CABBAR: Nə olsun ki, bəraət aldı, pantürkistliyindən ki, əl çəkmədi. Elə ağzını yumub açıb biz türkük deyirdi. Dilimizin adı da türk diliymiş. Balam, bəsdi bizi türkün quyruğuna bağladılar. Adamda bir milli qürur, heysiyyət olar da...
SƏDYAR: Milli qürur deyəndə...
ŞAMXAL: (onun sözünü kəsir) Bir dəqiqə. Bu məsələ o qədər də asan məsələ deyil, Cabbar müəllim. Xalqın hissləriylə də hesablaşmaq lazımdır. Meydanda bu çətin vəziyyətdən çıxmağımızı Türkiyəylə bağlayanlar, türklərə ümid bəsləyənlər az deyil. Bu məsələdə çox həssas olmaq gərəkdir. Elə deyilmi, Cabbar müəllim?
ÇOPUR CABBAR: Əlbəttə, əlbəttə, düz buyurursunuz.
ŞAMXAL: Oğlum deyir ki, sizin vaxtında gərəkli, hımm, necə deyərlər, xəbərdarlıqlarınızla da tanışdır. Siz doğrudan da gərəkli və etiblarlı adamsınız. Amma indiki zamanın da öz tələbləri var.Və şübhə etmirəm ki siz məhz bu günün əhval-ruhiyyəsini nəzərə alaraq, meydanda gözəl bir çıxış edəcəksiniz. Meydanı sizlər ələ ala bilərsiniz, istənilən yönə də yönləndirə bilərsiz. Və əsas da bu mitinqlərə bir dəfəlik son qoyulmalıdır. Allah bilir, Moskva bizimçün necə dəhşətli ssenarilər hazırlayıb.
Telefon zəngi
ŞAMXAL: O da yaman nigarandır (dəstəyi qaldırır). Bəli, yoldaş katib, çox yaxşı söhbət alındı. Bir birimizlə tam anlaşdıq (dəstəyi qoyur). Telefon qoyur ki, bir əməlli-başlı dərdləşək. İnşallah, bir arxayın vaxtda yaxşı oturub yeyib içərik.
(yenə telefon zəngi)
PƏRDƏ
Arxadakı monitor - ekranda ara sıra meydanı doldurmuş izdahamı, çıxış edən natiqləri görürük. Zaur Məhərrəmovun çəkdiyi “Meydan” filmindən istifadə etmək olar.
İKİNCİ ŞƏKİL
Arxadakı ekran - monitorda Meydan dolu izdaham. Ön planda - səhnədə Meydanın tribunası.
“Koroğlu” operasının üvertürü səslənir.
MİTİNQİN APARICISI: Xanımlar və bəylər!
Bu gün ağsaqqal deputatımız, akademik Bəhram Zeynallı da mitinqə təşrif gətirib. Söz onundur.
Alqış və fit səsləri
BƏHRAM: Əziz balalarım, oğullarım, qızlarım, nəvə-nəticələrim. Həmvətənlərim. Sözüm sizədir, Moskvadan dünən gəlmişəm. Moskvada ölkəmizin rəhbəri Qorbaçov yoldaşla görüşmüşəm. (fit səsləri) Məsələ onda deyil. Mixail Sergeyeviç (fit səsləri güclərinr) dedi ki, araxyın olun, sərhədlərin dəyişilməsindən söhbət gedə bilməz (zəif alqış, güclü fit səsləri) . Qarabağ Azərbaycanındır (alqışlar) Amma ermənilərin istəklərini də nəzərə almaq lazımdır (fit səsləri son həddə çatır, “xəyanət” sözləri aydın eşidilir).
BƏHRAM: (bir az tututulan kimidir) Axı, biz əsrlər boyu ermənələrlə mehriban qonşu kimi yaşamışıq.
(Kütləvi səslər: Ar olsun! Bu da bizim ağsaqqal! Bu da bizim deputat! Düş aşağı, satqın)
BƏHRAM: Əziz evladlarım! (kütlə onu fitə basır, danışmağa qoymur, Qorxmaz adlı gənc oğlan kobud şəkildə Bəhramın qolundan yapışıb mikrofondan uzaqlaşdırır Bəhram ürəyini tutub pilləkana oturur. Cibinhən həb çıxarır. Qorxmaza) Oğlum, mənə bir stəkan su.
QORXMAZ: Suyu sənə Qorbaçov verər. Bura qeyrət meydanıdır, su dükanı deyil.
QİYAS: (ona yanaşır) Əmi
BƏHRAM: (başını qaldırır) Qiyas. Sən də burdasan?
QİYAS: (onu qucaqlayır) Bu saat su gətirərlər (başqa bir cavan su gətirir, Bəhram dərmanını içir)
ÇOPUR CABBAR: Mənə söz verin (mikrofonu aparıcıdan alır) Əziz soydaşlarım, qəhrəman millətimin qəhraman övldadları, ulu Boz qurdun igid balaları! Bəsdir Qorbaçovun yalan vədlərinə aldandıq (gurultulu alqışlar) Əfsus ki, hələ də əsl düşmənimizin, əsl dostumuzun kim olduğunu bilməmişik. Qorbaçov bizə gün ağlayacaq?
Ümidimiz, pənahımız yenə qardaş Türkiyədir (gurultulu alqışlar). Canımız, qanımız türk qanıdır. Amma özümüz də papaq alta qalan deyilik. Hanı bizim qoç Koroğlumuz, Misri qılıncıyla Zori Balayanların qulatını kəssin. Hanı bizim Babəkimiz Vazgenin qulağını bursun...
SƏDYAR (pıçıltıyla qulağına): Atropatı unutma.
ÇOPUR CABBAR: Bəli, hanı müdrik Atropat ki eee...
SƏDYAR (pıçıltıyla): Akademik Aqanbekyanın lap...
ÇOPUR CABBAR: Akademik Aqanbekyanın şalvarını çıxartsın?
SƏDYAR (pıçıltıyla): Qaçax Nəbi.
ÇOPUR CABBAR (pıçıltıyla Sədyara): O da qalsınt gələn səfərə. Bəli, əziz həmvətənlərim, Koroğlu da, Babək də, Şah İsmayıl da.
SƏDYAR (pıçıltıyla): Atropat da...
ÇOPUR CABBAR: Atropat da, bax, bu meydandadırlar, sizin aranızdadırlar, əziz soydaşlarım. Bu gün millətin Babəki də, Koroğlusu da
SƏDYAR: Atropatı da...
ÇOPUR CABBAR: Atropatı da sizsiniz, Siz! Siz! üç yüz milyonluq türk dünyasının gözü sizdədir. Bizdədir. (gurultulu alqışlar).
ÇOPUR CABBAR (Sədyara): Di buyur, Atropat. Mənə suflyorluq elədin, indi de görək, sən nə deyirsən.
SƏDYAR: Əziz xanımlar, bəylər, canablar, dostlar, yoldaşlar. Mən adicə Ali məktəb müəllimiyəm, yəqin aranızda mənim tələbələrim də az deyil. Mən siyasətçi deyiləm, natiq də deyiləm. Heç şair də deyiləm, Amma Cabbar müəllimin alovlu nitqi məni də cuşa gətirdi, necə deyərlər, ilhamım coşdu, bir şeir qoşdu. Qafiyəsinə, vəzninə görə qüsura baxmayın, ürəkdən gəlir (Şeri pafosla oxumağa başlayır)
Ana vətən Azərbaycan
Bir canım var sənə qurban.
Bağların var, dağların var
Şəhidlərin, sağların var.
ümidin itməsin heç vaxt
Hələ gözəl çağların var.
Keçər illər, keçər aylar
Ayıramaz bizi çaylar.
Nə Astara, nə də Araz
Lap yaxında qovuşarıq.
Ya bu qış, ya da bu yaz
Danışmayın hərzə hədyan
İgidlərlə dolub hər yan
Azadlığa aparacaq
Bizi bu möhtəşəm meydan.
(gurultu alqışlar, fit səsləri. Növbəti natiq danışır, səsi uzaqlaşır, ön planda Bəhram və Qiyas).
QİYAS: Özünü necə hiss edirsən əmi?
BƏHRAM (başıyla “yaxşıyam” işarəsin verir.çətinliklə danışır): Dilarə, Namiq necədirlər?
QİYAS: Yaxşıdılar, sağ ol.
BƏHRAM (su gətirən oğlana, Zakirə): Bala sən də sağ ol, su gətirdin. Dayan görüm, sən Şamxalın oğlu deyilsən?
ZAKİR: Bəli.
BƏHRAM: Deyirəm axı, gözümə şirin dəyirsən. Qiyas, bilirsən bu kimdi, Şamxalın oğlu.
QİYAS: Bilirəm.
BƏHRAM: Sənin imtahanda kəsdiyin oğlan.
QİYAS: Kəsməmişdim, üç vermişdim, yaxşı yadımdadır.
BƏHRAM: Amma indi təhlükəsizlikdə mayordur.
QİYAS: Onu da bilirəm. Burda da bizə nəzarət edir.
SƏDYAR: Lap yaxşı, Dövlət dostunu düşmənini tanımalıdır.
ZAKİR: Əla çıxış etdiniz Cabbar müəllim. Məlumat verəcəm.
SƏDYAR: Məlumat verənə bax sən Allah, qaldıq əl ayaq altında. Sən uşaqsan hələ, məlumat çatdıranın ən böyüyü burdadır (Cabbarı göstərir).
ÇOPUR CABBAR: İlansan ki, ilan. Kərim Əsgəroğlunun dostu bundan artıq olmayacaq ki...
MİTİNQİN APARICISI: Söz verilir o şəxsə ki, onu yaxşı tanıyırıq. “Çağdaş” qəzetinin redaktoru Qiyas Zeynallı (gurultulu alqışlar).
QİYAS: Əziz qardaşlarım, bura nə bəlağətli nitqlər meydanıdır, nə də şeir məclisi.Burda doğrudan da millətin talei həll olunur və biz də bu barədə konkret təkliflərimizi vermişik. İstefa, istefa bağırmaqla iş bitmir. Moskvanın bir adamını istefaya göndərəcəyik, yerinə başqasını – yenə öz adamlarını qoyacaqlar. Rəhbərlikdən əvvəl siyasət dəyişməlidir. Onların da, Moskvadakı ağalarının da qarşısına konkret tələblərimizi qoymalıyıq. Ermənistandan qovulan soydaşlarımızı məhz Dağlıq Qarabağda və onu ətrafındakı rayonlarda yerləşdirməliyik. Respublika rəhbərliyinin buna iradəsi çatmaz. Deputatlarımız bunu Moskvada, Parlamentdə ən vacib məsələ kimi qaldırmalıdırlar. İkinci vacib məsələ Ermənistandan qovulan soydaşlarımızın insan haqları haqqında bütün dünyaya car çəkməliyik.Onlar beynəlxalq müşahidəçilərin nəzarəti altında dədə baba yurdalırna, Ermənistana qayıtmalıdırlar və kompakt yaşadıqları yerlərdə hansı şəkildəsə muxtariyyətləri olmalıdır. Ancaq bundan sonra Dağlıq Qarabağa Azərbaycan tərkibində yüksək status verilə bilər. Tanrı bizə yar olsun!
(alqışlar fit səsləri)
PƏPDƏ
ÜÇÜNCÜ ŞƏKİL
Qiyasın mənzili. Namiq çay içir. Yuxudan təzə durmuş Dilarə otağa daxil olur, Namiq durub anasını qucaqlayır.
NAMİQ: Ad günün mübarək, ana!
DİLARƏ: Eh, nə ad günü? Görmürsən nələr olur?! Heç ad günü adamın yadına düşür.
NAMİQ: Hər halda, əlli beş yaş da balaca məsələ deyil.
DİLARƏ: Yaşımı yadıma salmasan olmaz? Yəqin heç əlli beş də deyil, day da çoxdu. Sənin o üç il türmədə yatmağın məni on yaş qocaltdı.
NAMİQ: Mən yalnız cinayətimin cəzasını çəkdim.
DİLARƏ: Nə cinayət canım? Bəyəm sənin bir təqsirin vardı?
NAMİQ: Ana, xahiş edirəm o söhbəti salma.
DİLARƏ: Bilirəm sən hələ də o qızı unuda bilmirsən. Adı nə idi?
NAMİQ: Qumru. Day gəl bu barədə danışmayaq.
DİLARƏ: Necə danışmayım ki, indiyəcən içimi göynədir, yandırıb yaxır məni.
NAMİQ: Di boşla sən Allah.
DİLARƏ: Bəhram əmi də yaxasını kənara çəkdi. Amma əsl günah atandaydı.
NAMİQ: Dedim axı, bu məsələni çürütməyək. Həm də belə bir gündə...
DİLARƏ (bufetin üstündə çiçək buketini görür): Bu hardandı burda?
NAMİQ: Hardan olacaq, həmişə irad tutduğun həyat yoldaşından. Sən yatanda sübh obaşdandan durub gedib tər təzə gül alıb gətirib səninçün. Hələ məktub da yazıb sənə, odey ordadır.
Dilarə məktubu açıb oxuyur gülümsünür.
NAMİQ: Nə yazıb?
DİLARƏ: Özgənin məktubunu başqası oxumaz; lap oğlu olsa da.
Qapı zəngi, Namiq açır Əjdər kişi əlində bir dəstə gül içəri girir.
ƏJDƏR: Təbrik, Dilarə bacı ad günün mübarək. Neçə-neçə belə illərə çıxasan; yoldaşınla, oğlunla...
DİLARƏ: Çox sağ ol, Əjdər dayı, nə zəhmət çəkirdin. Nə yaxşı yadında qalıb.
ƏJDƏR: Heç belə günü unutmaq olar? Ad günündən üç gün qabaq... Namiq də... qayıtmışdı. Day yerə göyə sığmırdın. Bizi də uşaqların anasıyla çağırmışdız. Eh, nə gözəl günlər idi... Dedim axşam yəqin qonağınız çox olacaq, mənim yerim deyil, odur gəldim indi təbrik eləyim.
DİLARƏ: Axşam qonağımız-filan yoxdu. Olsa da sənin yerin gözümüzün üstədi.
ƏJDƏR: Bax bu insaniyyətinizə görə sevirəm də sizi; səni də, Qiyas qardaşı da. Mən kiməm, adi bir taksi şoferi, amma Qiyas boyda dahi məni də həmişə adam yerinə qoyur.
DİLARƏ: Nə danışırsan Əjdər dayı? Sən heç kəsdən əysik adam deyilsən. Otur bir çay iç.
ƏJDƏR: Sağ ol, Oğluvun toyunda içim. Axşam qonaqlar gedəndən sonra bəlkəm bir dəydim sizə; Qiyas qardaşla bir balaca işim var.
DİLARƏ: Buyur, buyur. Haçan gəlsən qapımız açıqdı.
(Əjdər gedir, Qapı zəngi) .
NAMİQ: Anşlaqdı ki... Deyirdin ad günü istəmirəm, görürsən xalq səni necə sevir.
(qapını açır, Rasim əlitndə iri gül buketi daxil olur)
RASİM: Salam
NAMİQ: Day şəhərdə gül qalmadı ki...
RASİM: Təbrik təbrik Dilarə bacı. Atam da gəlmək istəyirdi səni təbrik etməyə; - Amma dedi bilmirəm Dilarə məni qəbul edər?
DİLARƏ: O nə sözdü, Bəhram əmi ailəmizin ağsaqqalıdır.
RASİM: Nə bilim, deyir o vaxtlar Namiqin məsələsində Dilarə bir az incimişdi məndən.
DİLARƏ: Keçənə güzəşt deyərlər, Rasim, olan oldu, keçən keçdi. Bəhram əminin həmişə gözümüzün üstündə yeri var.
PƏRDƏ
Arxadakı ekran - monitorda Meydandakı mitinqlərin sənədli kadrları. Çıxış edən natiqlər, izdahamın uğultusu, alqış və fit səsləri
DÖRDÜNCÜ ŞƏKİL
Həmin məkan. Qiyasın mənzili. Axşamdır, Dilarə masanı səliqəyə salır, qab qacaq düzür.
NAMİQ: Deyəsən qonağımız çox olacaq. Elə deyirdin ki, ad günümü qeyd etmirəm.
DİLARƏ: Neyləyək? Səhər gördün Rasim nə dedi? Dedi axşam Bəhram əmi də gəlmək istəyir.
NAMİQ: Gəlsin də... (ələ salır) Bir deputatımız əysikdi
DİLARƏ (kinayəylə): Akademik. Deputat. Laureat, at... at...
NAMİQ: Deyəsən onunla aran yoxdu.
DİLARƏ: İndi vicdanı oyanıb, səni üç il türməyə basanda əlini ağdan qaraya vurmadı.
NAMİQ: Ay ana, nə etməliydi ki... Mən cinayətimin cəzasını çəkirdim.
DİLARƏ: Yenə başladın? Nə cinayət cinəyat salmısan. Avtomobil qəzasını qəsdən eləməmişdin ki... Həm də maşın Rasimin idi. Rasim işin içindən quru çıxdı, amma səni basdılar qazamata.
NAMİQ: Maşını mən sürürdüm. Günah da mənimdir. Amma bu söhbəti salmağın heç yeri deyil.
DİLARƏ (yumşaq tonla, nəvazişlə): Hələ də onu unutmursan.
NAMİQ: Necə unuda bilrəm ana? Mənim ucbatımdan belə qız gənc yaşında tələf oldu; Anasının yeganə balası.
DİLARƏ: Sən də mənim yeganə balamsan axı (pauza), hələ də qəbrinin üstünə gedirsən?
NAMİQ: İldə iki dəfə - doğum və ölüm günü.
DİLARƏ: Anasıyla?
NAMİQ: Hə... anası ölənə qədər.
DİLARƏ: Anası ölüb? Heç bilmirdim. Haçan?
NAMİQ: İki il bundan əvvəl.
DİLARƏ: Bəs bizə niyə deməmisən?
NAMİQ: Atam bilirdi. Dəfninə də kömək elədi. Axı ayrı heç kəsləri yox idi. Qumrunun yanında basdırdıq.
DİLARƏ: (köksünü ötürür) Yazıq qız... Neyləyək, oğlum. Olacağa çarə yoxdur. Sən də çox ürəyinə salma. Gör neçə il keçib. Atanla məni də düşün, bizim indi nəvələrlə əylənmək vaxtımızdır.
NAMİQ: Əcəb əylənmək vaxtıdır. Gör aləm necə qarışıb. Ana bu axşam bir sürpriz qonağımız da olacaq. Mən çağırmışam. Rusiyada idi, dünən gəlib. Gələn kimi də məni tapdı, bu axşam yeməyə dəvət edirdi, dedim yox, anamın ad günüdü. Elə çıxdı ki, onu dəvət etməli oldum.
DİLARƏ: Kimdi o, mən tanıyıram?
NAMİQ: Ağarəfi
DİLARƏ: Kim?
NAMİQ: Ağarəfi. Yadında deyil, Firuz dayının yaxın dostuydu.
DİLARƏ: Dayan, dayan, düşdü yadıma. Onu da həbs etmişdilər; fırıldaq, yeyinti üstə... Sənin onunla nə işin var?
NAMİQ: Düz iki il üç ay onunla bir yerdə Şuşa türməsində yatmışıq.
DİLARƏ: Aman allah, getsin o günlər gəlməsin. Sən hara o oğru hara?..
NAMİQ: Orda oğru, doğru yoxdur, ay ana, hamı bərabərdi. Ağarəfi orda ataman idi. Danışırdı ki, atam ona nə isə pislik edib, oğlunu kəsib imtahanda, amma deyirdi yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidi. Məni qoruyurdu orda.
DİLARƏ: Nə isə olan olub. Eləsindən uzaq ol oğlum.
NAMİQ: Necə uzaq olum ki həyatımı xilas eləyib.
Dilarə təəccüblə baxır
NAMİQ: Bəli.Türmə rəisinin müavini vardı; Ambaryan. Bizi görməyə gözü yoxdu. Xüsusiylə ziyalıları. Bilmirəm niyəsə mənimlə pəs düşmüşdü. Bir dəfə sərxoş olub ağzından qaçırıb ki, 15-ci ilin qisasını gərək bü türklərdən alam... Bir dəfə nə dedisə cavabını qaytardım, üstümə cumdu vurmaq istədi, Ağarəfi araya girib qoymadı. Karserə də basmaq istəyirdi məni, yenə Ağarəfi imkan vermədi. Axı, Ambaryan da bilirdi ki, Ağarəfi dustaqlar içində avtoritetdi. Sonra bildim ki, bizi həyətə gəzməyə çıxaranda Ambaryan məni guya qaçmaq istdəyimçün vuracaqmış. Bunu da Ağarəfi qoymadı. Həyətə çıxanda məndən bir addım aralanmırdı.
DİLARƏ: Anan ölsün ay oğul, gör balam nələr çəkib... İndi danışırsan tüküm biz-biz olur.
NAMİQ: Odur ki, erməni görəndə elə bil Ambaryanı görürəm. Hamsından zənd-zəhləm gedir.
DİLARƏ: Elə demə bala, erməninin də yaxşısı, pisi var.
NAMİQ: Yaxşısına lənət. O ki qaldı pisinə. Dayan sənə kömək edim... Stulları mən düzərəm (stulları düzə-düzə) Axşam on birdə iki günlüyə rayona getməliyəm, ana.
DİLARƏ: Rayonda nə işin var?
NAMİQ: Təşkilat məsələsidir.
DİLARƏ: İndi də bu Xalq cəbhəsinə qoşulmusan, Vallah bilmirəm niyə sənin də, atanın da gərək həmişə başınız qalda olsun. Budey, bax, hətta bu gün də dədən mitinqdə çıxış edir.Yenə görək başımıza nə oyun açacaqlar...
NAMİQ: Narahat olma ana. Bu haqq işidir. Bizim də borcumuzdur.
Qapı zəngi. Firuz gəlir, D
ilarəni öpür, hədiyyəsini-iri bir bağlamanı bacısına verir.
FİRUZ: Təbrik bacı, təbrik. Neçə belə illərə çıxasan Oğlunla, o qaramat ərinlə...
DİLARƏ: Yenə başlama, heç olmasa belə gündə.
NAMİQ: (sərt) Firuz dayı...
FİRUZ: Vsyo, susdum, susdum... Heç belə müsibət olar, bircə qardaşı bircə bacısının evinə gedib gələ bilməsin.
DİLARƏ: Kim sənə qadağa qoyub ki?
FİRUZ: Qadağa qoyulmayıb, amma ərin bir sir sifət göstərir, day bundan sonra gələrəm? Yaş da o yaş deyil ki, bunun hoqqalarına məhəl qoymayım. Nə isə... Bu gün şeytanın qıçın sındırıb gəlmişəm. Dedim bacımın ad gününü təbrik etməsəm day necə qardaşam.
Qiyas qapını açarıyla açıb gəlir, Firuzu görüb tutulur amma ona da salam verir:
QİYAS: Xoş gəlmisən (Dilarənin hədiyyəsini verir). Yaxşı, keçək masa başına da...
DİLARƏ: Bəs, Bəhram əmini gözləməyək, xəbər göndərib ki, gələcək.
QİYAS: Bilirəm, amma gec gələcək. Mərkəzi Komitəyə çağırıblar onu, Bəhram əmi demiş məsələ onda deyil (gülür)
Qapı zəngi
QİYAS: Bıy SKda deputatlarla görüş nə tez qurtarıb. Namiq, aç qapını.
Ağarəfi gəlir
NAMİQ: Ata, sənə danışmışdım, Ağarəfi mənim həyatımı xilas edib.
Ağarəfi Qiyasla görüşür, hədiyyəsini Dilarəyə verir
AĞARƏFİ: Təbrik edirəm, Dilarə bacı, day necə deyəllər, kasıbın olanından.
DİLARƏ: Çox sağ olun.
FİRUZ: (Ağarəfiyə tərəf gəlir əlini uzadır, sevincək) Ağarəfi.
AĞARƏFİ (əlini vermədən): Biz begem tanışıq?
FİRUZ: Firuzam da, Ağarəfi, yəni o qədər dəyişmişəm ki, məni tanımadın? Mən səni o saat tanıdım.
AĞARƏFİ: Məni kimləsə qarışıq salmısız.
FİRUZ: Necə yəni Ağarəfi? Mənəm də - Firuz, dostun Firuz.
AĞARƏFİ: Mənim Firuz adlı dostum yoxdu.
FİRUZ: Necə yoxdu? Yadından çıxıb? Tu bi or not tubi? Səninçün Hamletin monoloqunu oxuyardım. Çox xoşunə gələrdi. (Ağarəfinin qoluna girir) Ağarəfi, nə olub sənə, bəlkə məndən incimisən? Axı qardaş kimiydik.
AĞARƏFİ: (birdən sərt) Qardaş ha... Bu necə qardaşdı ki, neçə ildi qardaşının başına nə gəldiyiylə maraqlanmayıb. Elə ki məni türməyə basdılar vəssəlam. Salam kəlam kəsildi. Bağda ərik var idi, salam məlik varı idi, bağdan ərik qurtardı...
FİRUZ: (pərt) Bağışla məni, Ağarəfi, keç günahımdan, zamana köpəyoğlu zamanıydı. Dedim sənə görə məni də ilişdirirlər.
AĞARƏFİ: Priçem zamana? Əlbəttə, can qardaşdan irəlidi.
FİRUZ: Bağışla məni.
AĞARƏFİ: Nəyim qalıb ki, sənə bağışlayım. Soğan kimi soydular məni, indi bir həsirəm, bir Məmməd Nəsir... Heç olmasa, özüm cəhənnəmə, ailəmlə maraqlanaydın: nə oldular, necə oldular?
Firuz başını aşağı salıb dinmir.
AĞARƏFİ: Məni ilişdirəndə ev eşiyimi alt üst elədilər, arvad xəstələndi düşdü dəlixanaya, oğlum başını götürüb qaçdı Urusətə, indiyəcən yerini-yurdunu tapa bilmirəm.
FİRUZ: Lənətə gəlsin sovet quruluşu. Bacarıqlı iş adamını tut bas ki, nə var, nə var, varlanmısan; ailəsini dağıt. Sən də o rejimin qurbanısan da, Qiyasla danış, çıxartsın səni mitinqə, çıxış et ki, mənim də başım o mənfur kommunistlərdən az əziyyət çəkməyib.
AĞARƏFİ (diqqətlə Firuza baxır): Elə həmin Firuzsan ki, həmin Firuz heç dəyişməmisən. Allah üzünə baxıb ki, Namiqin dayısısan. Yoxsa səninlə ayrı cür haqq hesab çürüdərdim. Sənə verdiyim (gülür) cib xərclərini də yeyib üstündən su içmisən yəqin.
FİRUZ: Belə yerdə deyirlər e, çölüm özgəni yandırır, içim özümü...
DİLARƏ (onlara yaxınlaşır): Köhnə dostlar, nə şirin söhbət edirsiz... Buyurun masa başına.
Ağarəfiylə Firuzun söhbəti zamanı Dilarə o biri otağa keçir, paltarını dəyişib gəlir. Ara-sıra Namiq TV kanallarını dəyişir. Bakıdan və Moskvadan verilən xəbərlər böyük ekranda-monitorda da görünür.
Qapı zəngi. Bəhramla Rasim gəlirlər. Hədiyyələrini Dilarəyə verirlər.
BƏHRAM (Dilarəni öpür): Təbrik edirəm qızım. Bağışla bu qoca əmini. Necə deyərlər, qul xətasız, ağa kərəmsız olmaz. Keçənə güzəşt deyiblər. Bağışla məni
DİLARƏ: Nə danışırsız Bəhram əmi. Xoş gəlmisiz. Güllər üçün də sağ olun.
BƏHRAM: Bir bura gəl (Dilarəni kənara çəkir, cibindən kiçik qutu çıxarıb Dilarəyə verir). Rəhmətlik Rüxsarənin sırğalarıdır. Xalis brilyant. Məsələ onda deyil. Götür.
DİLARƏ: Nə danışırsız Bəhram əmi, bu nə söhbətdi?
BƏHRAM: Rəhmətliyin öz vəsiyyətidir. Ölümündən üç gün qabaq məni çağırdı, bu sırğaları çıxartdı ki, bunu Dilarəyə verərsən. Onun yanında xəcalətliyik, balasını qurtara bilmədik.
DİLARƏ: Üzr istəyirəm, Bəhram əmi, mən bunu qəbul edə bilmərəm. Qiyas başımı kəsər. Saxlayın Rasimin gələcək arvadına verərsiz.
BƏHRAM: Rasim evlənən deyil. Deyir mən ancaq inqilis qızı ala bilərəm, buna da hökümət icazə verməz.
DİLARƏ: Mən də o rəhmətliyin sırğalarını taxa bilmərəm.
BƏHRAM: Saxlayarsan Namiqin arvadı üçün.
DİLARƏ: Namiqin də evlənmək fikri yoxdur.
BƏHRAM (ah çəkir): Hələ də o qızın xiffətini çəkir, Rasim danışdı mənə.
RASİM: Nə pıç-pıç edirsiz orda, gəlin də.
QİYAS: Yəqin Dilarə əmimə məndən şikayət edir.
BƏHRAM: Bax bu qoca əminin bir ayağı gordadır, məni sındırma, Rəhmətlik Ruxsarənin də ruhunu incidərsən (Qutunu bufetin üstünə qoyur). Gəl.
QİYAS: Qədəhlər doludur, xoş gəlmisiz. Hamınızın sağlığınıza...
BƏHRAM: Yox, bu olmadı, bu gün əziz Dilarəmizin ad günüdür. Bütün tostlar onun sağlığına deyilməlidir. Dilarə həmişə belə gənc, gözəl ol, ərinlə, oğlunla
FİRUZ: Qardaşınla.
BƏHRAM: qardaşınla, bütün yaxın, əzizlərinlə...
İçirlər.
TVdən və ekran monitordan DİKTOR:
Konsertimizə başlayırıq Azərbaycan xalq mahnısı “Sarı gəlin”. İfa edir SSRİ Xalq artisti Fidan Qasımova.
Fonda mahnı ifa olunur.
QİYAS: Əmi, heç üstünü vurmursan. SKda nə oldu, yenə nə şirin vədlər verdilər?
BƏHRAM: SSRİ Xalq deputatlarını, yəni bizi Primakovla və Girenkoyla görüşə çağırmışdılar.
FİRUZ (Ağarəfinin qulağına): Primakov Ali Sovetin sədri, Girenko da gavar SK KPSS-in katibidi.
AĞARƏFİ (etinasız): Xəbərim var...
BƏHRAM: Bizim deputatlardan da yalnız beş nəfəri çağırmışdılar. Məni, Arif Məlikovu, Tofiq İsmayılovu, Vəli Məmmədovu, hə, bir də Anarı. Məsələ onda deyil.
QİYAS: Bəs, məsələ nədədi əmi?
BƏHRAM: Məsələ ondadı ki, Primakov da, Girenko da and-aman elədilər ki, heç bir fövqüladə vəşiyyət elan olunmayacaq, Bakıya da qoşun yeridilməyəcək.
QİYAS: Siz də inandız?
BƏHRAM: İnanmamağa əsas yoxdu axı. O boyda vəzifə sahibləri yalan danışmayacaq ki. Həm də o Tbilisi müsibətinlən sonra güc tətbiq etməyə cəsarət etməzlər.
AĞARƏFİ: İnanan daşa dönsün.
BƏHRAM: Təklif etdik ki, SSRİ Ali Sovetinin növbədənkənar sessiyası çağrılsın; axı indi tətildəyik. Dedilər buna ehtiyac yoxdu. Vəziyyətə şəxsən Qorbaçovun özü nəzarət edir.
QİYAS: Elə bütün bu işləri fitvalayan Qorbaçov deyil? Gürcüstana tutduqları divan bunlara dərs olmadı.
RASİM: Yox, yox, bura Gürcüstan deyil. Orda etdiklərini burda edə bilməzlər. Gürcüstanın dalında Türkiyə durmur.
DİLARƏ: Bəsdi, siyasətdən danışdınız. Plov soyuyur. Yoxsa bəyənmədiniz?
AĞARƏFİ: Əlinə sağlıq, bacı, əla plovdur.
BƏHRAM: Ağzımız dada gəldi. Rəhmətlik Rüxsarənin vəfatından sonra neçə ildi belə ləzzətli plovdan yadırğamışdım.
DİLARƏ: Namiq televizorun səsin artır, deyəsən yeni müğənnidir.
Ekran monitorda
DİKTOR: Çıxış edir gənc müğənni Süsən Sümbül. Qədim Azərbaycan xalq mahnısı “Ah, sərin sərin”...
Gənc müğənni qız oxumağa başlayır:
Ah, sərin sərin sənin sözlərin
Ah, dərin dərin sənin gözlərin
Ah canım mənim, vəfalı yarım
Sevgilim mənim, gülüm, dildarım.
BƏHRAM: Bıy, bu ki erməni mahnısıdır: “Ah, Sirun, sirun”...
RASİM: Nə olar, ermənilər bizim dolmanı özlərinə çıxanda olar, “Sarı gəlinə” erməni mahnısı deyəndə olar, “Arşın mal alanı” oğurlayıb məngirləyəndə olar, biz də onların bir mahnısını çırpışdırsaq dünya dağılar?
FİRUZ: (o artıq dəmdir, Ağarəfiyə göz vurur) Oğrudan oğruya halaldı.
AĞARƏFİ: (o da dəmdi) Oğrunun yadına daş salma.
BƏHRAM: Balalarım, hamınız mənim balalarımsınız. Sizə bir söz demək istəyirəm. Tarixdə elə məqamlar olur ki, millət, bütün millət bir yumruq kimi birləşməli olur; alimi də, fəhləsi də, təbibi də, kəndlisi də, ziyalısı da, savadsızı da, cavanı da, qocası da, doğrusu da, oğrusu da - hamsı bir olur. ümumi düşmənə qarşı birləşməliyik. Kimdi bizim düşmənimiz?
NAMİQ: Ermənilər.
FİRUZ: Ruslar, Erməniləri fitvalayan ruslardı.
BƏHRAM: Xeyir, bizim düşmənimiz öz içimizdədi.Bir birimizə xor baxmağımızdı, paxıllığımızdı, bir-birimizin uğurunu gözü götürməməyimizdi, bir birimizin şöhrətinə, var dövlətinə həsəd çəkməyimizdi...
AĞARƏFİ: Sağ ol, professor, ürəyimdən tikən çıxartdın.
QİYAS: Belə çıxır ki, bu çətin günlərdə biz özümüz özümüzlə mübarizə aparmalıyıq?
BƏHRAM: Məsələ onda deyil, Qiyas. Mən sənin getdiyin yolla getməsəm də, sənin əqidənə hörmət edirəm.Ot kökü üstə bitər deyiblər. Rəhmətlik atam da belə tərs idi. Yəni tərs deyəndə, sözünün üstündə möhkəm durandı. Elə rəhmətli atan da ona çəkmişdi. Heyf ki, mən onlara oxşamamışam.
DİLARƏ: Nə danışırsız Bəhram əmi, siz bütün ailəmizin tacısınız.
BƏHRAM (o da bir az dəmdi): Tacı olsaydım, mənim də sağlığıma badə qaldırardınız.
QİYAS (durub Bəhramı qucaqlayır): Ay səni, əmi, lap uşaqsan e, vallah. Sən ailəmizin yox, bütün xalqımızın fəxrisən. Sənin adın-sanın, şöhrətin, peşəkarlığın, sənətkarlığın, fədakarlığın...
(Səs get gedə uzaqlaşır, səhnə yavaş-yavaş qaranlıqlaşır. Tam qaranlıqda qapı döyülür, Qiyas gecə paltarında işığı yandırır, qapıya tərəf gedir)
DİLARƏ (xalatda çıxır): Gecənin bu vaxtı kimdi belə?
QİYAS (qapını açır): Bıy, Əjdər kişi, xeyir ola?
ƏJDƏR: Belə günlərdə nə xeyir Qiyas müəllim. Sizə ərk eləyib gəlmişəm (qapıdan kimisə çağırır).Gəlin içəri.
(Gələnlərdən biri elə Əjdər yaşda Qurgen, biri də onun nəvəsi 23-24 yaşlı Surendir).
ƏJDƏR: Ürəyim bircə sizə qızır. Bilmirəm bəlkə səhv iş görürəm, amma...
QİYAS: Buyur Əjdər kişi
ƏJDƏR: Bu mənim naparnikim... eee dostum Qurgen. Bu da onun nəvəsi...
QURGEN: Suren...
ƏJDƏR: Otuz ildi bir taksidə işləyirik, gündüz mənim smenam, axşam onun, ya da tərsinə axşam mən, gündüz o.
QİYAS: Sözunun canını de, Əjdər kişi.
ƏJDƏR: Sözümün canı odur ki, indi bu oğlanı ayraporta aparıb Moskvaya yola salacam. Sabah yox, biri gün də Qurgeni Gürcüstana ötürəcəm. Neçə ildi çörək kəsmişik.
QURGEN: Hə eli, neçə ildi çörək kəsmişik
DİLARƏ: Yaxşı Əjdər dayı, bizdən nə istəyirsən?
ƏJDƏR (boğazını arıtlayır): Məhlədə şuluq uşaqlar var, evlərinə girmək istəyiblər. Dal qapıdan çıxıb qaçıb bizə gəliblər. Bilirlər ki, biz naparnikik, deməli, bizim evə də gələcəklər.
QİYAS: Uzun sözün qısası...
ƏJDƏR: Uzun sözün qısası neçə ilin qonşusuyuq, bilirəm necə adamsınız, Sizə ərkim çatır. Qurgen iki gecə sizdə qalsın... Özüm gəlib onu Gürüstana ötürəcəm.
DİLARƏ: Nə danşırsan, a kişi... Səni izləyənlər bizi də izləyə bilər; Qiyasın o qədər düşməni var ki... Namiq də dünyasında razı olmaz. Hələ yaxşı ki, Namiq bu gecə evdə deyil.
ƏJDƏR (məyus): Neynək, sizi başa düşürəm.
QİYAS: Əjdər kişi gərək bizdən inciməyəsən, başa düşürsən...
ƏJDƏR: Niyə inciyirəm ki, başa düşürəm, düşürəm... Gəl Qurgen bizdə qalarsan. Allah kərimdir.
QİYAS: Dur! (Dilarəyə) göstər mənim otağımı, orda qalsın.
QURGEN: Ay sənə qurban olum, (Qiyasın əlini öpmək istəyir, Qiyas əlini çəkir) .
ƏJDƏR: Mən bilirdim axı sən əsl kişi adamsan. (Surenə) Gəl gedək.
Suren donub qalıb.
QURGEN: Surenin dayısı Moskvada böyük adamdı. Qorbaçovla çaşka-lojkadı, Qorbaçov bir obedi onsuz eləmir.
QİYAS: Nuş olsun.
QURGEN: Allah baisin evin yıxsın. Suren bala, di dur bu gözəl insanın əlinnən yox, ayağınnan öp.
(Suren Qiyasın ayağına tərəf əyilmək istəyəndə Qiyas qətiyyətlə onu kənara itələyir)
QİYAS: Ayıbdı, dur ayağa. Di yubanmayın...
QURGEN: Məzhəb haqqı yer üzündə bu musurmandan yaxşı millət yoxdu.
PƏRDƏ
EKRAN MONİTORDA SƏNƏDLİ KADRLAR MEYDAN, MİTİNQLƏR, SSRİ ALİ SOVETİNİN VƏ AZƏBAYCAN Alİ SOVETİNİN İCLASLARI
ALTINCI ŞƏKİL
Qiyasgilin mənzili.
DİLARƏ: (Çay içir) Qurgen kişi, gəl çay iç. Qorxma heç kəs yoxdu.
QURGEN: (qorxa-qorxa gəlib oturur, çay içir) Allah səni saxlasın axçi, Allah balanı saxlasın.
DİLARƏ: Mənə axçi demə, adım var: Dilarə...
QURGEN: Allah səni saxlasın, Dilarə qızım. Sizin kimi insan adam görməmişdim xaç haqqı. Qarabağda da ta qədimdən musurmanlarla dost kimi yaşamışıq. Allah aramıza bu dava dalaşı salanın evini yıxsın, allah baisin evin yıxsın.
DİLARƏ: Qurgen kişi düzünü de. Deyirlər Bakı ermənilərindən də pul yığırmışlar ki, Qarabağdakı o daşnaklara yardım olsun.
QURGEN: Allah daşnakların evin yıxsın, damları başlarına uçsun, balaları yetim qalsın, arvadları saçın yolsun.
DİLARƏ: Yaxşı, bəsdi qarğış elədin. De görüm sən də pul keçirirdin?
QURGEN: Allah səni salamat eləsin, Nəvə toyu görəsən. Oğlun qızın oğul uşaq sahibi olsun. Nəvə nəticələrin...
DİLARƏ: Sözü dəyişmə kişi, de görüm sən də pul keçirirdin?
QURGEN (dərindən ah çəkir): Nə gizlədim, mən də maaşdan, vıruçkadan hesaba pul köçürürdüm. Bizdə bir Rantik vardı, gic erməni bizi də aldadmışdı ki, pulları erməni kilsəsinin remontuna köçürəcək...
DİLARƏ: Belə başınızı aldadırmış o Rantik dediyin, bəlkəm də pulları öz cibinə basırmış.
QURGEN: Nə deyim, Atsvats bəlasın versin baislərin. Elə Rantik də oların içində.
Qapı şiddətlə döyülür
QURGEN (qorxmuş): Axçı...
DİLARƏ: Tez dur keç o biri otağa.
Qurgen otağa keçir Dilarə onun stəkanını yığışdırıb qapını açır. Qorxmaz və iki sütül oğlan içəri girirlər.
QORXMAZ: Ermənini siz gizlədirsiz?
DİLARƏ (karıxmış): Nə erməni? Siz kimsiz?
QORXMAZ: Harda gizlətmisiz ermənini, çıxsın görək.
DİLARƏ: Nə erməni erməni salmısız? Burda erməni flan yoxdu. Bura Qiyas Zeynallının mənzilidir. Burda erməni nə gəzir?
QORXMAZ: Dəxli yoxdu (otağa keçmək istəyir)
DİLARƏ (qapının qapağını kəsir): Ora olmaz.
QORXMAZ: Niyə? Ermənini orda gizlədirsən?
DİLARƏ: Danışığını bil. Anan yerindəyəm. Ora mənim yataq otağımdır. Yığışılmayıb. Müsəlman deyilsiz? Naməhrəmin özgə qadının yataq otağında nə işi?
QORXMAZ: Çəkil görüm (Dilarənin qolundan tutur).
NAMİQ (öz açarıyla qapını açıb içəri girir). Ana! Bular kimdi? (Qorxmaza) Çək əlini. (Güclü həmlə ilə onu itələyir)
QORXMAZ: Sən kimsən?
DİLARƏ: Oğlumdu. Rayonda idi, yaxşı vaxtında gəlib çıxdın bala.
NAMİQ: Nə istəyirlər?
DİLARƏ: Yapışıblar ki, evinizdə erməni gizlədirsiz.
NAMİQ: Başınıza at təpib. Bilirsiz bura kimin evidir. Erməninin burda nə işi var? Çıxın gedin.
Namiq həmin otağın qapısın açıb içəri keçir. Dilarə təşviş içində. Namiq gəlir.
NAMİQ: Dedim sizə çıxıb gedin, yoxsa sizinlə ayrı cür danışaram (cibindən vəsiqə çıxarıb göstərir).
QORXMAZ (oxuyur) Xalq Cəbhəsinin müdafıə şurası. Nə olsun, bizə nişan verdilər ki, erməni bu evlə gizlənir.
NAMİQ: Yəqin o yuxarıdakı qonşuları nişan veriblər. Ora gedin, onun anası da ermənidir, arvadı da...
QORXMAZ: Bağışlayın (gedirlər) .
NAMİQ (onlar çıxan kimi hirslə anasına): Bu nə deməkdir, atamın iş otağında o Ambaryanın nə işi var?
DİLARƏ: Ambaryan deyil, o - Qurgendir.
NAMİQ: Bütün ermənilər Ambaryandır. Atamın xəbəri var?
DİLARƏ: Əlbəttə, Əjdər kişinin dostudu, xahiş etdi, atan da razı oldu iki gün onu saxlamağa.
NAMİQ: Əcəb işdi vallah.
DİLARƏ: Yaxşı qurban olum o qonşunu niyə nişan verdin, doğrudan onun anası, arvadı ermənidi?
NAMİQ: Xəbərin yoxdu ki, iki ildi İzrailə köçüblər. Evləri də bom-boşdu. Heç kəs yaşamır.
DİLARƏ (gülür): Ay səni. Deyirəm axı... Mənim qızıl oğlum.
İşıq dəyişir
Həmin məkan
QİYAS: Əjdərin dostunu yedizdirdin?
DİLARƏ: Heç nə yemək istəmiir. Bir-iki dolma yedi; deyir dolma elə bizim xörəkdi.
QİYAS (gülür): Dəvədən düşüb höt-hötündən qalmayıb. Düzələn millət deyil. Yaxşı, çağır gəlsin, çay içsin. Denən çayı da ermənilər icad eləyib.
Dilarə Qurgeni çağırır.
QİYAS: Qurgen kişi, dolma nə deməkdi?
QURGEN: Dolma elə dolmadı da, eli...
QİYAS: Dolma, yəni yarpağın içini ətlə doldururlar. Day bu hardan sizin yemək oldu?
QURGEN: Sizin olsun eli, dolma da, aş da, bozbaş da, kabab da. Sizin, bizim, nə təpaudu var. Allah baisin evini yıxsın.
QİYAS: Qurgen kişi, sizdə belə misal çəkirlər: İn teğ hay, in teğ vay. Bu nə deməkdi?
QURGEN (Ah çəkir): Düzdü də... Harda hay, yəni erməni var, orda vay yəni yas, ağlaşma var. Biz də belə millətik də eli, başımıza gələnləri yada salıb ağlayırıq.
QİYAS: Başınıza gələnlər öz ucbatınızdan gəlir də... Dinc otursaz kimin siznən nə işi var. Mütləq ortalığa bir şey atıb ara qarışdırırsız. Həmişə özgənin torpağında gözünüz qalır.
QURGEN: Demə, demə. Allah aramıza nipaq salanın evin dağıtsın.
DİLARƏ: Nipaq nə deməkdi?
QİYAS: Nifaq. Ermənilərdə F hərfi yoxdu, odu ki, F-ya P deyillər.
QURGEN: Fizuli yaxşı deyib: Keçən günə gün çatmaz. Məzhəb haqqı necə gözəl günlər idi. Mən neçə türkə kirvə olmuşam.
DİLARƏ (televizora diqqət kəsilir): Dayan, dayan sənin nəvən deyil? Moskvadan danışır. Qiyas səsini artır.
QURGEN: Vay, Suren bala, cigər. Şeni cerime. Sağ salamat gedib çatmısan.
Qiyas televizorun səsini artırır. Suren ekran monitorda da aparıcıyla danışır.
TELEAPARICI: Naş sobesednik Suren Ayvazən iz Baku. Kak vam udalosğ vırvatğsə iz gtoqo bakinskoqo ada?
SUREN: Odin starıy druq moeqo deda, russkiy, tayno vıvez menə.
QURGEN: rus?
QİYAS: Dur görək, daha nə yalan danışacaq.
SUREN: Vı ne predstavləete kakie gto izverqi azirbaydjanüı. Moeqo deda, starika izbili do smerti, vıkolili odin qlaz. Ə daje ne znaö jiv li on seyças? İ gtoqo russkoqo dədö Vasö toje navernoe ubili.
QURGEN: (özünə gələ bilmir) Ay səni, binamus oğlu binamus, şan dığa.
SUREN: Esli bı ne russkiy dədə Vasə, menə toje ubili bı...
QURGEN: Ay sənin məzhəbinə nəhlət, köpəy oğlu. (durub televizorun üstünə cumur) Səni əkib doğanın...
QİYAS: Televizorla nə işin var, belə böyütmüsən də...
QURGEN: Belə böyütmüşəmsə atama nəhlət...
QİYAS: Dilarə, keçir Bakıya.
Dilarə televizoru Bakıya keçirir. Ekranda konsert. Çalıb oynayırlar
QURGEN: Qiyas qardaş, başıva dönüm, telefon elə Əjdərə, gəlib aparsın məni, anamın yanında basdırsın. Day yaşamaq istəmirəm.
QİYAS: Sonra da Suren desin ki, azərbaycanlılar erməniləri diri-diri basdırır.
Ekran - monitorda konsert qəfildən kəsilir. Diktor görünür.
DİKTOR: Azərinformun rəsmi məlumatını veririk. Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti, Respublika Nazirlər Soveti xəbərdar edir ki, Bakıda heç bir fövqəladə vəziyyət elan olunmayacaq. Xalqı təxribatçı şayiələrə inanmamağa çağırırıq, Xalqımız...
Güclü partlayış səsi.Bütün ekranlar sönür
QİYAS (həyəcanla): Nələrsə baş verir. Mən redaksiyaya getməliyəm.
DİLARƏ: Axşamın bu vaxtı?
Güllə, sirena səsləri
QİYAS: Atəş səslərin eşitmirsən? Deyəsən şəhərə qoşun yeridirlər.
DİLARƏ: Bu uşaq harda qaldı?
QİYAS: Darıxma, gələr. Mən də işə dəyib qayıdıram. Evdən bayıra çıxma.
PƏRDƏ
Səhnə önündə qeyri müəyyən məkan.Rasim və yanında operator çəkiliş aparırlar. Onların çəkdiklərini ekran monitorda görürük. İrəliləyən tanklar, bronetranspartyorlar, əzilmiş, gülləbaran olunmuş maşınlar, yaralılar, meyitlər. Atəş səsləri, sirenalar, gəmilərin fitləri...
20 yanvar gecəsinin sənədli kadrları
YEDDİNCİ ŞƏKİL
Qara yanvarın səhərisi gün. Akademiyada və Alti Sovetdə iclaslarda çıxışçıların sənədli kadrları. Bu səhnədə konkret natiqlərin - İsmayıl Şıxlının, Ziya Bünyadovun, Bəxtiyar Vahabzadənin, Yusif Səmədoğlunun, Xəlil Rza Ulutürkün sənədli kadrlarını görürük. Qalıbsa öz səslərini, qalmayıbsa aktyorların ifasında dəqiq öz dediklərini eşidirik.
İSMAYIL ŞIXLI: Mən Böyük Vətən müharibsinin iştirakçısıyam. Dəhşətli səhnələr görmüşəm. Amma belə vəhşiliklə rastlaşmamışam. Öz dinc əhalisinə qarşı belə müdhiş qəddarlığın şahidi olmamışam. Kommunist partiyası öz sifətini itirib. O öz xalqıyla vuruşur. Mənim 71 yaşım var. 45 ildir partiyanın üzvüyəm. Partiyaya cəbhədə keçmişəm. Amma indi bu partiya faşistlərin SS-indən də betər hala düşüb. Mən daha bu partiyaının üzvü olmaq istəmirəm.
ZİYA BÜNYADOV: Bütün bu fitnəkarlıq SSRİ KQBsinin işləridir. Sumqayıt hadisələrini də özləri qəsdən törətmişdi. Mən bir başa Qorbaçovu, Yazovu, Kryuçkovu ittiham edirəm. Böyük vətən müharibəsinin iştirakçısıyam. Cəbhədə bütün xalqlar çiyin çiyinə vuruşurdular. Xalqları qəsdən, qərəzli şəkildə bir-biriylə salışdırırlar.
BƏXTİYAR VAHABZADƏ: Moskva mətbuatı haqqımızda hər cür yalanlar, iftiralar yayır. Bizə böhtan atırlar ki, guya biz başqa xalqları xüsüsilə də rusları sıxışdırırıq. Murdar yalandır. Bizim xalq həmişə qonşunu qohumdan yaxın bilib, dostu qardaşdan əziz tutub. Allah şahiddir ki, biz rus xalqına qarşı deyilik. Biz haqqın və ədalətin tərəfindəyik. Bizə qarşı təxribat törədənlər indi də bizi rus xalqıyla qarşı-qarşıya qoymaq istəyirlər. Bu cəhətdən Moskva mətbuatı, Mərkəzi televiziya xüsusi canfəşanşlıq edir.
YUSİF SƏMƏDOĞLU: Bakıya qoşun yeridilməyəcəyi haqqında yalan vədlər verə-verə belə amansız bir əməliyyata hazırlaşırmışlar, gah deyirlər ki, biz Xalq cəbhəsini dağıtmağa gəlmişik, gah deyilər ki, biz partiyanı qorumağa gəlmişik, gah deyirlər ki, talanların qarşısını almağa gəlmişik. Özləri də bilmirlər ki, bu cinayətkar əməllərinə necə haqq qazandırsınlar.
XƏLİL RZA ULUTÜRK:
Davam edir otuz yeddi
Daha kəsgin, daha ciddi.
İstəmirəm azadlığı
zərrə-zərrə, qram-qram
qolumdakı zənrcirləri
qıram gərək, qıram, qıram.
SƏKKİZİNCİ ŞƏKİL
Qiyasın mənzili. Gecə saat 2.Dilarə dəli kimi otaqda vurnuxur.
Qiyas qapını açıb daxil olur, onun halını göstərmək aktyordan asılıdır.
DİLARƏ (ona tərəf atılır): Qiyas! Bəs Namiq hardadır?
QİYAS (güclə danışır): Özünü ələ al, Dilərə. Namiq yoxdu.
DİLARƏ: Nə? Dəli olmusan?
QİYAS (hıçqırır): Namiqi vurdular.
Dilarənin tükürpərdici qışqırığı. Səhnə qaranlıqlaşır, Səhnə işıqlananda Dilarə və Qiyasın hərəsinin bir tərəfdə başlarını tutub oturduqlarını görürük. Bir müddət sonna, Qurgen yavaşca qapını açıb içəri girir.
QURGEN: Nə olub? (cavab çıxmır) Nə olub, eli?
DİLARƏ (birdən partlayır): Nə olub? Canına azar olub, çor olub (Qurgenin üstünə cumur, yaxasından yapışır) Sənin nəvən Moskvadan bizə böhtan atır, mənim bircə balam şəhid olur.
QURGEN (başını tutur): Vay me...
DİLARƏ: Canına dərd, azar vay me... Ver mənim oğlumu. Hamısı sizin ucbatınızdan oldu (Qurgenin üzünü cırmaqlamaq istəyir).
QİYAS (durub onları ayırır Qurgenə): Keç o otağa.
DİLARƏ: Hanı mənim balam?! Verin mənim balamı (qışqırıb ağlayır)!
Birdən otağın qapısı taybatay açılır
QİYAS (içəri keçir, bir azdan qayıdır): Qurgen özünü eyvandan atdı.
Ekran monitorda sənədli kadrlar: Şəhidlərin dəfni.
Sonra qeyri müəyyən məkanda pyesin bütün sağ qalmış işlirakçıları ön səhnədə dayanıb iri ekrana monitora baxırlar. Ekranda Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyində tarixi çıxışının sənədli kadrları. Heydər Əliyevin rus dilində öz səsiylə çıxışı, sonra səsi fona keçir və diktorun ifasında Azərbaycanca səslənir:
HEYDƏR ƏLİYEVİN ÇIXIŞINDAN FRAQMENTLƏR:
Uvajaemıe tovarihi, damı i qospoda! Ə uznal ob gtom vçera utrom i estestvenno, ostavatğsə ravnoduşnım k gtomu sobıtiö ne moq. Ə prişel söda çtobı zdesğ v Postpredstve, vırazitğ svoe soboleznovanie vsemu azerbaydjanskomu narodu v svəzi s traqediey, povlekşey bolğşie jertvı.
DİKTORUN İFASINDA TƏRCÜMƏSİ:
19-undan 20 sinə keçən gecə Bakıya Sovet ordusunun və Daxili İşləri Nazirliyinin böyük qoşun dəstələri daxil olmuşdur. Bunun hansı faciəvi hadisələrə gətirib çııxardığı artıq məlumdur. Bu - qərarı verənlərin böyük siyasi səhvi idi. Onlar respublikada əsl vəziyyətdən xəbərsiz idilər, Azərbaycan xalqının psixologiyasını bilmirdilər, əhalinin müxtəlif təbəqələriylə əlaqələri yox idi. Bu qərarı verənlərin hamısı cəzalarını almalıdır. Mənim dərin kədərimi, səmimi başsağlığımı xalqıma çatdırın.İndi bunu etməyə başqa imkanım yoxdur.
Ekran monitorda sənədli kadrlar: Heydər Əliyevin Bakıya qayıdışı, Prezident seçiləndən sonra And içmə mərasimi, Azadlıq meydanında dalğalanan Azərbaycan bayrağı.
S O N
İyul-avqust 2019. Mərməris- Zuğulba.