SÜKUTDAN ASILMIŞ RUH
Sükutdan asılmış ruh.
Ruhsuz qalmış bədən.
Mənasız həyat.
Mənasızlıqdan doğan sən.
Biz əksiliklərin vəhdəti,
Vəhdətinsə əksiyiyik.
Nə qədər istəsək də,
Taleyin qadağa qoyduğu
Qovuşa bilməz cütlüyük.
***
Hardadı o
Quş civiltiləriylə
Açılan səhər?
Günəş doğmadan öncə,
İnsanlar oyanmadan,
Düşmədən xəyallarımın üstünə
Boz-bulanıq kölgələr.
BƏXTİNƏ DÜŞƏN DEYİLƏM
Gözlərin sisli orman,
Gözlərin bulanıq çay.
Mən üfüqdə batan Günəş,
Sən təzəcə doğulan Ay.
Vaxtsız gələn qonağım,
Vaxtına düşən deyiləm.
Mən özgənin qismətiyəm,
Bəxtinə düşən deyiləm.
Əlimdən mədət ummasın
Yanağından axan yaşlar.
Durma yolumun üstündə,
Yolumun öz yoldaşı var.
GET YAVAŞ -YAVAŞ
Buludun gözündən yağış damlayır,
Çilənir yoluna, get yavaş-yavaş.
Boş qalan ürəyim qubar bağlayır,
Vida et soluma, get yavaş-yavaş.
Bizi birləşdirən körpüləri yıx,
Uzatma zamanı, qapını ört, çıx.
Az zülm elə sən, yalvarıram çox,
Bu Allah quluna, get yavaş-yavaş.
Verdiyin vədədən, sözündən cayıb,
Deyirsən, qismətdi, bir yazılmayıb.
Alçaltma özünü, eşqindən ayıb,
Gir özgə qoluna, get yavaş-yavaş
***
Kağız üşüyər –
Üstünə səpilən soyuq sözlərdən.
Nöqtə qoyulduqca
Ümid doğar isinməyə.
Səbəb olar günəşin doğuşu
Ən kədərli insanda
Səbəbsiz gülməyə...
NÖQTƏLƏNDİN
Oxumağa can atdığım
Sual dolu hekayəmdin.
Vergüllərin arta-arta
Çevrildin bir nidaya.
Dəyərsiz bir cümləylə
Sevimli hekayəmin sonunu bəlirlədin.
Rəvac verdin vidaya,
Bu da son –
Nöqtələndin.
SÖYÜD AĞACI
Saçını yola tökən söyüd ağacı.
Birləşməyən yol –
Sonu cığır.
Sevincdən doğan acı –
Qanadı qırıq arzular.
Yüklənmiş beyin
Beyindən didərgin ağıl.
Gerçək həyat,
Gerisi nağıl.
AĞLAMAĞIN YERİ VAR
Dəlisov yağışlı gün.
Nigaran qalmasın o,
Unudulmadı burda...
O gəlməyənə acıq,
Həyət qapım cırıldar.
Sahibsiz bir köpək də
Yol üstündə mırıldar.
Çox soyudu havalar,
Yağış dönüb qar oldu,
Tənha qalan aşiqə
Xatirələr yar oldu.
Evimə sinib təklik,
Ürəyimdə ahu-zar.
Ötən günləri anıb,
Ağlamağın yeri var.
ŞƏHƏRİM
Toz altda boğulan nazlı şəhərim,
Tozanaq dumanlı səhərin xeyir!
Təmiz havasına həsrət qaldığım,
Bu hava bir daha düzələn deyil.
Bəlkə də, düzələr bir gün nə vaxtsa,
Allah yağışını bir az bol eylər,
Bəlkə də, hər şeyə çarə tapılar,
Azalar ünvansız qalan gileylər.
Qaçqınlı-köçkünlü, yerli-yersizli,
Hər dara düşənə qucaq açanım.
Sən ümid yerisən, pənah yerisən,
Baş alıb özündən özü qaçanın.
RUH, SEVDALI GÖYLƏRƏ
Ölümlə yaşam arası
İncə bir cizgidə
Yeriyir insan.
Gözləri arxada,
Ayaqları öndə.
Əl uzadır sevincə,
Yenik düşür kədərə.
Vücuduna yer talib,
Ruh-sevdalı göylərə.
BALIŞ SIXIR KÖKSÜNƏ
Balış sıxır köksünə
Bu bəlalı başımı.
Hər kəsimdən gizlədir
Axanda göz yaşımı.
Gecəyə göz yumuram,
Səhərə ümid payı.
Bacarmadım dərdlərə
Etinasız olmağı.
Ömrüm payızdan keçir,
Yazıma qırov düşüb.
Dörd yanımı dərd sarıb,
Ürəyim girov düşüb.
İlahi, yadına sal
Hərdən bir bu bəndəni;
Unutdun yer üzündə
Ruhsuz qalan bədəni.
YAŞLI ADAM
Hər səhər pişikləri yemləyən yaşlı adam,
Burda tək sən idin ağıllı-başlı adam.
Hər səhər pəncərəm açılanda
ilk sənin səsin gəlirdi...
Piş... Piş... piş...
Ya da kış... kış...
Göydələnlər insanları insanlardan ayırır,
Bəlkə də, insanlıqdan.
Bu qədər yad içində
Tək sən idin doğma olan,
Ötüb keçən günlərimi xatırladan.
Təmiz ürəkli adam,
Hər səni görəndə
Xəyalım uçardı taxta qapılı həyətimizə.
Heç orda qapımız da bağlı qalmırdı,
Qonşuların biri açırdı,
biri örtürdü...
Səssiz qalmazdı küçəmiz –
Uşaqların qəhqəhəsi,
Həyətlərdən yüksələn «bayağı» mahnıların
səsi,
Bilirdin ki, yaşayırsan...
Ağlasan, səsini duyan olacaq,
Kimsə gəlib ayan olacaq.
Burda qapı qonşumu belə tanımıram,
Hərdən kiməsə salam verirəm,
Kimdənsə salam alıram.
Bu səhər pəncərəmi açdım.
Ac pişiklərin miyoltusu,
Qurulan çadırın xışıltısı vardı...
Bir də hıçqırıb ağlayan uşaq səsi...
Babasına ağlayan –
Yaşlı adamın sonbeşik nəvəsi...