Bu gün qışın oğlan çağı,
Hər bulud bir qan çanağı,
Kəsir şaxta, kəsir sazaq…
Qapısını açıb göylər
Üzü qara…
Çöllər uzaq,
Yollar uzaq,
Dağlar uzaq…
Bu göylərin altındakı
Bəndələrin üzü qara…
Bu gün şƏhidlƏr günü…
Hamı ayağa qalxsın,
Hamı başını əysin…
Bayraqlar endirilsin…
Hamı torpağa baxsın…
Kimsə ruhdan düşməsin,
Ölən ruhlar dirilsin…
Dursun bir dəqiqəlik
İşləyənlər, bekarlar.
Dursun canıyananlar,
Dursun ürəyi korlar.
Əl saxla bir dəqiqə,
Sinəsi çarpaz dağlı
Vətən! Özünü şax tut…
Bir dəqiqəlik sükut…
Düşmən önündə çəpər -
Ərənlər sıralansın,
Nakişilər çəkilsin,
Namərdlər aralansın,
Uzaqda, gendə dursun.
Gəlin bacım, bəri gəl,
O Şəhid balasını
Gətir… Gətir…
Bax belə!
Hamıdan öndə dursun!
Gələcək üçün əsgər,
Bu günlər üçün sübut…
Bir dəqiqəlik sükut…
Buludların ələyindən
Keçdikcə tozlanır bu qaz.
Burda kiminlə oynayır,
Kiminlə nazlanır bu qaz?
Bu məzardan o məzara
Qonur, pərvazlanır bu qaz.
Şəhidlərin baş daşında
Sanki açır, çiçəklənir,
Sanki qotazlanır bu qaz.
Birdən mənə elə gəlir
Doğma şəhid ruhu kimi
Düz üstümə
Uçur, tolazlanır bu qaz…
Qulağıma bir səs gəlir:
- Yanıram, ana.., ana, su…
…Məzar başında lal olan
Bəxtəvər Şəhid anası…
Elə baxma, anam, mənə,
Mən şəhid olan deyiləm.
Mən qorxağın birisiyəm,
Yetmiş ilin ölüsüyəm,
Mən sənin balan deyiləm.
Bax, bax… Orda -
O dağların çiynindəki
O qızaran qanlı bulud,
O Günəş nişanlı bulud -
Şəhid olan
Balaların kəcavəsi -
Zərli tabut…
Bir anlığa ora bax,
Anam, qaldır başını,
Bəlkə oğlun ordadır,
Ara, anam, ara… bax…
Hara gedir, görəsən,
Şəhid ünvanlı bulud?
Bir dəqiqəlik... sükut…
Qorxağam… Mən qorxağam…
Şəhid məzarlığına
Gəlmişəm... qorxa-qorxa...
Qorxuram ki, Şəhidlər
Birdən ayağa qalxa...
Yapışa boğazımdan,
Qala əllərdə yaxam.
Qalmışam şəkillərə
Qorxuyla baxa-baxa.
Əsir bütün bədənim,
Keçmir qorxum, İlahi.
Şəhidlərin üzünə
Necə baxım, İlahi?
Mən qorxağam, qorxağam,
Etirafa lüzum yox.
Mənim burda yerim yox,
Mənim burda üzüm yox.
Mən qorxağın biriyəm,
Göz yaşıma inanma,
Vətən, sən məni unut...
Bir dəqiqəlik sükut…
Yağır... şəhid məzarları
Qar altında bələklənir.
Çölümü şaxta yandırır,
İçim sükuta köklənir.
Od baxışlı şəkillərin
Çiynində qar çiçəklənir.
Başım bir az havalanır,
Sinəm bir az körüklənir.
Külək əsir...
Fikrim bir az yelpiklənir.
Şəhidlərin dövrəsində
Adam bir az kişilənir,
Adam bir az ürəklənir...
Siyasət meydanında
Quyruq bulayan kişi,
Düş kürsüdən, bəri dur,
Gəl, ayırd edək işi.
Elə gəlmə üstümə,
Yavaş görüm, aşna, dur!
Köpüklənib daşma, dur!
Bir azacıq nəfəs dər...
Sənin içində cin var,
Burax cini qəfəsdən...
Nə sən ağıldan kəmsən,
Nə də mən xırda uşaq.
Gəl, oturaq üz-üzə,
Türk demişkən: qonuşaq.
Sualıma cavab ver:
Varlı kimdir, kasıb kim?
Mıxı bura kim vurub?
Papağını asıb kim?
Vətəni qoruyan kim?
Barınan, yarıyan kim?
Sən düşmən qabağında
Hansı dağı yıxmısan?
Hansı üzlə fırlanıb
O kürsüyə çıxmısan?
Hamı bilir ki, pulu
Hardan, necə yığmısan.
Bəlkə mənə deyəsən
Azadlıq haracandır?
Kürsülərdən deyirsən:
- Nə var - bu millətindir.
Cavab vermək çətindir,
Sual vermək asandır.
İtil! Gözümdən itil!
Dolamısan, deyəsən,
Sən bu Şəhid milləti...
Bilirsənmi, səninçin
Nə deyib, nə söylənib
Xızıdakı bir ana:
-Mən eşşək bağlamaram
Sənin haram villana!
Sənə son sualım bu:
Kiminkidir bu torpaq,
Azərbaycan - Ana yurd?
Niyə cavab vermirsən,
Ay ac qurd,
Yalavac qurd?
Dayan, sözümü kəsmə,
Dayan, bir nəfəs dərim,
Tələsmə... heç tələsmə...
Bir dəqiqəlik sükut…
Ardı var bu söhbətin,
Ardı var bu nağılın...
Dursun mənim qarşımda
Şəhidlərin yaşında
Olan o rəis oğlun.
Yumurtadan çıxantək
Vəzifə stoluna
Pərçimlənən o cüllüt...
Qarmağına keçəni
Soyur, ütür, qoyur lüt...
Səhər dilində yalan,
Axşam dilində yalan...
Təzə həvəsə düşən
Həvəskar rüşvətalan,
Əməkdar rüşvətalan...
Sovxa qalsın möhürü,
Əli qələm tutmasın.
Xızıda tikdirdiyi
Villa başa çatmasın.
Südünə haram qatıb,
Tutur hərdən tutması.
Ərə gedə bilməsin,
Evdə qalsın Fatması.
Görüm boş qalsın əli,
Görüm cibi dolmasın!
...Bu gün Şəhid günüdür...
Rüşvət günü olmasın...
Bu Şəhidlər Günündə,
Bax, o cüllüt oğlunun
"Fatma" şadlıq evində
Oğluna toy vurdurur
Bir anası erməni...
Yox, qorxaq bilmə məni,
Yox, əfəl bilmə məni.
Mən öz qorxaqlığımı
Şəhidlərin yanında
Unutmuşam gəlmişəm.
Köksümdən od qopur, bax!
Xoruzlanma üstümə,
Düş aşağı kürsüdən,
Düş aşağı qurumsaq,
Gəl, dayanaq döş - döşə...
Bax o telegüzgüyə...
Çingizə dua oxu,
Əlini aç düz göyə.
Çingiz haray qoparıb,
Çiynində kamerası
Söyüş söyür Laçında...
Dayanmışıq üz-üzə,
Onun söyüşləridir
Lap dilinin ucunda...
Bu söyüşün əvvəli,
Başlanğıcı, ilkidir.
Şəhidlərin qardaşı
Nə deyirsə... onu ud...
Heç səsini çıxartma!
Bir dəqiqəlik sükut…
Oğul, Şəhid balası,
Ver, əlini mən tutum.
Sənsən Vətənə arxa,
Sənsən mənim umudum.
Kişitək tut əlimdən,
Şəhidlərin önündə
Namərdləri unudum,
Çıxım qorxu içindən.
Ürəyimi doğrayan
Bu dərdləri unudum.
Oğul, Şəhid balası,
Muğayat ol anandan,
Qapılara düşməsin.
Hər namərd, hər nakişi
Üzünə irişməsin.
Ana haqqı ucadır,
Haqqı yerə düşməsin.
"Hanı dediyim bəy ərənlər,
Dünya mənimdir deyənlər?
Əcəl gəldi, yer gizlətdi,
Fani dünya kimə qaldı?
Gəlimli - gedimli dünya,
Son ucu ölümlü dünya! "
İgid Şəhid balası,
Mən dua oxuyuram,
Sən də aç əllərini,
Qulaq as, gör nə deyir
Dədəmiz Dədə Qorqud...
Bir dəqiqəlik sükut…
...Şəhid məzarlığında
Hələ də ələnir qar...
Hələ də tökülür qar...
Bala, sənin səsinin
Aydın Qaradağlının
Səsinə oxşarı var.
Dayan burda...
Bax belə...
Mikrofonu yaxşı tut.
Bütün AZƏRBAYCANA
Sən özün elan elə:
- Bir dəqiqəlik sükut...
Bir dəqiqəlik... sükut...
10-13 fevral, 2011
Qarabulaq
“Ulduz “ jurnalı