İnsan yaralanan zaman bir neçə dəqiqə ağrını hiss etmir. El arasında buna “Ağrı isti-isti hiss olunmaz” deyirlər. Ağrılar zamanla sızıldamağa başlayar.
Qaçaqaç, qovhaqovlardan baş aça bilmirdim, son zamanlar heç özümlə təkbətək qalmamışdım. Xəstəlik, qayğılar. .. Evimin qadını olmaqdan çıxmışdım. Artıq işlərim normal ev qadınları kimi təmizlik, biş-düşdən ibarət deyildi. Mən indi öz ruhumda kişi-qadın duyğularını birləşdirməyə məcbur qalan bir məhkum idim. Məni nələrin gözlədiyini bilmədən taleyimə qarşı elə silahlanmışdım ki... Onu yenə biləcəyimə əmin idim. Məğlubiyyətimin fərqində belə deyildim.
Bəzən xəyal dünyasından qopub həqiqi dünyaya addımlayarkən, insan ayaqlarının altının yandığını hiss edir, tüstüsü təpəsindən çıxır. Sən demə, bu günə kimi ayaqlarımı oddan qoruyan mənim xəyallarım imiş, yada ki xəyallarımın içərisindəki gerçəkliyim.
Hazır olmadığın vəziyyətlə qarşılaşanda beyin çaşqınlığa məhkum olur. Ümidlərin, arzuların, hər anı bir ömrə bərabər yaşadığın ani səadət belə həmin an səni yandırmağa başlayır. Çiyinlərinə, ruhuna elə bir ağırlıq çökür ki, nəinki daşımaqda, qaldırmaqda belə əziyyət çəkirsən. Və ən dəhşətlisi də odur ki, bu hadisələr hamısı bir anda baş verir. Səni oddan qoruyan bütünlüyünü bir anda itirirsən. Zərrələrə, parçalara bölünürsən. Odun, alovun üstünə dağılan hər zərrən səni bir başqa cür yandırır.
Həyatın çiyinlərimə, ruhuma yüklədiklərindən xəbərsiz elə qaçaraq addımlayırdım ki, ağırlıqların heç birini hiss etmirdim. Ya da ki ruhum dözümlü idi, bilmirəm... Sən demə, nələr itirmişəm, xəbərim belə yoxdu. İtirməyə qorxduğum hər şeyi itirmişəm...
– Xanım, ikinci mərtəbə, “C” pəncərəsinə yaxınlaşarsız.
Qeydiyyatçı qızın incə səsi məni dalğınlıqdan oyatdı. Asta-asta pilləkənləri qalxdım. Növbələrin siyahısı göstərilən ekrana baxdım, “C” pəncərəsində 24 nömrəli vətəndaş əyləşmişdi. Mən 28-ci idim. Gözləmə oturacaqlarında bir boş yer var idi, gedib əyləşdim. Heç nə hiss etmirdim, uyuşmuşdum. Daha doğrusu, nə müddət idi ki, heç nə hiss etmirdim. İşimi tez həll edib evə qayıtmaq istəyirdim. Sol tərəfimdə iki gənc oturmuşdu – nişanlı idilər, nikah üçün qeydiyyata düşməyə gəlmişdilər. Bir-birlərinə çox aşiq idilər. Bir az onları seyr etdim.. . Sağ tərəfimdə da yaşlı ər-arvad oturmuşdu. Qadın bir az çətin görürdü, amma buna baxmayaraq, hər şeylə maraqlanırdı. “Asan Xidmət” binasında nə vardısa, hamısını bir-bir kişidən soruşurdu. Yaşlı kişi də onun əlindən tutub ətrafında gördüyü hər şeyi qadına təsvir edir di. Bu cütlük isə şəxsiyyət vəsiqələrini təzələmək üçün bura gəlib. Qadının əli əsdikcə kişi onun əlindən elə bərk yapışır ki... Sanki o əli tutmasa, qadının ürəyi qırılar, ya da ruhu yıxılar. Bunları seyr etdikcə bir anlıq ruhumdakı səssizlik qulaqlarımı batırdı.
– Bəs mən burda neynirəm? Mən nəyi, kimi gözləyirəm?!
Yəqin ki, o yaşlı qadın heç vaxt təklik nədir, bilməyib. Hər əlini qaldıranda onun əlindən yapışacaq bir dayağı olub. O biri tərəfimdə oturan gənc oğlan isə qızın əlindən yapışıb oğrun- oğrun ona baxırdı. Bu baxışlar min dənə şeirdən, min dənə şirin sözdən daha dəyərlidir. Gözlərimi yumdum. Hər iki tərəfimdə bir-birinə sıxılan cütlüklər, qoca və gənc, mən isə onların arasında. Əslində mən zaman ayrıcında idim. Mənim keçmişlə gələcək arasında olan bağım qırılmışdı. “Bu necə bir ədalətsizlikdir? Ya ümumiyyətlə, ədalətsizlikdirmi?” – deyə düşünməyə başladım. Boğuldum, çiyinlərim məni sıxırdı. Mən sanki zaman tunelində azmışdım, bu dünyadan, ya da elə özümdən milyon işıq ili uzaqda qalmışdım.
Növbəm çatdı, “C” pəncərəsinə yaxınlaşıb sənədlərimi təqdim elədim. Müraciət səbəbini açıqlayarkən sinəmdən qəribə sızıltı qopdu: bu elə ağrı idi ki, onun izahı mümkünsüzdür. Mavi, qara rəngli hərflərlə yazılmış şəhadətnaməni aldım. Sonra çevrilib bayaqkı cütlüklərə baxdım, onların arasında dayanarkən əslində özümün yarım qalmış keçmişimlə baş tutmayan gələcəyimin arasında qaldığımı hiss edirdim. Bir neçə saniyə də cütlüklərə baxdıqdan sonra oranı tərk etdim. Hava yağışlı, buludlu idi. Fevralın soyuğu məni üşütmürdü, lakin əlimdəki şəhadətnamə və zaman kəsiyində yolumu itirməyim ruhumu titrədirdi. Əlimdə tutduğum “ölüm kağızı”ndan itirdiyim gələcəyimin qoxusu gəlirdi. Sən demə, mənim gələcəyim ölüm qoxurmuş...
Ölüm qoxuyan gələcəyimi də götürüb yola çıxdım. Avtobusla getməyə səbrim çatmadı, piyada yola düzəldim. Qış vaxtı piyada yol getmək sanki insanın ruhundakı ağrıları da dondurur. Ayağım sürüşdü, amma yer sürüşkən deyildi. Necə oldu, bilmirəm, özümü tarazladım, yoluma davam etdim. Uşaqlıqdan adətkər idim, bəzən ayaq üstə dayandığım yerdə, ya addımladığım yerdə ayağım büdrəyirdi. Amma bu, adi büdrəmək deyildi. Ürəyim get-gedə çox şiddətli döyünməyə başlayırdı. Tez-tez çantama baxırdım, sanki nəsə itirmişəm, ya unutmuşam. Hər dəfə də əlim göy-qara hərflərlə yazılmış kağıza toxunduqca bir anlıq duruxurdum. Hansı hissləri keçirdiyimi bilmirəm.
Dünən, o biri günlər belə deyildim. Məgər buna inanmaq üçün bu kağızamı ehtiyacım var idi? Məncə, yox, sadəcə, xüsusi möhürlənmiş bu kağız uzun zaman dı məhkum olduğum yalnızlığın göstəricisidir. Növbədə gözləyərkən anam zəng etmişdi. Cavab vermədim, beş dəqiqə sonra qardaşım zəng etdi, yenə açmadım. Anamı tanıdığıma görə əminliklə deyə bilərəm ki, bir neçə dəqiqə sonra zəng etmək sırası atam da olacaq. Beləcə, bir neçə nəfər ailə üzvləri zəng etdilər. Heç birini açmadım. Heç vaxt belə etməzdim, amma bu gün...
Yol boyu heç nə diqqətimi çəkmirdi, bir nöqtəyə baxaraq addımlayırdım. Birdən hansısa bir qüvvə məni saxladı. Dayandım, şəhər, insanlar, maşınlar-hamı, hər şey gözümdə uzaqlaşmağa başladı. Qulaqbatırıcı bir uğultu beynimə doldu. Qışqırmaq istəyirdim; səsim çıxmırdı, ağlamaq istəyirdim; amma gözlərim məni ələ salırdı. Nəsə demək, içimdəkiləri necəsə dilə gətirmək istəyirdim, amma bildiyim bütün sözləri unutmuşdum.
Dayandığım yerin fərqinə vardıqda ruhum da nəyinsə möhkəm sındığını hiss etdim. Elə yavaş-yavaş sındı ki, şaqqıltısından qulaqlarım batdı. Beynimə dolan uğultu get-gedə acı verməyə başladı. Mən “Gəlinlik mağazası”nın qarşısında dayanmışdım. Bura altı il əvvəl girmişdim. Altı il əvvəl burdakı gəlinliklərin birini almışdım. Və həmin gün mənə qırmızı hərflərlə yazılmış möhürlü bir kağız vermişdilər. O kağızı mən gülə-gülə almışdım. Bu gün isə... Bu gün isə ömürlük sürə biləcək yolu bir kağız parçası kəsdi. Keçmişlə gələcəyim arasında kiçik bir zaman kəsiyi,.. Vücudumu buz kəsdikcə içimdəki alovu daha çox hiss edirdim. Kiçik bir an, bir göz qırpımı və nəticəsində dərin bir boşluq...
Yağış yağmaq istəyirdi, hava tutqun idi. Amma mən bilirdim, bu gün yağış yağmayacaq, çünki mənə yağışın yağmasını bircə o düzgün deyə bilirdi. Hər gün, qış-yay demədən səhər tezdən məndən tez oyanıb pəncərəni açırdı: “Qalx, səhərin bu gözəl havasının zövqünü heçnə əvəz edə bilməz.” Mən isə səhərlər yatmağı sevən biri kimi mızıldanırdım. Qalxmaq istəmirdim. “İşə gecikəcəksiniz, əziz müəllimə, axı siz şagirdlərinizi gözlətməyi sevmirsiniz. Əminəm ki, bu gün də onlar üçün xüsusi nəsə hazırlamısan. Axı sən həmdə şairsən!” Gözlərimi açanda onun simasındakı gülüşlə başlayırdım günə. Harda, hansı qəzet və jurnalda bir yazım dərc olunsa, həmin gün bütün qohum-əqrəba xəbər tuturdu. Bəzən gecələri hansısa bir düşüncəyə qapılıb bir yazı ilə məşğul olan zaman sakitcə yataq otağına çəkilirdi. Onun sakitliyi mənə güc verirdi. Həyatımız kiçik sevinclərlə dolu idi. Məsələn, hansısa bir dostu, ya qohumu evlənəndə onlara məsləhət verirdi: “Bax, qardaşım, evlənəndə eləsi ilə evlənəsən ki, onun üzünə baxanda ruhuna sakitlik çöksün, həyatını sənin ölçülərin üzərində qurmağı bacarsın. Misal üçün, ən kasıb xörəkdən belə, zəngin süfrə açsın. Və sənin kefin olmayanda onun bir gülümsəməsi sənə güc versin”. Bunları deyərkən də arada gözucu üzümə baxıb gülümsəyirdi.
İndi... İndi isə bir neçə gündür ki, səhərlər işə gecikirəm. Sübh çağı o möhtəşəm havanı ruhuma çəkə bilmirəm. Otağım, evim, yatağım məndən küsüb, üşüyürəm. Bu gün ayrılığımız rəsmiləşdi. Həm də iki dünya qədər bir ayrılıq. Bizi iki dünya arasında kiçik, göy-qara hərflərlə yazılmış bir kağız parçası ayırırdı. Lakin buda əbədi ayrılıq deyildi. O evdə və bu həyatda bircə bağ qalıb aramızda: onun gözləri ilə mənə baxan iki cüt göz. O, iri, qumral, sıx kirpiklərlə bəzədilmiş gözlərini bu dünyada qoymuşdu.
Ruha saplanmış ağrı sağalmaz, ruh ağrıya alışır. Amma darıxmağın adı yoxdu. Bu kağız bir az məni sakitləşdirər deyə, özümü aldadırdım. Əslində bu kağız onsuz daha da çox darıxacağımı deyir. Bu dünyanın ortasında bir ömürlük yalnızlığın portretini çəkəcəyəm onunla birgə...