SON GÖRÜŞ
Qar yağırdı ötən ilin bu günü.
Son görüşdü, qış günündə görüşdük.
Ağappaqdı yollar, izlər, səkilər,
Biz dünyanın xoş günündə görüşdük...
Şahid idi son görüşə sərçələr,
Yox, onların nə vecinə, kimik biz?!
Mən-dilimdə ucuz vədlər, bəlkələr,
Sən-qarşımda aciz, qorxaq, köməksiz...
Canavardı ürəyimdən gələn söz,
Getməsəydin, yeyəcəkdi o səni.
Mən də susdum, dodağımda ölən söz
Qoparmadı dodağından busəni...
Sevdiyimi deyəcəkdim axı mən,
Varım-yoxum, nəyim varsa, sən idin.
Deyəcəkdim, yaşamaram daha mən,
Bəlkə, məni bilərəkdən sınadın?!
Getdin, amma öldürmədi yoxluğun,
Öldürmədi, sənsiz elə yaşadım.
Subaylığın, sultanlığın, şahlığın
Axırını bilə-bilə yaşadım...
Ötən ilin bu günündən il ötdü,
Elə bildim, keçən il yox, ömürdü...
Gəlməmişdin son görüşə, yada sal,
Mən az qala həsrətindən ölürdüm.
DAHA DARIXMIRAM
Yaman dəyişmişəm, deyir dostlarım,
Həyata bir az da ciddi baxıram.
Daha ürəyimi yoxdur sıxan şey,
Mən ağrı-acıya yumruq sıxıram.
Daha axtarmıram ötən sevgimi,
Keçmişdə başlayıb bitən sevgimi.
Əldə bayraq edib vətən sevgimi,
Düşmən bildiyimi vurub yıxıram...
Daha yaşamıram ölməkdən ötrü,
Daha ağlamıram gülməkdən ötrü.
Tək səni yuxumda görməkdən ötrü
Yatanda gözümə eynək taxıram.
Varmış dərdlərimin dərmanı, varmış,
Hər şeyə taleyin fərmanı varmış.
Səni sənsiz belə sevmək olarmış,
Daha darıxmıram,.. çox darıxıram!
BİR AZ DA DARIXSAQ...
Soyuq pəncərədə barmaq izləri,
İsti otağıma səs salan soba...
Efirlər xəbərdar edir bizləri,
Bir az da darıxsaq, qar yağar sabah...
Bir az da... bir az da çox oldu, Allah!
Buz tutar aramız, qalın, keçilməz,
Qapım pərçimlənər, yolun keçilməz.
Gözümdən axan su şordur, içilməz,
Çəkərəm içimə həsrətini,.. Ah...
Başıma sığal çək, ey bəyaz pərdə!
Kimim var, nəyim var axı bu yerdə?!
Ovutmur qəlbimi söz də, şeir də,
Ölmürəm, yaşayıb edirəm günah...
Soyuq pəncərədə barmaq izləri:
«Məni yu», «Məni sil», «Məni təmizlə!»
Efirlər xəbərdar edir bizləri,
Sildikcə silinməz bu natəmizlər,..
Gözəl təsəllilər, pis sürprizlər...
Həyətdə dən gəzən sərçə üşüdü,
Qanad var, bu qışdan uçmağı yoxdur.
Mən də qəribsədim, mən də üşüdüm,
Sən yoxsan, hava da yaman soyuqdur.
Bir az da darıxsaq, qar yağar sabah,
Bir az da... Bir az da çox oldu, Allah!
XOŞUMA GƏLƏN QIZ
Bir xoşuma gəldin, bir də yuxuma,
Xoşuma gəlməyin mənə bəs idi.
Bu çətin vaxtımda yuxuma gəlmək
Nəyin marağıydı, nə həvəs idi?
Həyatda çox olur xoşa gələnlər,
Yuxuya gələnlər təsadüf olur.
Ömrünə səbəbsiz, boşa gələnlər
Alın yazısına müəllif olur.
Gəlir, elə gəlir yuxun ayaqda,
Yerində donursan, yuxulayırsan.
Yuxutək görünən hər ayrılıqda
Sanki yatağından yıxılır insan...
Sonra yuxuların gözə görünmür,
Sonra yuxuların gözündən qaçır.
Sonra ağrıların təzə görünmür,
Özün yumrulanıb özündən qaçır.
Qaçırsan, başını alıb qaçırsan,
Hər yerdə, hər yanda qaçaqaç düşür.
Özündən qaçaraq başqalaşırsan,
Amma qismətinə yenə köç düşür.
Yenə gecə düşür, yenə yatırsan,
Xoşuna gələn qız yuxuna gəlir.
Gəlir sətir-sətir şeirləşən qız,
Gəlir, yuxularda yaxına gəlir...