Təhsil Nazirliyindən necə sevincək çıxdığımı, çətin ki, sözlə təsvir eləyim. Gərək orda olub məni görəydiniz. Uçmağa qanadım yox idi, demirəm, sevincimdən uçurdum. Xaricdə təhsil almaq üçün verdiyim ərizənin üstünü nazir şəxsən özü yazmışdı. Norveçə gedirdim. Oslo Universitetində, özü də dövlət hesabına oxuyacaqdım. Qalırdı bircə oxuduğum riyaziyyat fakültəsindən razılıq məktubu almağım. Metronun “Sahil” stansiyasından çıxıb oxuduğum universitetə sarı gedəndə “Cümhuriyyət bağı”nda dekanımız Aydın müəllimlə qarşılaşdım. Aydın müəllim ölkənin tanınmış riyaziyyatçılarından idi, Akademiyanın müxbir üzvü, professor idi. Mən hələ heç nə deməmiş rəngimdən, ruhumdan hiss elədi ki, işim düzəlib. Bilirdi ki, neçə aydı xaricdə təhsil almaq üçün dəridən-qabıqdan çıxıram. Şad xəbəri dekanıma deyib, bildirdim ki, fakültənin razılıq məktubunu bu gün həll eləsəniz, sənədlərimi Norveç Səfirliyinə sabah təqdim edərəm. Aydın müəllim, bəlkə də, məndən çox sevinirdi. Məni təbrik eləyib, əlimi sıxandan sonra dedi ki, Elmlər Akademiyasına iclasa gedirəm, sən get məktubu hazırla, obirilərinə də qol çəkdir, mən də gəlib imzamı çəkim, təcili apar möhürə. Mən dekanıma təşəkkür eləyib, tez-tələsik oxuduğum fakültəyə gəldim. Dekanın katibəsi ilə bir yerdə xüsusi blankda məktubu hazırladıq. Qaldı imzaları çəkdirmək. Məktubun axırında 7 imza yeri var idi. Mən həmin qrafalara kimlərin qol çəkəcəyini soruşanda katibə dedi:
– Birinci yerə mütləq dekan qol çəkməlidir. Qalan qrafalara isə dekanın tədris üzrə müavini, elmi işlər üzrə müavin, fakültə həmkarlar təşkilatının sədri, magistr olduğun kafedranın müdiri, sonra bakalavrda diplom rəhbərin olmuş şəxs, bir də indiki magistr dissertasiyanın rəhbəri qol çəkməlidi.
Katibəyə bir sual da verəsi oldum:
– Yaxşı, birinci yer aydındır, dekan qol çəkməlidir, bəs qalanları? Ardıcıllıq necə olsun?
Dedi ki, qalanlarının fərqi yoxdur, kim neçənci yerə qol çəkir, çəksin. Əsas odur ki, sadaladığım şəxslərin sənəddə imzaları olsun. Mən otaqdan çıxanda katibə möhkəm-möhkəm tapşırdı:
– Blankı korlama ha! Bu cür blanklar nazirlikdən fakültələrə sayla verilir, hər birinində ayrıca nömrəsi var.
Dekanın qəbul otağından əlimdə məktub koridora çıxmağımla magistrant olduğum kafedranın müdiri Əbdüləli müəlimlə üz-üzə gəlməyim bir oldu. Əbdüləli müəllim soruşdu ki, nə məsələdir, dekanın otağında nə gəzirsən? Mən hal-qəzyəni danışdım. Gözünə döndüyüm məktubu əlimdən nətəhər dartdısa, ruhum incimədi. Yenə eyni cəldliklə elə koridordaca, dizinin üstündə dekanın qol çəkəcəyi yerdən sonraya–ikinci qrafaya imzasını çəkib, məktubu özümə qaytardı. Sonra da heçnə demədən, elə bil yanğın söndürməyə gedirmiş kimi koridorun başındakı otağına getdi.
Açığı, mən əvvəlcə dekan müavinlərinə qol çəkdirmək fikrindəydim, Əbdüləli müəllimi hardasa dördüncü, ya da həmkarların sədrindən sonra – beşinci nəzərdə tuturdum. Bir anlığa yaman narahat oldum. Ürəyimə damdı ki, yüz faiz müavinlər mənə irad tutacaq ki, bəs bizim yerimiz dekandan sonradı, nahaq ikinci qrafaya ayrı adama qol çəkdirmisən. Ürəyimi yeyə-yeyə tədris işlərinə baxan Nursultan müəllimin otağına girdim. Nursultan müəllim əvvəl məktuba, sonra da mənə baxıb dedi ki, mən bura qol çəkə bilmərəm. Soruşdum, müəllim, niyə, hansı səbəbə görə? Qayıtdı ki, sən bilmirsən, tədrisə mən baxıram, özün də Avropaya oxumağa gedirsən, ikinci yerə mən qol çəkməliydim. Dedim, müəllim, ora üçün bunun bir əhəmiyyəti yoxdur, birinci qrafada fakültə dekanının qolu olmalıdır, qalanları hara gəldi, çəkə bilər. Nursultan müəllim bu dəfə lap havalandı:
– Sən durub mənə ağıl öyrətmə, əslinə qalsa, birinci yərdə mən çəkməliyəm. Sən təhsil almağa getmirsən, bala? Bu fakültədə təhsilə mən baxıram, dekan inzibati vəzifədir, o nə bilir, tədris nədir?
İstədim bir də üz vuram, gördüm, alınası söbhət deyil. Kor-peşman koridora çıxdım. Öz-özümə dedim ki, bir adamla heç nə olmaz, o birilərinə qol çəkdirim, buna dekan gələndə özü deyər. Hirsimdən koridoru iki dəfə o baş-bu baş gəzəndən sonra tədris üzrə müavinin otağı ilə üzbəüz otağa – elmi işlər üzrə müavinin kabinetinə keçdim. Elmi işlər üzrə müavin bizim rayondan idi, məni həmişə “eloğlu” deyib çağırırdı. Hər dəfə də rayona gedəndə mənə bir yığın şey tapşırırdı. Dörd il buna motal pendiri, nehrə yağı, çəpiş əti, çaşır şorabası, kəkotu, cökə çiçəyi, bal daşımaqdan qollarım yağır olmuşdu. Amma bir dəfə də mənə bir qəpiklik xeyri dəyməmişdi. Eləcə şirin dili var idi. Düzünə qalsa, heç onun köməyinə ehtiyacım da yox idi. Allaha şükür, oxuyub qiymətlərimi alırdım. Bir dəfə anam dedi, bala, bu müəllimə bir belə ki, “veş” daşıyırsan, heç olmasa, sənə bir xeyri dəyir? Dedim ki, yox, ay ana, şirin dilindən başqa bir köməyini görməmişəm. Anam dedi, bala, on da dörd ildi bizi niyə süng eləyirsən, evimizi Alı yurduna döndərmisən. Atam qayıtdı ki, heç nə olmaz, eloğlumuzdur, camaatın içində uşaqla şirin danışırsa, elə bilmə nə dünyanı verir. Nə isə, çox başınızı ağrıtmayım, eloğlumun qapısını döymədən ərklə açdım. Başımı içəri salan kimi yerindən qalxıb, yenə şirin dilini işə saldı ki, ay eloğlu, xoş gəlmisən, beş gəlmisən. Mən lap ürəkləndim, hal-qəz yəni buna da nağıl eləyib, məktubu eloğlumun masasına qoydum. Eloğlum məktuba baxan kimi bir sifət aldı, bir sifət aldı ki, Allah o sifəti düşmənimə də göstərməsin. Başladı mənə əməlli-başlı hücum eləməyə:
– Bu nədir gətirib stolumun üstünə qoyursan? Heç utanırsan, heç xəcalət çəkirsən? Heç ölüb yerə girirsən? Burda ikinci qrafada kimin imzası olmalıdı? Əlbəttə, elmi işlər üzrə müavinin! Hələ düzünə qalsa, birinciyə də mən qol çəkməliyəm. Sən xaricə elm öyrənməyə gedirsən, düzdü? Elmi işlərə baxanın imzası başda olmalıdı. Cəhənnəm, heç olmasa, ikinci yeri mənə saxlayaydın.
Mən istədim, məsələni bir az izah eləyim, eloğlum aman vermə di:
– Sən eloğlu kimi birinci mənim üstümə gəlməliydin. Haram olsun sənə o dağların suyu, çörəyi.
Eloğlumun sözlərindən şoka düşdüm. Özümü nə təhər itirdimsə, onun otağından koridora hansı şəraitdə çıxdığımı indi də təsvir eləyə bilmirəm. İstədim məktubu cırıb atam. “Şeytana lənət!” dedim. Koridorun başında bir-birinin oduna iki siqaret yandırıb çəkəndən sonra bir az özümə gəldim. Fikirləşdim, dekan gələndə, yəqin, bunu da yoluna qoyar, ona qədər gedim o birilərinə qol çəkdirim.
Yaşı səksəni haqlayan Həmkarlar təşkilatı sədrinin qapısını astaca döydüm, sonra yadıma düşdü ki, bunun qulağı eşitmir, qapını açıb içəri keçdim. Zərbalı müəllimin qulağı yaxşı eşitməsə də, yaddaşı yerindəydi. Məni o saat tanıdı. Keçən il riyaziyyat olimpiadasında respublika birinciliyini qazananda mənə Həmkarlar adından diplom da vermişdi.
– Sən o birinci yeri tutan oğlan deyilsən?
– Bəli, Zərbalı müəllim, maşallah, yaxşı yaddaşınız var, – isədim qılığına girəm.
Soruşdu ki, nə yaxşı məni yad eləmisən? Məsələni danışdım. Gördüm yaxşı eşitmir, ağzımı lap qulağının dibinə dirəyib, xahiş elədim ki, müəllim, imkan varsa, siz beşinci yerə imza çəkin, üçüncü, dördüncü yerlərə müavinlər qol çəkəcək. Dedi, deyəsən, sənin başına hava gəlib, nə üçüncü yer, nə beşinci yer, nə müavin, onların ikisi də mənim tələbəm olub, indi deyirsən, məndən qabağa qol çəksinlər. Əslinə qalsa, mən lap birinciyə qol çəkməliyəm. Avropaya getmirsən, bala? Avropada həmkarların səlahiyyəti hamıdan böyükdür. Orda dekan-zad söhbəti yoxdur, əsas həmkarlardır. Sən bilirsən ki, elə ilk Həmkarlar təşkilatı on səkkizinci əsrdə sənin getdiyin o Avropada – Böyük Britaniyada yaranıb?! Dünyadan xəbərin var, bala? Sonra da başladı həmkarların yaranma tarixi, dünyada, keçmiş SSRİ-də həmkar hərəkatının formalaşması barədə mühazirə oxumağa. Əvvəlcə dedi ki, hazırda ölkəmizdə həmkarlar təşkilatlarının fəaliyyəti “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan digər qanun vericilik aktları ilə tənzimlənir. Sonra dedi ki, bundan əlavə, bu sahədə qəbul edilmiş beynəlxalq hüquq normalarına və konvensiyalara da əməl etmək lazımdır. Nə bilim, həmkarların sədri neçə ildən bir seçilməlidir, sədr iclasda iştirak edənlərin heç olmasa üçdə ikisinin səsini almalıdır və sairə və ilaxır. Gördüm ki, burda dayansam, kişi səhərə kimi mühazirə oxuyacaq, məktubu stolun üstündən ehmalca götürüb aradan çıxdım. İstədim gedim koridorun küncündə bir siqaret də yandırım, Zərbalı müəllim dalımca koridora çıxdı. Dedi, qayıt içəri, vacib sözüm var. Fikirləşdim, yəqin, insafa gəlib, qol çəkmək istəyir. Mən qayıdıb Zərbalı müəllimin otağına təkrar girənə kimi o artıq kreslosunda oturmuşdu. İçəri keçib dedim:
– Eşidirəm, Zərbalı müəllim.
Zərbalı müəllim gur saçlarını əli ilə arxaya darayıb, dahiyanə bir görkəm alaraq dedi:
– Sən bilirdin ki, Bakıda ilk həmkarlar təşkilatını konka sürənlər yaradıb?
Mən arxama baxmadan Zərbalı müəllimin kabinetindən çıxaraq, konka icad eləyənin də, konka sürənin də ölüsünü-dirisini fakültəmizin koridoruna düzüb bir siqaret yandırdım. Siqaretin kötüyünü pəncərədən çölə tullayıb öz-özümə dedim: – Eybi yox, bunu da Aydın müəllim yoluna qoyar. Tərpəndim bakalavrda diplom rəhbərim olmuş Mirzağa müəllimin oturduğu otağa. Mirzağa müəllimi məsələdən agah eləyəndə diplom rəhbərim dedi ki, əsas bakalavrda yazdığın diplom işidi, qalan şeylər hamısı boş şeydi. Səni gələcəkdə buna görə tanıyacaqlar. Ona görə də ikinci yerə mən qol çəkməliydim, nahaq belə eləmisən:
– Əslinə qalsa, birinciyə də mən qol çəkməliyəm, dekan icraçıdı. Avropada əsas diplom rəhbəridi, özü də bakalavr diplomu ha, magistr yox!
Mən burdan da kor-peşman çıxıb, sonuncu adamın – hal-hazırda magistr dissertasiyamın rəhbəri olan Məleykə xanımın yanına getmək fikrindən daşındım. Fikirləşdim ki, bir imza ilə mənim yaram sağalası deyil. Sonra fikrimi dəyişdim, öz-özümə dedim, babamın sözü olmasın – qırılan qoşundan gedir – heç olmasa gedim, buna qol çəkdirim, qalanlarını dekanım həll eləyər. Məleykə xanımın qapısını ürəklə döydüm. Fikirləşdim, səhərdən bəri üz tutduqlarımın hamısı kişilərdir, bu, qadındır, zərif məxluqdur, yəqin, sözümü yerə salmaz. Hal-əhval tutub, dərdimi təzə izhar eləyirdim ki, Məleykə xanım daş atıb başını tutdu. Dedi, ikinci yerə mən qol çəkməliydim, Əbdüləlinin burda nə işi var? Sonra da başladı mənə ağıl öyrətməyə:
– Sən bilmirsən ki, Avropada əsas magistratura təhsilidir, bakalavr orda boş şeydi! Həmdə ki mən qadınam, əslinə qalsa, birinci yerə mən imza çəkməliyəm, onlar mənə jest eləməli idilər, centlmenlik göstərməliydilər. Balamsan, incimə, mən özümə hörmət eləyən adamam, bura qol çəksəm, özüm öz gözümdən düşəcəyəm.
Məleykə xanımın otağından da suyu süzülə-süzülə çıxdım koridora. Başladım ürəyimdə məktubda ikinci yerə qol çəkib sənədi korlayan kafedra müdirim Əbdüləli müəllimi asıb-kəsməyə. Bəlkə də, o, ikinci yeri zay eləməsəydi, o birilərini xahiş-minnətlə yola gətirərdim. Sonra da öz-özümə dedim: “Bu mənəm-mənəmlik ki bunlar da var, çətin yola gətirə biləydim”. Koridorda var-gəl eləyə-eləyə fikirləşirdim: “Niyə axı insanlar bu qədər cılız işlərə qol qoyurlar. Niyə axı bunların hamısının düşüncə tərzi eynidir? Bunların içərisində bir qeyri-standart düşüncəsi olan yoxdurmu, görəsən? Son vaxtlar fəlsəfəyə dair çoxlu kitablar oxumuşdum və onların əksəriyyətin də belə bir qənaət var idi ki, dünyanı nə gözəllik, nə də mədəniyyət xilas edə bilər. Bir-birini təkrar edən, şablon düşüncəli insanlar və onların verdikləri standart qərarlar bəşəriyyəti xilas edə bilməz. Dünyanı yalnız qeyri-standart düşüncə xilas edə bilər, bəşəriyyətin üzərinə çökən bu qaranlığı yalnız qeyri-standart qərarlar işıqlandıra bilər.
Lap elə ürcah olduğumuz Qarabağ düyününün də açarı hansısa qeyri-standart, gözlənilməz qərarda gizlənib. Necə ki, eyni körpənin anası olduğunu iddia edən iki qadının arasından əsl ananı Süleyman peyğəmbər qeyri-standart qərarla seçdi! Necə ki, bir ingilis məsəlin də iki dənə qara rəngdə daş atılmış torbadan tacir qızı qeyri-standart düşünərək ağ rəngdə daş “çıxartmağı” bacardı! Necə ki, İsgəndər “Qordi düyünü”nü fərqli düşüncə ilə çözdü! Necə ki... Necə ki.. .”
Mən fəlsəfə burulğanında qərq olub, dekanlığın qabağında Aydın müəllimin Akademiyadan qayıtmağını gözləyirdim. Dərdimə çarə eləsə, o eləyəcək di. Qapının ağzında boynumu büküb durmuşdum. Bu dəm üzbəüz otaqlardan dekan müavinləri, başdakı otaqdan həmkarların sədri koridora çıxdılar. Sonra Əbdüləli müəllim də otağından çıxıb onlara yanaşdı. Bilirdim ki, hər gün nahara bir yerdə gedirlər. Baxmayaraq ki, bütün günü bir-birinin arxasınca danışırdılar. Dekanın otağının qarşısından keçəndə eloğlum üzünü mənə tutub soruşdu:
– Eloğlu, məsələnin axırı noldu, bir tərəfə çıxartdınmı?
Dedim, heç nə, nə olasıdı, heç kim sənədimə qol çəkmir, burda durub dekanı gözləyirəm. Eloğlum əlini Əbdüləli müəllimə uzadıb dedi:
– Bütün günahlar bundadır, o, ikinci yerə qol çəkib, mənim yerimi “zanit” eləməsəydi, sənin işin çoxdan düzəlmişdi.
Bu dəm tədris üzrə müavin acıqlı-acıqlı qayıtdı ki, mən başa düşmədim, ikinci yer hardan sənin oldu, ora tədrisə baxanın yeridir. Həmkarların sədri dedi ki, siz dünənki uşaqsınız, ora mənim yerimdir, Əbdüləli müəllim də dedi, danışığınıza fikir verin, mən öz halal-hümbət yerimə qol çəkmişəm, mənim bineyi-qədimdən heç kəsin yerində gözüm olmayıb. Nə isə, ara qarışdı, məzhəb itdi, səsə bakalavr da diplom rəhbərim olmuş Mirzağa müəllim gəldi, onun dalınca magistr rəhbərim Məleykə xanım otağından başı alovlu çıxdı. Əlqərəz, iki dəqiqə çəkməmiş koridor doldu adamla. O deyirdi, mən böyük adamam, bu deyirdi, mən səndən də böyük adamam, biri deyirdi, ikinci yerə dədəm də gəlsə, qoymaram qol çəksin. Bir sözlə, burda bir teatr quruldu ki, gəl görəsən. Qırğının şirin yerində dekan Aydın müəllim liftdən düşüb bizə sarı gəldi. Gördüyü mənzərədən heç nə başa düşməyən Aydın müəllim soruşdu ki, bu nə səs-küydü, niyə bir-birinizi qırırsınız, nəyi bölə bilmirsiniz? Səs-küy bir az da qızışdı, mən birtəhər fürsət tapıb məsələnin məğzini dekana dedim. Dekan tövrünü pozmadan, amma uca səslə – elə buna görə bir-birinizi qırırsınız – deyib, məktubu əlimdən aldı və hər kəsin görəcəyi şəkildə sonuncu – yeddinci yerə öz imzasını çəkib dedi:
– Bir-birinizi qırmayın, indi kim hardan istəyir, qol çəksin!
Pat vəziyyətinə düşən özünə vurğunlar dəstəsi məktubu bir-birinin əlindən darta-darta kim hara gəldi, qol çəkib bir yerdə nahara getdi.
Onlar gedəndən sonra mən əzilib haldan düşmüş məktuba baxdım ki, ikinci yer uğrunda ən amansız mübarizə aparan eloğlum düz altıncı yerə qol çəkib. Həmin məşum gündən bəri ha fikirləşirəm, amma hələ də ayırd eləyə bilməmişəm ki, eloğlum altıncı yerə basabasda təsadüfən qol çəkmişdi, yoxsa yeddinci yerə imza atan dekanın imzasına yaxın olmaq üçün?
Mən minnətdarlıq üçün dekanın otağına daxil olub dedim:
– Aydın müəllim, bağışlayın, sizi, deyəsən, pis vəziyyətdə qoydum, öz yerinizə imza ata bilmədiniz, həm də lap axıra qol çəkdiniz.
Dekanımın ömür boyu yadımdan çıxmayan cavabı qeyri-standart idi, elə bayaq kı qeyri standart qərarı kimi:
– Oğlum, adamın böyüklüyü hansısa kağız parçasında neçənci yerə imza atması ilə deyil, həyatda böyük və nəcib işlərə imza atması ilə ölçülür!
Aydın müəllim bu sözləri deyəndən sonra yanıma gəlib, cibimə bükülmüş bir kağız qoydu və məni nəsə soruşmağa macal tapmamış, qapıdan çıxarıb dedi:
– Sənə yaxşı yol, get, məni də çox məşğul eləmə, vacib işlərim var.
Mən liftə minən kimi dərhal kağızı açıb baxdım, dekanımın kağızın arasına qoyduğu pul Norveçə təyyarə bileti almağım və orada ən azı iki ay yaşamağım üçün bəs idi.