İÇİMDƏ BİR UŞAQ YAŞAYIR MƏNİM...
Kədər taleyimdi, qəm surətimdi,
Kefi kök, damağı çağ qalan odu.
Hər gün yan-yörəmdə ölüm-itimdi,
Hələ də salamat, sağ qalan odu –
İçimdə bir uşaq yaşayır mənim...
Görmürəm yaxını, uzağı belə,
Gözümdən düşməyən gözlüyüm ondan.
Belə saxlayıram uşağı, belə,
Bu boyda saflığım, düzlüyüm ondan –
İçimdə bir uşaq yaşayır mənim...
Yanaram, tüstüm də çıxar başımdan,
Dinərəm, görərsiz dilim bal dadar.
Bir gün əskik olmaz sığal başımdan,
Yetən yalan deyər, yetən aldadar –
İçimdə bir uşaq yaşayır mənim...
Tapdığım, bulduğum ləzzətim, dadım,
Aldığım nəfəsi sərvət, var bilin.
Nədən birinizə ağız açmadım,
Umduğum, küsdüyüm adamlar, bilin –
İçimdə bir uşaq yaşayır mənim...
Canında canımın şəhdi, şirəsi,
Yaxşı nəyim varsa, içinə çəkir.
Çiynimdə bir yığın yükü, şələsi,
Çölümdə bir qoca köçünü çəkir –
İçimdə bir uşaq yaşayır mənim...
Cikinə – bikinə yaxşı bələdəm,
Hər tini, hər küncü, köşəsi nağıl.
Göylərdən «üç alma»gözlər hələ də,
Laçını nağıldı, Şuşası nağıl –
Içimdə bir uşaq yaşayır mənim...
Kədər taleyimdi, qəm surətimdi,
Kefi kök, damağı çağ qalan odu.
Hər gün yan-yörəmdə ölüm-itimdi,
Hələ də salamat, sağ qalan odu –
İçimdə bir uşaq yaşayır mənim...
BÜRÜN MƏNƏ
Çatmasa da səsin-ünün,
Çatır dərdin-sərin mənə.
Xoş keçmir, deyəsən, günün,
Soyuq gəlir yerin mənə.
Nə oracıq, nə buracıq,
Görünmən zor açıq-açıq.
Gün kimi doğ, ay kimi çıx,
Ulduz olub görün mənə.
Hələ ömrə-günə tənsən,
İçdə qubar, saçda dənsən.
Bilirəm, çox üşüdənsən,
Durum, gəlim, bürün mənə...
ŞANSINI BİR DƏ SINA
Bir gün aşiq olasan
Nur üzlü bir qadına.
Üç-beş aya bir kitab
Bağlayasan adına.
Necə gözəl sevirsən,
Sevilirsən, sanalar.
Ona hər gün yazdığın
Şeiri qısqanalar.
Asılasan özündən,
Özünə dar olasan.
Dilə-dişə düşəsən,
Aləmə car olasan.
Yaşına irad tuta,
Saçda dəni sevməyə.
Üzünə xoş baxmaya,
Bir gün səni sevməyə.
Nə vaxt dinsən, hədd qoya,
Araya sərhəd çəkə.
Sənə çəkdirsə, nə var,
Özü də həsrət çəkə.
Ölümünə gün qala,
El gəlməmiş yasına
Ondan bir mesaj gələ:
«Şansını bir də sına...»
TAPMASIN
Qaç, qaçdıqca, əzizim,
Əlim səni tapmasın.
Səsim, ünüm yetməsin,
Dilim səni tapmasın.
Yapmışam qala səni,
Şipşirin bala səni.
Tapmasın bəla səni,
Zülüm səni tapmasın.
Yalanmış hər şey, yalan,
Mən sərgərdan, mən talan.
Yandır, yerimdə qalan
Külüm səni tapmasın.
Göz yaşımda təmizlən,
Ərköyünlən, əzizlən.
Gəl ürəyimdə gizlən,
Ölüm səni tapmasın...
NƏ YAXŞI...
Dedim, bəlkə, heç yazmağın yeri yox,
Aradabir yeri qalır, nə yaxşı...
Elə yenə biri varsa, biri yox,
Biri gedir, biri qalır, nə yaxşı...
Öz evini qızdırmır öz sobası,
Öz başında çatlayır öz davası.
Dörd yanını sel aparır, su basır,
Bir tərəfi quru qalır, nə yaxşı...
Bilinmir kim yadı, kimdi doğması,
Kimə haram, kimə halal loxması.
Baş soxmağa bir qaranlıq daxması,
Bir qaranlıq goru qalır, nə yaxşı...
Ətrafında nə matahlar dolanır,
Tamahları, nəfsləri sulanır.
Çeşmələri, bulaqları bulanır,
Göz yaşları duru qalır, nə yaxşı...
Elnən gələn toyu, yası bitibdi,
Nə barışı, nə savaşı bitibdi.
Oynanılıb çox havası, bitibdi,
Çalınmamış suru qalır, nə yaxşı...
Bu dünyanın əşrəfi sən, yeri di,
Mələk səndən, huri səndən geridi.
AÇ QAPINI, ÖRT QAPINI...
«Akif Səmədə məktublar» silsiləsindən
Dürdanən, dürrün görünür,
Gizlinin, sirrin görünür.
Ay Akif, yerin görünür,
Aç qapını, ört qapını...
Əyməkdədi qəddi gələn,
Yamanca namərddi gələn.
Dərddi, həmin dərddi gələn,
Aç qapını, ört qapını...
Yox Şuşadan xəbər, qardaş,
Dözürük birtəhər, qardaş.
Həmindi bu şəhər, qardaş;
Aç qapını, ört qapını...
Həyat belə, ömür belə,
Çıxmayır səs-səmir belə.
Tanrı verən əmr belə:
Aç qapını, ört qapını...
Könlümüzə yatmır evin,
Yatırdır, oyatmır evin.
Havası da çatmır evin,
Aç qapını, ört qapını...
Fələk, ölüm nəmənədi,
Gələk-ölüm nəmənədi?
Görək ölüm nəmənədi,
Aç qapını, ört qapını...
KƏTİLİN DANIŞIR, DARIN DANIŞIR...
Həzin yağışının həzin dili var,
Narın qarın elə narın danışır.
Nəfəsin dili var, səsin dili var,
Danışır, İlahi, lalın danışır.
Yaxşılı-yamanlı ömür-gün busa,
Bu qədər fanisə, bu qədər qısa...
Təntiyir yerisə, darıxır dursa,
Qocan gileylənir, qarın danışır...
Bax da nə gündədi, nə gündə, şirə,
Qənimdi çaqqalın, tülkün də şirə.
Nə dəndə dənlik var, nə güldə şirə,
Qarışqan dil açır, arın danışır...
Kim tacın bəzəyi, ya da tac kimin,
Kimi hara çəkir ehtiyac, kimi?..
Çıxarmır səsini acın ac kimi,
Harının hələ də harın danışır...
Var nəyin istəsən yolu hardasa,
Dil tapsan, danışar külü hardasa.
Susursa ürəyin dili hardasa,
Orda boğaz dinir, qarın danışır...
..Mən də ki birtəhər baş saxlayıram,
Könlümü bir azca xoş saxlayıram.
Aylardı, illərdi boş saxlayıram,
Kətilin danışır, darın danışır...
BAŞIMDA
Qalmasa da o dağların havası,
Qalır ancaq qarı mənim başımda.
Gözlərində ağ çiçəkmi saçlarım,
Nə fırlanır arı mənim başımda?..
Ömür deyil, bu elə bir səfər ki,
Səfər boyu bitməyəcək bu şərqi.
Varı kimin, pulu kimin, nə fərqi,
İpi mənim, darı mənim başımda.
Darıxmışam nə zaman ki kəm olub,
Məni elə mən eləyən qəm olub.
Kimlər kimin ətrafında cəm olub,
Lalı mənim, karı mənim başımda...
ölümü var, qeybi yox,
Bundan belə yaşamağın keyfi yox.
Oyunun var, oyna, qardaş, eybi yox,
Yarıyırsan, yarı mənim başımda...
Bürküsündə sıxıla kim, sıxa kim,
Sazağında yelçəkən kim, yuxa kim...
Kim qaldı ki, yenə qalxa, çıxa, kim,
Yermi qoydu Tanrı mənim başımda?..
GƏLƏCƏK
Daha gözünü çək göydən,
Gəlsə duman, çən gələcək.
Nə ruzi düşəcək göydən,
Nə zəfər göydən gələcək.
Baxma dərdi, qəmi asan,
Yol azıb, gecikib haçan?
Sevinc gəlib çıxanacan
Düşəcək heydən, gələcək.
Heç olmayıb belə köçən,
Süpürgədən kibritəcən.
Ha gözlə bu «sülh» bitəcək,
Savaşa meydan gələcək.
Hər gələn sıxıb gedəcək,
Dağıdıb, yıxıb gedəcək.
Bir hoydan çıxıb gedəcək,
Başqa bir hoydan gələcək.
Bax beləcə vaxt keçəcək,
Keçəcək, vallah, keçəcək.
Qəlbindən Allah keçəcək,
Önünə şeytan gələcək...
ADAM Kİ VAR...
Əvvəl haqmış, sonra haqmış, son haqmış,
Yalan dedik, kələk dedik adına.
Günü, ayı imtahanmış, sınaqmış,
Xəlbir dedik, ələk dedik adına...
Seçən kimmiş, canım, kimmiş seçilən,
Topuqlara dəyən daşmış keçilən.
Doğulandan əynimizə biçilən
Kəfən imiş, bələk dedik adına...
Sevgisi də elə bir cür həvəsdi,
Bilinmədi nə mövsümü, nə fəsli.
Sevdiyimiz ya Leyliydi, ya Əsli,
Huri dedik, Mələk dedik adına...
Adam ki var, bir quruca bədənmiş,
Torpaq belə göyərtmədi, nə dənmiş...
Güldürəndə Tanrı dedik, nədənmiş
Öldürəndə fələk dedik adına?