QURBANIN OLUM
Kimdi görən bu dünyanın
Sonunu, qurbanın olum.
Tanrı qisməttək geydirər
Donunu, qurbanın olum.
Yağışı yerdən doymadı,
Səhrası damla ummadı.
O kimdi, vurdu, tutmadı
Qulunu, qurbanın olum.
Xeyirnən şər qoşa gələr,
Dilək varsa, başa gələr.
Qırma, gələn haşa gələr,
Könlünü, qurbanın olum.
Müxənnətnən ocaq çatma,
Beinsafa əl uzatma.
Aparar mənzilə, atma
Yolunu, qurbanın olum.
Mahirənin tək pənahı,
Səni sevməkdir günahı.
Çəkmə, bülənd olar ahı,
Qolunu, qurbanın olum.
UFACIQ-UFACIQ
Xəyalımla ömrü verdim
Yelə, ufacıq-ufacıq.
Sinəm torpaq, qəlbim kərdim,
Ələ ufacıq-ufacıq.
Güman yüzdü, yol birdimi,
Umud gedəsi yerdimi?
Balan kimi al dərdimi,
Bələ ufacıq-ufacıq.
Atımdan endirdin məni,
Nə dinib-dindirdin məni.
Od olub döndərdin məni
Külə ufacıq-ufacıq.
Adına saldım mehrimi,
Həsrətin yardı zəhrimi.
Bir deyirdim, yar qəhrimi
Bölə ufacıq-ufacıq.
Vüsal gülün bitirmədin,
Dərib mənə gətirmədin.
Yandım, adım gətirmədin
Dilə ufacıq-ufacıq.
Daha dönmə beşə yerə,
Nə səpəsən, nə göyərə...
Qəsdin budurmu, Mahirə
Ölə ufacıq-ufacıq?..
BİRDİ
O da dağ, bu da dağ, ayrı-ayrıdı,
Çayını aparan dərəsi birdi.
Yalında gözləyə, yan-yörəsində
Yüz ovçu dayana, bərəsi birdi.
Kimdi ox olanı, kimdi yay çəkir,
Kimdi qazan asan, kimdi pay çəkir?
Neçə min ildir ki, ərlər hay çəkir,
Dərdləri cürbəcür, nərəsi birdi.
Nədi istədiyin, gəzdiyin nədi,
Əlin uzatdığın, üzdüyün nədi?
Dərman axtarmaqdan bezdiyin nədi,
Yüz dərdin dərmanı, çarəsi birdi.
Müxənnət olanın bəhanəsi çox,
Mərdin haqdan savay istədiyi yox.
Hal əhli olanın gözü-könlü tox,
Yolunun hər yanı, yörəsi birdi.
Kimdi baş açanı qoca dünyanın,
Sirri özündən də uca dünyanın.
Mahirə, bu fani, becə dünyanın
O üzü, bu üzü – hərəsi birdi
DAĞLARIN
Duman, oralara apar,
Qardı çarası dağların.
Bir qar dənəsində tapar
Məlhəm, yarası dağların.
Məntək qüssədən əzilib,
Yaşı gözündən süzülüb,
Qar xiffətindən üzülüb,
Qalıb harası dağların...
Duman örpəyin açmadı,
Yar deyib üstə qaçmadı.
Möhnətdən, dərddən uçmadı,
Çıxdı qorası dağların.
Dərd qarsıdıb, rəngi solub,
Himə bənddi, gözü dolub.
Hamımıza umud olub
Səfi, sırası dağların.
Yaz gələr, yenə dillənər,
Coşar, fərəhnən sellənər
Binələriynən şenlənər
Yanı-yörəsi dağların.
Xəbəri yox, könül verdim,
Ayağına xalı sərdim,
Mahirə, kim çəkər dərdin
Səndən sorası dağların?
QAYADA BİTƏN ÇİÇƏK...
Qayada bitən çiçək,
Qədrini kim biləcək?
Yüz baxanın olacaq,
Bəs səni kim dərəcək?..
Qayada bitən çiçək,
Kaş ki, qaya döşündə
Görməyəydim səni mən.
Yerin deyilmi çəmən?
Qayada bitən çiçək,
Sən mələksən, ya çiçək?
Şehin gözün yaşımı,
Axıb nə bitirəcək?..
Qayada bitən çiçək...
Bəs səni kim dərəcək?