TORPAQLARIN VƏTƏN OLAN TƏRƏFİ
Torpaqların vətən olan tərəfi
qan azlığından əziyyət çəkir həmişə.
Qanını torpağa verir övladlar
son cümləsinəcən...
Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür.
Taqətsiz vətənin üstünü örtməksə
buluda düşür, ağaca düşür, yarpağa düşür...
YOXLUĞUNUN KABUSU
Sənsiz nə uzaqlar çəkilər,
Nə uzun gecələr.
Yoxluğunun kabusudur
Bütün səssiz küçələr.
Gözlərim uzaqlarda yorğun düşər,
Nəfəsim sinəmdə ağırlaşar.
Səni hansı səslə unudum?
Səni hansı sükutla xatırlayım?
Bir gün günəşi birgə salamlasaq,
Əllərini səmadan çəkmə.
Əllərim əllərini göydə tapmasa, intihar edər
İNDİ, KİM BİLİR, HARDASAN?!
İndi, kim bilir, hardasan?!
Kim bilir, könlündən hansı rəsmim asılmış?!
Düşünə bilirsənmi hansı buludun altında necə
darıxdığımı?
Gözlərimdən gözlərinə uzanan yoldayam,
Uzaq şəhərlərin darıxmağı ağır olurmuş,
Həm bir az acı, həm bir az şirin.
Bu gecə əllərinlə yuxuda həmsöhbət idim.
Gözlərini soruşdum,
“Gördük” dedilər,
Uzaqlara dikilmişdi səssizcə...
ÖZ YALANLARIM
Mən öz yalanlarımla inandırdım özümü,
Mən öz yalanlarımla baş-başayam hər gecə.
Mənə yağış pay verər, mənə külək bağışlar,
Mənə bu cür doğmadı bu şəhərdə hər küçə.
İllərin ağrısı var hər çiynimdə yük kimi,
Məni taqətdən salan səbəblərin sayı yox!
Mən bu ömrü büsbütün itirmişəm, nə yazıq,
Nə bu bir gün, nə beş gün, bunun ili, ayı yox.
Nə günahkar tapıram, nə günah var ortada.
Gözlərimdə görünür hər ağrının əl izi.
Yenə yetişdi axşam, yenə gəlir ağrılar.
Yenə ayaq səsləri silkələyir dəhlizi.
Yaralarım qan verir hər günəş qürubunda,
Mən ürək adamıydım, ürəyimi qırdılar.
Məni qınamaq üçün sən də tələs, yubanma,
Təkcə deyəcəyim bu: yordular, dost, yordular...
GETMEKDEN HEÇ DANI$MA
Yuxulu gözlərində gizlənər arzularım,
Yuxulu gözlərində ürək boyda həqiqət.
Mənim umub-küsdüyüm o gözlərdə, İlahi,
Nə qədər hıçqırtı var, nə qədər də sükunət.
Üsyan havasındadır hər səhər-axşam başım,
Göy üzünə ümidlər çilənməkdə qan kimi.
Səni yer kimi sevdim, səni göy kimi sevdim,
Bacarmadım sevməyi adi bir insan kimi.
Bu sevginin yükünü çiyinlərin daşımaz,
Bilirəm, çox ağırdı əzilərsən, sınarsan.
Amandı, mənim kimi ürəyə bel bağlama,
Bir gün öz odun düşər, öz odunda yanarsan.
Göz yaşların ağıdır, gözlərimi sil daha.
Səndə günah nə gəzir, suçlamağa qıymaram.
Yanımda qalmağınla sağalarmı yaramız?
Getməkdən heç danışma, getməyə də qoymaram...
* * *
Mən çıxıb getməyə bir küçə tapsam,
Mən çıxıb getməyə bir kimsəsizlik,
Mən çıxıb getməyə bir ada tapsam,
Bir boş ada!
Nə ağacı olsun, nə daşı olsun!
Mən çıxıb getməyə bircə yol tapsam,
Mən çıxıb getməyə bir azca da güc.
Mən çıxıb getməyə ən uzaqları!
Kimsənin olmayan uzaqlar!
Nə bir iz buraxım, nə geri baxım.
Mən çıxıb getməyə qərarlı olsam,
Mən çıxıb getməyə yır-yığış etsəm,
Mən çıxıb getməyə həyətə çıxsam,..
Əllərim qoynumda qəfil titrəsə!
Hər şeyi o köhnə evdə unutsam!
Hər şeyə yenidən başlamaq olar!
* * *
“Gözlərin ayağının altını seçmir” deyənlərə
anlada bilmədim,
Anlada bilmədim ayaqlarıma dolaşan kabusa
baxa bilmədiyimi.
Hər yerdə qınandım,
Hər yerdə özgə oldum.
Ürəyimin ən yüksək yerlərindəki buzlar da əridi
ürəyimə od düşəndə.
Bütün dayanacaqlarda ağrılar qalaqlanmış.
Bütün avtobuslardakı sərnişinlərin
bir gözü arxada,
Övladını yetimlər evində qoyub gedən
atalar kimi.
Hamı yalan danışır.
Hamı tezliklə dönəcəm, deyir...
Amma bütün biletlər birtərəflidir...
* * *
Ürəyimdən çıxarılan qanlı ox bərabəri doğmasan,
Ovcumla qanlı həqiqətə pərdəyəm, rahat ol.
Baxışlarımın ayaq səsindən diksinməsin
getdiyin yollar,
Gözlərim susmağı da öyrənib “A” hərfini
öyrənərkən.
Məndən sənə ziyan gəlməz bütün arzu
şəkillərində.
Məndən sənə ziyan gəlməz, məni də özümdən qoru.
* * *
Mən gülə bilmirəm, bilmirəm
Buludları qərarsız səmanın altında.
Bəli, mən bir az da bədbin adamam.
Amma, amma adam kimi adamam.
Günah məndə deyil.
Misalçün, dünən sevgilimin şəklinə baxırdım,
içim sızladı.
Sevgilimi görmədim.
Küçənin tinində süpürgəçi qadın gördüm.
Söykəndiyi süpürgədən kiçik.
Dünyada söykənəcəyi tək süpürgə.
* * *
Saçlarına söykənib səni sevmək olar ölüncə,
Toxunma o saçlara, toxunma ölüm gəlincə.
Mən həyata gələn adamların ən sonuncu
dərd çəkəni,
Dərdi dəbdən salanıyam,
sevən də çoxdu, sevməyən də məni.
İndi uzaqlar ən yaxın mənzildi unudulmağa,
İndi yaxınlar ən qorxulu uzaqlıqdı mənimçün.
Qınama, çox şey oldu.
Qınama, heç nə olmadı.
* * *
Bütün təsəllilər ən pis söyüş kimi səsləndikdə,
Anlayırsan ki, nəfəsin divarı əridə bilməz.
Əllərin uzaqbaşı səfeh yumruğu olar...
Gözlərin yumulub-açıldıqca qatı duman bürüyər
bütün uzaqları.
Ağ kağızlar yazılar, bükülər, yazılar, bükülər;
Sətir-sətir için əriyib gedər.
Əriyər, tökülər.
Ürəyin sol tərəfini bəyənməz..
Hədər... hədər... hədər...