Hüseynalı kişi üzünü Yevlağın Kövər kəndinin məktəbində yerləşdirilən camaata tutub dedi:
– Ayrı şey bilmirəm, o itlərin ahı bizi qoymayacaq yaşayaq, – qəlyanından bir qullab da alıb sözünə davam elədi. – İçimizdə bircə sən savab yeyəsi oldun, – üzünü Əmirulla kişiyə tutdu, – bircə sən iti açıq qoydun. Sənin itin gedib çöldə-bayırda yeməyə bir şey tapacaq. İndi bizim itlər ya acından ölüb, ya da erməni hamısını güllələyib. Bizim məhlədə səndən başqa bir nəfər də iti bağdan açma dı.
Yuxarı məhlədən Həsən kişi ağır-ağır diləndi:
– Elə bizim məhlədə də heç kim itini açmadı.
– Vallah, nə bilək, dedik, sabaha-birigünə qayıdırıq, – Orta məhlədən Nuru oğlu Səməd hay verdi.
– Əşşi, qoyun dərdimizi çəkək, it açıq qaldı, it bağlı qaldı, ağzınıza nə gəldi, danışırsınız, – Aşağı məhlədən Musa kişi acıqla yumruğunu stola çırpdı.
***
Atam kürən atımızı, bəlkə, məndən də çox istəyirdi. Əlini tərtəmiz yuyub salavat çəkməmiş, bir dəfə də Kürənin yüyənindən tutmazdı. Amma mənə zığlı əlləri ilə elə şapalaq çəkirdi, əlinin palçığı iki gün boynumun dalından getmirdi. Bizdən çox istədiyi atını qulun vaxtından rənginə görə Kürən çağırırdı atam. Kürən də atamın əlindən qardaş kimi tuturdu. Elə atam da qardaş kimi baxırdı Kürənə. Kefinin duru vaxtında görürdün zümzümə eləyir:
Yay olanda dağa yollat,
Yaz olanda ifçin nallat.
Qış olanda məxmər çullat –
At igidin qardaşıdı...
– Örüşlərinə qədər ələk-vələk elədim, Kürəni tapa bilmədim, – gecə saat birə on beş dəqiqə işləyəndə atam başı alovlu həyətimizə girib, üzünü həyəcandan ayaq üstə canı çıxmış anama tutub dedi.
– A kişi, səhərdən qırılıb-batırıq, özün sağ-salamat gəlib çıxdın, min şükür, Kürən...
Anam istədi desin ki, Kürən cəhənnəm olsun – atamın Kürənə olan sevgisi qəfildən yadına düşdü – bildi ki, o cür desə, kişi anamı özü demiş, “dədəsinin xarabasına kimi” qovalayacaq, o saat sözünü dəyişdi:
– Kürəndə ki, Allahın köməkliyi ilə sağ-salamat tapılar. Bax, seyidin ocağına nəzir də deyirəm – tələm-tələsik sağ corabının boğazından çıxartdığı bir dəstə puldan beş manat ayırıb sol corabının içinə qoydu – səhərdən qapının ağzında külfətdikcə əlimiz göydə səni gözələyirik.
Bircə yaşı səksəni adlamış Əmirulla babam yanımızda deyildi. Axşamdan yıxılıb yatan babamın dünyadan xəbəri yox idi.
Anam hələ çıxışını qurtarmamışdı:
– Vallah, ağlıma yüz fikir gəldi. Dedim, bəlkə, azıb keçmisən erməni tərəfə, bəlkə, erməni keçib biz tərəfə – iraq olsun, səni əsir aparıb. Özüm qonum-qonşuya hay salmadım, dedim, gələndə məni öldürəcəksən. Amma yarım saat da gec gəlsəydin, hay salacaqdım. A Gülü, – üzünü balaca bacıma tutdu, – sən atanın çörəyini ver, mən gedim Molla Kərimə qurd ağzı bağlatdırım.
Gülü bacım günortadan kəsdiyimiz beçənin çığırtmasını süfrəyə gətirsə də, atam bir qismət də kəsmədi.
– Kürəndən soraq çıxmayınca boğazımdan su da keçməyəcək.
Aradan yarım saat keçməzdi, anam haylı-küylü içəri girib dedi ki, ürəyinizi buz kimi saxlayın, Molla Kərimə qurdağzı bağlatdırmışam, canavar Kürənə yaxın gələ bilməz.
Atam acıqlı-acıqlı dilləndi:
– Sən Kərimə deyəydin, iki ayaqlıların ağzını bağlyaydı. Onsuz da mənim Kürənimə canavar yaxın dura bilməz.
Yatmazdan qabaq atam məni yanına çağırıb dedi ki, səhər tezdən dərsim var, sən Yusifi də yanına alıb gedirsən dağa, Kürəni tapmayınca da evə qayıtmırsan. Özü də İman əmin dünən toran çalan vaxtı Kürəni Uzun Yal tərəflərdə görüb – axşam gələndə xırmanda qabaqlaşdıq – özü dedi.
Mən tez-tələsik gedib böyük əmimin oğlu, məndən bir sinif aşağı – səkkizincidə oxuyan Yusifi bizə gətirdim ki, hava işıqlaşmamış yola çıxaq. Səhər saat beşdə anamın süfrəyə qoyduğu balnan qaymağı bir-birinə qatışdırıb bədənə vurduqdan sonra tərpəndik. Anam arxamızca su atdı, sonra da axşamkı kimi sağ corabındakı pullardan beş manat ayırıb sol corabına qoydu.
Saat doqquza işləyəndə Uzun Yala çatdıq. Dağların qarı hələ əriməmişdi. Hərdənbir qarın arasından bənövşələr ürkək-ürkək bizə sarı boylanırdı. Bu il birinci dəfə idi ki, bənövşə görürdük. Hərəmiz bənövşədən bir qom yığıb ehmalca pencəyimizin yan cibinə qoyduq. Dedik, qayıdanda evdəkilərə verərik, qoy nübar eləsinlər. Günortaya kimi yalın o üzünü də, bu üzünü də ələk-vələk elədik. Kürən nə gəzirdi?! Heç izinə də rast gəlmədik Kürənin. Günorta üstü yekə bir daşın üstündə oturub anamın yolumuza qoyduğu pendir-çörəyi və soyutma yumurtaları axır loxmasına kimi yedik. Üstündən də Dolayı bulağın suyundan içib dedik, bir az dincimizi alaq...
...Yusif məni daş kimi yuxudan güclə oyadanda, tez böyrümdəki fənəri yandırıb qolumdakı saata baxdım: gecə saat üçə iyirmi dəqiqə işləyirdi. Əvvəl bir az eymandıq. Sonra bir-birimizə ürək-dirək verib toxdadıq. İkimiz də bir ağızdan dedik ki, yekə kişiyik, taylarımız arvad -uşaq saxlayır, nə qorxmaq! İstədik qayıdaq kəndə, atamın sözləri qulağımda cingildədi: “Kürəni tapmayınca evə qayıtmırsan!” Dedik, səhər açılsın, aşaq Yəhər Təpə üzə, orda da olmasa, demək, atı oğurlayıblar.
– Kürən iki günə Yəhər Təpədən o yana gedə bilməz, – Yusif astadan dedi.
Səhərə kimi gözümüzə yuxu getmədi. Ordan-burdan, dağdan-arandan danışıb başımızı qatdıq ki, həm səhər tez açılsın, həm də gecənin vahiməsindən qorxmayaq. Yusiflə bir yerdə olanda danışmağa nə çox söhbət. Sözarası əmi oğluma dedim ki, bəs Yuxarı məhlədən Həmidin ortancıl qızı Hürünü istəyirəm. Gecənin o saatında Yusif mənə bir sifət göstərdi:
– Bəs indiyə kimi bunu mənə niyə deməmisən, nətər dostsan?!
Sonrada dedi ki, yaxşı eləyirsən, Hürü yaxşı qızdı.
Səhər işıqlanan kimi aşdıq Yəhər Təpə üzə. Günorta saat ikiyə kimi axtarmadığımız yer-yurd qalmadı. Gördük ortaya bir şey çıxır. Kürənin özü cəhənnəm, heç izi-tozu da gözə dəymirdi. Yusif dedi ki, atı aparıblar, axtarmağın mənası yoxdur!
– Gəl qayıdaq kəndə, indi evdəkilər özlərini qırdılar, bilirəm ki, anam bu saat tərs oynayır.
Əvvəl istədim, razılaşmayım. Sonra fikirləşdim ki, havayıdan özümüzü yoruruq. Həm də möhkəm acmışdıq, dünən günorta yediyimizin üstündəydik. Razılaşıb tərpəndik üzü kəndə tərəf. Saat beşə qalmış kəndin qənşərinə gəlib çıxdıq. Çıxmağızla da yerimizdə donub qalmağımız bir oldu. Dəli kimi bir-birimizin üzünə baxırdıq. İlahi, nə baş verir burda... Əvvəl elə bildik, bizi qara basır. Qəfildən Yusif bağırdı:
– Erməni kəndə girib...
Yekə bir kolun dalında gizlənib kəndə sarı boylandıq. Baxdıqca vahimə basırdı bizi. Yox, bunu sözlə təsvir etmək olmaz. Kənd elə bil ölmüşdü. İns-cins gözə dəymirdi. Evlərin bəzilərinə od vurulmuşdu. Yusiflə sarılmışdıq bir-birimizə. Ürəyimiz az qalırdı ağzımızdan çıxsın. Bir az sonra bəzi həyətlərdə hərbi geyimlilər gözə dəydi. İki dənə də hərbi maşın Kənd sovetinin binasının qabağında dayanmışdı.
Hə, birdə itlərin səsi... Ömrüm boyu qulağımdan getməz kəndi başına götürən it zingiltisi. Elə çarəsiz hürürdülər ki kəndimizin itləri. O saat bildim ki, hamısı zəncirdədi, açıq it belə yazıq-yazıq hürməzdi. Bu hürüşmə hər tərəfi bağlı olan, əlibir tərəfə çatmayan itlərin hürüşməsiydi...
Təxminən bir saat sonra məhlələrdən on beşə yaxın hərbi geyimli iki-iki, üç-üç kənd sovetinin qabağına toplaşdı. Bir az gəzişəndən sonra isə maşınlara doluşub kənd aşağı getdilər. Hərbi maşınlar gözdən itəndə, mən az da olsa özümə gəldim. Zavallı Yusifimin ayaq üstə canı çıxmışdı. Ürək-dirək verdim:
– Qaqa, ta qorxmaqdan keçib – Yusifin gözlərində ümidə oxşayan bir şey işardı, – mən davam elədim, – arxayın ol, səni burdan sağ-salamat çıxardacağam.
Kəndimizdən Daşkəsənin dağlarına gedən el yolunu ovcumun içi kimi tanıyırdım. Atamla yaylağa heyvan aparanda Kürənin belində azı iyirmi dəfə getmişdim o yolu. Odey – bax o evlər Daşkəsənin evləridi – atam neçə dəfə barmağını uzadıb tüstü çıxan bacaları mənə göstərmişdi. Bunu Yusifə deyən də fağır əməlli-başlı toxdadı. Mən Yusifin işıldayan gözlərinə baxıb bir az da ürəkləndim:
– Gedək, yaxın evlərin birindən bir şey tapıb yeyək, iki gündü acıq, Allah qoysa, səhərə yaxın meşəynən tərpənərik.
Kəndin lap başındakı birinci evin – babamızın əmisi oğlu Hüseynalı kişinin həyətinə girəndə qarqaradakı it az qaldı zəncirini qırsın. Yusif arxadan dili tutar-tutmaz dedi:
– Gəl qayıdaq, birdən evdə erməni olar.
Acıqlandım:
– Nə erməni! Özün görmədin oğraşların hamısı maşına minib getdilər.
Mən Hüseynalı babanın iri həyətinin lap başındakı evinin açıq qapısından girəndə aclıqdan fənikmiş Yusifdə özünü dalımca içəri atdı.
Süfrəni sərili qoyub qaçmışdı zavallılar.
– Yəqin, nahar vaxtı hay düşüb, – mən dilləndim.
Buz kimi kələm dolmasından yeyib üstündən də dovğa içəndən sonra Yusifə dedim, mən gedirəm evimizə baxam. Əmi oğlum yalvardı ki, sən Allah, getməyək, sizin ev kəndin lap ayağındadır, gedərik, bir xəta olar. Mən dirəşdim:
– Gedib evimizi görməsəm, kənddən çıxası deyiləm. Bəlkə, elə evin içində atamı-anamı, bacımı-qardaşımı güllələyiblər! – əlimi stola çırpdım.
Yusif gördü xına o xınadan deyil. Naçar qalıb qoşuldu mənə. Hüseynalı kişinin həyətindən çıxıb üzüaşağı düşəndə yolumu Həmid gildən saldım. Həyətin girəcəyindəki zəncirli it bir az atılıb-düşdü, mən böyürdən tez sivişib özümü atdım evə. Bu dəfə Yusif acıqlandı:
– Sən, deyəsən, kəndin bütün evlərini bir-bir gəzəcəksən. Bax görərsən, axırda bizi ələ verəcəksən.
Mən Yusifə məhəl qoymadan Həmidgilin evinin altını üstünə çevirirdim. Əmi oğlum daha heç nə demirdi, eləcə maddım-maddım baxırdı. Nəhayət, arxa otaqdakı şkafdan Həmidgilin şəkil albomunu tapdım. Hürünün albomun elə birinci səhifəsindəki şəklini pencəyimin sol cibinə qoyub Yusifə dedim:
– Namərd qızından neçə dəfə şəklini istədim, vermədi...
Orta məhlədəki axırıncı evi keçmişdik. Evimizə beş-on addımlıq yol qalırdı. Arxamca mənimlə daban-dabana gələn Yusif vahiməli səslə çığırdı:
– O nədir???
Mən Yusifin əli ilə göstərdiyi tərəfə – Salman kişinin həyətinə sarı baxanda tüklərim biz-biz oldu... Kimsə ağacdan asılmışdı. Şübhəli-şübhəli o tərəf-bu tərəfə boylanıb doqqazdan həyətə girdik. Yavaş-yavaş ağacdan asılmış adama yaxınlaşdıq.
– Salman kişidi! Özünü asıb, – Yusif udquna-udquna dilləndi.
– Yox, bəlkə, ermənilər asıb, – mən Yusifə hay verdim.
Böyrü üstə yerə yıxılmış kətili görəndə dəqiq bildik ki, erməninin əlinə keçməsin deyə, özünü asıb Salman kişi... Əvvəlcə Yusifin Salman kişinin əl damından tapıb gətirdiyi bellə həyətin küncündə yer qazdıq. Sonra Salman kişini ipdən açıb yerə düşürdük. Yusif su tökdü, mən üz-gözünü yudum. Üzü qibləyə qazdığımız torpağa qoyduq Salmanı. Yusif Salman kişinin məzarını torpaqlayanda, mən ağlaya-ağlaya yavaşca “Fatihə” surəsini oxuyurdum...
Məktəbimizin həyətindən öz həyətimizə təzə keçmək istəyirdik ki, itimizin səsi dünyanı götürdü. Özü də bu, zəncirdəki it səsi deyildi. Qızıl mənə hürməzdi, bu, bəllidir, Yusifə də hürməzdi axı. Evin uşağıdı Yusif. Qızıla o qədər yal verib ki... Bir yol mal-qaraya da hürdüyünü görməmişdim Qızılın. Yusifə dedim:
– Əyil aşağı! Məhlədə yad adam var!
Tez-tələsik məktəbin həyətindəki iri gövdəli armud ağacının dalında gizləndik. Həyətimiz açıq-aydın görünürdü. Məhləmizin ayağı ilə əkdiyimiz qarağat kollarının arasından Qızılın vahiməli səsi gəldi. Bu dəfə hürmürdü Qızıl, boğuşurdu. Yusifin qulağına pıçıldadım:
– Qızıl kimisə tutdu.
Elə bunu demişdim, 30-35 yaşlarında hərbi geyimlinin bağıra-bağıra qarağat kollarının arasından çıxıb evə tərəf qaçdığını gördük. Saniyə keçmədi, Qızıl kolluqdan tapança kimi açıldı. Ara məsa fəmiz çox yaxın idi. Hərbi geyimlinin rütbəsi də aydın görünürdü. Leytenant istədi özünü evə atsın, Qızıl aman vermədi. Tullanıb zərblə özünü leytenanta çırpan Qızılın erməni zabitini yerə sərməyi ilə onun başını ağzına salıb vəhşiliklə gəmirməyi bir oldu. Mən bu səhnəni kinolarda da görməmişdim. Qızıl şikarına elə daraşmışdı, elə acgözüklə gəmirirdi erməni zabitinin üz-gözünü, sanki bütün dağıdılan kəndlərin, yandırılan evlərin hayıfını alırdı əclafdan. On-on beş dəqiqə sonra erməni dığası böyürə-böyürə canını it kimi tapşırdı. Mən armud ağacının dalından çıxıb qeyri-ixtiyari özümü məhləmizə atdım. Yusif arxamca qışqırdı:
– Getmə, bəlkə, ayrıları da var.
Kim idi Yusifə fikir verən...
Qızıl məni görən kimi özünü dəli kimi üstümə atdı. Üstü-başı qan içində idi. Duz kimi yaladı məni Qızıl. Mən də Qızıla sarılmışdım. Üzündən, gözündən, boynundan, boğazından, əlindən, ayağından öpürdüm. Mən də Qızılı duz kimi yalayırdım...
***
Daşkəsəndən aşıb gəldiyimiz günün axşamı idi. Atamgilin yerləşdirildiyi məktəbin binasında camaat başımıza yığışmışdı. Gülü bacım tay-tuşları ilə səhər-səhər ayağımızın altında kəsilən heyvanların ətini süfrəyə düzürdü. Anam, bəlkə də, yüzüncü dəfə idi deyirdi ki, mən sənsiz kənddən çıxmırdım, atan məni zorla maşına basdı. Atam da, bəlkə, yüzüncü dəfə idi deyirdi ki, dedik, arvad-uşağı aşıraq Murovdan o üzə, ələ keçməsinlər, özümüz qayıdaq, amma yolumuzu elə bağlamadılar namərd uşağı. Kəndin ağsaqqalları bir ağızdan anamla atama dedilər ki, aman verin, bir az da bunlar danışsın, başlarına gələnlərdən, odun-alovun içindən nə təhər çıxıb gəlməklərindən...
Mən başımıza gələnləri danışıb qurtaranda aşağı məhlədən Musa kişi üzünü babam Əmirullaya tutub dedi:
– Kaş hamımız itləri açıq qoyaydıq...