MİRAJ
Yaxınlaşır yeni avtobus.
İçi doludu adamla...
Süzülür sakitliyimizə adamlar damla-damla…
Mənim kimilər üçün boş.
Əslində gedəcəyin avtobusun olması deyil,
gedəcəyin bir yerin olmamasıdı qurtuluş.
Yaxınlaşır yeni bir qadın.
Dilində üşüməyin əlifbası, əlində çətir...
«...Balerina kimidir sanki külək!»
- dediyində zillənirəm gözlərinə:
Onlar bu yağış altında yaranmış gölməçədir...
sabah, yəqin quruya...
bir ömürlük gəlişmiş (yağışmış) indi bu guya...
AMAN
...İşıqlı pəncərələr gözlərimdə cikkildəşir,
baxışlarım parçalı-buludlu.
Aman!
O evlərdəki isti,
aman! O evlərdəki adamlar da nihilistdi!
O isti çayı önünə qoyan adamın
yazı masası,
şairlik ixtisası – adam, bəlkə də,
həssasların həssası...
Aman! O çilçıraqdakı sarının tündü,..
Aman! Duydu, deyəsən…
Pəncərə pərdəylə örtüldü...
Aman! O çilçıraq da söndü...
Gecəm indidən sonra başlayar artıq…
BƏZƏN
Bəzən bir tənhalıq çökər içinə,
qıfıl axtararsan açıq qapınçün.
Səhvlərin tərbiyə etmək istəsə,
üzünü dönməyə olmaz bir küncün.
Bəzən bir Tanrını sorğulayarsan,
bir də ki içində susmaz eqonu...
Sorarsan özündən: sən nə cür varsan?
Sökərsən çiynindən bir-bir paqonu...
Bəzən bir yaranı hər gün qaşıyıb
ağrını hər saat hiss etmək üçün.
Bir səhər qaşımaq yadından çıxsa,
sağalmış qaysağa çatarmı gücün?
SENTİMENTALİZM
İndi yollar kəsişib zamanla:
dördmü, altımı, səkkizmi...
Hansına getsəm, daşımağa məcburam
bu fobiyalı magizmi...
İstifadəyə yararsız yolların arasında
bir də sən.
Sən ey kəsilmiş çinarın itkin kölgəsi!
Sən ey günəşin soyumuş mərkəzi!
Doğma deyil o qədər də get-gedə
səsini qısması küçələrin.
Qorxulu deyilmiş o qədər də
alnından silmək əcəl tərin.
Bildiyim bu ki, gecənin ən şiddətli səsidi
maşınları udmuş magistral yalqızlığı.
Bir bildiyim budu ki, özümdən də çox
daşıya bilmirəm artıq bu dolğun həssaslığı.
GECƏ DÜŞÜNCƏLƏRİ
Siqaret söndürürəm dişlənmiş almada.
Və düşünürəm ki,
görəsən, necə dadır alma xarıyla kül?
Alma toxumları nədənsə baharı xatırladır.
Amma bahar...
Mışıl-mışıl yatır, yatır...
«Sualı olmayan bir cavab kimi yaşamaq
var idi bu həyatda.
«Necəsən» adlı bir insan da yoxkən
«Bərbadam!» adlı bir cavab yaşayırdı
bu sorğudan uzaq,
şübhədən kənar
cavablar arasında.
Bir az susun da…
Sanki qəlbim
qəfəsə də, meşəyə də
pişik ehtimalına da
qarşı çıxmış bir quşdu…
Anam mənimlə
dünyanın sonunu
doğmuşdu.
Yaxşı ki, xəbəri yoxdu...»
QOCA
Sən unutmusan uşaqları uşaqlığından:
Sən ki balacalaşırsan get-gedə, günbəgün:
Dünən atandan gözləntin bu gün təqaüd köçən
günə dönü...
Böyüdükcə vicdan əzabından qaçmaq olmur e,
böyüməyin nirvanasın yaşadın.
Uşaqlaş da, qoca,
uzaqlaş da, qoca...
Sən ki küləyin öpüşünə məst olub axacaqsan bir
gün
toz-torpaqlı həyətə.
Sən ki meyvə ümidiylə suladığım
ağacın qurumuş budaqlarısan...
Çomaqlaş da, qoca.
Bir otaqda olmasaq da,
güzgüdə məni görürsən niyəsə,
gəl bu əkizin nəvənlə
sonuncu dəfə
qucaqlaş da, qoca.
AD GÜNÜ
Bax elə indi,
bu dəqiqə:
mənim kimi darıxır
bir ad günü tortuna
düzülmüş şamları
yandırmağa
heyi qalmayan kirbit çöpləri...
O qədər halsızdılar ki,
kükürdə sürtən kimi
qırılıb ölürlər...
SUAL
Bir gecə qatar kupesində
şirin-şirin yatmışdım.
Səhər oyandım, gördüm ki,
kimsə bir kağız qoyub
qırağa atdığım pencəyə.
Və yazıb:
«Dünən çiyin-çiyinə gəzən hisslər
bu gün gəlir pəncə-pəncəyə.
Hansısa savadsız aşpaz
həddindən çox kədər qatıb gecəyə.
Görəsən, niyə belə olur