Hamı deyir e, 11 ayın sultanı ramazandır, yalan söhbətdi o. Mənə görə, 11 ayın sultanı məhərrəmlikdi. Dayanın, dayanın! Siz də hamı kimi «dəlidi də» deyib sözümü qəribçiliyə salmayın.
Bir səbir edin, izah edəcəm. Əslində bir az səbir edə bilsəniz, sizə nələri, nələri izah edərdim. Amma hardadı sizdə o səbir? Siz səbir etməyin dərdindən bütün deyilənləri əyri-düzüylə qəbul etməyə hazırsınız. Ehh, sizi ağılsız bədbəxtlər!
Hə, buracan səbir edib oxumusunuzsa, demək, o ağılsız bədbəxtlərə aid deyilsiniz. Demək, sizə sirr vermək olar. Nə bilmək olar, bəlkə, elə sizə izah edərək, inandıra bildim əslində kim olduğumu.
Hə, 11 ayın sultanı deyirdim axı. Mənə görə, məhərrəmlikdi. Niyə? Əlbəttə, «niyə»siz heç nə yoxdur bu kainatda. Və bütün «niyə»lərin də öz cavabı var.
11 ay boyunca mənə «dəli Rüqeyya, dəli Rüqeyya» deyib qovalıyan, çörəyi əlimdən alıb mənlə məzələnən, uşaqları üstümə qısqırdan bütün adamlar məhərrəmlikdə mənim dərdimə ağlayırlar. Hansı məscidin qapısına gedirəmsə «can, Rüqeyya» deyib ağlaşırlar. Əslində onda ürəyim yumşalır. Əlimi ürəyimə qoyub Allahdan bu adamların mənə etdiklərinə görə onların bütün günahlarını bağışlamasını istəyirəm.
Elə ürəyim ağrıyır ki, onların mənə görə o cür ağlamağına. Bütün qəlbimlə Allaha dua edirəm mən də. Deyirəm, mənə verdikləri bütün əziyyətləri onlara günah yazma, Allahım. Bağışla o göz yaşlarına.
Ancaq sonra nə olursa, bilmirəm. Səhər açılır, dünən ağlayan bütün adamlar məni harda görürlər, yan gəzirlər. Təpiklə vuran, uşağını mənlə qorxudan, hələ mənə çörəyi pulu ilə belə satmayan dükançını demirəm.
Sonra gedib həmin məscidə girmək istəyirəm, təbii, qoymurlar. Fikirləşirəm ki, Allah məni ha içəridə, ha çöldə, onsuz da eşidir. Əlimi hamı kimi üzü göyə açmıram. Çünki əlini hamı kimi üzü göyə açanları çox vaxt özləri görmədim. Axı hamı Allahla necə eyni cür danışar? O ki bizi eyni cür yaratmayıb.
Mən məscidin həyətində əlimi ürəyimin üstə qoyub onla danışdım. Dedim:
– Axı bu adamlar niyə belə edir? Onlar bir gün hamısı mələk olurlar. Hamı məni deyib ağlayır, hamı mənə pul verir, çörək, halva verir. Səhəri gün hamı hər şeyi unudur. Niyə belə olur ki? Niyə məni sevmirlər? Bəs sevmirlərsə, niyə ağlayırlar? Xətrinə dəyməsin, amma sənin yaratdıqlarını başa düşə bilmirəm.
Əslində o günə qədər hər şey yaxşı idi. Off, mənim də birini qoyub o birinə keçməyim olmaya da. Unuduram, neynim?!
Atamı deyirəm e, ögey atamı. Məni zorlayana qədər hər şey yaxşı idi. Yəni adamların mənlə münasibəti də, qonşular da. Hələ evmiz də var idi. Sonra həmin gün gəlib çıxdı.
Ögey atam məni zorlayanda qışqırıq səsimə qonşu Əlikram dayı gəldi. Hər şeyi gördü. Ona yalvarırdım mənə kömək eləsin deyə. O eləcə donub qalmışdı.
Ögey atam bilmədi neyləsin, məni ona da təklif elədi. Dedi qorxudarıq, danışmaz, narahat olma.
Əlikram dayı dedi ki, məmnuniyyətlə, amma bu it balasının adından qorxuram e, adından. Özü bir zibil deyil, adı qənimim olar. Əli dəymədi mənə. Üstündən iki gün keçmədi, ögey atamı ağacın altında ildırım vurdu.
Sonra bütün kənd danışdı ki, onu ildırım yox, mənim adım vurub. Əslində o, ildırım yox, mənim adım imiş. Anam da üzümə baxmadı, dedi ki, Allah məni öldürsün adını belə qoyduğum yerdə. Neçə ildən sonra bir ər tapdım, onu da sənin vurğun vurmuş adın apardı.
Sonra mən hamilə qaldım. Əvvəl hamı inanırdı mənə. Kömək edirdilər, yemək verirdilər. Sonra aylar keçdi, heç kim inanmadı. Dedilər, başın pozulub sənin. Hamilə olsan, qarnın şişərdi. İnandıra bilmədim ki, mən qeyri-adiyəm. İnanmadılar. Beş oğlum oldu, hamsının adın ildırım qoydum. Bunu hardansa göy tanrısı eşitmişdi. Bir gün qulağıma pıçıldadı ki, yerdə sənin oğullarını rahat buraxmazlar. Zülmlə böyüdəcəksən, əsgər aparacaqlar. Orda da komandirlə sözləri düz gəlməyəcək, vurub öldürəcəklər. Bu adamlar içində sənin bəxtin gətirdi ki, uşaqlarının da bəxti gətirə? Ver onları mənə. Onları göydə buludların üstə böyüdərəm, hərəsini bir igid edərəm. Sonra yer üzündə haqsızlığa düşmüş bütün rüqəyyaların qisasını alacaqlar. Amma onlara heç kim toxuna bilməyəcək. Fikirləşdim ki, düz deyir göy tanrısı. Bu adamlar içində övlad böyütmək haqsızlıqdır. Ən çox da övladlarıma haqsızlıqdır. Əmanət etdim ona. Sonra silsilə uşaqlarım olmağa başladı. Yeddi qızım oldu. Hamısının adını Rüqeyya qoydum. Dedim, gözəl addır, qoruyacaq sizi. Məni qorudu. Həm də ildə bir dəfə hamı dərdinizə ağlayacaq. Qızlarım doğulduqca onları qardaşlarının yanına yolladım ki, yer üzündə adamlar çox təhlükəlidir. Hamı bir-birini incidir, hamı özündən yüksəyə gücü çatmır deyə, özündən zəifi əzir. Hamı əlindəki kəndiri ən günahsızın boynuna atır. Hamı “azadam” deyib ətrafına dəmir çərçivələr hörür. Özləri də bilmədən boğulurlar o çərçivənin içində.
Hamı bir-birin bağışlamır. Hamı Allahı unudub. Hamı üzü günəşə gedir. Guya yaşamağa, əslində yanmağa gedirlər. Ömürləri ömürlərindən qısa uşaqlar doğulur. Atalar övlad tabutuna girir, analar övlad yasında saç yolur.
Üzü Allaha gedən yoxdu. Getsəydilər, bilərdilər ki, yanmaqdansa hər gün yenidən doğulmaq var. Hər gecə duadan hamilə qalmaq var. Hər gündüz həqiqətləri doğmaq var. Əlini göyə açmadan ürəyinin üstə qoyub dua etmək var. Mənim kimi ölümsüz uşaqlar doğub göy tanrısına övladlığa verən var.
Mən artıq bu adamların arasında qalmaq istəmirəm. Övladlarımın yanına getmək istəyirəm. Üzü buludlara...
…Bu səhər sübh namazına gələn kənd adamları təəccüb içində idilər. Çünki məscidin həyətindəki dağdağan ağacından dəli Rüqeyya özünü sol döşündən asmışdı...