***
Azmışam gecənin qaranlığında,
Sabah olar, aydınlanar...
Azmışam mən....
Düşüncəm dolanıb ayaqlarıma...
Kilidlənib dayanmışam.
Nə irəli, nə də geri...
Saf dünyamı axtarıram...
Tanrım, mənə işıq göndər...
Öz günəşim özüm olum...
Kilidlənmiş, düyünlənmiş, tilsimlənmiş
düşüncəmi aydınladım...
***
Qəribədir təbiət də bu gün...
Mənim kimi...
İçimin hüznü duman olmuş səmaya...
Göz yaşlarım yağış olmuş...
Pəncərəmi döyür həzin musiqi...
Yorulmuş ruhum...
Sobanın gurultusu...
Əlimdə dəftər-qələm,
Tökürəm qəlbimi boş sətirlərə...
Bəzən qələm də inciyir məndən...
Qarışıq fikirlərim qaralayır dəftəri...
Yazdıqlarımın üstündən xətt çəkirəm...
Xətlər, sərhədlər, dinməyən düşüncələr...
Ömrümə çəpər olmuş...
Necə də ayırdı sərhədlər bizi...
Daraldım... daraldım çox...
Pəncərəni açıram tez...
Mələk qonur əllərimə...
***
Borc ver, dostum,
Ümidimi itirmişəm,
Bir zərrə ver ümidindən,
Bir azacıq,
Söz verirəm, qaytararam.
Borc ver, dostum, xəyalından,
O rəngarəng bu günündən, sabahının röyasından.
Borc ver mənə,
Sevgindən ver,
Bəlkə, sevəm insanları;
Ümidinlə, xəyalınla və sevginlə sevə biləm...
Borc ver, dostum,
Bir ovuc borc, bir ovuc dünya...
***
Yuxum gözlərimə naz eləyir,
Süzülür baxışlarım...
Çevrilirəm sağa-sola,
Gözüm getmir yuxuya.
Qalxıram tez yatağımdan.
Bir istilik var üstümdə,
Fikirlərim qatar kimi tüstülənir.
Göz yuxuya naz eləmiş,
Gözüm getmir ki yuxuya,
Gücüm çatmır gözlərimə,
Nə dedimsə, yola gəlmir,
İnad etmiş bu röya...
Pəncərəni açıram tez,
Heç olmasa, küskünlüyü rüzgar qovsun,
Toxunur o, tellərimə...
Hirsi yatır gözlərimin,
Ay boylanır otağıma,
Yuxu gəlir yatağıma.