Azərbaycan ədəbiyyatı tarixində məşhur qəzəlxan, özünün yazdığı kimi “Füzuli yadigarı” kimi tanınan Əliağa Vahidin mənzum məktubları da maraq doğurur. Bu məktubların bəziləri mədhiyyə, bəziləri həcv xarakteri daşıyır. Əliabbas Müznibin illərlə toplayıb tərtib etdiyi əlyazma kitabının ən maraqlı nümunələri də elə bu məktublardır. İllərlə bizim Əlyazmalar İnstuitutunun əlyazma xəzinəsində oxucu diqqətindən kənarda qalan bu mənzumələr Vahidin şair dostlarına, vəzifə adamlarına, habelə adi tanışlara olan münasibətinin açıqlanmasında, eləcə də şairin xarakterinin öyrənilməsində bizə yardımçı ola bilər.
Əliağa Vahidin şair dostlarına ünvanladığı şeirlər müxtəlif məzmundadır. Onun Azər Buzovnalıya yazdığı şeir qəzəl janrında olduğu üçün Vahidin ikicildliyinə sadəcə qəzəllər sırasında daxil edilmişdir. Amma Əliabbas Müznibin əlyazma kitabında isə qəzəlin əvvəlində “Azərə” qeydi vardır. Əsərin əvvəlində müəllif bir qələm qaşlı nigarın qəmindən qəddinin büküldüyünü, hilal kimi nazildiyini, qaragözlülərin xəyalından axırı özünün də xəyala döndüyünü bildirir. Yazır ki, qanlı göz yaşım ilə saralmış çöhrəm boyanıb, hər kimə çatdım, ondan ləbin sirrini sordum, bu məni xəlq arasında sual əhlinə çevirdi, mahvəşin zülfünə əsir olandan çərx məni səbirsiz, sərgərdan etdi.
Azər Buzovnalı (1870-1951) XIX-XX əsr Bakı-Abşeron ədəbi mühitində tanınan, sevilən şairlərdən olmuşdur. Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivində xeyli şeir, poema və məktubları saxlanılır. Azər Buzovnalı 1860-cı ildə Bakıda təsis olunan “Məcməüş-şüəra” ədəbi məclisinin sonuncu sədri olmuşdur. Dövrünün şairləri ona şeirlər həsr etmişlər. Onların həm nəzmlə, həm də nəsrlə bir-birinə yazdıqları məktublardan o dövrün ədəbi mühiti haqqında çox şey öyrənmək olur. Vahidin bir neçə əsərində onun adı çəkilmişdir. Ona yazdığı bu qəzəldə dədərdlərini şair dostuna danışan Vahid
Azəra, olmadı bir kimsə sora hali-dilim,
Çün fələk qərqeyi-girdab misal etdi məni.
deyə şikayət edir. Amma sonda ona yardım edən Salman Mümtazı alqışlayaraq yazır ki:
Evi abad ola aləmdə yenə Mümtazın,
Sordu əhvalımı, fərzəndeyi-hal etdi məni.
Vahidin şair dostlarına yazdığı məktubları araşdırarkən, burada ən çox nəsihətamiz fikirlərlə rastlaşırıq. Əlyazmadakı “Olsun” rədifli qəzəli də nəsihətnamə şəklində yazılmışdır. Qəzəlin əvvəlində “Maştağalı Mircəlala yazılmışdır” qeydi vardır. Ola bilsin ki, bu qeyd Əliabbas Müznibindir. Kərbəlayi Mircəlal Mirhadi oğlu (1870-1937) mollaxana təhsili görsə də klassikləri çox mütaliə etdiyindən, Qurani-Kərimi, hədisləri öyrəndiyindən öz dövründə savadlı, mömin şəxs kimi tanınmışdır. Onun mərsiyələri indinin özündə də məclislərdə oxunur.
Xalq artisti Hacıağa Abbasovun Əlyazmalar İnstitutunda 2789/766 şifrəli qovluqda saxlanılan Sabir haqqındakı xatirələrində yazır ki, Mirzə Əliəkbər Sabir külfəti ilə birlikdə Maştağada Məmməd Məmmədyarovun bağında qalarkən Mircəlal da digər şairlərlə onun yanına gedib kəndli və fəhlələrin həyatından əsər yazmaq öyrənirdilər. Deyilənə görə, Mircəlalın satiraları və meyxanaları da olmuşdur. Onun nəslindən tanınmış şair və meyxanaçı Məşədibabanı göstərmək olar ki, onun bacısı və qardaşı da əruz və heca vəznlərində şeirlər yazırlar.
Vahid Mircəlala ünvanladığı şeirdə Mircəlalı yeni mövzularda yazmağa səsləyərək yazır ki, şair gərək azad olsun, dünya əhlinə fikir verməsin. Firondan, Musadan yazdığın bəsdir, yeni aləm yarat, yəni yeni mövzularda şeirlər yaz. Peyğəmbərlər tarixindən məlumdur ki, İbrahim peyğəmbər Allahın sevgili dostu olduğuna görə Xəlilullah adlandırılmışdır və Nəmrud onu odda yandırmaq istədikdə, Allahın hökmü ilə od gülüstana çevrilmişdir. Bu əhvalat bütün klassik şairlərin yaradıcılığında bu və ya digər şəkildə öz əksini tapmışdır. Vahid də bu qəzəlində yazır ki, artıq bu odun tərifinə ehtiyac yoxdur, odlu silahların qığılcımlarından dünya məhv olmaq üzrədir. Sən Kərbəla şəhidi Hüseyn kimi azadəlik istəmə, qoy Yezidlərə alçaq Şimrlər əlaltı olsun.
Gərək şair olan azadə vü laqeyd, məst olsun,
Nə karı, əhli-aləm həqpərəst, ya bütpərəst olsun.
Yeni aləm yarat, Firönü Musadən nolur hasil?
Hünər göstər, qoy onlar səltənət qeydində bəst olsun.
Xəlilullahilə Nəmrud odun tərifə hacət yox,
Şarapnellər şərarından cahan istər şikəst olsun.
Hüseyni-Kərbəla tək bilmə azadəlik qədrin,
Yezidi-dunə qoy Şümri-dənilər zirdəst olsun.
De, Vahid, Saqibü Səyyarə onlar həqqi yazsınlar,
Cəhənnəm, xəlqi-aləm qoy gedib azərpərəst olsun.
Göründüyü kimi sonda Vahid özünə müraciət edərək Haşımbəy Saqib və Həsən Səyyar kimi şairləri həqqi yazmağa çağırır. Beləliklə, öz dövrünün şairlərini köhnə fikirləri şeirə gətirməkdən uzaqlaşdırmaq istəyir və onlara yeni dünya ilə bağlı əsərlər yazmağı məsləhət görür.
Haşımbəy Saqib (1870-1931) Buzovna kəndində dünyaya göz açmılşdır. “Məcməüş-şüəra”nın fəal üzvlərindən, öz dövründə sevilən şairlərdən olmuşdur. Əlyazmalar İnstitutunda müxtəlif şifrələr altında xeyli əsəri saxlanılır. Yaxın illərdə “Divan”ı çap olunmuşdur. Həsən Səyyar (1891-1936) Şağan kəndindəndir, öz dövründə tanınmış şairlərdəndir, dövri mətbuatda xeyli əsəri şap olunmuşdur. Əlyazmalar İnstitutunda onun da əsərləri mühafizə edilir.
Əliağa Vahidin “Bədriyə” başlıqlı dörd beytdən ibarət qəzəl janrında yazılmış müraciəti dövrünün tanınmış şairlərindən olan Bədri Seyidzadəyə ünvanlanmışdır. Şair burada göstərir ki, bu dünyada qəm çəkməyən insan yoxdur, amma dünya qəmini çəkməyin də faydası yoxdur. Dünyada hərə bir rəng ilə boyanıb, sən isə öz istədiyin rəngdə möhkəm dayan, əhl adamla zəhər iç, Zəmzəm də olsa, naəhl ilə içmə. Burada yadımıza Səməd Mənsurun “Rəngdir” şeiri düşür. Vahid Bədriyə məsləhət verərək yazır:
Çəkmə qəm, gərçi çəkərsən qəmi-aləm Bədri,
Varmı qəm çəkməyən aləmdə bir adəm, Bədri?
Qoy boyansın hərə bir rəng ilə, ədnayi-zaman,
Sən dur öz istədiyin rəngdə möhkəm, Bədri.
Zövrəqi-cismini qərq etsə də girdabi-bəla,
Çəkmə bir ölmək üçün ahi-dəmadəm, Bədri.
Xoşdu hal əhli ilə içsən əgər zəhri-bəla,
İçmə naəhlilə sən, gər ola Zəmzəm, Bədri.
Bədrəddin Mirkazım oğlu Seyidzadə (1882-1945) Keşlə kəndindəndir. XX əsrin əvvəllərindəki qəzet və jurnallarda xeyli lirik və satirik şeirləri çap olunmuşdur. Sovet dövründə də şeirlər kitabı dərc edilmişdir.
Vahidin “Qardaşıma nəsihət” adlı nəsihətnaməsi də maraqlıdır. Bu əsər də şairin çap kitablarına salınmamışdır. Əbdüssalamın kim olduğu məlum deyildir. Amma Vahidin onu ziyalı hesab etməsi, ona qardaş deməsi, dua edib Allahdan onu qorumasını istəməsi, və s. kimi detallar onun yaxşı bir insan olduğunu göstərir.
Ey ziyalı, mənə bir munisi-can, Əbdüssəlam.
Ey ləbi şəkkərü vey tutizəban, Əbdüssəlam.
Möhnətü dərdü bəladan nə ki var aləmdə,
Hifz qılsun səni Xəllaqi-cəhan, Əbdüssəlam.
Qardaşım, tutduğun ol kardə sabitqədəm ol,
Çəkməzsən bir gilə vəllahi ziyan, Əbdüssəlam.
Xəlqi incitməgilən, xəlq ilə xoşrəftar ol,
Ey vəfa bağına bir sərvərvan, Əbdüssəlam.
Dilin acısa əgər, eylə şəkər tək şirin,
Çün sevə xəlq səni ruzü şəban, Əbdüssəlam.
Tərk qıldın əcəba mən kimi nəccarlığı,
Nədü balta, nədü bankə, nə füqan, Əbdüssəlam.
Hər gədaxislətilə dəhrdə həmraz olma,
Eyləyər sirrini xəlq içrə bəyan, Əbdüssəlam.
Hər kimi dusti-ziyal eyləyibən olma rəfiq,
Olar axırda sənə düşməni-can, Əbdüssəlam.
Var isə əqlin, əzizim, oxu elmü ədəbi,
Kəsb qıl ta özünə şövkətü şan, Əbdüssəlam.
Gəl çıxartma bu nəsihətlərimi yadından,
Vird qıl bu sözü hər şam, hər an, Əbdüssəlam.
Əqlini cəm elə başında pərişan olsan,
Hər dənixisləti mərd etmə güman, Əbdüssəlam.
Əliağa Vahidin Maştağa şairləri ilə yaxın əlaqəsi olmuşdur. Hətta bəzən yanlış olaraq onu maştağalı da hesab edirlər. Əlyazmada şairin digər maştağalı şairə ünvanlandığı qəzəlin başlığında “Arkadaşım Mirmahmud Nuri Əfəndiyə bu qəzəli yadigar olaraq ithaf edirəm” yazılmışdır.
Keçən şəb, Nuriya, könlümpərişanoldu, bildinmi?
Mənə vəsli-nigarımdöndü hicranoldu, bildinmi?
misraları ilə sözə başlayan Vahid həm dərdini dostuna danışır, həm də bir az ondan giley-güzar edir: “Siz öz məşuqənizlə şadü xürrəm eyş-işrətdə, Mənim qəm içrə könlüm mülki viran oldu, bildinmi”? Sonra sevgilisinin vəfasızlığından, hicrana düşdüyündən şikayətlənir, yazır ki, vəfasız, insafsız bütlərin əsiri olduq, axırda da dünya bizm kimi eşq əhlinə zindan oldu. “Cəfapərvər gözəllərdən əziyyətlər çəkən Vahid, Sənə qurban olum, xak ilə yeksan oldu, bildinmi”?
Mirmahmud Ağamirzə oğlu Əliəsgərli (1895-1958) XX əsrin əvvəllərində yaşayıb-yaradan, klassik şeir ənənələrini yaradıcılığında yaşadan şairlərdəndir. Əlyazmalar İnstitutunda Əliabbas Müznibin və Məmməd Səid Ordubadinin arxivində və fraqmentlər bölməsində Mirmahmud Nurinin tərcümeyi-halı və şeirləri saxlanılır. 5 il üsuli-ətiq üzrə təhsil almış, sonra iranlıların “İttihad” məktəbinə daxil olmuşdur. sonra türklərin “Kiçik zabitan” kursunu bitirmiş və türk ordusunun Bakı bölməsiondə xidmət etmişdir. satiraları “Soyulmuş Əyyar”, lirik şeirləri “Nuri” təxəllüsü ilə çap olunmuşdur.
Vahidin mənzumələri içərisində “Hacıbaba Şərqiyə birinci məktub” başlıqlı şeir başqalarından seçilir. Mənzumənin əvvəlinci yeddi beytini oxuyanda adama elə gəlir ki, Vahid gözəl bir insanı, istedadlı bir şairi tərifləyir. Firdovsi, Sədi kimi şairlərə bənzədir, onu şairlər məclisinin günəşi, ulduzu hesab edir. Yazır ki, şairlər sənə tay ola bilməz, sən ariflər məclisinin sərvərisən, fəzilətin, hünərin həddən aşıb, mərifət sədəfinin gövhərisən. burada bir “guya” sözü işlədilsə də, şair tərifə davam edirək deyir ki, Cəbrail (ə) sənin şeirinin möcüzəsinə möhtacdır, sən ayələrimizin peyğəmbərisən, sən söz sərrafısan, biz səni bəyənirik, bütün ağıllı adamların dilinin əzbərisən. Bəzi cahillər sənin qədrini bilmirlər, deyirlər ki, guya ariflər zümrəsinin nökərisən. Buradan başlayaraq şair ironiyadan aşkar həcvə keçir və məlum olur ki, tənqid hədəfi həqiqətən mənfi obrazdır.
Ey Şərqi, bizim əsrimizin rəhbəri sənsən,
Firdovsi, həm Sədi və həm Ənvəri sənsən.
Şairlik ilə şöhrətin afaqi ötübdür,
Bəzmi-şüəranın günəşi, əxtəri sənsən.
Sair şüəralar sənə manənd ola bilməz,
Çünki ürəfa məhfilinin sərvəri sənsən.
Dərya kimi fəzlü hünərin həddən aşıbdır,
Guya sədəfi-mərifətin gövhəri sənsən.
Cəbrili-əmin möcüzeyi-şeirinə möhtac,
Ayatımızın sevgili peyğəmbəri sənsən.
Çoxlar sanır hərçənd də, batil kəlimatın,
Lakin hükəma zümrəsinin məzhəri sənsən.
Sərrafi-süxənsən, səni təqdir edəriz biz,
Yeksər əqilanın dilinin əzbəri sənsən.
Hərçənd ki, bəzi cühəla qədrini bilməz,
Derlər ürəfa zümrəsinin çakəri sənsən.
Var bir neçə nafəhmlər, həqqində deyərlər:
Şairlərin ən alçağı, ən kəmtəri sənsən.
Guya ki, qoyublar sənə ad zurnaçı Şərqi,
Zurnaçıların zurçusi, ya nokəri sənsən.
Şalbanın adın şümr qoyub ortaya atma,
Şeirə biz isək, şalbana həm müştəri sənsən.
Ayinədə öz heykəli-idbarını görsən,
Onda düşünərsən haranın əntəri sənsən.
Bu dərd hamından məni yandırdı ziyadə,
Derlər hamı moğolların bədtəri sənsən.
Əyyam şəbabından elə indi də guya,
Derlər sənə kim, bir nəfərin dilbəri sənsən.
Olsun vəbalın söyləyənin boynuna, Şərqi,
Yaşın da vurarsanmış özün, sərsəri sənsən.
Təqriri-bəyan eylə bizə nəslini göstər,
Şirvanlımı, bakülimi, ya həmşəri sənsən.
Məscidləri kim, mürşidinin şöhrəti tutmuş,
Şərh eylə bu işdə neçə gündən bəri sənsən.
Kimdir sənə təlim eləyən şeirin üsulun,
Ya hansı ədibin belə xidmətgəri sənsən.
Qurtarmasan hərgəh bizi bu şübhəli işdən,
Bişək ki, zinazadələrin cövhəri sənsən.
Get, almanı sat, tərk elə şairliyi getsin,
Salik şüəranın nə puti, çetveri sənsən.
Xali görüb, anqırma, fəzayi-şüəranı,
Çünki tanıyublar nə diyarın xəri sənsən.
Yazdıqlarını sünni Mənaf qəbrinə basdır,
Bilsin o da övladı səni, pərvəri sənsən.
Əliabbas Müznibin əlyazmasındakı “Bir dosta” adlı şeir də Vahidin çap olunmuş kitablarına düşməmişdir.
Mənə məktubunuz verildi səhər,
Fərəhdən gözlərim damlalar saçdı.
Oxudum məzmunun bildim sərbəsər,
Şad oldum, könlümdən ələmlər qaçdı.
Ürək sirrin bilən həmdəmim yoxdur,
Ayrılıq qəmləri deyildir asan.
Sənə söyləyəcək dərdlərim çoxdur,
Bir tək mən olayım, bir sən olasan.
Bir qara saçlıya vermişəm könül,
Məcnunluq sövdasına düşmüşəm yenə.
Divanə könlümə deyiləm məsul,
Çaşdıran əqlimi düşməndir mənə.
Sakit bir dənizdə tənha bir gecə,
Sevdigim gözəllə sürəydim qayıq.
Bu nəşə məst edər məni ölüncə,
Bir an bu zövqdən olmaram ayıq.
Vahidəm, ölkəmin şairiyəm,
Xəlqimin ruhuna uyğundur sözüm.
Bir zalım gözəlin dəstigiriyəm,
Bu dərdə salmışam özümü özüm.
Məktub tarixsizdir, amma yazılışından düşünmək olar ki, şairin gənclik şeirlərindəndir.
Hiss olunur ki, məktub dostdan gəlib. Şair burada öz dəruni hisslərini misralamışdır. Burada sevən bir qəlbin sonsuz arzularını, bir qədər də mücərrəd, əlçatmaz arzularını görürük. Şeirdə bir tərəfdə xəyal dənizində üzən bir gəncin bir qədər də özü haqqında fəxarətlə dediyi sözlər, özünü ölkəsinin, xalqının şairi hesab etməsi, digər tərəfdə məcnunluq sevdasına düşdüyünü, bir zalım qarasaçlının əlində əsir olduğunu və özünün özünü bu dərdə saldığını etiraf edən fikirlər şeirdə br qədər qarışıqlıq yaratsa da, səmimilik diqqəti çəkir, şeir maraq doğurur.
Şairin “Cavab” başlıqlı mənzuməsi həm sevdiyi şəxsdən gələn məktubun sevincini, həm şairin təəccübünü, həm şükranlığını, həm fərəh hissini təsvir edir. Şeirin sonuncu beytlərində isə şair xalqın maariflənməsindən, ölkənin abadlığından, şəhərin gözəlləşməsindən, kəndlərin çiçəklənməsindən, yeni binaların tikilməsindən fərəhdolusu söz açır. Məktubun kimə yazıldığı məlum deyildir. Bu şeir də şairin çap kitablarına daxil edilməmişdir.
Yetdi məktubun, ey gözüm nuri,
Şad qıldın bu zarü məhcuri.
Bavərim yoxdu dari-dünyadə,
Məni öz sevdiyim sala yadə.
Şükürlər eylərəm də taleyi-dun
Məni güldürdü, etmədi məhzun.
İndi aləm bir özgə aləmdir,
Xatirim gül kimi fərahəmdir.
Oxuyur əhlimiz məkatibdə,
Cümləsi ali bir məratibdə.
Ölkəmiz günbəgün olur abad,
Çox gözəl mülklər olur icad.
Şəhrimiz büsbütün gözəlləşmiş,
Kəndlər, bağlar çəmənləşmiş.
Yeni sistemdə var binalarımız,
Yaşasın cümlə rəhnümalarımız.
Vahidin “Məhəmmədə” başlıqlı mənzuməsi də həmin şəxsin məktubuna cavabdır.
Məktubun şərhə ehtiyacı yoxdur, olduqca sadə bir dillə yazılmışdır. Bu mənzumə də çap kitablarına salınmamışdır.
Məhəmməd, olsun sənə bizdən səlam,
Bəsləyirik sağlığına ehtiram.
Gəldi yetişdi bizə məktubunuz,
Var olasız, fikrimizi buldunuz.
Gündə içirsən o gözəl barjomi,
Nəşələnib doldurursan albomi.
Biz də yirik, boş vururuq nərdi,
Hər biri bir cür dağıdır dərdi.
Bircə tez ol gəl ki, düzəldək səfi,
Sən gedəni düşübdü dildən Şəfi.
Mən döyüb, Əlihüseyn də döyüb yüz kərə,
Növbə çatır sonra Məlik Heydərə.
Çox döyülüb, yox Şəfinin taqəti,
Gəl ki, xilas eylə bu kor Neməti.
Doğrudu bu, yoxdu sözümdə xilaf,
Eyləgilən tez Soçiyə teleqraf.
Məhəmmədəli bilsin həqiqət işi,
Yaxşı deyil inciyə bizdən kişi.
Mənim üçün azca gətirsin tütün,
Yoxsa bu qəmdən olaram tünbətün.
Bir neçə yoldaşla bu şeiri oxu,
Gərçi tanışdır bizə də bir çoxu.
Hamına bizdən yetirərsən səlam,
Səlamət ol, vəssəlam, şüdtəmam.
Əliağa Vahidin çap kitablarına düşməyən ictimai məzmunlu mənzumələri də maraqlıdır. Bəziləri məsnəvi formasında, bəziləri müxəmməs janrında yazılmışdır. Şərhə ehtiyacı olmayan, olduqca sadə dildə yazılmış, adi həyat hıəqiqətlərini, məişət söhbətlərini əks etdirən bu əsərlər də oxucular üçün maraqlı ola bilər.
GƏR ARİFSƏN
Ali-Heydər, özün insaf elə gər arifsən,
Azacıq işlərimizdən yenə sən vaqifsən.
Neçə il bundan əvvəl varmı xəyalında bu iş,
Öz dililə anan onda bizə bir vəd etmiş.
Əlirzanın toyu, inşaallah, olan tək əlbət,
Sənə bəxş etməliyəm bir taza bəglik xələt.
Gecə-gündüz bu söz əmma dilinin əzbəridir,
Hələ də gözləyirəm mən neçə ildən bəridir.
Onun hətta Əli usta özü təkrar elədi,
Ananın vədə xilaf olmağın iqrar elədi.
Həm sənin rəyini bu barədə bilsəydim əgər,
Bu qədr ayineyi-qəlbimiz, etməzdi kədər.
Tutalım gəncdir, 10 kəmal degil Əlirza,
Bu mənim şanım üçün bəlkə olur istehza.
Sən gərəkdir özün ancaq eləyəydin bu işi,
Deyəsən həqqi də var incisə bizdən bu kişi.
Əslinə baxsan əgər mən gərək heç inciməyəm,
Çünki sizlərlə əzəldən hələ qardaş kimiyəm.
Qardaşım, leyk, təbiətcə şərəfsiz deyiləm,
Hər kiçik şeydən ötər yayğılanam, ya əyiləm.
Sağlıq olsun, nədir eybi, hələ onsuz da keçər,
Çün dəhrdə hər kimsə öz əkdigini biçər.
“Yar qılmazsa mənə cövrü cəfadan qeyri,
Əlimizdən nə gəlir xeyrü duadan qeyri”*
Vahidəm, bəsteyi-geysuyi-səmənbuyəm mən,
Daima ömrünə aləmdə duaguyəm mən
QULAMA
Ey Qulam, himmət eylə, gəl köməyə,
Otağım yoxdu, nə hacət deməyə.
Girmişəm tülki kimi bir dəhməyə,
Mənə imdad elə, qurbanın olum.
Günümü şad elə, qurbanın olum.
Aşna-dostu bu yaman gündə tanı,
Duz-çörək qədri bilən indi hanı.
Başa sal sən Babayev Əliağanı,
Çıxarıb dad ilə, qurbanın olum.
Günümü şad elə, qurbanın olum.
Bu işi salma gəl axşam-səhərə,
Şair olmaqlığımı al nəzərə.
İltifatın necə var özgələrə,
Aslanov axtarır üç gündü səni.
Səndən ötrü gətirib təngə məni.
Düzəlib, kefini kök saxla, işin,
İltifatı sənə çoxdur qədeşin.
QULAMA İTHAF
Ey Qulam, düşmüşəm axır lova,
Bir də tapşır məni bu Aslanova.
Sən onun yaxşı bələdsən işinə,
Baxıram mən işin əzvayişinə.
Salacaqdır məni axşam-səhərə,
Vəqtimiz sərf olacaqdır hədərə.
Yazdığım ərzə bir aydan çoxdur,
Hələ də bir əsər ondan yoxdur.
Var xəyalında deyərkən Həsənə,
O da bu barədə tapşırdı sənə.
Bu bizim şairimiz Vahiddir,
Qalsın evsiz, bu bizə tənqiddir.
Bir otaq bundan boynuna çək,
Siz də sözdür dediz o gün kişi tək,
Ərzəmə qol ki, çəkilsin səhəri,
Hələ də yoxdur o gündən əsəri.
Qorxuram düşməsin ərzəm səbətə,
Nə qədər gündə gəlim Baksovetə.
Aslanov bu işə mahirdü, kişi,
Aparan olmaz onun tək bu işi.
Mən onun həqqini qılmam inkar,
Çünki yüzlərcə mənim kimiləri var.
Doğrudan da kişi Əflatundur,
Fəndi ondan da bunun əfzundur.
Bu verən həblərə Loğman nəçidir,
Bu siyasətdə kişi zərbəçidir.
Bir gülər gözlə hamıyla danışır,
Hər kəsin qəlbi fərəhdən alışır.
Söz verir gahi görürsən birinə:
-Sizə iş, qaldı ayın on birinə.
Başqa bir yoldaşa bir ayrı sayaq:
-Bu yaxınlarda boşalsa hər otaq,
Pervıy oçeretdə sizindir növbət,
Martın on dördü gələrsən, əlbət.
Müxtəsər, həp do verir hər kəsənə.
İndi axırda düşüb növbə mənə.
Mən də ki, duymuşam axırda işi,
Bilirəm hər yolu, hər bir gedişi.
Mənə hərçənd özünün lütfi də var,
Necə mən eyləyə billəm inkar.
Mən də ondan degiləm narazi,
Mənə Abdulla dedi, Şahbazi
***
Məni də yad elə, qurbanın olum.
Könlümü şad elə, qurbanın olum.
Gərçi dünyadə yoxumdur vətənim,
Doğma yurdum Bakı olmuşdu mənim.
Quruyub nəm bir otaqda bədənim,
Ondan azad elə, qurbanın olum.
Könlümü şad elə, qurbanın olum.
Evimiz gərçi yovuqdur bazara,
Bənzəyir köhnə ovulmuş məzara.
Düşür arvad-uşaq hər gün azara,
Çarə qıl, ad elə, qurbanın olum.
Könlümü şad elə, qurbanın olum.
Olsa təqsim hamıya bəhri-Xəzər,
Mən də bir varisəm ölkəmdə əgər,
Mənə də lap azı bir vedrə düşər.
Nəslimi yad elə, qurbanın olum,
Könlümü şad elə, qurbanın olum.
Həm otaq nəm, həm özüm kiryənişin,
Gəl gör ev sahibinin sərzənişin.
Yağdırır üstünə hər gün söyüşün,
Buna bir zad elə, qurbanın olum.
Könlümü şad elə, qurbanın olum.
Bir vətəndaş, necə bir firqəçisən,
İnqilabın iyi xidmətçisisən.
Boş yola salmamısan bir kəsi sən,
Lütfi müzdad elə, qurbanın olum.
Könlümü şad elə, qurbanın olum.
***
Məhmud, ey Zəngəzur gülüstanı,
Bürüyüb ətrin Azərbaycanı.
Sən yenə qönçə gül kimi tərsən,
Sünbülü lalədən müəttərsən.
Qönçələr lal edibdü göftarın,
Sərvlər xar edibdü rəftarın.
Gözlərin indi də baxanda xumar,
Şübhəsiz nərgisi qılıb bimar.
Xət əgər tutmuş isə ruxsarın,
Qəm yemə var yenə xiridarın.
Olasan əhli-xəbrə yanında,
Yaşının bu keçən zəmanında.
Əski əyyamını salıb yadə,
Rəhi-eşqində can verər badə.
Sənə ta ömrü var olar yoldaş,
Keçirir sənlə ömrünü başa-baş.
Eləməz zərrə qədər fikrü xəyal,
Ev nədir, yanaşıdır əhli-əyal.
Sən ki, varsan, səbəb odur, zira,
Hər nə istərsə tez olur icra.
Həm onun xatiri bulur həmdəm,
Həm sənin xatirin olur xürrəm.
Həm sənə var bu işdə əcrü səvab,
Həm ona həşrdə olu nəmazi-ğürab.
Böylə olduqda dari-dünyada,
Yaşayarsız həmişə azadə.
Necə ki, söyləyir bunu aləm,
Nə cür işlər ki, görmüsən əqdəm.
Zəngəzurda olan zəmanında
Kimlər olmuş o vəqt yanında.
Hansı yerdə olaydı toyxanə,
Rəqs edərdik o yerdə məstanə.
Var idi həm bir az da avazın,
Oxudanlar çəkərdilər nazın.
Gecə-gündüz işindi fisqü fücur,
Olmuş idin bu növilə məşhur.
Nə qədər Zəngəzurda var yaşayan,
Rəncbər, fəhlə, yükdaşıyan,
Həmişə bəllidir bu gizli işin,
Necə ki, göstərir də tərpənişin.
Getmisən cümləsilə seyrə bağa,
Seyrdə çox dəyib dalın qabağa.
İndi bildim nədir buna hikmət,
Nə üçün məndən eylədin nifrət.
Çün uşaqlıqda, ay evi bərbad,
Görmədin neçə mötəbər ustad.
Bəxş edüblər sənə bu iqbali,
Olmayan qədrü rütbədə ali.
Mən də gər sən kimi bevəqt şəbab
Eyləsəydim hərifləri sirab.
Nə qalırdım cahanda bir gün ac,
Nə olurdum qələmdaşa möhtac.