İyul gecəsi… Yata bilmirəm. Kitab oxumaq istəsəm də, fikirlərim dağınıqdır. Bir səhifəni oxuyub o birinə keçəndə əvvəlki səhifəni unuduram, təkrar bir də oxuyuram. Ancaq yenə alınmır. Başım yerində deyil, sanki bədənimdən uzaqlaşıb naməlum yerlərə gedir. Mayn Ridin “Başsız atlı” romanı yadıma düşür. Dəhşətli tər məni hövsələdən çıxarır. Dostlarla görüşəndə də tez-tez deyirlər ki, sən nə çox tərləyirsən. Yayda kitab oxuya bilmədiyim üçün bu fəsli sevmirəm.
Babamın vəziyyəti ağırlaşandan özümdə deyiləm. Allah kasıbçılığın üzün qara eləsin. Kişiyə düz-əməlli əlil arabası da ala bilmədik. Babam həmişə böyrəklərindən şikayətlənir, allergiyası olduğunu deyirdi. Uzun illər pəhriz saxlamışdı. İki il öncə vəziyyətindən şübhələnib həkimə apardıq. Ciddi xəstəliyin olmadığını dedi. Soyuqdəymə əleyhinə müalicə yazıb bizi yola saldı. Antibiotiklər vurulduqca qocanın vəziyyəti daha da ağırlaşdı. Dabanlarını yerə qoya bilmir, divarlardan tutaraq ayaqlarını sürüyürdü. Sanki başı və çiyinləri ayaqlarını ağır yük kimi ardınca daşıyırdı. Anamla dayım əlacsız qalıb kişini yenidən həkimə apardılar. Axşam anam gözləri yaşlı halda evə gəldi. Anamı heç vaxt bu cür ağlayan görməmişdim. Elə bil atası ağır xəstə olan bütün övladların əvəzinə ağlayırdı. Sual vermək istədim. Danışa bilmədim. Həyəcan məni boğdu. Babamın öldüyün düşündüm, gözlərim yaşardı. Anam kövrək səsiylə, sadəcə, iki söz deyə bildi:
– Onkoloji xəstəlik.
Tibbdən anlayışım olmadığı üçün onkoloji xəstəliyin nə olduğunu bilmədim.
– O nə xəstəlikdir elə?
– Xərçəng xəstəsidir baban.
Gözlərimdən yaş axdı, anamın yanında ağlamaq istəməsəm də, özümü saxlaya bilmədim, içimi çəkərək, hönkür-hönkür ağladım. Babama çox bağlıyam. Dünyadakı ən maraqlı həmsöhbətim o olub. Babam olmaqdan daha çox dostum olub. Ata babam da xərçəng xəstəliyinin qurbanı olub. İndi həyatda olan yeganə babamın da ağır xəstə olduğunu anlayırdım. İnanmaq istəmirdim:
– Mama, bəlkə, səhv diaqnoz qoyublar. Axı bizdə həkimlər tez-tez səhv edir. Diaqnozu səhv qoyurlar.
Anam cavab verə bilmədi. Ağlamağım atamın xoşuna gəlmədi. İşdən evə haçan gəldiyini, qapıdan içəri nə vaxt girdiyini nə anam, nə də mən görmüşdüm.
– Ağlama, möhkəm ol. Ağlayan anana dəstək olmaq, həyan durmaq əvəzinə sən də ona qoşulub ağlayırsan.
Cavab vermədim. İçimdə yaranan qəzəbi atamın ağarmış saçlarına, qırışmış üzünə bağışladım. Saçları töküldükcə atama məhəbbətim və onu itirmək qorxum artırdı. Atamın alnına düşən qırışlar mənim qəlbimə düşürdü. Bir az da bacı-qardaş yoxluğunun əzabını yaşayırdım. Tez-tez də “övladın olsa, əmisi, bibisi olmayacaq” sözlərini eşidirdim. Sanki əmisi, bibisi olan adamlar çox xoşbəxt olurlar. Anamla atamı qocaldan səbəb yaşımın ötməsi, evlənməməyim, işsizliyimdir. Hələ ki özümü xoşbəxt gələcəyə inandıra bilirəm.
Babamı Onkologiya Xəstəxanasına zülmlə aparırıq. Ayaqları tutulub. Bizə əziyyət vermək istəmir. Həm də sağalmağa inamını tamamilə itirib. Babamın xərçəng xəstəsi olduğunu biləndə nənəm gizli infarkt keçiribmiş. Bunu təxminən bir ildən sonra bildik. Nənəm arıqlamış, tamamilə gücdən düşmüşdü. Həkim demişdi ki, ürəyi sanki bir saplaqdan asılı qalıb. Babam özündən çox nənəmi düşünürdü. Axı deyirdilər ki, yoxsulluq qapıdan girəndə məhəbbət bacadan qaçır. Bəs bu 53 illik məhəbbət niyə bacadan qaçmamışdı? Ən ağır günlərdə belə onlar bir-birlərini sevmiş, həmişə sədaqətli olmuşdular. Babam 75 yaşına kimi işləmişdi. Gecələr gözətçi işləyirdi. Qışın soyuğunda babam işdə, nənəmsə evdə yatmırdı. Babam restorana gözətçilik etdiyinə, nənəmsə babamı düşündüyünə görə yatmırdı. Gecələr babama zəng edib soruşurdu:
– Əmioğlu, necəsən? Soyuq deyil?
Soyuq olsa da, babam nənəmin narahat olmağını istəməzdi.
– Yox, Gülü, narahat olma, yaxşıyam. Peç yanır, otağım istidir.
Babamın otaq dediyi balaca bir gözətçi hücrəsi idi. Çox soyuq olardı qış aylarında, peç də yanmazdı. Orada qəzet, jurnal, kitab oxuyardı.
Dövrümüzün laqeydlik adlı xəstəliyi çox adamda soyuqluq, biganəlik yaradıb. Babamla yaxın dost olsaq da, həmişə ondan çəkinmişəm. Üzündəki zəhm, sərt baxışlar sərhədi keçməyimə əngəl olardı. Övladları üzünə baxmağa çəkinər, sözləri olanda nənəmə deyərdilər. Nənəm də uyğun hesab elədiyi məqamda babamı dilə tutmağa çalışardı. Nənəm uzun illər babamla birgə yaşamağı necə bacarıb? Bu sual məni həmişə düşündürürdü. Babamın kaprizlərinə çətin ki, başqa qadın dözəydi. Görəsən, nənəmin bezdiyi, tükəndiyi, ayrılmaq istədiyi anlar olubmu? Elə suallar var ki, cavabsız qalacağını bilsən də, daim cavab axtarırsan, bəzən məlum, bəzən naməlum ünvanlarda.
Babamın ölümünü gözləyərkən nənəmin halı pisləşdi. Babam sanki heykəltək donmuşdu. Günü-gündən zəifləyir, gözlərimin qarşısında əriyirdi. Bu məqamda əriyir sözü yerinə düşməyə bilər. Amma əminliklə deyirəm ki, sözün əsl mənasında əriyirdi. 50 il öncə həkimin “40 yaşdan sonra prostatını yoxlat” məsləhətinə əməl etmədiyi üçün də çox peşman olmuşdu. Qocanın qolları sallanmış, çiyinləri əriyib sinəsinə yapışmışdı. Elə bil bütün bədəni yerə uzanmaq istəyirdi. Sanki yaşamağı daha çox istədikcə bədəni iradəsinə təslim olmur, onu torpağa dartırdı. Nə idi, görəsən, babamın ölümünü gecləşdirən, təxirə salan? Deyirlər, insan böyük günah sahibi olanda çətinliklə ölür, ölümü belə dəhşətli olur. Ağrılar güc gəldikcə ölümü daha çox arzulayır, ölümü daha çox arzuladıqca sanki cəzası daha böyük olsun deyə, ömrü bir az da uzanır. Babamın böyük günah sahibi olduğuna inanmıram, ya da inanmaq istəmirəm. Babamın ən böyük nöqsanı zamanında həkimə getməmək, özünü yoxlatdırmamaq, müayinələrə qeyri-ciddi yanaşmaq olub. Əslində babam xəstəliyi çox da ağır keçirmirdi. Onu üzən, gücdən salan səbəb nənəmin gözlərində ölümü görməsi idi. 1941-ci ildə doğulan babam atasını görməyib, onun doğumundan 3 gün əvvəl babamın atasını müharibəyə aparıblar. Yaxın qohumları babamı anasına verməyib, özləri saxlayıblar. Uşaq yaşlarında babam həm atasız, həm anasız qalıb.
Nənəm dünyanı tərk etməyə tələsirdi, son sözlərini demək istəsə də, gücü çatmadı. Danışa bilmədi. Nitqi qurumuşdu. Çarəsiz babam acizliklə sadəcə, bu sözləri deyə bildi:
– Gülü, qurban olum, ölmə. Mən atadan, anadan yetim qaldım, heç olmasa, sən məni qoyub getmə. Məni yetim qoyma, qurban olum, heç olmasa, məndən əvvəl ölmə.
Nə edəcəyimi bilmirdim, sadəcə, susmuşdum, addım atmaq, hərəkət etmək istədim, bacarmadım, donub bir yerdə qaldım. Gözlərim yaşardı. Düşündüm: “İnsanın sonu budurmu?”. Ömrü boyu əlləşib-vuruşub, zəhmət çəkib, sonda bu taleyimi yaşayacağıq? Bəlkə, Tanrı, ya təbiət haradasa səhv edib.
Həmin gün anladım ki, kişilər təkcə anadan yox, qadından da yetim qalırlar.
Nənəm ölmədi, babamsa bir anda yüz dəfə ölüb-dirildi. Qocanın gözlərindən yaş axırdı. Həyatın bitmədiyini, hələ davam etdiyini bildirən sevinc göz yaşları. Babam bir də sevincindən ağlaya bilməyəcəkdi. Bu, sonuncu sevinc göz yaşları idi. Onun son arzusu ürəyində qalmadı.