Dəyişməli idi hər şey, ya da elə dəyişik
olmalıydı.
Məsələn,
ağlamalı deyildi bir körpə
anası öldü deyə.
Ya da bir ana fəğan etməməliydi
bala itkisinə.
Saqqal saxlamamalıydı kişilər
əzizlərinin yaslı xatirəsinə.
Dəyişik olmalı idi hər şey,
ya da dəyişməliydi bütün olanlar.
Atasını
qocalar evinə verməli deyildi
doğuluşu ilə nəzir paylanan oğullar.
Yollara dikilməməliydi
yaşlı qadın gözləri.
Xəstəxana divarlarında izi olmamalıydı
əzizlərin…
Dəyişməliydi hər şey,
ya da dəyişik olmalıydı bütün olanlar.
Məsələn,
Zəhra və Fərəh ölməli deyildi.
Aytac qılpayı qurtulmalı idi
«sevginin» pəncəsindən.
Özgəcanl
həyatını bağışlamamalıydı
şərəfdən yoxsul namərdə.
Və Xəzərdə ölməməliydi Neftçilər,
sönməli deyildi onların evinin
çöl lampası.
Susmamalıydı televiziyalar,
sevdiyimiz qar almamalıydı bizdən
alpinistləri.
Dəyişməliydi hər şey,
ya da dəyişik olmalıydı bütün olanlar.
Döyülməli deyildi
ağ gəlinliklə ata evindən çıxan qızlar,
kəfəni
övlada layiq libas bilməli deyildi
ata-analar.
Həmişə gülməliydi körpələr.
Daim işıq saçmalı idi dünyaya
körpə qığıltısı.
Somalidə,
Suriyada
və Odlar yurdunda
gülməliydi körpələr.
Dəyişməliydi hər şey,
ya da dəyişik olmalıydı bütün olanlar…
***
Bir qadının ömrü
sevildiyi qədərdir.
Tərk edilmiş bir qadın
kəsdiyi saçı uzunluğunda unudular –
Santi-santi…
Nə yağmurlar yaşada bildi
o qadını,
nə də rüzgarlar;
fəsillərdə itirdi mutluluğu.
Üç yüz altmış beş günə
sığdırdı
qəlbindəki ayrılıq sancısını.
Yazılmamış roman
bir qurtum şeir oldu
şairlərə…
Hamı o qadından yazacaqdı –
sevgisindən,
sancısından,
yara olan yarasından…
İndi bütün pəncərələrdə
qaranlıqlar yuva qurmuşdu.
Günəş də birdəfəlik unutmuşdu
unudulmuş qadının qəlbini isitməyi…