SƏN MƏNİ ANLAMAZSAN
İçində cavabsız suallarla dolu
bir dünya mürgüləyir üzü ayrılıqlara sarı...
Sənin anlamadığın dildə danışır,
baxma içinə gözlərimin,
sən məni anlamazsan...
Susuz səhra kimi çatlayar dodaqlarında
taleyinin təbəssümü.
Ömrün sınıq-salxaq divarları arasında gizlənər
əllərinin qoxusu...
Arzular süddən yanıq uşaq kimi
yapışar ayaqlarından ümidin.
Ümidsə...
Mən sərgərdan uşağıyam bu küçələrin,
boğazım kəndir izlərinə tamarzı.
Addımladığım yolun sonu nəhayətsizlik...
Sən məni anlamazsan...
Səninçün işığı görünən evin
mənimçün qapıları çoxdan bağlanıb.
Sahibsiz itlərin küçəsindən keçir ayaqlarım,
sahibsiz küçələrin itləri ötürür məni
mərhəmət dilənən gözləriylə
qaranlıqların içindən hər gecə...
Mən nəhayətsizliklərin adamıyam,
min ilin tənhalığı tökülür üst-başımdan,
sən məni anlamazsan,
anlamazsan sən məni...
TƏLƏSİRƏM
Hər gün bir ümüd ölür bu hücrənin içində,
hər daşın arxasından bir ruh boylanır mənə.
Gecələr darıxıram,
lap lülənin içində güllə darıxan kimi.
Sən isə sevinirsən,
sevinirsən məhbuslar türmədən çıxan kimi...
Həyat çox balacadı,
ümid acı, zaman dar...
Qəlbimi verdim sənə, götür nə var, yığ, apar,
arzuları yığışdır, ürəyimdən çıx, apar...
Mənim xoşbəxt olmağa vaxtım yox,
tələsirəm...
EŞQ ROMANI
Sevginin ətəyi olmaz, canım, kötəyi olar.
Dəydikcə yerindən qan çıxmaz,
yeri qançır olar, yara bağlamaz,
yəni havası gəldisə,
küt ağrılarla yandırar canını...
Məhəbbət üç il yaşar deyincə Berqber,
bəlkə də, özünə təsəlli üçün seçdi
bu həyat tərzini,
ya da sevginin acısını soyutmaq üçün
hər gün bir qadın ağladı,
hər gün bir eşq hönkürdü...
Görürsənmi... Görürsənmi...
Səni neçə göz ağladığımı,
neçə qucaq əzizlədiyimi,
neçə ayrılıq yola saldığımı,
bir qutu siqaret, bir udum tüstü kimi...
Sönmüş ocaqların külü nəm olar,
boş qalmış yuvaların
qapısının dəstəyi soyuq olar,..
Yalnız ürəklərin döyüntüsü çox,
bu qədər göz yaşı,
bu qədər qar soyuğu,
bu qədər eşq atəşi varkən...
BİR AZ ROMANTİKA...
Tıxananda boğazım bir cansıxan qəhərdən
köhnə görüş yerinə
sənsiz dönürəm hərdən...
Köhnə görüş yerimiz...
Əl-ayaq yığışanda qəribsəyir gör necə?!
Kövrək baxışlarıyla,-
bir az da ümid yağır…
Yolumuzu gözləyir elə bil ki hər gecə...
Xəfif külək yalayır göy suların üzünü,
yarpaqlar da titrəşir
səssizcə,
aram-aram.
Arzular ürəyimdən çıxıb bir-bir özünü
intihar həvəsiylə atır suya sakitcə...
Bax, beləcə baxıram,
bir azca darıxıram...
Kimsə yox,
hər yer sakit, qaranlıq çox fikirli.
Günahkar küçələrin ölgün baxışı kirli...
Təkcə pozur arabir
gecənin sükutunu qatarların fit səsi.
Bir də ki yorğun düşüb
hardasa qərib-qərib,
sahibindən inciyən bir kimsəsiz it səsi...
Tıxananda boğazım bir cansıxan qəhərdən,
Köhnə görüş yerinə
sənsiz dönürəm hərdən...
UNUDULMUŞ KİMİ…
Tavanı uçuq evəm,
Yağış da damır üstümə...
Keçən yaz da beləydi,
Bu qış da damır üstümə...
Mən bu ömrün içində
Qanadsız quş kimiyəm.
Tanrının gözlərində
Unudulmuş kimiyəm?
Taleyin ovucunda
Bircəydim, dikdənmişəm.
Sükutun gözlərinə
Çoxdan pərçimlənmişəm.
Ümidlər başıaçıq...
Buz kəsir nəfəsindən.
Səssizcə keçib gedir
Zamanın küçəsindən...
BAŞIN SAĞ OLSUN...
Mən də ölüb gedirəm,
vətən, başın sağ olsun.
Boyuma biçilməyən
kətan, başın sağ olsun.
Ayaq açdı dərd bizə,
ayrılıq çıxdı dizə...
Əlim çatmayan sözə
çatan, başın sağ olsun.
Bu kor bəxtin tasında,
otur ağla yasında...
Dərdin xarabasında
batan, başın sağ olsun.
Məhkum olub səsin də
ömrün məhkəməsində...
Ümidin kölgəsində
yatan, başın sağ olsun...