UZAQLAŞDIN
Getdin, uzaqlaşdın sən.
Atdığın hər addımda yad insanlar olduq biz.
Yadlaşdı gözlərimiz, yadlaşdı əllərimiz.
Əslində sən gedəndə mən tək qalmalı idim,
Yarım qaldın nədənsə.
Milyon qadın içindən sən girdin həyatıma.
Girdin girməyinə,
Bəs sonra həyatımı puç elədin nədən sən?!
Və getdin, uzaqlaşdın.
“Getmə!” deyə bilmədi, bu adam dilsiz oldu.
Hər şey bir yana,
Sənsizlik azmış kimi, sən çevrilib siz oldu.
Bakı balaca şəhər.
İllər sonra rastlaşdıq bir yad kimi bu səfər.
Heç çevrilib baxmadın, qürurunu əymədin.
Bizim bu eşqimiz də
Bəxtiyarın eşqitək bir salama dəymədi.
Necə demişdi şair?
“Sən mənə zülm elədin, mənə zülm yaraşır,
Bir salama dəyməyən eşqə ölüm yaraşır”.
İndi çıx get, uzaqlaş!
Əllərimin içindən su ol, ax, get, uzaqlaş!
YALNIZLIQ
Yalnızlıq xərçəng kimi yayılır bədənimə.
Bir az rəngim saralır,
Hamıya yadlaşıram, bir az çevrəm daralır.
Nə bu boş otağımda durmaq gəlir içimdən,
Nə də ki çölə çıxmaq.
Elə hey işim-peşəm köhnə çay qurtumlamaq,
Və bir də ki... darıxmaq...
Yalnızlıq çox çətindir,
Hərdən cana doyuram.
Sükut çökür üstümə.
Divardakı saatın səsin aydın duyuram.
Unuduram gülməyi...
Hər gün, hər gün ölürəm.
Bacarmıram ömürlük adam kimi ölməyi.
Heç nə ovutmur məni, –
Nə bir körpə gülüşü,
Nə baharın gəlişi,
Nə yağışın öpüşü...
Özüm özümə yadam.
Güzgüyə baxanda da mənə zilləyir gözün
Tanımadığım adam.
Mən daha öyrəşmişəm
Bu dağınıq yatağa,
Çirkli paltarlarıma,
Bu dağınıq otağa.
Heç vaxt dəyişməyəcəm,
Elə bu cür qalacam.
Sənin qismətindəki xoşbəxtlikdir,
Mənimsə yalnızlıqdır, balacam.
DE, NECƏSƏN?!
De, necəsən, necə keçir həyatın?
Möhkəm saxla o tutduğun adamı.
Qarışdırma onun nəvazişinə
Hey düşünüb unutduğun adamı.
Bilirsən ki, səni qışda qar kimi,
Payız vaxtı xəzan kimi sevirdim.
Səni əsla qılmadığım namazla
Bilmədiyim azan kimi sevirdim.
De, necəsən, necə keçir həyatın?
O da sənin saçlarından öpürmü?
O da sənin əllərinin içindən,
Barmağının uclarından öpürmü?
Qədərə bax, yollarımız bölündü...
Asandırmı bu getdiyin yol, qadın?!
Sən mənimçün milyon dənə şeirdin,
Onun üçün bir misra da olmadan.
De, necəsən, necə keçir həyatın?
Möhkəm saxla o tutduğun adamı.
Qarışdırma onun baxışlarına,
Qarışdırma unutduğun adamı...