– Arzuuuuuuuu........
– Arzu, qalx. Şəkər bayaqdan çağırır, gəlib görsə, yatmısan, səni birtəhər edəcək.
– Mama, səhər açılıb ki?
– Əlbəttə, açılıb. Sən hələ yatırsan? Bayaqdan boğazım cırılıb səni çağırmaqdan.
Şəkər başımın üstünü kişkirmişdi, qarabasmaya bənzəyirdi.
– Nolub, Şəkər?
– Tez elə, papam Leninqraddan gətirən paltonu geyin, mən də geyinmişəm.
Gözəl palto idi. Məhəmməd dayım ikimizə də eyni rəngdə almışdı, çiyinlərində paqonları da var idi, boy-buxunumuza o qədər qəşəng yaraşırdı ki, geyinəndə hər kəs bizə baxırdı. Qoşa gedəndə xüsusi təyinatlılara oxşayırdıq.
– Qalın əlcək götür, gedirik sərhədi sökməyə.
– Nəyi sökməyə?
– İranla aramızdakı sərhədi, eşitmirsən?
– Bəs balta-mişar götürməyim?
– Yox, yandıracağıq.
– Nəyi yandıracağıq?
– Sərhədi.
– Dayan, heç olmasa, bir lom götürüm.
– Dedim axı, lazım deyil, yandıracağıq.
– Bu havada da sərhəd yanar? Göydən buz yağır, 10-15 dərəcə şaxta var. Mamam haradadır, gəlsin, çayımı versin. Heç olmasa, bir stəkan çay içim.
– Maman avtobusdadır.
– Avtobusdadır? Necə yəni? İndicə burda idi axı. Sağ ol, ay mama.
– Tez elə, dur, artıq hamı yığışıb, papam avtobusu sürüb gedəcək, saat 6 oldu.
– Heç saat 6-da da qış səhəri açılar? Sən elə indi getmişdin ki bizdən, nə tez yatıb-durdun, yuxu gözümdən tökülür. Bezdirdin məni, sənin üzündən üç gündür yata bilmirəm.
– Dünən yatıb dincələrdin də.
– Qoydun ki? Yıxılıb yatmışdın yerimdə, yatmağa yer də tapa bilmədim.
– Gedib yatardın bizdə, mənim yerimdə.
– Sizə gedib çatana qədər səhər açılacaqdı, gəlib başlayacaqdın banlamağa.
– Yekəbaş...
– Baş neynəsin, sənin səs-küyündəndi dənə, şişib yekəlib.
Doğrudan da, avtobus ağzına qədər dolu idi. Məhlə arvadları yaylığını, çadrasını başına atıb hamısı bir nəfər kimi ayaq üstdə idi: avtobusa çatan çatmışdı, çatmayanlar qaçaqaçda idi. Deyəsən, elə ən gec qalan mən idim. Məhlə kişiləri isə çoxdan sərhəd qırağında idilər. Arvadların narazı baxışları, Şəkərin danlağı məni günahkar görkəminə salmışdı. Yüz illərin o tay-bu tay həsrətinin götürülməsini ikicə dəqiqə gecikdirdiyim üçün yaman qınağa çəkilmişdim. Bilmədim illərin həsrətininmi və ya hər hansı bir marağınmı qınağı idi. Nə isə.. Çox dərinə getməyim, yəqin ki, hər ikisi.
Kəndimizdən Arazın sahilinə bir-iki kilometrlik yol idi. Bu gün Arazla əl verib görüşəcəkdik. Yol buz bağladığından avtobus asta-asta irəliləyir, ürəklərsə tələsirdi. Bura aradabir Şəkərlə velosipedimizlə gələr, kənardan dayanıb Araza baxar, uşaq düşüncələrimizin fantaziyalarına dalardıq. Şəkər deyərdi: "Görəsən, o tərəfdə bizim qohumlarımız var?"
– Əlbəttə, var. Nənəm deyərdi ki, o tayda bizim bacı-qardaşlarımız qalıb.
– Görəsən, bizə oxşayırlar, görsələr, tanıyarlar?
– Nənə-babalarımızın adını desək, tanıyarlar. Nənəm onu da deyərdi ki, ermənilər o vaxt kəndə girib bizi qırmaq istəyəndə o tərəfdən bir cəsur döyüşçü gəlib, kəndimizin kişiləri ilə düşmənə qarşı vuruşub. Həmin adam topçu imiş, tez-tez topun yerini dəyişib düşmənə elə göstərib ki, guya bir yox, bir neçə topdan atəş açılır. Qadınlarımızı düşməndən qorumaq üçün bir həyətə toplayıb, bir hissəsini isə Arazın o tərəfinə keçiriblər. Nənəm ilk uşağını həmin vaxt Arazın qırağında tikanlı kol-kosun arasında dünyaya gətirib. Həmin uşaq Marşal ləqəbli şeir yazan dayım Sadıq imiş. Özünə Marşal ləqəbi götürmüşdü. Şeirlərinin sonunda "Ana, mən Marşalam, Marşal" deyərmiş, lap Aşıq Qərib kimi.
– Şeirlərindən əzbər bildiyin var?
– Sevdiyi qıza yazdığı şeirdən bir bənd:
Sən biçin biç, mən galxdim araba,
Qurban olum əlindəki orağa.
Sən gəlməsən, məhlə qalar xaraba,
Yeri ha, yeri ha, gözəl Nərgizim,
Sevgimdə əbədi, əzəl Nərgizim.
– Nə qəşəng şeirdir! Görəsən, o vaxt ermənilər kəndə girə bilmişdilər?
– Yox əşi, heç yel olub yanından da keçə bilməmişdilər. Böyükləri Andranikin tutub qulağını kəsmişdilər.
– Ha-ha-ha. Ona görə biz şuluq edəndə tutub qulağınızı kəsərik deyirlər, hə?
– Hə, Şəkər, Andranik də şuluq etmişdi də.
Şəkərin səsi məni xəyaldan ayırdı.
– Papa, bərk sür də!
– Darıxma, a qızım, bax gör nə qədər adam var?!
– Maşını saxla, Arzu ilə düşüb qaçaq.
Doğrudan da, o tay-bu tay Arazboyu adam əlindən yer yox idi. Bir vaxtlar gözümüzü deşən tikanlı məftillər ürəklərin odundan saman çöpü kimi aciz, külü qədər dəyərsiz görünürdü.
– Al, Arzu, sən bu dirəyi yandır, mən gedim o birisini yandırım.
– Dayan, ay qız, sən nə edirsən, gör nə qədər şəkilçəkən var, mən qorxuram, həm də üşüyürəm. Bir də hələ heç kəs yandırmayıb axı.
– Yandır, qızınacaqsan, qorxaq.
Şəkər elə danışırdı ki, elə bil nənəsi həyətdən topladığı çör-çöpə od vuracaqdıq.
– Nədən qorxursan? Görmürsən şəkilçəkənlər ruslardır, kimdir bizi tanıyan?
İpə-sapa yatmayan Şəkər təlaş içində o tərəf-bu tərəfə qaçır, məni də bu işə qatmağa çalışırdı. Arazın o tayına yığışan qardaş-bacılarımız isə bizə səslənir, daşa bağlanmış məktublar atır, Vətəni salamlayır, uzun ayrılıqlarını soyunub Araza tökürdülər. Araz isə heç nə olmamış kimi axmağında idi.
Deyir: "Dinəni nə yandırar, dinməyən". Araz da sükuta qərq olmuş lal görkəmi ilə demək istəyirdi ki, indi gördünüz ki, mən günahkar deyiləm, hər zaman günahlarımı yuya-yuya axdım, indi növbə sizindir, tökün günahlarınızı, tökün üstümə. İndiyə qədər yuyub təmizləməyə haqqım çatmasa da, gücüm çatar.
Tutub haqqın yolunu,
Axır təmiz, bəmbəyaz.
Açıb mənə qolunu,
Tutur qolumdan Araz.
Misra-misra, bənd-bənd yüklənirdim. Uşaq könlüm açılmamış çiçəklərin qönçəsinə bənzəyirdi. Şıltaqlığımı aparırdı Araz, nadincliyimə son qoyurdu. Axdıqca axırdım, yuyulduqca yuyulurdum, durulduqca durulurdum, bir az da günaha batmış kimi olurdum. Həyata baxışlarım öz müstəvisindən çıxıb belindəki xəyal qurşağını açır, sirr dünyasının qapılarını göstərirdi mənə. Ağ-qara rənglərin arasından əlvan rənglər axtarmağa göndərirdi məni. Mənə elə gəlirdi ki, Araz hər şeyi bilir, məni məndən yaxşı tanıyır. Uşaqlığımın son həyat hekayəsini danışırdı mənə, o gün Arazın sahilində bitən uşaqlığımın
***
Görəsən, Şəkər də öz hekayəsini dinləyirdimi? Yox, dinləmirdi, o heç eşitmirdi də. Axı o, məndən bir az kiçik idi. Onunla Araz arasında uşaqlığı boyda dirəklər, tikanlı məftillər var idi. Ona görə də təlaş içində idi, elə hey vurnuxurdu. Vurnuxurdu ki, əlindəki kibrit çöpü ilə aradakı bu maneəni götürsün. Uşaqlığındanmı qaçırdı, uşaqlığınamı qaçırdı, bilmirəm, mənə tərəf gəlirdi.
– Ver kibrit qutusunu mənə, mənim qutum boşaldı, hələ heç nə edə bilməmişəm.
– Al, Şəkər. Əslində səhərdən sən elədiyin qədərini heç kəs edə bilməyib. Bütün kameralar və fotoaparatlar da ən çox sənə tuşlanıb, xəbərin yoxdur. Xəbərin bir müddət keçsin, olacaq, bu hadisənin səsi çıxandan sonra.
Yavaş-yavaş qaralmağa başlayan hava misraları bənd olmamış şeir kimi idi. Həsrət dolu qış yuxusunun mənı nənsində yuxuya dalmış təbiət içi dolmuş sözlü ürəyə bənzəyirdi, Arazdan başqa. Elə bilirdin, indicə qat salmış buzların arasından çiçəklər boylanacaq, çiçəklərin ətrindən isə yüz illik yuxuların yozumu duyulacaqdır. Bəs heç vaxt gözünə yuxu getməyən, sağına-soluna layla çalan təmkinli Araz nə edəcəkdi?..
Heç kəs yerindən tərpənmək istəmirdi. Hamı qısa soyuq qış gününü çəkib uzatmaq istəyir, yüz illərin qaranlığını yüz illərin gündüzü etməyə çalışırdı. Deyəsən, geri–evə dönürük, sabah yenidən gəlmək şərti ilə. Avtobusdan enib hər kəs öz evinə dağılır, üzlər şad, çiyinlər ağır yük altından qurtulmuş kimi görünürdü. Tələsirdilər, kiməsə nəyisə danışmağa tələsirdilər. Ürəklər dolu idi. Yatıb yuxuda görmədiklərini görmüşdülər bu gün.
Gec idi. Anamın çox sevdiyi "Günün ekranı" xəbərlər proqramı çoxdan bitmişdi. Bir azdan Moskva televiziyasının "Vremya" ("Zaman") xəbərlər proqramı başlayacaqdı. Hamı ekran qarşısında öz yerini almışdı. Anam:
– Gəlin, bu televizora xod verin, xəbərlər başladı.
Rus dilində ilk xəbər başlıqları... Ekranda Şəkər vurnuxur, əllərinin hərəkətindən mənə nəyisə anlatmağa çalışır. Aman Allah, inana bilmirəm, deyəsən, biz hələ Araz qırağındayıq, baxın, bütün qonşular da ordadır. Rus dilində səslənən ilk xəbər başlığından anladığım bu cümlə oldu: "Bu gün baş verən xuliqanlıq hərəkatında qadınlar xüsusi fəallıq göstərmişlər". Bu cümlə oxunanda Şəkərlə məni ekrana yaxınlaşdırdılar. Yaşca məndən qat-qat böyük olan baməzə qardaşım şok olduğumu görüb ortalığı bir az da qarışdıraraq: "Təkcə xuliqanlarımız çatmırdı, o birisi xuliqan hanı? Görəsən, baxıb görür özünü?" – Şəkəri deyirdi. Bu tərəfdən anam incik vəziyyətdə sanki "Vremya"ya etiraz edirmiş kimi: "Bə bizi niyə yaxından göstərmirlər? Səhərdən bir sürü arvad soyuğu çəkə-çəkə ayaq üstdə dayanıb əziyyət çəkən biz, ancaq Şəkərlə Arzunu çəkib qoyublar göz qabağına, belə şey olar, ay balana qurban olum? Ağbirçəyə-zada da baxan yoxdu, zəmanə xarab olub, hörmət-izzət qalmayıb".
***
Bambaşqa bir gecəni sovuşdurub səhəri təzəcə açmışdıq, mən hələ də axşamkı hadisənin təsirindən çıxmamışdım. Televizoru da açmağa qoymurdum. Elə bilirdim, açılan kimi Şəkərlə mənim xuliqanlığımdan danışacaqlar. Qardaşımın yaman xoşuna gəlmişdi bu söz, tez-tez təkrar edib yadıma salırdı: "Xuliqanlar".
– Ee, mama, di bəsdirsin də, yoxsa yemək yeməyəcəm.
– Bəsdir, qaqaşı, küsdürmə uşağı. – anamın nəzərdə tutduğu, Cəlil Məmmədquluzadə demiş, "saqqallı uşaq" mən idim.
– Uşaq kimdir, ay ana? Uşağın böyüyüb, inanmırsan, get aç televizoru, "Vremya"ya bax. Birdə bunu mən demirəm ki. "Vremya" deyir, Moskva deyir, on beş respublika deyir, bütün dünya deyir və göstərir. Hələ bir çıxım görüm eşdə-bacada nə deyirlər, işə dəyib qayıdıram.
Qardaşım arzusuna çatmışdı, mən artıq küsmüşdüm, çarpayının altında idim. Çarpayının altı niyə belə balacalaşıb? Çoxdandır bura girmirəm, nədir, mənən çox sıxıcı gəldi. Əslində mənim bura girən vaxtım çoxdan keçmişdi. Anamdır da, imkan vermir ki, özümü yekə qız kimi aparım, böyüdüyümü hiss edim. Yəqin, mənim böyüməyim anama sərf eləmirdi, biri var uşaq anası olasan, biri də var böyük qız anası, o üzdən, yəni qocalmaq istəmirdi, nəvələri boyu boyuma bərabər anam. Sonradan atamın təkidi ilə qoca vaxtında bir səhv idi edib məni dünyaya gətirmişdi. Mənə nə var, ona xoş, mənə ondan da xoş. Böyüyüb qayğıkeş olunca uşaq qalıb qayğısız yaşamağı kim istəməz? Amma, həqiqətən, çarpayının altı çox balacalaşmışdı. Uşaqlıqda ora mənim küsərkən saxlandığım ən uyğun yerim idi. Qardaşıma xoş olurdu mənim orda qalmağım, həmişə də deyirdi: "Bacarın, orda çox qalsın, baş-beynimiz sakit olsun".
İş adı ilə evdən çıxan qardaşımın getməyi ilə qayıtmağı bir oldu. Çarpayının altına iki jurnal qoyub: "Al, bunları sən oxu, bu ikisini aparım verim o birisi xuliqan oxusun". Jurnalların üz qabığındakı eyni rəngdə paltolarımız olmasaydı, qırov bağlamış saçlarımız və ağ şarfa bürünmüş başımızdan heç deməzdin ki, bu, Şəkərlə mənim şəklimdir. Cürbəcür başlıqlar, cürbəcür şəkillər, içində də nələr-nələr....
Yox, deyəsən, vəziyyət qəlizləşir, mən elə burdan çıxmasam, yaxşıdır. Görəsən, Şəkər nə edir, səhər açılıb, ondan xəbər-ətər yoxdur. Bəlkə, onu aparıb basıblar dama, yatır? Sən demə, yazıq uşağa axşamdan deyiblər ki, KQB sizi axtarır, axtarışdasınız. O da qorxusundan qaçıb mənim kimi gizlənib. Axırda görüblər uşağın bağrı çatlayacaq, atası deyib ki, qızım, çıx, sənin problemin yoxdur, yaşın azdır, səni tuta bilməzlər, Arzunu aparacaqlar...
Elə bu arada qardaşım yenə də əlində bir neçə qəzet-jurnal gətirib çarpayının altına qoydu, özü də bu sözü deyərək: "Günün qəhrəmanları". Görəsən, qardaşım bu qəzet-jurnalları haradan, ən tez tapıb gətirir? Bəlkə, bilərəkdən evimizə göndərirlər. İçimdə doğan bu maraqlı sual məni yaman qorxudub təşvişə salmışdı. Qardaşım demiş, deyəsən, hələ çox gizlənməli olacağam. Gələn-gedən yox, darıxdım e burda, qardaşım harada qaldı, bir saat oldu, hələ xəbər gətirməyib.
Nə isə, başımı yormayım, mən hələlik burda qalsam, yaxşıdır. Çünki çarpayının altı düşünmək üçün daha əlverişlidir. Gələcəkdə şairdən-zaddan olsam, şeirlərimi də burada yazacağam. İnşallah, sərhədlər açılsın, bütün ölkələrə sərbəst gedib gələcəyik. İrana, Türkiyəyə velosipedimizlə də gedib-gələ bilərik, İran, Türkiyə haradır ki, budur burda – ağzımızın içində. Çox həyəcanlıyam, çox. Həyətimizdə qalxan səs-küy həyəcanımı lap artırdı, deyəsən, yerimi öyrənib məni tapdılar. Yox, çox tanış səslərdir.
Şəkər:
– Arzu haradadır?
Qardaşım:
– Kravatın altında.
– Hə, düz eləyir, qoy gizlənsin, tapa bilməsinlər.
Anam əlində bir adyal:
– A bala, dur çaydan-zaddan iç, sonra girərsəndə ora, heç olmasa bu adyalı çək üstünə, soyuq olmasın.
Şəkər adyalı alıb çarpayının altına qoydu. Əlində "kubik-rubik" oyuncağı var idi, sonra yaylı çarpayının üstündə oturub bərkdən-bərkdən yırğalanmağa başladı, yəqin ki, "kubik-rubik" oynadırdı. Aradabir əyilib çarpayının altına, ayaqlarım tərəfə söz deyirdi, ona görə ki başımın, ayağımın hansı tərəfdə olduğunu bilmirdi. Danlayır, qınayır, günahlandırır, elə hey danışırdı, elə danışırdı ki, elə bil bu hadisədə əli olan və Sovetlər dövlətini yıxmağa cəhd göstərən təkcə mənəm. Budur, artıq işin üstü açılıb, məxfi orqanlara cinayətkarın tutulub gətirilməsi haqqında tapşırıq verilib. Onlar da budur ha, dayanıblar qapıya, çarpayının altından çıxsam, bir əməllə əl-qolumu bağlayıb yığıb-yığışdırıb götürüb aparacaqlar. Şəkər əyilib jurnalları götürdü:
– Burda yaxşı düşməmişik, sən məndən hündür görünürsən, niyə?
Çünki mən yoxuşda dayanmışdım. Şəkər məndən boylu-buxunlu idi. Hələ yenicə başlayan gənclik dövrünün ilk illərini yaşayırdı. Orta məktəbdə oxuyurdu, çiçək-çiçək açan vaxtı idi. Qeyri adi üz cizgiləri vardı, iri ala gözləri gözəlliyinin təcəssümü idi. Uşaq idi. Heç özü də bunun fərqinə varmırdı. Bir yerdə böyümüşdük, eyni tir altında, buna təkcə qonşuluq demək olmazdı, ortada divar yox idi, olanı da vurub uçurdurduq. Bizi qoşa bacı kimi tanıyır, bəzən kimin kim olduğunu da qarışdırırdılar, Şəkər hansımızıq, Arzu hansımız. Açığı, heç özümüz də bilmirdik, biz hansımızıq. Göz açıb biri-birimizi gormuşdük, hər zaman Şəkəri qorumağa çalışırdım. Azacıq yaş fərqimiz uşaqlıqda böyük fərq sayılırdı, ona kiçik bacım kimi diqqət edirdim. Ata-ananı, bacı-qardaşı, qohum-qonşunu, el-aləmi boğaza yığıb cana doyursam da, təkcə Şəkərə yenilmişdim. Aradabir mənə təzyiqlər etsə də, ona dəyməyə əlim gəlmirdi, çox istəyirdim onu, mənim ən isti, köz-köz olmuş xatirəm Şəkər. Biz qoşa dayananda daha fərqli görünürdük. Sizcə də hansı əbancdadı ölmüş fotoqraf, hansı redaktor istəməzdi ki, bu gözəllik onun təmsil etdiyi hər hansı bir jurnalın, qəzetin üz qabığını, səhifələrini bəzəməsin, hansısa bir televiziya proqramının qəhrəmanı olmasın. Hazır ələ düşmüş obyekt idik. Jurnallar elə bil foto müsabiqəsi keçirmişdi, biz də qalib olmuşduq. Təbiətin qoynunda, Araz sahili, dağətəyi yerlərdə cürbəcür pozalarda təbii, orijinal şəkillər. Amma yazıların başlıqları xoşa gələn deyildi: "Xuliqanlıq hadisələri", "Xuliqanlar" və s.
– Bax bu şəkil qəşəngdir, mən sənə tapşırıq verən yerdə, amma sən heç bir işə yaramadın, yaramaz. Bu nədir, burda üzümüz görünmür, heç belə də şəkil çəkərlər, bacarıqsızlar. Xoşum gəlmədi, al buda sənə qalsın. Qoy sərhədi yandırıb yolları açaq, o taya keçəndə gəlib yenə də şəkillərimizi çəkəcəklər, onda yaxşı dayanarıq, şəkillərimiz keyfiyyətli olar.
Şəkər bu dəyərli məsləhətləri jurnalları vərəqləyə-vərəqləyə verirdi. Elə bu anda qardaşım yenə əlində jurnal içəri girdi. İmkan tapıb jurnalı çarpayının altına atmamış Şəkər kefini və istirahətini pozmadan:
– Əmi, ver görüm o jurnalı, bəlkə, ordan bir fərli şəklimizi tapdım.
– Al, axtarıb tapmağa ehtiyac yoxdur, bax gör üz qabığında qoşa ulduz kimi necə parlayırsınız.
– Hanı burda ulduz görünür? Qışın şaxtası, üstümüzə də qar yağır. Ay əmi, bir fərli jurnal tap gətir də.
***
Hər kəs öz işində idi: Jurnal gətirən, şəkillərə seçim edən, ev-eşik təmizləyən, bir nəfər yox idi, desin ki, ay adam, çıx bu çarpayının altından, sən də bir nəfəs al, söhbətə qarış, fikir yürüt. Bu nə deməkdir axı səhərin gözü açılmamış jurnal jurnalın, qəzet qəzetin dalınca gəlir. Əcəba, poçt, nəşriyyat, mətbuat orqanları evimizə, lap belə ayağımızamı qədər yürüyüb gəldi? Bəlkə, mən çarpayının altında ikən milli hərəkatın liderinə zadına çevrilmişəm, xəbərim yoxdur, hə? Yoxsa boşu-boşuna Moskvanın bu dərəcədə diqqətini cəlb etməzdim. Bu işin içində nəsə var, Şəkər demiş, məni həqiqətən gəlib aparacaqlar. Bunların nə vecinə, azadlıqdadırlar, düşüncələri zəif hiss olunur, amma mən düz üç saatdır çarpayının altında həbsdəyəm. Heç Şəkəri bir saat burada saxlamaq olar? Yox, olmaz. Axşam on beş dəqiqə şifonerdə gizlənməklə az qalmışdı ki, bağrı çatlasın. Gərək bura girməzdim. Atalar yaxşı deyib: "Qorxan gözə çöp düşər". Deyəsən, artıq çöp mənim gözümü də çıxarıb. Hamısı öz inadım üzündən, tərsliyimdən oldu. Mənə deyən var idi ki, küs, gir çarpayının altına, indi də çıxa bilmə, bu bəd düşüncəlilərin də fikirləri həqiqət olsun. Cəhənnəm olsun hamısı, bir az da yatım, çıxacağam burdan. Gəlib aparırlar, aparsınlar, hər halda onların həbsi burdakından ağır olmayacaq. Heç olmasa orda adam kimi oturaram, ayaq üstə dayanaram, burda belim-boynum qurudu, lap öldüm ki. Axşamdan azadlığa buraxılan Şəkər özünü çox rahat, sərbəst hiss edirdi. Yaylı çarpayıın üstündə bərkdən-bərkdən hoppanıb-düşməyə başlamışdı. Aradabir ombama dəyən zərbələrdən artıq işınəcələrə məruz qaldığımı hiss edirdim. "Bayırda elə qəşəng qış havası var: qar yağıb, yer donub. Mən gedim Kubuş bibim gilə xizək sürməyə. Sənlə çox oynadım, bəsdir, al bu kubiki, mən gələnəcən sən oyna, başın qarışsın. Bu jurnalı da aparım qəşəng şəklimizə baxsınlar" – deyib acımasızcasına çıxıb getdi.
Şəkərin üzü o yana, elə bu anda anam hövləng-hövləng içəri girib: "Hanı?" – deyəndə mən özümü ciddi rejimli koloniyada hiss elədim. Əlimdəki "kubik-rubik"in sonuncu damasını yerinə gətirə bilməyib anamın ayaqları altında yerə qoydum. İstədim, deyəm, kim hanı, mən burdayam, amma dilim tutuldu, içimi qara düşüncə sardı, anam niyə belə qəddarlıq edir, yoxsa o da Moskvaya işləyir? Gizləmək əvəzinə, qoşulub axtarış orqanlarına yoxsa məni axtarır? Bu anda çarpayının altına əyilərək:
– Bu nədir, sən hələ üstünü örtməmisən, sənə soyuq olacaq, mənim axırım necə olacaq.
Birdən dilim açıldı, təbii ki, bu mərhəmətli ana qayğısından sonra:
– Mama, kim hanı?
– Jurnallar, qəzetlər, sənədlər. Yiğ, ver, yiyəsi gəlib, aparsın.
– Yiyəsi kimdir axı? Bəs onlar mənə göndərilməyib?
– Yox əşi, sən onlara abunəçi deyilsən ki. Sonra gedib bir yerdən tapıb alarsan, onlar kitabxananındır, Şəfiqə gətirib ki, şəkillərimizə baxaq, oxuyaq, indi aparır, qoysun yerinə.
Yaxın qonşumuz Şəfiqə rayon kitabxanasının direktoru idi. Səhər-səhər iş başında qəbul etdiyi qəzet-jurnallardakı şəkilləri və jurnalların başdan-başa məhləmizi əks etdirdiyini görüb elə təhvil alar-almaz üzünü döndərib məhlə tərəfə – qəhrəman, fəal oxucularına sarı. İlk rastına çıxan qardaşım da eləmə tənbəllik, əlinə keçən bu fürsətdən yararlanaraq axşamdan qorxduğumu görüb küsməyimin intiqamını bu yolla almaq qərarına gəlib.
Mən hələ də çarpayının altına yapışıb qalmışdım. Anam jurnalları, qəzetləri toplaya-toplaya: "Bəs "Oqonyok" jurnalı ilə "İzvestiya" qəzeti hanı?" – deyə soruşdu.
Birdən yadıma düşdü ki, onları Şəkər aparıb. Çarpayının altından nətəhər çıxdımsa anamdan qabaq Şəfiqənin yanına çatdım.
– Dayanın, jurnalla qəzetin birini Şəkər aparıb. Qoyun qaçıb gətirim, üzünüzə söz gəlməsin.
Mənim çarpayının altından çıxmağım, azadlığım, amma bütün bunlar təhlükənin sovuşması demək deyildi. Azacıq yerdə ilişməmişdik, Moskva hələ intiqamını almamışdı.
***
Şəkər gedirdi Kubuş bibisi gilə. Bibisi gilə çatana qədər illər elə tez gəlib keçmişdi ki... Ordan da taleyinin apardığı yolla gedəcəkdi – Təbrizə yox, Moskvaya.
Mən artıq taleyimdən güllələnmişdim. Şəkəri isə çörəyi dizinin üstündə olan Moskva elə basmışdı ki bağrına, az qala inanmışdıq bu sevgiyə. Mən çox ağrıyırdım. Doqquz aylıq körpəni qucağıma ala bilməyəcəyim qədər gücsüz idim. Şəkəri gözləyirdim, çox darıxmışdım onun üçün. Ondan başqa gözləyə biləcəyim biri qalmamışdı. O da əli-uşaqlı olmuşdu, yenicə doğulmuş körpə qızcığazına sarılmışdı. O da məni görməyə tələsirmiş, lap çox tələsirmiş. Həm də iştirakçısı olduğu, canını fəda etdiyi hərəkatın acısını-şirinini dadıb yaşamaq üçün.
Moskva Şəkəri üzü vətənə sarı yola salmışdı. Körpəsinin doğum günündə üzü Təbrizə sarı ana məzarı olmaqdan ötrü. Çox gənc bir ana məzarı... Körpə ilə ananın arasına isti vətən torpağı tökülmüş, dünya ağırlığında, qış qoxulu, şimal buzu qədər soyuq bir daş qoyulmuşdu. Hər dəfə ayağı yenicə yer tutmuş isti körpə nəfəsindən əriyib tökülürdü bu daş. Balaca əlləri ilə torpağa sərdiyi çiçəklər soyuq ana məzarını yandırıb yaxır, ananın isə məzardan fəryadı duyulurdu:
Gəlib məzarımı boyama aha,
Yolum açıq deyil, mən durum gəlim.
Bağrın göynəyəndə sığın Allaha,
Qoy rahat uyuyum, rahat dincəlim.
Gəlib məzarıma düzmə gül-çiçək,
Ömrünü, gününü bürümə yasa.
Mən gələn yollardan gözlərini çək,
Körpə ürəyinə daş basa-basa.
Ağlayıb islatma sinə daşımı,
Nəm çəkər otağım, yaşına dönüm.
Əlimdə deyil ki, hər ah çəkəndə
Durum milyon dəfə başına dönüm.
Torpaq nalə çəkər, açar bağrını,
Burda doğma yatar, yad yatar, bala!
Gəlib qızışdırma buz yatağımı,
Ana məzarıdır, od tutar, bala!
Ana məzarıdır, od tutar, bala!!!
İndi bu məzara gül qoyanların sayı çoxalıb. Məzar yaşlanıb nənə məzarı olub. Balaca Şəkərlə bacısının nənəsinin məzarı.
Mən hər zaman acısı-şirini bəlli olmayan həyat haqqında düşünüb, Şəkərlə Arzunun çılğınlığından doğan xatirələri də ona əmanət edirəm. İndi aradabir Şəkərə cavabsız məktublar yazıram. Bu hələlik sonuncu məktubumdur. Məktublarımın hamısı eyni sonluqla bitir:
"Əzizim Şəkər!
Sən məni bircə dəfə çağırıb oyandırardın. Amma mən səni gör neçə illərdir çağırıram: Şəəəəəəkəəəəəəəəəəəəəəəəərrr...”