Dizlərinə sarılmış tale
Külək əsdikcə köhnə taxta qapı cırıldayırdı. Bu qapı heç vaxt açıq saxlanmazdı. Bir təpiklə rahat açılacaq qədər köhnə olsa da, özünə ağırlıq edən ağır bir qıfılla bağlanardı. Payız gələndən qıfıl həyətdəki nar ağacının dibində gözə dəyirdi.
Artıq üç il idi, pəncərələri ancaq yağış yuyurdu. Üç il idi, evə insan əli dəymirdi. Vaxtı ilə kəndin nə dəbdəbəli evi sayılan bu ev, indi ən köhnə, ən dəbsiz ev idi. Bir vaxtlar səs-küyü, qonaq-qarası əskik olmayan bu cah-calal indi kimsəsizlik, tənhalıq yuxusuna getmişdi.
Bu evdə beş uşaq böyümüşdü. Rayonun bütün hörmətli insanları bu evdə, heç olmasa bir dəfə duz-çörək kəsmişdi. Amma indi... Payızın quru xəzəlləri açıq qapıdan içəri dolmuşdu. Qaranlıq dəhlizdə külək vurduqca ora-bura səpələnən xəzəllər kimsəsizliyə həmdəm olmağa çalışırmış kimi sükuta səs verirdilər. Burda-girişdə balaca ayaqqabı rəfi olardı. Vaxtı ilə evin sahibəsi Sənubərin cehizi idi. Göz bəbəyi kimi qoruyardı onu. Rəfin bütün gözlərinə qəzet düzmüşdü. O qədər qəzet düzmüşdü ki, rəfdən çox qəzet köşkünə bənzəyərdi. Ayaqqabıları yaxşıca silib sonra düzərdi ora. Qırx il ötsə də, rəf təzə kimi idi. İndi bu rəfin yerində də köhnə qəzet parçaları və xəzəllər uçuşurdu.
Keçən yaz Sənubərin böyük qızı rəfi aparmışdı. Toyuq damında ona lazım imiş. Həmin gün bundan xəbər tutan o biri bacılar da gəlib evdəki bütün əşyaları bölüşmüşdülər. Qardaşlardan biri haqq dünyasına qovuşduğundan, biri də uzaqda olduğundan bölgüdə bacılar iştirak etdilər. Dəmir çarpayılar, sınıq şifonerlər, qazanlar, qablar, xalçalar-hər şey bölüşdürüldü. Ən yararsız əşyaya kimi... Yay uzunu bir-bir hərə öz "qənimətini" daşıdı. Əslində qırx ildən qalma bu əşyalar heç kimə lazım deyildi. Məqsəd daşımaq, bölmək idi. Bəzisi evə çatıb zibilə atıldı, bəzisi aylarla yağışın altında qalıb çürüdü. Sənubərin toz qondurmadığı cah-calalı hər gün bir az "qarət olundu".
Külək vıyıldadıqca bir az da coşan payız xəzanı içəri dolurdu. Sanki bu şahlığın süqutunu öz gözləri ilə görmək istəyirdi. Üç otaqlı bu evin pəncərələrini yağış döyəcləyirdi. Sənubərin beş uşaq böyütdüyü, illər sonra canın tapşırdığı bu ev bir taleyin həzin sonuna səhnə olmuşdu.
Evdə qalan yeganə əşya zalın küncündəki köhnə mebel idi. Anası bu mebeli tütün satıb gizlincə topladığı pula o vaxt Krasnodardan gətizdirmişdi. Ən sevimli qonağına belə qıymadığı cehiz qablarını düzərdi bu rəflərə. Hər qabın qarşısında dəyərli anı xatırladan bir ağ-qara şəkillə bəzəyərdi. Bu mebel toz içində, sınıq-sökük olduğundan, yəqin, heç kimə lazım olmamışdı. Otağın küncünə yüzə yaxın balon-banka yığılmışdı. Bəzilərinin içində hələ də çoxdan xarab olmuş mürəbbələr gözə dəyirdi. Bu bankaları göz nuru kimi qoruyardı. Yay uzunu tədarük görər, qışda yeyilib boşaldıqca yuyub səliqə ilə mətbəxdəki rəflərə düzərdi.
Amma indi mətbəx rəfləri də yox idi. Evin balaca qızı aparıb doğratdırıb həyətdə odun kimi işlətmişdi ki, balon-banka bağlayanda qaza qənaət etsin. Hər divarından, hər qarışından qırx ilin hakimiyyəti qoxuyan bu ev indi süqut etmiş şahlığın xarabalığını xatırladırdı. Gecə düşdükcə kəndin bütün evlərində bir-bir işıqlar yanırdı, bu ev isə sanki daha da zülmətə boyanırdı. Bəzi pəncərələrdə vaxtı ilə kraxmalı əskik olmayan, Sənubərin öz əli ilə tikdiyi pərdələrin nimdaş qalıqları yelləndikcə boş otaqlarda vıyıltı qulaq batırırdı. Rəfin sınıq şüşəli qapısına keçirilmiş və evdə həyatı xatırladan yeganə şəkil nəvəsinin toyunda çəkilmiş rəngli şəkil idi. Dörd il əvvəl, ölümündən bir il qabaq çəkilmiş bu şəkli çox baha çıxardığı üçün toyda fotoqrafı xeyli danlasa da, bu şəkli çox sevərdi. Özünün həvəslə "impırtnı" dediyi qabına dayamışdı. Evdə olan "impırtnı" hər şey daşındığı üçün şəkli sınıq qapıya keçirmişdilər.
Qəfil şimşək çaxdı, göy guruldadı. Tənha ev son dəfə dünyaya işıqlandı. Qapını külək daha da hirslə çırpdı. Rəfdəki son şəkil, evdəki son işıq, həyat eşqi havaya sovruldu. Durmadan gəl-getli dünyaya açılıb-bağlanan, küləklə çılğınca rəqs edən qapı gecənin qaranlığına sovruldu. Tənha ev soyuq qollarını dizlərinə dolayıb, öz küncünə çəkilib, həzin-həzin taleyinə ağladı. Yağış yudu, o ağladı, o ağladıqca yağış yudu...
Sona açılan sabah
Hər şey o səhər başladı. Çox şey isə bitdi. Axşam şəhərdə yaşayan oğlundan zəng gəlmişdi, səhər gələcəklərini söyləmişdilər. Beş övlad böyüdən ər-arvad indi öz sadə "komalarında" tək yaşayırdılar. Hərə öz yolunda, öz ailəsinin başında idi. Övladlardan hansı gəlsəydi, bu evdə toy, bayram olardı. Ata təqaüdünün son qəpiyinə kimi bazarda qoyub evə əlidolu qayıdar, ana da naz nemətlərdən bişirib düzərdi. Hər qapı səsinə tez qaçardılar, amma bəzən gecə olsa da, gələn olmazdı. Hər şey ortalıqda qalardı. Zəng də gəlməzdi. Səhər ata zəng edincə "vaxt edə bilmədim" kəlməsi ilə bütün suallara cavab tapılardı. Görünən suallara... Qəlbdəki suallar isə cavabsız qalardı. Hər şey günlərlə ortalıqda qalar, protez dişlərlə yeyilməsi mümkün olmayan hər şey toyuq-cücəyə yem olardı. Gələn təqaüdə kimi şorla-çörəklə ayı başa vurardılar.
Vaxtı ilə səs-küyündən qonşuları belə dilə gətirən bu ev indi "qocalara" qalmışdı. Yenə axşam gələn zəngin həyəcanı var idi. Hava çox soyuq olsa da, səhər altıda yaşı yetmişi haqlamı ata yuxudan durub bazara yollandı, dünəndən hər tədarük görülmüşdü. Yalnız ət qalmışdı. "Ətin yaxşısı səhər obaşdan olur" deyib bu günə saxlamışdı. Ana da tezdən oyanıb külçə xəmiri yoğurdu.
Dizdən qar var idi bayırda. Bu gün başqa gün idi. Gecə uzunu yağan qardan sonra səma masmavi aydınlanmışdı, hava ciyərləri sızladacaq qədər təmiz idi. Xəmiri odun sobasının yanına qoyub üstünə balaca yorğanı atdı. Bu pambıq yorğanla o, beş övladını böyütmüşdü. İndi də atmağa qıymırdı. Bayırda pilləkənin başına yoldaşının doğrayıb yığdığı yaş, bir az palçıqlı odunlardan qucağına yığıb evə qayıtdı. Üzündə fərəh dolu bir təbəssümlə ocağa atıb qarşısında diz çökdü. Gözünü yuxu apardı.
Yoldaşı bəzən uşaqların çıxıb getməyindən gileylənsə də, o heç vaxt şikayət etməzdi. "Təki canları sağ olsun" deyib kişini sakitləşdirərdi. Amma bəzən tənhalıq ona da ağır gələr, beş oğul və beş gəlindən heç birinin yanında olmamasından kövrəlib gizlin-gizlin ağlayardı. Gözünü açanda saat yeddini göstərirdi. Yuxusunu aldığı üçün daha həvəslə, daha qıvraq ayağa durub pəncərəyə yanaşdı. Yoldaşının rezin çəkmələrinin izi cığır boyu qalırdı. Amma izlərdən hələ də geri qayıtmadığı bilinirdi. "Yəqin, əti gec kəsiblər, bu soyuqda kim ət kəsər, iti qovsan, bayıra çıxmaz" dodağının altında deyinib işə başladı.
Bu gün onun ortancıl oğlu gələcəkdi nəvələri ilə. Ən çox sevdiyi yeməkləri gecədən hazırlamışdı-üçqulaq paxlava, qabaq sıyığı, şabalıdlı aş... Külçənin xəmiri də artıq gəlmişdi.
...Həyəti bürüyən yanıq qoxusu aləmi yayılmışdı. Kişi təngənəfəs özünü evə atıb "Ay arvad, yenə nəyi kömür etdin?" dedi. Odun sobasına bitişik sobadan tüstü qalxırdı. Qarı isə əlində maşa sobanın qarşısında, dodağında solğun bir təbəssümlə başını önünə əyib mürgüləyirmiş kimi oturmuşdu. Kişi əlindəki ət olan zənbili yerə atıb gördüyü mənzərə qarşısında acizanə şəkildə diz çökdü. Hıçqırtı ilə qarıya sarıldı. Solğun yanağından öpüb onu özünə çəkdi. Ocağa tərəf olan qolu isti idi, ona tərəf olan qolu isə buz olub yanına düşdü.
Maşanı isə əlindən buraxmırdı, çünki hələ yarımçıq çox işi var idi. Aləmi bürüyən yanıq qoxusuna gələn qonşular göz yaşları içində susub qaldılar. Telefonun o başından gələn səs yenə eyni sözləri deyirdi "Ata, gözləməyin eee, qar yağıb, çıxa bilmirik". Atanın hıçqırıqları və boğuq səsi...
Üç günə hər kəs gəldi. Xaricdə yaşayan ən kiçik oğlu belə. Üç gündən sonra hər şey bitdi və hərə öz vəzifəsini "yerinə yetirib" öz yuvasına döndü. Gedərkən hər biri "Ata, gəl mənimlə qal" sözünü bir son vəzifə kimi deyib son model avtomobillərdə yola çıxdı.
O gün hər şey bitdi, çox şey isə başladı. Qırx ilin dostluğu, ömür yolu bitdi. Bir saatı qırx il kimi keçən intizar, həsrət, tənhalıq başladı. İllərin əziyyətindən, qayğısından qırışmış o sima, solmuş o gözlərin istiliyi bitdi, tələbəlikdə çəkilmiş şəkillərdən baxan sevgi dolu o qızın buz kimi donmuş baxışları dərd ortağı oldu. Bir ailənin tarixi sona çatdı, sonu olmayan bir sevgi və yoxluğun, həsrətin, intizarın, onsuzluğun tarixi başladı. Yaşanmışlar bitdi, keşkələr, təəssüflər başladı. Deyintiyə qarı getdi, o deyintiyə susayan dərin bir sükut başladı. Beli bükülsə də, odun daşıyan, bazara gedən gecələr sobaya odun ata-ata nəvələrinin sözün danışıb gülən o gümrah qoca getdi, qar altında buza dönən həyat dostu üçün yanan ürək qaldı. Gecələr sobaya odun atmaq belə istəməyib, işığı yandırmağa belə cəsarət etməyib zülmət içində hıçqırıb ağlayan bir qoca qaldı. Çarpayısında sevimli qarısının paltarların asar ılıb titrəyən tənha bir ata qaldı.
Soğan oğrusu
Şəhərə gəldiyi ilk günlər kimi, tələbəliyin ilk ili kimi amansız deyildi universitetin ikinci ili. Bəlkə də, hər şey daha da çətin idi, amma artıq o öyrəşmişdi. Ya da öyrəşməyə çalışırdı. Dərslər başlayandan xeyli sonra – sentyabrın sonları şəhərə gəlib çıxa bilmişdi. Maddi çətinliklər, kirayə ev tutmaqla başlı problemlər, hamısı bu gecikmələrin səbəbi idi. Yenə evdən yarı ac, yarıtox günlər başlayırdı. Təzə heç nə yox idi: nə ayaqqabı, nə paltar. Yeni qalacaqları ev bir villanın girişi arxa həyətindən olan zirzəmisi idi. Çox geniş otaq olsa da, həyətə açılan və otağın divarının yuxarısında olan üç kiçik pəncərədən düşən cüzi günəş işığı ilə işıqlanırdı. Evi kif qoxusu başına almışdı. Sıra ilə üç dəmir çarpayı və bomboş otaq. Otağın qapısı açıldıqdan sonra aşağı dörd qalaq pilləkənlə düşülürdü. Sanki nağıllarda sar ayların, qəsrlərin gizli, sirli otaqlarını xatırladırdı. İki tələbə qızla bu otaqda qalmalı idi. Otaqda əlavə olaraq bir də qaz peçi var idi. Həyətdə, zirzəminin qarşısında isə hamam var idi. Ev sahibinin bütün qış ehtiyatları – kartofu, soğanı az istifadə olunan bu hamamın qarşısına yığılırdı.
Gecələr çox dəhşətli keçərdi. Üç gənc qız balaca pəncərələrdən düşən ay işığında həyətin meyvə ağaclarının əcaib məxluqlara çevrilən kölgəsindən qorxaraq vahimə içində gecəni səhər edərdilər. Bu qorxunc mənzərəyə bir də ev sahibinin bu zirzəminin üstündə yerləşən otağından gələn çarpayı cırıltısı da qarışınca qorxu səhnəciyi tamamlanırdı.
Qızların büdcəsinə yaşca ən fərasətli olanı nəzarət edirdi. Büdcə isə, ümumiyyətlə, yox idi. Qərara gəldilər ki, son yol pullarını verib çörək, yaş alsınlar, rayondan pul gələnə kimi dərsə getməsinlər. O, böyük qızla yola çıxıb balaca bir ərzaq dükanı tapdı, bir paçka ən ucuz olan yağ və bir çörək alıb evə qayıtdılar. Amma yağla bişiriləsi heç nə yox idi. Qızların balacasından təklif gəldi ki, həyətdəki soğandan bir dənə götürüb yağda qızartmaq olar. Fikir hər kəsə dəhşətli gəldi. Bu, oğurluq idi. Saatlar keçdi və ac qarınlar səs-səsə verdi. Hava qaralırdı. Təklifi verən qız ayağa durdu və iş başına keçdi, soğan kisəsinin yanına getdi, qızın böyüyü pilləkənin başında, o isə ən qorxağı olduğundan otağın içində durdu və beləcə biri atdı, biri tutdu, o isə gizlətdi. Cəmi iki soğan. Həyatının ilk oğurluğu idi bu. Böyük qız soğanları bir dilim yağda qızartdı. O birilər ümid edirdilər ki, bir çörəklə yağ-soğanı yesələr, doyacaqlar. Amma hər şey hazır olunca ümidlər puç oldu. Cəmi üç dilim çörək kəsildi və üzərinə yağ-soğan çəkib yeməli oldular. Çünki bu çörəklə bir neçə günü yola vermək lazım idi, kənddən pulun nə vaxt gələcəyi isə məlum deyildi. Elə ki qarınlar bir az tox oldu, şirin yuxu gəldi. Üçü də yorğanı başına çəkdi.
Həyətdən addım səsləri gəldi. Nəhəng bir kölgə otağı tutdu. Gah pəncərəyə yaxınlaşıb, gah çəkilən bu bədheybət çox qorxunc idi. Heç biri səsini çıxarmayıb özünü yuxululuğa vurdu və getdikcə böyüyən kölgə yavaş-yavaş evin qapısına əl atdı və otağın qapısı bağlandı. Elə ki səs tam kəsildi, hər üçü dik atılıb yerlərinin içində oturdular. Bir azdan ev sahibinin qalın, kobud səsi gəlməyə başladı həyətdən. Soğan kisələrini sürüyüb öz həyətlərinə apardı. Bəlkə, evinin pəncərəsindən bütün oğurluğun şahidi olubmuş. Beləcə üç gün də keçdi ac-susuz. Həyətdəki nar, xurma ağaclarındakı meyvələr gəl-gəl deyirdi. Amma ikinci mərtəbənin pəncərələri bu həyətə açılırdı. Həyətin küncündə elə kirayəçilər üçün tikilmiş tualetə bəzən gündə üç dəfə gedirdilər ki, bəlkə, bir meyvə qopara bilərlər. Amma yox, soğan oğurluğunun vahiməsi hələ də canlarından çıxmamışdı.
Yalnız bir həftə sonra kənddən pul gəldi, amma bu müddətdə həyətdən bir meyvə belə əskilmədi. Pul gəlincə yenidən heç nə - aclıq, oğurluq, qorxu olmayıbmış kimi həyat öz axarına düşüb davam etdi. Amma pul bitincəyə qədər...