... - Baba, ətraf quraqlıqdı, amma, bir bax, bu guşə cənnət məkandı. Ortasından çay axır. Necə olur bu?
- Allah yaradan möcüzələrin sayı-hesabı yoxdu, bala...
- Nə yaxşı ki, bəxt üzümə güldü, bura gəlib çıxdım, yoxsa ucsuz-bucaqsız səhrada ya vəhşi heyvanlara yem olacaqdım, ya da susuzluqdan ciyərim yanardı. Daha burdan heç yana tərpəndi yoxdu. Amma bir şərtim var, baba... mənim kimliyimi soruşma, hardan gəlib, hara getdiyimi də...
Qoca dünyanın gərdişindən agah olanlara xas təbəssümlə başını ağır-ağır tərpətdi...
Səhra cəhənnəmindən qurtulansa sorğu-sualına ara vermədi:
- Burda elə ikimizik?
- Hə.
“Qurtulan” qulaqlarına inanmırmış kimi ürkək-ürkək yan-yörəyə boylandı:
- Elə sənnən mən? – deyəsən canına qorxu düşdüyündən səsini yavaşıtdı.
Qoca yenə başını tərpətdi.
“Qurtulan” duruxub səsini uddu, sonra birdən gülüb qocanın oturduğu iri kötüyün üstündə qurcalandı, aşağıdan-yuxarı müsahibinə baxdı.
- Yaxşı ki, elə ikimizik, baba, adamlar bizim nəyimizə lazım, day heç kəsdən qorxub çəkinmərik... Elə ikimiz yaşayarıq burda, Allahın verdiyindən yeyərik, çayda çimərik... bu çayın dupduru suyu hər gün bizi tərtəmiz eləyər...
- Su bədəni təmizləyər bala, ruhu ki, təmizləmir...
- Bəs, ruh nəynən pak olur, baba?
Qoca dinmədi, gözlərini yumdu, elə bil göz qapaqlarına dinclik vermək istədi, bayaqdan elə pallı-paltarlı özünü çaya vuranı, əynindəkilərdən süzülüb kötüyün dibinə axan suyun fərqinə varmayan kəsi görmək istəmədi, çünki görsəydi dilinin ucundakıları nagüman-nagüman da olsa yerli-yataqlı deyə bilməzdi. Handan-hana dodaqları tərpəndi:
- Gərək can özü arınmağa hazır ola...
Deyəsən, qocanın bu sözündən “qurtulanın” ağlı bir şey kəsmədi və bəlkə də ürəyində özünü qınadı. “Qocanın nəsə başqa sözü var, ancaq mənə etibar eləmir... Mən də düz eləmədim. Dedim ki, mənnən heç nə soruşma... Hardan biləydim ki, qocadan savayı buralarda ins-cins yoxdu? Gərək hər nə çarə var, qocanın könlünü alam. Bəlkə hər şeyi olduğu kimi ona danışım, qoca da olsa nəfəsdi, adama həyandı, təkbaşına kim neynər axı... adamın bağrı elə təklikdən çatlayar...”
Əyilib kötüyə dayadığı heybənin ağzını açdı, bir ovuc qızıl çıxarıb qocanın ayağının altına əndərdi, qoca qızılın cingiltisinə kirpiklərini bir-birindən aralasa da gözünü endirib ayağının altına belə baxmadı.
- Baba... Biz üç yoldaş... qızıl axtarmağa getmişdik... Başımıza min bir müsibət gəldi... amma axır ki, qızıl küplərini tapdıq... Gizlətmişdilər... Amma bölüşəmmədik... Dedik, vuruşaq, kimin qolu zordusa, qızılların çoxu onunku olsun. Yoldaşlarım tab gətirmədi, qalib mən oldum. Bu işdə mənim zərrəcə günahım yoxdu, baba... Çünki şərtimiz şərtiydi... Kim güclüdü, qızıl da onunkudu. Onların yerinə mən də ola bilərdim... Niyə dillənmirsən, baba? Axı mən əzab-əziyyətimlə yumuşam öz günahımı, ölməmişdən o dünyanı diri göznən görüb gəlmişəm... Səncə... mən bu işdə günahkarammı?
- Günah çəkən şan-tərəzi bu dünyada yoxdu, oğul... O tərəzidə əyər-əskik də axtarma. İntəhası, bir heybə qızıla görə bu boyda günaha batmağın adı nədi? İstəsən, sənə üç söz öyrədim. Gecəyarısı sidq-ürəklə çayın qırağında yavaşca demiş olsan, gözünü yumub açan saatda çayın axar suyu qızıla dönər.
“Qurtulan”ın yaş, soyuq bədənindən ilıq bir gizilti keçdi:
- Bəs, niyə dayanıb durmuşuq baba? – bədəninin giziltisindən səsi də titrədi. Heç inanmaram ki, ömrünün bu çağında hökmdar kimi yaşamaqdan vaz keçəsən?! Lazım olsa, mən özüm sənin qulun-nökərin ollam, baba...
- Sözüm hələ bitməyib... qulaq as... Amma, bir məsələ var... çayın suyu qızıla dönsə, bu cənnətməkan bir qırpımında gözündən batar. Elə biz özümüz də susuzluqdan ölüb gedərik...
- Batsın da! Cəhənnəmə ki! Bizim buralarda nə itimiz azıb? O ki qaldı susuzluqdan ölməyimizə, onun çarəsi var... Sənin bu daxmandakı bütün qab-qacağı, səhəng-satılı, əlimizə keçən nə varsa, suynan doldurub qoyarıq, sora da qızıldan yükümüzü qədərincə tutub düzəllik yola... Nə işimiz var burda... yolçu yolda gərək... Görürsən, baba, bizim əlimizdə bu su içmək kimi şeydi...
Qoca saqqalını tumarlayıb bu dəfə acı-acı gülümsündü, belini dikəldib ayağa qalxdı, irəli yeriyəndə “Qurtulan” nədənsə, çəkinə-çəkinə bir-iki addım geriləyib kürəyini qollu-budaqlı, həmişəyaşıl ağacın gövdəsinə dirədi...
Qoca: - Bəri dur, - deməklə əlinin işarəylə onu çağırdı.
Naməlum xof “qurtulan”ın canından hələ çıxmadığından döyükdü:
- Nolub?
- Heç nə... qulağını bəri elə... gecəyarı axar suyu qızıla döndərəsi üç sözü hələ deməmişəm axı...
“Qurtulan”ın gözləri işıldadı, irəli cumdu, az qala qocanın ağzının içinə girəcəkdi...
- Deməli, hər şey sən necə demişdin, elə... bütün qab-qacaq sunan doludu... indi qalır üçcə kəlmə söznən çayın suyunu qızıla döndərmək... sora da qızılla yüklənib getmək... Səhərin gözü açılmamış yola çıxmaq məsləhətdi, gün qızandan sonra səhrada addım atıb yerimək cəhənnəm əzabıdı...
... Sonra, “Qurtulan” gəlib çıxdığı cənnətməkanı neçə kərə o baş-bu başa gəzib əldən-ayaqdan düşsə də o qocanı tapa bilmədi. Daxması da bomboşdu, köhnə taxtı da... Hətta səsinin yoğun yerinə salıb bir-iki ağız çağırdı da: “Baba! Baba! Hay versənə, qoca, hardasan?” Gecənin qaranlığında səsi əks-səda verib özünə qayıtdı, qocadan hay çıxmadı ki, çıxmadı.
Gah yeriyə-yeriyə, gah da yüyürə-yüyürə qocanı axtarmağı onu yordu, gecə gözü yola çıxmağa həvəsi qalmadı. Boş-boşuna dolaşıb vaxt itirdiyinə görə özünü qınasa da dərinə getmədi. Çünki təskinliyə də bəhanəsi vardı; əvvəla, qızıl, ucu-bucağı görünməyən qızıl əlinin altındaydı, ikincisi, qocanı tapmasa da onu axtarmaqla ürəyi rahatlanmışdı ki, – nə yaxşı günah məndə olmadı, taqsır qocadadı... nəhayət, elə dan yeri, it-qurd seçilməzdən, sərində yola çıxmaq qulaydı, çünki səhranın istisi bir zülümdüsə, soyuğu lap dəhşətdi, neynək, xeyirsiz ziyan yoxdu. Belə fikirləşsə də ürəyini, ağlına gətirmək istəmədiyi bir fikir də deşməkdəydi. – Bəlkə qoca elə adam dalınca getmişdi ki, gəlib çayın qızılını daşıyıb aparsınlar, silib-süpürsünlər, “qurtulan” nə vaxtsa bir də qayıdıb ucu-bucağı görünməyən xəzinədən qızıl götürmək istəsə də əli boşa çıxsın, görsün ki, lələ köçüb, yurdu qalıb. Özündən qovmaq istədiyi fikir get-gedə böyüyüb-böyüyüb bütün varlığını sarır, alnını soyuq tər basır, dodaqları quruyurdu... ancaq daha getməliydi, nə olacaqdısa-olacaqdı, oturub gözləməyin mənası yoxuydu, gözləməyin sonu müsibət də ola bilərdi, necə ki, qızılaxtaran yoldaşları... nə isə... Fəhm eləyirdi ki, daha ləngiməyin nə yeridi, nə də vaxtı. Ehtiyat üçün götürəcəyi su dolu satılın birini də daxmada qoyacaqdı. Qoca üçün...
Yanğısını yatırmaqdan ötrü əlinə keçən parçı başına çəkdi. Ağzında yumru-yumru qızıl pullar dişinə dəyib cingildəyəndə az qala düzü-düzünə ağlı yerindən oynadı, yaxşı ki, qızıllar boğazına getməmişdi. Boğulardı. Ağzındakı qızılları hikkəylə mizin üstünə tüpürüb qaytaranda qulağına qocanın xırıltılı, boğuq səsi gəldi: “Mən sənə dedim axı... çayın suyu qızıla dönəcək. Sənin ehtiyat üçün qablara yığdığın su da çayın suyudu...”
“Qurtulan” udqunub əvvəlcə çarəsiz-çarəsiz ətrafına boylandı, qəfildən dəli kimi hövüllənib ağzını möhkəm bağladığı saxsı bardağın, səhəngin, qeyri qabların ağzını açdı, açdıqca da az qaldı ayağı heyrətdən yerə yapışsın. Qablar ağzınacan qızılla doluydu. Şüşə qabın içinə pərçimlənmiş sikkələr, alnını pəncərəyə dayayıb ağappaq səmaya baxan məhbusun sifətindəki sarımtıl kölgəyə bənzəyirdi. O isə məhbus deyildi, artıq qurtulmuşdu. “Qurtulan” qocanın taxtına yayxanıb qəhqəhə çəkirdi, bu dəli qəhqəhədən nəinki daxmadakı qızıl pullar, hətta çayın qızıla dönmüş suyu da axıb bir-birinə dəyir və şırıldamır, cingildəyirdi, “qurtulan”sa artıq bunun fərqində deyildi, çünki onun varlığında qalan yalnız səsiydi ancaq, qımıldanmağa halı, bəlkə də heç həvəsi yoxuydu. Deyəsən, onun cəmi-cüssəsindəki su da gildir-gildir çəkilir, bütün əzaları, sümükləri qızıla çevrilirdi…
... Qızıl səhranın qurtaracağında qızılı günəş anasının qızılı köynəyindən boy verib qalxmağındaydı...
“Qobustan “ jurnalı