NƏ ULAYIM, NƏ QIŞQIRIM
məni də bir daş apardı
Həllac daşlanan yerdən.
Mən sən oldum,
Mən sən oldum
eşqin başlayan yerdən.
ay tutuldu, gün açıldı,
göz başlandı, əl açıldı,
hər güllədən gül açıldı
köksümə tuşlanan yerdən.
ruhum qopdu fəryad kimi,
körpü keçdim Sirat kimi,
yanımdan ötdüm yad kimi,
cismim huşlanan yerdə...
göy üzünə bir baş vurum,
nə ulayım, nə qışqırım.
qoyun gedib yuva qurum
ruhum xoşlayan yerdə.
ÖPMƏK ÜÇÜN
oxuyan quşlar mələklərdi gecələr
ruhumuzun qoşulub getdiyi küləklər də
mələklərdi.
ətriylə içimizə çəkdiyimiz çiçəklər də
yağış mələklərin ovuclarında
gəlir cismimizi yumağa.
öpmək üçün ayağından göylərin
ağaclar başını əyir torpağa.
bu gecə dərviş halı
dinlər məni,
öpər bir mehlə Tanrı üzümdən
ayla baxar gözlərimə,
dağlar danışar Tanrı dilində,
alışar Tur,
bir hörümçək toru da qoruyar məni,
çəkilərəm özümə Sən olmaqçün,
dara çəkilərəm Sən olanda,`
dilim susar, qanım susmaz
bu eşq Həllac qoxuyur.
…öpmək üçün ayağından göylərin
Ağaclar başını əyir torpağa...
ZƏHƏRİ DƏ EŞQ İMİŞ
sən hardan çıxdın qarşıma, sən hardan
girdin qəlbimə?
bu od nə od idi belə, bu eşq nə eşq idi belə?
mən havalı dəli aşiq,
sən şıltaq qız, ərkəsöyün,
həm çox yaxın, həm çox uzaq…
görən, bu nə işdi belə?
baxışlarlda şam kimi əriyirsən
amma ki
atəşin, nurun artır.
bu nə şirin ölümdür,
ölümə vurulursan,
ölürsən, dirilirsən...
Allah, adam özünü necə doğur, yaradır?!
saçların ilan kimi necə girdi qoynuma?!
zəhəri də eşq imiş, məlhəmi də eşq imiş.
qolun əcəl kəndiri,
həlqələnib boynuma.
Allah, bu dar ağacı eşqimizdi, eşqimiz...
məndə sənin qoxun var,
səndə mənim qoxum var
düşsək də bu dünyanın hərəmiz bir
üncünə,
taparıq bir-birimizi bu ətirlə, qoxuyla,
ay balaca çiçəyim,
ay zərif kəpənəyim,
özümdən getməyimdir –
hər gün sənə gəlməyim.
axı axı necə sevməyim?!
neynirik ev-eşiyi?
yer bizim, göy bizimdir;
əllərində dincəlim,
dizlərində yuxulayım,
hərdənbir də acanda
saçlarını qoxlayım,
gözlərindən su içim...
beləcən bir yaşayaq,
yaşayaq için-için...