– Həkim, gəlmək olar?
Həkim əlində o üzə-bu üzə çevirdiyi jurnaldan gözlərini ayırdı. Başını yana çevirib qapıya tərəf baxdı. Qapının ağzında yanında balaca oğlan uşağı dayanmış qadın gördü. Xatırladı. Dərhal ovqatı dəyişdi. Həkimə elə gəldi ki, qapıda dayanan elə xəstəliyin özüdür, qadın cildində görünür. Saralmış bəniz, şişkin gözlər, göyərmiş dodaqlar... Bu əlamətlərə yaxşı bələd idi. Belə üzləri görəndə həkimin ilk xatırladığı ilbiz olurdu. Xəstəlik də ilbiz kimi hər yerdə izini buraxır. Amma ilbizin izindən fərqli olaraq, onun buraxdığı izlər parıldamır. Qadının daxili orqanlarında gedən proseslər o, şikayətlərini deməmişdən qabaq hərəsi bir tərəfdən, elə bil adam kimi dil açıb həkimə özünü təqdim edirdi. Anasının əlindən tutan balaca oğlanı görəndən sonra xəstəlik həkimə daha da amansız görünməyə başladı. Hələ həyatın uşaqlara acımadığından xəbəri olmayan balacanın üzündə anasının yaxşı olacağına ümid etdiyini göstərən gözəl ifadə duyulurdu. Bəlkə də, həkimə belə gəlirdi. Əslində isə uşaq ətrafı bürüyən dərman qoxusundan bərk həyəcan keçirirdi. Həkim nə vaxt xəstə ananın yanında uşaq görürdü, fikirləri qarışırdı. Özünün uşaqlıq illərini xatırlayırdı. Onu həkim olmağa sövq edən acı xatirələr etibarlı dost kimi tez-tez “yanına gəlirdi”.
– Gələ bilərik, həkim?
Ayaq üstə güclə dayanan qadın təkrar soruşdu. Həkim fikirdən ayrıldı, özünü toparlayıb əli ilə qarşısındakı stulu göstərib: – Əlbəttə, – dedi, – əyləşin.
Qadın taqətsiz olduğundan çətinliklə əyləşdi. Uşaq da anasının əlini buraxmadan ayaq üstə dayanıb ona söykəndi. Otağın hər tərəfinə göz gəzdirən balacaya elə gəldi ki, hardansa əlində iynə olan ağ xalatlı bir “xala” gələcək, anası da onun yanını açıb qucağında möhkəm tutacaq ki, oğluna iynə vursun. Ürkək-ürkək sağa-sola boylandı. O, dəcəl oğlanların qısqılayıb tutduğu çırpınan quşcuğaza bənzəyirdi. gözlənilən təhlükədən xilas olmağa çalışırdı. Həkim qapının arxasından oturacağı da uşağa göstərib: – Bax, sən də orda əyləş, – dedi. Uşaq isə yerindən tərpənmədi. Görünür, anasından aralanmaq istəmirdi. Ağılları kəsən vaxtlardan həmişə dəcəllik edəndə həkimlə hədələndiklərindən xəstəxanaya gələndə uşaqlar həyəcan keçirirlər. İlk dəfə burdakı tünd qoxudan onlar həyatda “pis” adamların olduğunu öyrənirlər. Şiddətli küləyə çevrilən bu qoxu yarpaq qədər zərif, dözümsüz olan balaca ürəkləri necə titrədirdisə, uşaqlar xəstəxananın qorxunc divarları arasından “qurtulanda” yeni alınmış oyuncağın sevincinə bənzər xoş hisslər keçirirlər. Burda dünya nə qədər qorxunc təsir bağışlayırsa, bayıra çıxanda böyüklər özləri də əsl xoşbəxtliyin nə olduğunu dərk edirlər.
– Həkim, analizlərin cavabını gətirmişəm.
Qadın yerindən durub az qala sürünə-sürünə həkimə yaxınlaşıb səliqə ilə fayla qoyulmuş bir neçə vərəq uzatdı. Üç-dörd nazik vərəq bu anlarda qadının əllərində ağır yük kimi idi. Vərəqləri alın yazısı da saymaq olardı. Oxunması heç də çətin deyildi. Belə yazıların Allahı həkim idi. Görəsən, tibbin kömək edə bilmədiyi zamanlarda həkimlərin könlündən yunan miflərindəki Allahların sayının artması, bir də “Şəfa allahı”nın olması arzusu keçirmi? Adama elə gəlir ki, həkimlər hər şeyə razı olarlar, təki həyatını ona etibar edən xəstənin yarıda dayanan ömrünü hansısa bir qurğu kimi təzədən işə salmaq mümkün olsun. Xəstələri xəstəliyin caynağından “ölüm-dirim” savaşıyla alanda həkim xəyalən Anton Çexovla mübahisə edirdi. “...Ölüm hər kəsin normal və qanuni aqibətidirsə, adamların ölümünə mane olmağın nə mənası?” Yazıçı ilə üzbəüz imiş kimi “Əgər bir ananın ölümünə mane ola bilsək, uşaqlar uşaqlıqlarını itirməzlər” deyə qəzəblənirdi... Tələbə ikən oxuduğu “Altı nömrəli palata” hekayəsindəki fikirləri neçə vaxtdır, beynində dolaşdırırdı. “Ölümə, xəstəliyə qalib gələ biləcək nəsə tapmalıyıq”. Nə vaxtsa elə bir maddənin tapılmasına və yaxud texnoloji üsulun kəşf edilməsinə ümidi vardı. “Yaxşı ki, həkim oldum… Yox, buna anamın ölümü səbəb olub. Kaş o yaşayaydı, mən də başqa peşə seçərdim. Ölümün qarşısında aciz qalanda sakit ola bilmirəm. A. Çexov həkim ikən əsər yazdı. Mən də öz əsərimi yaradacam. Bu əsər bir tabloda, ya da bir abidədə əks oluna bilər. Mütləq yaranacaq, nəfəs alacaq, danışacaq, yaşayacaq. Hansı şəkildə olursa-olsun, həmin əsərdə uşaqlar analı dünyalarından ayrılmayacaqlar. Bütün peşələr gözəldir, əgər bu gözəlliyi insanlar korlamasa”. Öz-özünə danışmağı vardı. Uşaqlıqdan adət etmişdi. Bu adət təkliyin ona töhfəsi idi. Köks ötürərdi. Ümidini üzmürdü, yetişən gənc nəslin ədalətli cəmiyyət quracağına inanırdı. İnsanların dünyaya yalnız dinclik, sevinc bəxş etmək üçün gəldiyini düşünürdü.
Əlini uzadıb qadından kağızları aldığı anda beynində dolaşan fikirlər bunlar idi. Həkim soyuqqanlılığına alışa bilmirdi. Xəstəliklə ölümə uşaq kimi cırnayırdı. İllərdir öz nisgilini də bu üzdən qəlbində əzizləyirdi.
Qadın müxtəlif vaxtlarda müalicə alsa da, nəticə ürəkaçan deyildi. Orqan transplantasiyası qaçılmaz olmuşdu. Həkim reseptləri bir də gözdən keçirdi. “Əyri-üyrü” həkim xətti. Gözlərinin qarşısından silinməyən beləcə bir yazı vardı. İndi oxuya bildiyi yazını ilk dəfə uşaq olanda görmüşdü. Onu oxuya bilmək üçün məktəbə getdi, ildən-ilə böyüdü, nə qədər kitablar oxudusa da, bu əyri-üyrü xətti oxuyub, nə yazıldığını öyrənə bilmədi. Oxuya bilmədiyi hər bir söz uşaq qəlbində sızıltıya döndü.
Hələ məktəbə getmirdi. Hərflər ona hər gün müşahidə etdiyi qaynaşan qarışqalar kimi görünürdü. Atası tez-tez anasını həkimə aparır, evə qəribə xətlə yazılmış vərəqlər gətirirdi. Onlar həmin vərəqlərə hər dəfə baxdıqca qanları qaralırdı. Tural valideynlərinin nədən kağızları oxuyub dilxor olduqlarının səbəbini bilmirdi. Bəzən gizlicə o da kağızları götürür, diqqətlə baxır, heç nə başa düşməyəndə qaytarıb yerinə qoyurdu. Bir gün atası bunu görüb dönə-dönə tapşırdı ki, kağızlarda işi olmasın. Onu isə maraq boğurdu. “Axı bu kağızlarda nə yazılıb ki, anam oxuya bilmir, atamsa onu aparıb kiməsə oxutdurur, sonra evə çoxlu dərman gətirir?” Bir gün heç kəs orada nə yazıldığını oxuya bilmədi. Onun aləmində kimsənin oxuya bilmədiyi yazı üzündən anası dünyadan köçdü. Evlərində baş verən bədbəxtlikdən sonra Tural həmin kağızları xəlvətcə götürüb saxladı. Necə olur-olsun, onu bir gün oxuyacağına söz verdi.
O gündən sonra məşğuliyyəti kağızların üzünü köçürmək, ən böyük arzusu da onları oxuya bilmək oldu. Uşaqlıq illərinə anasızlıq adı vermişdi.
Məktəbə getməyin səbəbini tay-tuşlarından fərqli dərk edirdi. Hər gün bir hərf öyrənməkdən darıxırdı. Hərflərin hamısını bir anda öyrənmək istəyirdi, belə olsa, kağızlarda yazılanları oxuya biləcəkdi. Bunun tezliklə mümkün olmayacağını biləndə dözməyib “sirrini” müəlliməsinə açmışdı. Kitabının arasında saxladığı əzik-üzük olmuş vərəqi müəlliməyə göstərərək “Burda nə yazılıb, müəllimə?” deyə soruşmuşdu. Müəllimə bu ağbəniz, arıq oğlana maraqla baxıb, əlində olan kağızı alaraq, indi o xəstədən alıb baxdığı tərzdə kağıza baxıb demişdi: “Bu, reseptdir, oğlum. Sən bunu hardan almısan?” Hətta təlaşla yanında dərman olub-olmadığını da soruşmuşdu.
Tural müəllimənin həyəcanlanmasını görüb qətiyyətlə söyləmişdi:
– Yox! Yox! Dərman yox idi. Hamısını anam içib qurtarmışdı.
Onda müəllimənin gözlərində ürəyinə yatan ifadə sezmişdi. Həmin gün o ifadənin nə olduğunu bilməsə də, sonralar gözlərindəki kədər bunu izah etmişdi. “Bu, reseptdir, Tural, həkimlər buraya xəstələr üçün dərman adları qeyd edirlər. Bunu oxumaq üçün gərək savadlı olasan”. Həkim olmaq arzusu qəlbində müəllimənin bu sözlərindən sonra baş qaldırmışdı.
Atası anasız qalmış oğlunun qarşısında gücsüz olduğundan onu ovuda bilmirdi. Çalışıb çabalayıb zəhmətlə qazanmaq, ehtiyacları ödəmək ata üçün daha asan idi. Bunu sonralar dərk etmişdi. Suallarının cavablarını atasının necə çətinliklə verdiyini indi dərk edirdi.
– Ata, həkimlər məktəbə getmirlər?
– Heç elə şey olar? – deyə atası da cavabı sual formasında vermişdi. – məktəbə getməsək, heç nə edə bilmərik.
– Bəs onda həkimlər niyə elə pis yazırlar, əyri-üyrü? Elə mənim kimi. Oxumaq olmur, – hirsli halda söyləmişdi. – Əgər onlar yaxşı yazsaydılar, anam ölməzdi.
Araya çökən sükutu yenə o pozmuşdu.
– Ata, sən niyə heç anamdan ötrü ağlamırsan?
Həmin vaxt atasının ağlından keçən “Görür ki, hər kəs anası üçün ağlayır, təkcə məndən başqa. Axı uşaq bu yoxluğun ən çox ağırlığını mənim daşıdığımı hardan bilsin, dərdim gözümdən tökülmür ki” fikirlərindən xəbərsiz idi. Atasının dinmədiyini görüb təzədən soruşmuşdu:
– Ata, kişilər ağlayar?
– Atalar ürəklərində ağlayırlar, oğlum. Baş-qasını ağlatmaqdansa adam özü ağlasa, yaxşıdır.
– Ata, ürəyin də gözü var?
– Ürəyin hər şeyi var, oğlum, hətta ürəyi də.
– Ürəyin də ürəyi ağrıyır? – atasından daha çox şeylər öyrənməyə çalışmışdı.
Atası başını oğlunun başına söykəyib fiziki ağrılarını ondan aldığı mənəvi rahatlıqla unutmaq istəmişdi.
– Hə, ürəyin də ürəyi var, oğlum, bircə dünyanın ürəyi yoxdur. – Zorla eşidiləcək səslə ah çəkmişdi. O vaxt atasını qınayan Tural böyüdükcə başa düşdü ki, hisslərinə bilərəkdən sərtlik qatmaq, özünü toxtatmaq, zorla dözüm göstərmək iki damla göz yaşına yanağında yer verməmək üçündür. Kişilər göz yaşlarına “qonaqpərvərlik” göstərmirlər.
İşlədiyi müddətdə ötənləri hər dəfə rast gəldiyi xəstə analar xatırladırdı ona. Ürəyini peşəsinin əzablarına təslim etmişdi. Uşaqların anasız qalmamaları üçün tibbin bütün imkanlarından istifadə edir, buna nail ola bilməyəndə isə günlərlə özünə gələ bilmirdi. Yenə haradasa bir uşağın onun kimi resept oxumaq üçün hərf öyrənməyə çalışdığını, həkimlərin əyri xəttini pislədiyini düşünürdü.
Qarşısında dayanan xəstə qadına böyrək köçürülməli idi. Qadının əməliyyat olunmaq üçün maddi problemləri olduğunu bilirdi. Onun əvəzinə hər şeyi üst-başı, yanındakı azyaşlı övladı, bir də bu cür çətin anlarda xəstəxana divarlarına söykənərək yeriməsi demişdi. Divardan tutub yeriyən qadının, sözsüz ki, həyatda yıxılmaması üçün tuta biləcəyi qol yox idi. Qadını tanıdığı gündən ağlına gələn fikir onu tərk etməmişdi. Bugünkü son analizlərdən sonra da onun həyatını xilas edə biləcək mərhəmətli insanın elə özü olacağını qərarlaşdırmışdı. “Necə olur-olsun, bu balaca oğlanın mənim məhrum olduğum səadətdən uzaq düşməsinə göz yuma bilmərəm. Bu peşəni buna görə seçmədimmi? Öz əsərimi, nəfəs alan, danışan, canlı əsərimi yaradacağımı arzulamamışdımmı?”
İki oğlan. Biri balaca, biri də böyük. Bu bioloji fərq onların mənəvi ehtiyaclarını fərqləndirə bilmirdi. İkisinin də arzusu eyni idi. Turalın ehtiyacı olan səadəti ona bəxş edən olmamışdı. Amma o kiməsə bu səadəti məmnuniyyətlə bəxş etmək istəyirdi.
– Xanım, – həkim kağızlarla xeyli əlləşdikdən sonra dilləndi, – siz təcili əməliyyat olunacaqsınız.
Xəstəliyin, kasıblığın əlində aciz qalan qadın təlaşla:
– Həkim, – deyərək güclə stuldan qalxdı.– Axı mənim...
– Siz narahat olmayın, – deyə həkim onun sözünü kəsdi, – hər şey hazırdır.
Qadın məəttəl qalmışdı. Heç nə başa düşmürdü. “Həkim nə demək istəyir?” Nəsə anlamağa çalışırdı, amma ağlına heç nə gətirə bilmirdi. Yazıq-yazıq həkimin üzünə baxdı.
– Gedək. – Həkimin səsində qətiyyət duyuldu. Qadının təzədən nəsə deməyini istəmirdi.
– Haraya gedək, həkim? – qadın zəif səslə soruşdu.
Hələ də mat-mat ona tamaşa edən qadına təəccüblə baxıb – Şöbə müdirinin yanına, – dedi. – Siz sağalmaq istəmirsiniz?
– Axı mən əməliyyata hazır deyiləm…
– Dedim axı, bu barədə narahat olmayın. Siz evə xəbər verin.
Qadının onsuz da xəbər verəcəyi bir kimsəsi yox idi. Bircə oğlunu bacısına verəcəkdi. Sağalacağına ümid etmədiyindən övladını bacısına tapşırmışdı. Həkimin rəftarı onu heyrətləndirsə də, daha etiraz etmək istəmədi. “Nə olacaqsa, olsun!” deyib ayağa qalxdı. Oğlunun əlindən tutub – Gəl – deyib həkimin dalınca çıxdı. Həkim qabaqda gedirdi. Asta-asta yeridiyindən bəlli idi ki, onun zəifliyini nəzərə alır. Qadın da ona çatmaq üçün addımlarını bir azca yeyinlətdi. Həkimin qarşısına keçdi. Nəsə demək istədiyini duyduğundan həkim məcbur olub dayandı. Qadın titrək səslə:
– Bəs sizin borcunuzdan necə çıxacam, həkim? – dedi. Özünü saxlaya bilməyib hönkürdü. Həkimin hissləri kəsici alət kimi itilənmişdi. Amma özünü ələ alıb ciddi bir tərzdə, bir az da amiranə şəkildə əli ilə uşağı göstərib:
– Oğlunuzu böyüdərək, – dedi. Qadın heyrətdən donub qaldı. Deyəcəyi bir söz qalmamışdı. Sanki yuxu görürdü.
Həkim elə bil düşmənin üstünə yeriyirdi. Üzündə qələbə qazanacağına arxayın olduğunu sezdirən əminlik ifadəsi vardı. Qadından qabaqda gedən sanki həkim yox, sevincək anasına tərəf qaçan balaca Tural idi. Bu oğlanı həkim edən səbəbin “əyri-üyrü” həkim xəttinin olduğunu qadın bilmirdi. Bəlkə, bundan sonra rahat nəfəs alar, anasının geri döndüyünü güman edərdi.