Linda MARİA BAROS
Şair, tərcüməçi və redaktor. 1981-ci ildə doğulub. Sorbonnada müqayisəli ədəbiyyatşünaslıq doktorudur. Parisdə yaşayır. “Sümüksüz üzgüçü” (La Nageuse désossée), “Paytaxt hekayətləri” (Légendes métropolitaines) və daha beş toplunun müəllifidir. Şeirləri 39 ölkədə tərcümə və nəşr edilib. Apolliner ədəbi mükafatı laureatı və mükafat komissiyasının baş katibidir. Mallarme Akademiyasının sözçüsüdür. İndiyə qədər 40 kitab tərcümə edib. “La Traductière” nəşrlərinə rəhbərlik edir.
“Dörd yol ayrıcında barmaqlarım üstə qalxıb hönkür-hönkür ağladım…” Ani olaraq düşünməyə başlayırsan. Kimsə dörd yol ayrıcında seçim qarşısındadır. Həmin kimsə barmaqları üstünə qalxıb. Demək, uzaqlara baxır və kimisə axtarır. Gözləyir. Kimi? Ona doğru yolu göstərəcək adamımı? Ya, bəlkə, yolun “işləkliyini” bilmək istəyir o kimsə? Barmaqlarımız üstə qalxıb içimizi çəkə-çəkə ağladığımız uşaqlıq düşür yadımıza… saflıq məmləkəti uşaqlıq… Bəlkə yol elə ağlamaqdır, vektor içərimizə, içimizədir…və sair və ilaxır. Təkrar oxuya qayıdırsan.
Şeirlərinin qəribə gücü var Linda Marianın, bəlkə, həm də ona görə ki, gündəlik həyatın sərhəd situasiyalarını nişan verir və bununla da ani olaraq fərqli, hətta əksqütblü isitiqamətlərdə yozum, düşüncə üçün geniş perspektiv açır.
Linda Maria Baros böyük Avropa şeiri ənənələrindən və o şeiriyyatın gücündən doğmuş, o güc və ənənələri hiss etdirən şeirlərin müəllifidir.
Özü barədə belə deyir Linda Maria: “Yazanda mən A4 avtostradası ilə gedirəm (...). Vərəqin A4 formatı ən əsrarəngiz yeraltı fəaliyyətdir və mən çoxdandır ki, özlərinə asfalt və səma arasındakı poetik labirintinin tələsinə düşməyi tez-tez rəva görən bu sürət həvəskarlarının, baykerlərin və səyyahların çevrəsində həmin bu avtorstada ilə gedirəm (...). Məqsədim oxucunu çıxışa itələmək, yaxud dəlilik və sürət məsələlərində çox uzağa getmiş dəmir atlı səyyaha çevirmək deyil. İstəyim onun qəlbində də, sükanı və iki təkəri arasında daha böyük yer açmaqdır...”
GÖYLƏRƏ BAXMAQ
Bəzən atam
siqaretin qoxusuna uyub
hərəkətsiz qalardı.
İllər ötüb keçdi, indi o gülür,
sonra karıxmış halda göylərə baxır...
Bu şəhərdən özüylə
yalnız qocaları,
kanalizasiya boruları yanında gecələyən
və təklənmiş evsiz insanları aparmaq istərdi.
Küçə boyu
onların qarşısında dayanır,
əllərini uzadırdı ki, qalxsınlar.
Qoxuları özlərindən əvvəl qalxardı-
gənc bir qadının
küləyin qaldırdığı ağappaq donu kimi ...
Şəhərin qocaları, qocalmış uşaqları göylərə baxar,
xoşbəxt-xoşbəxt gülərdilər...
Gecə al-qırmızı qanını dağıdınca
səhər azğınlıqla çökür şəhərə :
üstündə bircə eynək və sırğalar qalınca
sürəti yolda paltar kimi dəyişən,
tüpürcəyi sükana, ramaya, poladdan örtüyə tüpürcək kimi yapışdıran bayker dalğası kimi.
Xırıltılı səhər boğuq səsli toplarını atır:
səhərin üstünə laqeydlik şehini qondurur,
donmuş günbəzlərin üstünə çilənir,
bir də ofislərdə başsız milçəklər kimi
dönüb-dolaşan,
serroza tutulmuş məmurların
keçəl kəllələrinin üstünə
(elə oradan diyircəkli qələmlərin vızıltısı gəlir,
qələmin ucluğuyla sinələrini döyəcləyir).
Sarımtıl səhər sürət qırmalarıyla
donmuş günbəzləri vurur
və nəhayət, divarlar boyunca kəhrəba külçələrlə sidik kimi axır...
Beləcə, bir səhər daha.
Məmurlar satır məni
sakitcə, kağız üstündə.
CANLI-CANLI ALIŞIB YANIRLAR
Beykerlər anidən yanınızdan keçir.
Malmö və Minskdən gələn
sarısaç beykerlər,
cins şalvarlarının arxa ciblərindəki etiketi gördünüzsə,
demək, gəlib keçdilər.
Qəfil dönmək üçün yana əyilirlər
(böyük stəkanda kiçik çay qaşıqlarını təsəvvür edin, eynən elə)
Diz qapaqları asfalta toxunana qədər.
Birdən od alıb yanarlar…
Bunu düşünməyə macalı olmur,
canlı-canlı yanırlar.
ALTI BATMANLI SIÇRAYIŞ
Gecə, baykerlər qanlarına bələnmiş avtostradanı dövrələyərlər.
Səhər, damara batan iynə kimi
asfalta sancılarlar.
Nadir hallarda moteldə gecələyərlər.
Stol arxasından qalxdılarmı –
saqqala düşən çörək qırıntıları kimi
qızlar tökülüşüb gələr.
Parkinqlərdə qızlar kiçicik əl çantalarından
bapbalaca meqafonlarını çıxarıb
altı batmanlı sıçrayış edərlər.
Avtostrada arteriyalarını açar,
qan şəhərə dağılar.
QRAFİTTİ
Motel terrasında, təpələr arasında,
qırmızı şərab gəl-gəl deyir rəhmsizcəsinə,
ürək kimi döyünür şüşədən çıxmaq üçün;
üzümlüklərdə payaya sancılmış
at kəllələri qaralır.
Gecə qəfildən düşür.
Sonra da sanki uzaqda,
avtostradanın o biri tərəfində
dəlicəsinə fırlanan bayker
üfüqün ağımtıl divarına çırpılıb
onu al-qırmızıya bələyir.
BOMJLAR
Şəhərin qocaları, qocalmış uşaqları qarnı üstü sürünər,
Səkidə qurduqları karton evlərinə girərlər
və bir küncdə vurnuxarlar,
guya bu yer üzündə onlar da özlərinə ev qurmaq, onu sahmana salmaq istərlər.
Çirkli kanalizasiya borusu üstündə sürünərlər
(beləcə dərinliklərlə bağlarını gücləndirərlər) :
ətcəbalaları qanadları altına alan iri toyuqlar kimi.
Şəhərin qocaları, qocalmış uşaqları qarnı üstə sürünərlər
supun içinə tüpürürmüş kimi
küçənin üzünə tüpürərlər
Kanalizasiya tanrısı onları çevrələyər,
borudan qalxan buxarın içinə alar,
mələklər kimi.
BOYAQOTU GÖLÜNDƏN KEÇƏRKƏN
Hiss edilmədən, havada süzərək,
bir budağın altından əyilmədən gedirlər...
Sən onların suya düşən əkslərini
çayın qanlı sarğıya bənzər səthindən sezirsən.
Vidalaşmadan gedənlərlə bağlı məsələ aydındır,
onlar zeytun budaqlarının arasından,
havada dalğa-dalğa yayılan tül kimi,
sinələriylə maneələri içəridən yarıb keçdilər.
Gözlərinin qüzehli qişası sındırılan qapıya bənzəyir.
Daha nəyə? Öz-özünə qopub düşən qapı rəzəsinə.
Türmənin işgəncə yerinə.
Torpağa bulaşmış dodaqlarıyla nəsə demək istəyərlər –
yanaqlarındakı ömür lavası son damcısına qədər,
əriyib axana qədər.
Birdən çıxıb gedərlər, beləcə yox olarlar
gecənin qızılgül bağçasıyla.
Həbs edildikdə ən azından bir dəfə geriyə,
uşaqlarına, evlərinə baxmaq fürsətləri olmayan
valideynlər kimi.
HƏYAT MEYDANINDA
Atam çala qazır
şüşə kimi tutqun,
qurğuşun buludların altında.
Şəhərə də hələm-hələm gəlmir.
Burada yerin lap dərinliyindən keçən
ana yola bənzər bir şey axtarır,
Bir yol ki, dediyinə görə,
təkərlərdən asılı qalıb sallaşır,
arxası üstə düşür, səsucaldıcıdan gəlirmiş kimi uğuldayır.
Yolun gözü tutulub, ölüb, bəlkə də, içinə qurğuşun dolub,
gili işıq keçirmir, sürüşüb yana gedir,
sonuncu milinə qədər sürtülmüş təkərlər cırıldamır,
tüstü borusuna qum və qurğuşun dolub,
ağzı şüşəylə qapanıb.
Havada toz dənələri uçuşur,
üzümlükdən qovulan sığırçınlar kimi.
Onların arasında atamın nəfəsi
qalın duman pərdəsindən
tutulduqca tutulur
(duman da var, bulud da,
dəmir bellə yarıb keçmək imkansız).
Atam qazdığı çaladan boylanır,
elə bil tərləmiş şüşədən baxır.
Saqqalı dumanda üzür, asfaltın üzü kimi nəmlənir.
Çala böyüyüb, dünyanı tutub,
tərsinə çevrilmiş qüllə zəngi kimi onu göylərə qaytarır.
Atam zəngin üstündə yellənir və susur; eşitmir ki, yolun üstündəki bu qərarsız baykerlər
nəhəng deşiyin içindən qışqırırlar,
sanki kimsə dünya boyda səsucaldıcının içində danışır.
ƏSAS SÖZ FONDU
Allah amanında!Tək bircə gün mənim adımı yazmasan,qoy sənin əlin sözlərin məngənəsi arasında qalsın,əzilsin!Sözlərin qapısı olan ağzın çırpılsın!Səninlə aramızdaqurdlar üçün qurulan tələnin yerini deyəndilin yansın!
Qoy mənim göz yaşlarımla yuduğunyaraların heç zaman sağalmasın!
Xərəkdə şəhərə aparılsın!Qoy sənin üzünpəncərədən süzülən çirkə batsın, bulaşsın:daimi, əbədilik!Əgər hər gün adımı eşq dolçasının üstünə həkk etməsən, yuxudaykən belə adımıilk görüşdə olduğutək incə hərflərlə yazmasan,onu sənin ağzına bağırsaqla tikərəm,heç açılmasın!
Tərcümə edən professor Cavanşir Yusifli