SİRRİN ÖLÜMÜ
Fərid Hüseynin dahi yazıçı Lev Tolstoyun “Anna Karenina” romanı haqqında yazdığı “İntihar ilahəsi” adlı kitabdan bir neçə esseni təqdim edirik:
Məğlubiyyətlə barış
Anna Karenina kimi Vronski də Alekseyin onu bağışlamasını qəbul edə bilmir. Çünki insan bağışlananda günahını yenidən dərk edir və öz günahını qəbul etmiş sayılır. Bu isə həm də məğlubiyyətlə barışmaq deməkdir və hər insan bunu özünə sığışdıra bilmir. Ona görə də Aleksey Aleksandroviçlə söhbətdən sonra Vronskinin ruhi durumunu müəllif belə təsvir edir: “Özünü utandırılmış, alçaldılmış, günahkar və öz xəcalətini yumaq imkanından məhrum birisi kimi hiss edirdi. ...bu vaxta qədər məğrur-məğrur addımladığı həyat yolundan çıxmış kimi... Bu vaxta qədər ona möhkəm görünən həyatının bütün vərdiş və qaydaları birdən birə yalan, saxta olmuşdu. Bu vaxta qədər zavallı bir məxluq kimi baxdığı ər, öz xoşbəxtliyi üçün təsadüfi və bir az da gülünc maneə hesab etdiyi aldanmış ər birdən-birə Annanın özü tərəfindən çağırılmış və qibtə hissi doğuran bir yüksəkliyə qaldırılmışdı və bu ər həmin yüksəklikdə qəddar, saxta, gülünc bir adam kimi deyil, əksinə, mərhəmətli, sadə və əzəmətli insan kimi qərar tutmuşdu. Vronski bunu hiss etməyə bilməzdi. Rollar birdən-birə dəyişmişdi. Vronski onun yüksəldiyini, özünün isə alçaldığını, onun haqlı olduğunu, özünün isə haqsızlığını hiss edirdi. O hiss edirdi ki, ər öz fəlakəti içərisində də alicənab, o isə öz yalanında belə alçaq və səviyyəsizdir” (XVIII).
Vronski bu bağışlanmanın – təhqirin ruhi böhranını Annadan daha ağır formada keçirir. Çünki Anna təkcə Aleksey Aleksandroviçin qarşısında özünü xəcalətli hiss edirdisə, Vronski həm Anna, həm də Alekseyin yanında pis vəziyyətə düşür. Çünki Vronskiyə görə, zahılıq qızdırmasına düçar olan Anna ölüm ayağında, faciənin astanasındadır, eyni zamanda, Vronski bir ailənin qarşısında günahkardır və həmin ailənin başçısının mərhəmətinə – bağışlamasına möhtacdır. Beləcə, Vronski həm Annanı saldığı duruma görə, həm də başqa bir kişinin heysiyyətinə toxunduğu üçün günahkardır. Nəhayət, özünü bu cür vəziyyətə saldığına görə şəxsi qarşısında da xəcalətlidir. Ona görə də Vronski Annanı həmin vəziyyətdə qoyub, onların evini tərk edəndən sonra özünü təhqir olunmuş, alçaldılmış hiss edir. Evə gəlib özünü tapança ilə vurur. Amma xoşbəxtlikdən sərrast atəş aça bilmir, yaralanır, silah əlindən yerə düşür və silahı tapa bilmir ki, özünü öldürsün. Beləcə, Annadan daha əvvəl Vronski intihar edir, lakin o xilas olur.
Vronskinin intiharı ilə Annanın intiharı... Biri xilas olur, o biri isə yox. Vronski ona görə xilas ola bilir ki, o, cəmiyyət və Allah qarşısında çıxılmaz günaha yuvarlanmayıb, onun haradasa xilasa və bu yoldan çəkinməyə yeri var. Annanın intiharı isə ölümlə nəticələnir, çünki həyatın Annanı saldığı durum çıxılmazdır. Bu iki intihar rus cəmiyyətində eyni günaha batmış qadın və kişinin fərqli aqibətlərinin təzahürüdür. Vronski özünü ürəyindən vurmaq istəyir, bu məhəbbət yolunda o ancaq bədəninin bir hissəni qurban verə bilir, Anna isə bütün bədənini ölümün qolları arasına atır. Bu intihar seçimləri də olduqca dərin simvolik mənaya malikdir.
Bu iki intihara aparan yollar da fərqlidir: Təhqir olunduğunu düşünən Vronski evə gələndə beynində ancaq bir fikir var: yatmaq, yuxulamaq. Çünki yatsa, reallıqdan xilas olacaq. Vronski anı adlamaq istəyir. O, intihara yuxu kimi – rahatlıq kimi baxır. Anna intihar edəndə isə özünü özündən məhrum eləmək istəyir. Öz yoxluğunu hamının xilası kimi qəbul edən Anna qardaşı ilə söhbət zamanı deyir: “Mən hiss edirəm ki, başıaşağı bir uçuruma yuvarlanıram, lakin mən özümü xilas etməməliyəm və edə bilmərəm də”. Sonra qardaşı söhbəti yumşaltmaq istəsə də, Anna ürəyindəkiəri açır: “Mən indi heç bir şey, heç bir şey arzulamıram. Yalnız bütün bunların bitməsini istəyirəm”. Bütün bunların bitməsi üçün isə Anna ölməlidir. O, öz yoxluğuna problemin çözümü kimi baxır, anlayır ki, gəlib dayandığı yerə onu öz ayaqları gətirib. Gəlib çatdığı yer isə ölüm dayanacağıdır. Əsər boyu ürəyinin səsini dinləyən Anna qatar yaxınlaşanda da könül nəğməsini dinləyir. Annanın ürəyinin səsi qatarın fitini eşidilməz edir.
Nə üçün?
Əsərin beşinci hissəsində məlum olur ki, artıq Anna Karenina və Vronski Avropanın bir sıra şəhərlərini gəzib, İtaliyadakı kiçik bir şəhərdə məskunlaşıblar. Məni düşündürən başqa məsələdir: nə üçün Tolstoy Annanın evdən və oğlundan ayrılması səhnəsini təsvir etmir? Axı məntiqlə Tolstoy kimi təsvir ustası Annanın öz uşağından, sevimli evindən, əvvəlki həyatından ayrılması səhnəsini romanda canlandırmalı idi. Əgər həmin səhnələr təsvir edilsəydi, Annanın xarakteri, kimliyi daha dərindən açılardı. Tolstoy Anna Kareninanın Vronski ilə sevgi səhnəsini də təsvir etmir. Nə üçün? Müəllif yataqda cismini başqasına təslim edən Annanı və oğlunu atıb gedən Annanı təsvir etmir. Çünki o səhnələri canlandırsaydı, bizdə bu qəhrəmana qarşı ikrah hissi yaranardı. Əgər əsərin əvvəli, yaxud ortasından etibarən qəhrəmanın ruhundan iyrənsəydik, onun vaqiəsini sona qədər öyrənmək istəməzdik.
İkinci bir tərəfdən, Annanın zahılıq qızdırması keçirməsi – ölümün astanasına gəlməsi, bağışlanmaq istəməsi kimi təsirli səhnələrdən sonra düşdüyü acınacaqlı ruhi vəziyyət bizə tam aydın olur. Bu cür ruhi haldan sonra müəllif Annanı övladını atan qadın kimi təsvir etmir. Düzdür, müəllif sonra Annanın günlərlə oğlunu xatırlamadığını yazır, amma bunu nəqli yolla çatdırır, bilavasitə göstərmir.
Ölüm növbəsi
Əsərdə bütün bölmələr rəqəmlərlə qeyd edilib, yalnız bir bölməyə (beşinci hissə, XX) müəllif rəqəmlə yanaşı, ad da – “Ölüm” – verib. Həmin hissədə Levinin qardaşı Nikolayın ölümü təsvir edilir. Levin və Kitinin ailə həyatı ondan əvvəlki hissələrdə geniş təsvir edilir, sonra Nikolayın can verməsi məsələsi meydana çıxır. Sanki ailə, dava-dalaş, küsüb-barışmalar, xoşbəxtlik – bir sözlə, ailə və yaşamla bağlı hər şey unudulur. Elə bil müəllif yaşananların hamısının ölümlə unudulacağını, aram tapacağını göstərir. Nikolayın ölüm xəbəri əsərin musiqisini dəyişir. Xəyanət, sevgi, ayrılıq, fəlsəfə ladından qəfil sükunətə – ölüm ladına keçilir. Levin ölüm ayağında olan qardaşına yaxınlaşa bilmir, amma Aqafya Mixaylovna və Kiti xəstəyə çox rahat toxunurlar. Levin başa düşür ki, ölümün mahiyyətini bilmir, dünyadan köçməyi anlamayıb, axirətə qovuşmağın mahiyyəti onun üçün naməlumdur. Çünki ölümü anlamaq üçün gərək həm də ölü ilə, yaxud can verənlə necə rəftar etməyi biləsən. Ölüm hamının qapısını döyəcək, ölümdən qorxmaq həm də özündən qorxmaq deməkdir. Levin düşünür ki, əgər o, ölüm ayağında olan qardaşı ilə bir evdə tək olsaydı, heç nə edə bilməz, oturub qardaşının canını tapşırmasını gözləyərdi.
Tolstoy ölüm anındakı insanın təzadlı xarakterini belə açır: “Ertəsi gün xəstəyə dua oxudular. Ayin zamanı Nikolay Levin ürəkdən dua elədi. Xəstənin masa üstündəki güllü salfetka ilə örtülmüş İsanın təsvirinə zillənən gözlərində yalvarış və ümid vardı. Levin bu gözlərə baxmaqdan qorxurdu. O bilirdi ki, bu ehtiraslı yalvarış və ümid bu qədər sevdiyi həyatla vidalaşmağı daha da çətinləşdirəcək. Levin qardaşını tanıyırdı, onun fikirlərinə bələd idi. O bilirdi ki, qardaşının dinə inanmaması ondan irəli gəlməmişdir ki, dinsiz yaşamaq onun üçün asan idi, ondan irəli gəlmişdi ki, həyat hadisələrinin müasir elmi izahı dinə olan etiqadını addım-addım sıxışdırmışdı. Levin qardaşının eyni fikirlə yenə də dinə qayıtmasının səmimi deyil, müvəqqəti olduğunu, sağalmasına bəslədiyi ağılsız bir ümiddən irəli gəldiyini bilirdi”.
Nikolayın ölüm ayağında Allaha tapınması çətinə düşən insanın Yaradana bağlanmasına, ondan kömək istəməsinə bənzəyir. Çətinə düşən insan Allaha dua edir, ona ümid bağlayır, hər şeyi ondan gözləyir, ancaq işləri sahmana düşəndə Tanrını unudur. Tolstoy inancsız, daxilindəki ziddiyyətləri çözməmiş bir insanın faciəsini canlandırır. Müəllif göstərir ki, Allaha əlacsızlıqdan inanmaq olmaz. Allah bizim əlacsızlığımız yox, çarəmiz olmalıdır. Yarımçıq hamiləlik olmur: ya Allaha qəlbən inanmalısan, ya da yox. Əks təqdirdə, əbədi rahatlığını itirirsən, tutacağın, yapışacağın yer olmur. Həyatda insanın riyakarlığı ən çox çətin məqamlarda, imtahanlı günlərdə, bərkə-boşa düşdüyü məqamlarda üzə çıxır. Xəstənin aqibəti bu düsturu növbəti dəfə sübut edir. Müəllif göstərir ki, qəlbindəki tərəddüdlə ölümə doğru getmək – Allaha qovuşmaq olmaz. İnsanlar düşünür ki, öləcəklər və tərəddüdlərindən xilas olacaqlar, onları düşündürən hər şey həllini tapacaq. Amma ölüm anında insan yenə düşünür, yenə götür-qoy edir, yenə nələrəsə cavab tapmağa çalışır. Deməli, öz şüuraltısında insan dərk edir ki, ölüm heç nəyi tam həll etmir. İnsan təhtəlşüurunda bir natamamlıq duyur. Natamamlığı duymaq isə irəlidə nəyinsə olmasına inamdır. İnsanın bu həqiqəti dərk etməsi onun qeyri-ixtiyari də olsa, axirət dünyasına olan inamından irəli gəlir.
Əsərdə çox maraqlı məqamlardan biri də ölüm ayağındakı Nikolayın davranışlarıdır. Xəstəyə – Nikolaya yağ sürtürlər və birdən-birə onun halı yaxşılaşır. O, insanlarla xoş rəftar edir, əhvalı düzəlir, dikəlib oturur, sağalacağına ümidi artır. Sonra halı yenə pisləşir və hər şeyi unudur, öləcəyini düşünür. Birdən yenə halı düzəlir, sonra yenə əsəbi olur, hamını acılayır, tələb edir ki, Moskvadakı həkimi tapsınlar, doktor çağırmadıqlarına görə hər kəsi məzəmmət edir. O nə istədiyini bilmir, gah deyir ki, məni “bu böyrüm üstə çevirin”, az sonra deyir ki, “o biri böyrüm üstə çevirin”. İnsan sağlam olanda öz bədəni ilə bağlı bütün arzularına rahatca çatır, biz ömrümüz boyu bədən nə istəyirsə, onu da edirik. Xəstəlik zamanı isə bədən bizim istəklərimizi yerinə yetirə bilmir. Ona görə də qıcıqlanır, özümüzdən çıxırıq. Sanki bütün ömrü boyu bizimlə “ağa buyur, bəy buyur”la danışan, hər göstərişimizə hazır dayanan biri daha bizə tabe olmur. Ağır xəstəlik insanın öz bədəni üzərində hakimiyyətini itirməsidir. Müəllif insanın mürəkkəb psixologiyasını ölümlə həyatın astanasındakı keçiddə çox gözəl əks etdirir.
Nəhayət, Nikolay keçinir. “Bir dəqiqədən sonra onun üzünə bir aydınlıq gəldi, bığlarının altında təbəssüm göründü...” Nikolay nə üçün ölən kimi rahatlaşır, onun üzünə nur gəlir, təbəssüm qonur? Çünki ölüm insanı öz əməllərinin, əziyyətlərinin əlindən alır. Ruh isə yaşayır. Həmin an insan anlayır ki, sən demə, bu ağır yüksüz – bədənsiz də yaşamaq mümkündür. Ona görə də ölülərin üzündə bir sakitlik, rahatlıq olur – ruhun azadlıq məmnuniyyəti bədənin simasında əks olunur. Xüsusən, uzun müddət xəstə yatan, ölüm döşəyində günlərlə can verən insanlar keçinəndə onların simasında rahatlıq ifadəsini daha aydın görmək olur.
Tolstoy “Ölüm” adlandırdığı bu ağır bölməni nikbin bitirir: “Həkim Kiti haqqındakı mülahizələrini təsdiq etdi. Kitinin xəstəliyi hamiləliklə bağlı idi”. Nikolayın ölümü və Kitinin hamilə olması həyatın məntiqidir, – biri ölür, digəri doğulur. Və bu detal həyatın əbədiliyinə işarədir. Ümumiyyətlə, romandakı Levin və Kiti xətti, yəni ailə xətti həyatın əbədiliyinə, Anna və Vronski xətti isə əksinə, faniliyinə işarə edir. Əsərin Annanın ölümü ilə sonuclanmaması, sonda Levin və Kiti xəttinə qayıdış müəllifin əbədi həyata inanması və yaxud bizi buna inandırmaq istəməsinin göstəricisidir. S.L.Tolstoy bu ölüm barədə “Anna Karenina”dakı həyat təsvirləri”ndə yazır: “XVII FƏSİl. Nikolay Levinin ölümünü təsvir edəndə Tolstoy qardaşı Dmitrinin (22 yanvar 1856-cı ildə vəfat edib) son günlərini xatırlayır. Bunu daha geniş şəkildə "Xatirələr”də də yazıb. O həm də 1860-cı ildə dünyasını dəyişən böyük qardaşı Nikolayı da xatırlayır. Lev Nikolayeviç Dmitrinin ölümünü görməyib, ondan bir neçə gün əvvəl artıq çıxıb getmişdi. Nikolay isə onun gözləri önündə dünyasını dəyişib. Nikolay Levinin ölümqabağı dediyi sözlər isə, yuxarıda qeyd edildiyi kimi, Kiselyovun ölümbqabağı dediklərini xatırladır”.