Gərək deməyəsən
Kimsəyə sən.
Bu dünyada
Kimi necə sevirsən…
Bahadur İ.
Kəndin içində bir səs, hay-haray, küy bu günün ortasını yaman zingildətməyə başlamışdı, sanki bir günün iti yox, bir itin günü zingildəyib qüruba gedirdi. İt mərəkəsində üç il bundan qabaq dünyasını dəyişmiş bir qarının adı çəkilirdi. Onun adının arxasınca da itinin səsi, zingiltisi, kiminsə vurduğu zərbələrin ağrısından itin ulartısı dalğa-dalğa, qarğı-qamış çəpərlərindən vıyıltı ilə keçərək, qulaqlara dolurdu. Hələ itin ünvanına deyilən söyüşləri bir eşitsəydiniz lap inanardınız ki, həqiqətən də nəsə vacib məsələ baş verib. Çünki bu tərəflərdə son dövrlərdə söyüş olmayan olaylara o qədər də daha çox adamlar qulaq verməz, inanmaz əvvəlki Sovet dönəmlərindəki kimi. Sadəcə, bir dəfə deməklə iş inandırıcı olub bitməzdi. Deməli, qarşı tərəfin hiddət manerası el-oba xəttini keçibdir. İndi bir yandan meymundan əmələgəlmə sosialist qismətini unudub, minilliklərdən gəlmə heç kəsin oxuya bilmədiyi alın yazısını, hətta oxuyanlar ortalığa buraxılmış, Qoroskop-Qədər yazılarını qəzetlərdə axtaranlar, bağlı məscidlərin birdən-birə açılan qapılarından basa-basla oraya dürtülüb beş dəfə yox, keçənlərdə buraxılmış namaz vaxtlarını da geri qaytarmaq ümidilə Karlı da, Marksı da, (Leninə toxunmaq olmazdı. Onun meyidi hələ də Moskvada diriydi) lənətləyə-lənətləyə, hətta günə səkkiz namaz qılanlar da var idi. Amma tez alışan, tez də sönər deyiblər. Hamının bineyi qədimdən bircə qibləsi, bir kitabı olduğu halda, indi dəstə-dəstə Azərbaycanı dində daha çox Sovetdənqalma boşluq olduğunu görüb, gələnlərə də məscidlərdə dərs verməyə belə, yerləri və dinləyiciləri getdikcə daralıb kasadlaşdıqca, qiblələrə də, Quranın ayələrinə də, imamlara da, axundlara da inam-gümanlar qarışa-qarışa azalırdı. İndi hərə özü bidiyi kimi yazır, yozurdu. Bir az, deyəsən, inam-gümanın da çox olacağı demokratiya deyilən şeydən xalqın başını yavaşca dumanlandırırdılar, hələ güclüsünü də vəd vermişdilər ki, hamı, hər zaman, hər əməlində - sözündə azad olacaq. Kim istəsə, hansı yönə darvazasını qoya bilər, haradan istəsə torpaq ala bilər, daha dövlət sənin evinin nə içinə, nə də çölünə qarışa bilməz. Camaat azadlıq deyilən, amma özü hələ görünməyən şeyə razıydı. Kaş bunun da içindən bir ekstremist erməni çıxmasaydı, lap deyilən kimi, yaxşı olardı. Heç dəxli olmasa da yenə...
Dağılan Sovetin güclü dalğaları Moskvaya doğru çəkildikcə, hər açılan səhər nəsə təzə bir səs gətirirdi Arran elinə. Hər dəfə də nəsə tərəkəmə ağlınagəlməz təzə bir yel əsəndə hamı şübhələnir ki, bunun da içindən çox güman separat erməni barmağı çıxmazkı. Çünki dünyanın hər yerindən ucalan bir İngilis barmağı göründüyü kimi, bu tərəflərin də bir erməni barmağı kimi deyimi vardı. Bilinməzdi hardan başladı. Amma sonda erməninin özünün yaratdığı deyimlə düşünən müsəlman yenə özü-öz diliylə onu yaşadırdı: ”Erməni demişkən, müsəlmanın sonrakı ağlı mənim olaydı”. Bir tərəfdən də, o da faktdır ki, hər dəyişən dövr-zaman içində mütləqa, üçminillik arran-tərəkəmə həyatımızın üçcə yüz illik “erməni” adı bizi heç tərk etmirdi. Mümkünsüz bir iş olmuşdu. Nə zaman biz azərilər bir qoyunumuzu dağa, arana çəkmək, yığdığımızı xərcləmək, hamı kimi, bu dünyada məşhur dünyəvi bir yola çıxmaq istəmişik, həmin an ermənidən ağlagəlməz bir dava-mərəkə görmüşük. Sanki bu qövm bizim adımıza yazılıb. Hər son üç yüzilin dəyişən kəsiyində mütləqa, tikan olub ortadan pırtlamalıdır. İndi bir kəndin bir itindən yazmaq istədik. Bizim hər yerdən fikrimizi ayırıb, özlərinə cəlb etdilər.Bu belə gəlib, belə də öləcək. O sadaladıqlarım dağılan sovet adlı dövlətin yoxluğundan istifadə edib bizə gətirilənlər idi.
Çəpərin ayağında adı hallandırılan Şəkər xalasa bizim özümüzünküydü. Onun adını kimdir belə ağzına alıb? Nə oldu birdən birə? Sakit kimsəsiz bir qarı nənənin bu dünyaya gəlişini heç görmədiyimiz kimi, gedişi də sakit olduğundan yaddaşımızda az qalmışdı.
Şəkər adı çəkildikcə sanki onu bu dünyadan bükülmüş beliylə yola salanlar, özlərinin də aparacaqları ağırlıqları da ona yükləyib göndərmişdilər o dünyaya. Adamlar təzə çalxalanmağa başlayan bu dövrdə getdikcə lap ağırlaşıb, yerlərindən durmağa belə kimisə, nəyisə köməyə axtarırdılar, Çünki birdən-birə Sovetin tələbi yoxa çıxmışdı, kimsə kiminsə başının üstündə dayanmağa cəsarət etmirdi; - birdən sabah belə yox, elə oldu. Amma yerlərindən də güclə qalxmalarında bir məna vardı ki, durmadan buna da bir səbəb gəzirdilər. Məsələyə sahib səbəbkar görürdülər kimi-kimsələri. Dumanlıydı o günlər, dumanlıydı gümanlar. Belə bir gündə Şəkər nənənin adı gəlirdi uzaqdan. Onun itini söyürdülər, amma it dinmirdi. Arabir vururdular, onda it səsini çıxarıb ağırıyıban zingildəyirdi. Məni də elə söyüşlərlə vursalar lap bağırardım, də! Çünki tərəkəmənin səssiz vurması, heç vaxt zərbə sayılmazdı, elə ki, ikicə mərtəbəli onun özünə və beş qatlı biri-birinə bağlı, qafiyəli, xüsusi temp və vurğuyla bütün şəcərəsini pislikləri ilə ortaya qoyan anda endirilən vuruşda böyük məntiq, psixoloji, fiziki məhvetmə anı yaradılırdı. Buna, söyüşlü vuruşa, küllü tərəkəmə elat camaatı ürək bulandıran bir məsələ kimi baxsa da, yenə hamısı məqamında mədəsinin hansısa bağırsaqla birləşən yerində ilişib yığılmış, zəhərli iyvermə prosesini də kəskinləşdirmiş söyüş adlı deyimləri böyük təzyiqlə içindən çıxarıb tökərdi qarşısındakı bütün canlı, cansız, kim və nə vardısa üstünə. Mən görmüşdüm ki, biri taxtaya vurulan, tez-tez əyilən mıxı necə də, onun hazırlanmasının texnoloji proseslərinə qədər, o mıxı istehsal edən zavodun laborantını, direktorunu, hətta hansı millətin şəhərində istehsal edilibsə, lap onların etnogenizisini də, tarixi yanlışlıq kimi söyürdü. Halbuki, sonra bilindi ki, çəkicinin ağzının həddən artıq yeyildiyindən, mıxa dəqiq zərbə endirə bilmirdi, sürüşüb mıxın gah bu, gah da o biri yanından basıb əyirdi. Hələ konkret canlı adamlara deyilənləri desəm, vallahi erməni də bütün Qafqazı tərk edərdi... Amma həmişə onları qonaq bilib hörmət etmişik.
Amma səhərin günortasına yaxın sərhəddində söyülə-söyülə vurulan o it döyüləsi-söyüləsi elə bir it kimi də yaddaşımızda qalmamışdı. O yalnız son vaxtlar çox gəzər, bütün kəndin yolağalarından keçərdi, yalnız bir neçə həyətlərin yol ağzında, bir neçə kənd adamının, yəni yaşlısının, bir neçə kənd uşağının arxasınca gedən görərdin onu.