Onu çoxunuz tanıyırsınız. Kiminiz iş yoldaşı kimi, kiminiz yazı-pozu adamı kimi, bəzilərinizə orta məktəbdə dərs deyib, bəzilərinizə Müəllimlər İnstitutunda, hansınızasa APİ-nin Şamaxı filialında elmin sirlərini öydədib, hələ üstəlik şairliyi də var dostumun. Aranızda orta məktəbi Bakıətrafı kəndlərdə bitirənlər təxmin elədilər kimdən danışıram. Ayy sağ ol – düz tapdın! Yadındadır, bir dəfə kağızı yumrulayıb qabaqkı partada oturan yoldaşına tulladın, o da gəlib sol qulağının dibinə yaxşı bir şillə tutuzdurdu. Deyəsən, yadına düşür. Sonra da yumrulanmış kağızı açdı ki, hələ içinə söyüş də yazmısan – sağ qulağının da dibini isitdi. Bu əhvalatdan sonra sənin kimi şagirdlərin dərsini vermək üşün yanında daima şlanq gəzdirən Mirzənin məşhur ifadəsi də, yəqin, yadındadır: “Əsl pedaqoqluq şlanqdan başlayır”. Aranızda Mirzəni sex müdiri kimi tanıyanlar da az deyil. Yox, əşşi, nə ayaqqabı sexi. Yox – çörək sexi də deyil. Düzdür, bunun da axırı gedib bir loxma çörəyə çıxır – amma bu, tamam ayrı sexdi. Mirzə düz otuz ildir ki, ciddi yazı-pozu işləri ilə məşğuldur. Həm də dostum nəinki özü üçün, başqaları üçün də yazı-pozu qaralayır. Yəni ki, bu bazarın əsas oyunçularındandır – yazı-pozu sexini işlədənlərdən biridir. Özü də monopolistin yekəsidir. İmkan verməz bir adam lisenziyasız onun bazarına girə, ya da köhnə bazara təzə nırx qoya. Neçə illərdir ki, bu bazarda nırx elə Mirzənin qoyduğu nırxdır. Yaxşı tutdum, bu cümlələri oxuyub yaman qımışırsan – deyəsən, səninkini də o yazıb. Əşşi, nəyimə lazımdır, özünüz bilərsiniz – imkan verin, söhbətimi eləyim. Hə, onu deyirdim axı, Mirzəni hərə bir cür tanıyır. Biri deyir yaman diribaşdır, biri deyir, ə kişi, nə danışırsan – Mirzə fağırın biridir. Biri deyir, kobud adamdır, biri deyir, ipək kimi yumşaqdır. Açığı, mən də Mirzəni yaxşı tanımırdım. Elə sizin kimi, bəlkə, sizdən də az tanıyırdım. Yəqin ki, indi danışacağım əhvalat baş verməsəydi, elə bu cür də tanımağa davam edəcəkdim. Söz vaxtına çəkər – doxsan səkkizinci ilin elə bu vaxtları Mirzə ilə Səməd Vurğun bağında gəzişirdik. Hələ onda indiki kimi ürək dostu deyildik, bir-birimizə isinişməmişdik – elə ordan-burdan, dağdan-arandan danışırdıq. Birdən Mirzənin telefonuna zəng gəldi. Xəttin o başındakı kövrək səs dedi:
– A Mirzə, biz sənə neyləmişik, niyə bizi atıb getmisən? Bizim günahımız nədir axı?
Söhbət uzandıqca hiss eləyirdim ki, Mirzə də kövrəlir. Amma qayıdıb bir kəlmə də demirdi. Eləcə qulaq asırdı. Xəttin o başındakı səs bir az da yazıqlaşdı:
Mirzə, başına dönüm, bəlkə, xətrinə dəymişik, bəlkə, bizdən küsmüsən?
Mirzə, – Sizdən küsməmişəm eyy, sizdən iyrənmişəm! – deyib, telefonu qapadı.
Mən Mirzənin indi, bəlkə də, çoxunuza gülməli gələn bu cavabının arxasında böyük bir kədər, ağrı gördüm. Həmin gündən onu addım-addım izlədim, özüylə yoldaşlıq elədim, səfərə çıxdım. İndi Mirzəni mənim kimi heç kim tanıya bilməz. Mirzə bir başqa aləmdir. Həm dərin adamdır, həm güclü yumoru var, amma içindəki kədər daha dərindir, daha güclüdür. İnsafən, Mirzənin yazısı-pozusu da pis deyil, müəllimliyinə də söz tapa bilməzsiniz. Yenə doxsanıncı illlərin əvvəlləri idi – soruşdum ki, Mirzə, indiyə kimi təxminən neçə nəfərə yazı-pozu qaralamısan? Dedi, ortaya çıxanları soruşursan, yoxsa, ümumiyyətlə, sexə girənləri? Dedim: – Elə ortaya çıxanları desən, bəsdi.
– Yazdıqlarımdan otuza yaxın yazı-pozu adamı bu saat sənətin çətin yollarında külüng vurur.
Onda soruşdum ki, yaxşı, otuz ildir gecə-gündüz qələmin işləyir, bəs özünə niyə bir iş qaralamırsan?
– Pul verən var? Sən öl ikicə min verən olsa, yazaram, niyə yazmıram?!
Mirzə ilə yoldaşlıq elədikcə gördüm ki, dostum bütün bunları kefindən eləmir. Bu qədər qara-qura, əyri-doğru işlərlə məşğul olmağı həyat onun qarşısına şərt kimi qoyur. Amma dərd orasıdır ki, bu boyda həngamə dostumun güzəranına bir qram da təsir eləmir. Mirzə neçə illərdir, özünün dediyi kimi, səfil, ləlöyün günündə dolanır.
İndi gördünüzmü, mən deyəndir – Mirzə çox orijinal adamdır. Belə kişiylə yoldaşlıq eləməyə dəyər. Yol demişkən, Mirzə ilə birinci yoldaşlığımız Şəkiyə gedəndə oldu. Həmkarların hesabına iki günlük Şəkiyə gedirdik. Yolda bir daha vuruldum bu kişiyə. Elə avtobusa minən kimi Həmkarların sədrinə dedi ki, sən Allah, hara səfər olsa, mənə xəbər elə. Fərqi yoxdur, lap yayın cırhacırında Kürdəmirə səfər olsun. Təki evdən uzaq olum. Avtobusda yanımda oturan Mirzənin yaxın dostu Mikayıl müəllim yavaşca dedi:
– Görürsən də, bu adam evini, uşağını bir qram da istəmir.
Səməd Vurğun bağındakı söhbəti yadıma salıb Mikayıl müəllimin dediklərini başımla təsdiqlədim. Yolda sözarası dostumdan soruşdum ki, niyə ev-eşikdən bu qədər dad döyürsən? Dedi, vallah, heç özüm də dəqiq bilmirəm, nə isə məni səfər daha çox özünə çəkir, nəinki ev-eşik. Bir də ki, ailə səngər kimi bir şeydir, girdin, çıxa bilməzsən, gərək axıra kimi döyüşəsən. Düz iyirmi ildir ki, evdə mövqe döyüşləri gedir. Ona görə fürsət tapdıqca aradan çıxıram – mən də yaşamaq istəyirəm. Dostum ona diqqətlə qulaq asdığımı görüb fikirlərini bir az da inkişaf elətdirdi: – Bilirsən, ailə minalanmış ərazi kimi bir şeydir, hər an partlayış baş verə bilər. Hələ üstəlik mənə məsləhət verdi: Arada evdən çıx, qoy evdəkilər də sevinsin.
Şəkidə əvvəlcə Molla Cümənin məzarını ziyarət elədik. Dostum da məzarın başında çıxış elədi, hələ bir az da guya ki, kövrəldi. Ertəsi gün bir-iki yerə də dəydik. Axşam rayon rəhbərliyi bizə yaxşı ziyafət verdi. Əlbəttə ki, mən Mirzənin yanında oturmuşdum, elə indi oxuduğunuz hekayəni yazmaq üçün material yığırdım. Dostum da sağ olsun, tez-tez yaxşı “pas” ötürürdü. Arada baxdım ki, Mirzə turşuya, istiota yaman girişib. Yadıma keçən ay onu yaxın qohumumun baş həkim işlədiyi klinikadakı böyrək həkiminin yanına aparmağım düşdü. Həkim dostumu müayinə edəndən sonra dedi ki, uzağı bir ay ərzində böyrəyinin heç olmasa biri əməliyyat olunmalıdır. Mirzə o saat əməliyyatın necə keçəcəyi, nə ilə nəticələnəcəyi ilə deyil, qiyməti ilə maraqlandı. Həkim dedi, 300 narkoza, 1000 əməliyyat həkiminə, iki tibb bacısının hərəsinə ayrı-ayrı 100 manat, birinci gecə reanimasiyaya 300, sonrakı günlər gecəsinə 150 manat palataya, 100 ora, 50 bura – nə isə, hesab gəlib üç mini keçəndə dostum havalandı:
– Mən şaxta baba-zadam burda, hədiyyə paylayıram?! Yox, əşşi! Bir böyrəyə üç min pul verəcəyəm. Sən bu dəqiqə mənə yüz manat ver, adam öldürüm.
Həkim gördü ki, bu qan-qan deyir, dedi, vallah, mən qiymətləri dedim, ta özünüz bilərsiniz. Açığı, mən də bir az pis oldum, çünki məni klinikada qohumuma görə tanıyırdılar. Amma Mirzə ilə aramızda olan dostluq mənim üçün daha vacib olduğuna görə həkimdən soruşdum ki, yaxşı, bəs bu binəva neyləsin, başına haranın daşını töksün? Həkim dedi:
– Bunun ta ayrı yolu yoxdur, bu gərək özünü pəhrizə-zada tuta.
Görüşüb ayrılanda da dostuma möhkəm-möhkəm tapşırdı ki, yaşamaq istəyirsənsə, turşudan, istiotdan uzaq durmalısan:
– Turşunu, istiotu nəinki yemə, heç onlar olan süfrədə oturma.
Mən Mirzəni dümsüklədim ki, bəs keçən ay həkimin dedikləri nə tez yadından çıxdı, axı istiot, turşu sənə ziyandır. Dostum yenə özünəməxsus cavab verdi:
– Mirzə nə vaxt öz xeyirini güdüb?!
Açığı, mən özüm də turşu xoşlayanam, ona görə çox da dərinə getmədim, başladım dostumla həmrəylik nümayiş elətdirməyə. İşdə də, səfərdə də bütün günü Mirzənin yanını kəsdirən Mikayıl müəllim də bizimlə, daha doğrusu, Mirzə ilə yanaşı oturmuşdu. Öd kisəsini təzəlikcə çıxartdıran Mikayıla həkim nə təhər göz ağartmışdısa, yazıq kişi, demək olar ki, heç nə yemirdi. Arabir pendirdən, salatdan götürüb başını qatırdı. Mən yenə Mirzəni dümsüklədim: – pəhrizə belə əməl eləyərlər. Dostum başladı Mikayıl müəllimi məzəmmət eləməyə:
– Ay oğul, ye də, min il yaşamaq istəyirsən? Dövran sənin ətini yeyir, sən də bir şey ye də.
Mikayıl müəllim istədi cavab versin, Mirzə aman vermədi:
– Ye, dinmə, ye, dinmə.
Bir az yeyib özümüzü toxtadandan sonra məclisin bədii hissəsi başladı. Nümayəndə heyətimizin üzvlərindən kimi mahnı oxuyur, kimi şeir deyir, rəqs etmək məharəti olanlar rəqs edir – bir sözlə, hərə özünü bir tərəfdən nümayiş etdirirdi. Xanımlardan biri Musa Yaqubdan şeir oxudu:
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Mirzə şeiri oxuyan – əllini çoxdan aşırıb yüzə nə qaldı deyən, amma hələ də ailə qurmayan xanıma tərs-tərs baxıb çoxunun eşidəcəyi səslə dedi:
– Yaman da tez alışansan – altmış yaşın var eyy, ay oğul! (o hamıya – cinsindən, dinindən, dilindən, irqindən, yaşından asılı olmayaraq hər kəsə ay oğul deyə müraciət edir). Bundan sonra sənin üstünə bir çən benzin də töksəm, alışası deyilsən.
Nümayəndə heyətimizdə 9 feysbuk profili, 11 feysbuk və instaqram səhifəsi olan, 52 şeir kitabının, özü haqqında yazdığı (əlbəttə ki, ayrı-ayrı imzalarla) 13 monoqrafiyanın müəllifi, yeriyəndə yerə naz eləyən, göyə minnət qoyan, adamların hamısını özünə borclu sayan, Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Aşıqlar Birliyinin, Rəssamlar İttifaqının, Bəstəkarlar İttifaqının, Əli Qələm Tutanlar İttifaqının – bir sözlə, ölkədə fəaliyyət göstərən bütün birliklərin və ittifaqların üzvü olan, indiyə kimi 6 partiya dəyişən, “Qızıl qələm”, “Gümüş karandaş”, “Bürünc pero”, “Taxta medal” və sairə və ilaxır saysız-hesabsız yerli və beynəlxalq mükafatlara layiq görülmüş, hamınızın yaxşı tanıdığı şair də var idi. İşin onqadlığından həmin gün “görkəmli” şairin ad gününə təsadüf eləmişdi. Məclisi yüksək yaltaqlıq məharəti ilə idarə edən rayonun ştatnı tamadası “görkəmli” şairə söz verməmişdən əvvəl onu rayonun rəhbərliyi və ziyalıları adından təbrik elədi, icra hakimiyyəti adından onun çoxminli diplomlar kolleksiyasına bir dənə də həşəmətli diplomun əlavə olunduğunu bildirdi və xahiş etdi ki, şair özünün məşhur şeirlərindən oxumamışdan qabaq onun şərəfinə hazırlanmış tortu kəssin. Özünün sanbalı ilə (çəki baxımından deyirəm) hamıdan seçilən şair ağır-ağır torta yanaşdı, tortdan bir dilim kəsəndən sonra ha istədi tortun üstündəki şamların heç olmasa birini üfürüb söndürsün, nə illah elədi, nəfəsi çatmadı. Bu acınacaqlı mənzərəni seyr edən Mirzə şairə hamının eşidəcəyi səslə replika atdı:
– Poetik nəfəsin də belə zəifdir!
Mən Mirzənin dizindən basıb dedim ki, yaxşı eləmirsən, ağsaqqal adamdır, metrnən titulları var, işin olmasın, qoy şeirini oxusun. Dostum qayıtdı ki, mən nə deyirəm, oxusun: – biabır olmaq üçün növbəti dəfə yaxşı şans yaranıb, qoy bütün miqyası ilə özünü biabır eləsin.
Mirzənin dediyi kimi də oldu. Şair düz yarım saat özünü bütün miqyası ilə biabır eləyib bizi də tamam əldən saldı. Bu arada ara qarışdı, məzhəb itdi – mən Mirzədən göz oğurlayıb rayonun ştatnı tamadasının qulağına pıçıldadım: Məclisdə Mirzə adında çox istedadlı bir şair oturub, ona söz ver. Tamadanın təntənəli elanından sonra fakt qarşısında qalan dostumun səhnəyə çıxmaqdan başqa çarəsi qalmadı. Açığı, bu, Bakıdan gedənlərin ürəyincə oldu. Mirzəni o qədər alqışladılar, özü də, deyəsən, inandı ki, bəs ciddi şairdir. Yerdən hamı bir ağızdan dedi: – Mirzə, “Pul” şeirini de, “Pul” şeirini de. Mirzə pul haqqında klassiklərin şeirlərindən bir-iki ustadnamə ərz elədikdən sonra keçdi özünün məşhur pul şeirinə:
Dünyanın əzəldən bir qanunu var:
Kimi pul itirər, kim tapar pulu.
Kasıb tapanacan dəridən çıxar,
Amma ki, harınlar tez qapar pulu.
Mənə bu didarda kim durar yaxın,
Dərd qoşun-qoşundu, qəm yığın-yığın.
Uşaq başın tutur, arvad ayağın-
Bu dərman puludu, bu azar pulu.
Kasıb asılmaqçün gedib ip alır,
Harın “Mersedes”i satıb “Cip” alır.
Hər cür əbləh alır, hər cür tip alır –
Məxluq hardan tapır bu qədər pulu?
Qış sovuşur, yaz tələsir, yay gəlir,
İllər nəhs gətirir, aylar zay gəlir.
Gör neçə ölkədən mənə pay gəlir –
Bu yapon puludu, bu Qətər pulu.
Fələk də bu işə duruş gətirməz,
Arvad-uşaq evə quruş gətirməz.
Bir işə başlasam, o iş gətirməz –
Kasıbın cibində tez batar pulu.
Rüşvətə dəstək ol, rüşvətə qulp sal,
Gözdən tük çəkərlər, gözünü qırpsan.
Üzünə tüpürüb başına çırpsan,
Deməz lazım deyil, al, apar pulu.
Mirzə 56 bəndlik “Pul” şeirini, axır ki, bitirdi. Şeir hamının, xüsusilə də əli pulnan oynayan rayon rəhbərliyinin çox xoşuna gəldi. Hətta məclisdə oturan rayonun ən böyük adamı Mirzəyə belə bir təklif də elədi: Sən pul haqqında olan şeirləri toplayıb kitab kimi çap elə. Mirzə dedi:
– Mən toplamağına toplayaram, amma bütün işlərim kimi, bu işim də mübarək olmayacaq. Bu işdə də bir nömrəli problem puldur ,kitabı çap eləməyə pul tapılmayacaq.
Axşam oteldə üçümüz – mən, Mirzə, şair Mikayıl bir nömrədə qaldıq. Mirzə səhərə kimi o qədər maraqlı əhvalat danışdı ki, uğunub getdik. İstəyirsinizsə, birini sizə danışım. Bilirəm, ürəyinizdəndir. Yaxşı, danışıram. Deyir, şəhərə təzə köçmüşdüm, yerə-göyə sığmırdım. Kəndimizə gedəndə elə forslu-forslu gəzirdim, elə bilirdilər, Bakının yiyəsi mənəm. Hərə bir iş tapşırırdı, mən də basıb-bağlayırdım. Uşaqlıq dostumun oğlu da bir il idi ki, əsgərlikdən gəlmişdi, işsiz-gücsüz bütün günü kənd aşağı, kənd yuxarı gəzib it döyürdü. Dostum dedi ki, bəs hamıya iş düzəldirsən (guya ki, söz verdiklərimin hamısının işini düzəltmişdim, qalmışdı bu. İş düzəldən olsaydım, elə özümə fərli-başlı bir iş tapardım), bizim uşaq qalıb qıraqda. Əvvəlcə uşağı başımdan eləmək üçün dostuma məsləhət verdim: – neçə ki, boşdur, işsiz-gücsüzdür, evləndir, başı qarışsın. Dedi, nə danışırsan, bu deyir ki, ayrıca evim olmasa evlənəsi deyiləm. Bu dəfə guya ki, daha yaxşı məsləhət verdim: əyə, evlənmək üçün evi neyniyir, yanında iki metr yer yoxdur bəyəm? Gördüm ki, dediklərim həng almır, təslim oldum: gələn həftənin birinci günü göndər yanıma, bir iş düz-qoş eləyəcəm... Nə isə... (mən qısa danışıram ki, çox başınızı ağrıtmayım, Mirzə bunu bir sicilləmə danışdı) əziz dostumun oğlunu yanıma salıb getdim əvvəlcədən manşırladığım zavoda. Əlimdə su içmək kimi asan olan fəndlərdən birini işə salıb girdim direktorun yanına – bu binəva da böyrümdə. Yolda da özünə söz vermişəm ki, narahat olma, səni işə “oformit” elətdirməyincə direktorun otağından çıxası deyiləm. Ara-sıra qəzetlərdə yazılarım çıxırdı – həmin qəzetlərdən bir-ikisini də vurmuşam qoltuğuma – dərdimi zavodun direktoruna izhar eləyəndən sonra qəzetləri göstərib dedim ki, müəllim, biz də borclu qalan adam deyilik, işimizi həll eləyin, hər ay sizdən bir məqalə yazacağam. Direktor dedi, bizdə iş-zad yoxdur, bu ay hələ ixtisar olacaq, heç cürə götürə bilmərəm, məqalən-zadın da lazım deyil. Bir xahiş elədim, iki xahiş elədim, gördüm, direktor haqq aşığı kimi dirənib, başladım bunu hədələməyə:
– Elə bilirsiniz, xəbərimiz yoxdur burda nə işlərlə məşğulsunuz?
Yalandan bir-iki fakta oxşayan şey də dedim. Gördüm alınası iş deyil. Bu dəm elə bil Allahdan olan kimi gözümə direktorun stolunun üstündə açıq vəziyyətdə qoyulmuş Fridrix Engelsin “Meymunun insana çevrilməsi prosesində əməyin rolu” kitabı sataşdı. Uşağa göz vurdum ki, işimiz düzəldi. Əlimi Engelsin kitabına uzadıb dedim:
– Sən bu kişinin dediklərinə əməl eləyirsən?
Direktor tutuldu. Yəqin, fikirləşdi ki, gedib qəzetdə-zadda nəsə yazaram – Marksı, Engelsi saymır-filan, möhkəm qorxdu. Qayıtdı ki, nəyə görə soruşursan? Dedim:
– A kişi, (bu dəfə müəllim-zad demədim) suala cavab ver, əməl edirsən, ya etmirsən, özü də xahiş edirəm, səmimi ifadə ver – lap müstəntiq kimi danışdım.
Yazıq təlaş içində dili söz tutar-tutmaz dedi:
Əlbəttə, əməl edirəm, mən nə karəyəm ki, Engelsin dediklərinə əməl eləmiyəm. Edirəm, özü də can-başla.
Mənə də elə bu lazım idi. Dostumun oğluna bir dənə də göz vurub dedim:
– Yaxşı, o stolunun üstündəki kitabda Engels nə yazıb? Deməyib ki, əmək meymunu insana çevirir? Elə bil ki, bu da meymundu – əlimi dostumun oğluna uzatdım – bir iş ver, əməklə məşğul olub adama çevrilsin də.
Quşu gözündən vurmuşdum. Direktor o saat düyməni basıb üç çay sifariş elədi, ardınca da “otdel kadrı” çağırıb uşağı dünəndən işə “oformit” eləmək üçün tapşırıq verdi...
Görürsünüz də, dostum iş düzəltməyin ustasıdır. Bir işi həll eləməyi boynuna götürdüsə, əvvəl-axır həmin işin axırına çıxacaq. Mirzənin iş düzəltməklə yanaşı, iş pozmağı da var. Yəni ki, mərdüməzarlığı. Amma gərək düz danışasan – nə eləyir, haqqına eləyir. Belə bir əhvalat da baş verib. Baş verib deyəndə ki, özüm şahidi olmuşam. Bir nəfərin işi müzakirə olunurdu. Homerin “İliada”sından yazmışdı. Dostum həmişəki kimi yanımda oturmuşdu. Müəllif danışdıqca qulağıma pıçıldayırdı: danışdığının hamısı sudur. Çıxışçı sözünü bitirəndə iclasın sədri auditoriyadan soruşdu ki, kimin sualı var? Dostum əlinin ikisini birdən qaldırdı:
– Mənim sualım yoxdur, etirazım var. Bu nə cəfəngiyyatdı yazıb, hələ utanmır, gəlib özündən razı-razı danışır da.
Mirzə hər yerdə sözü üzə deyəndir. Özü də ağına-bozuna baxmaz – qarşısındakı kimdir, nəçidir. Qohum-əqrəbasıdır, ya müdiridir. Fərq eləməz, Mirzə sözünü deyəsidir. Qohumlardan biri Həcc ziyarətinə gedəsiymiş. Evində ziyafət təşkil eləyir. Mirzəni də çağırır. Məclis əhli zəvvarı tərifləyib qaldırır göyə. Bir ağızdan deyirlər ki, sən bu yola layiqsən, çoxdan getməliydin, hələ bir az da geçikmisən. Növbə Mirzəyə çatanda deyir:
– Mən qəti surətdə etiraz eləyirəm sənin ziyarətə getməyinə. Başqasını deyə bilmərəm, mənim özümlə indiyə kimi iki sistern araq içmisən.
Gələcəyin hacısı əvvəlcə özünü itirir, sonra bir az toparlanıb guya ki, Mirzənin cavabını verir:
– Get, bu məsləhəti atova ver.
Mirzə söz altında qalmır:
– Həccə gedən sənsən, atam deyil ki.
Şəkidən qayıdanda yolda bir maraqlı hadisə də oldu. Yadımdan çıxmamış danışım. Demək, bizimlə səfərə çıxan xanımlardan birinin 10-12 yaşlı uşağı da yanında idi. Bakıdan Şəkiyə kimi uşaq baş-beynimizi apardı. Gah ağladı, gah çığırdı, böyründə oturanları təpikləyib üst-başlarını çirkləndirdi. Bir sözlə, yüz oyundan çıxdı. Mirzə arada tərs-tərs gah uşağa, gah anasına baxdı, amma birtəhər hövsələsini basdı. Qayıdanbaş Şəkidə uşaq ayağını avtobusa basan kimi yenə başladı zırıldamağa. Mirzənin daha dözmək fikri yox idi. Əvvəlcə uşağın anasına məsələhət verdi: – uşağı ver polisə, tutdur. Gördü təklifi etirazla qarşılanır, bu dəfə də irad tutdu ki, a bala, uşaq istehsal eləyəndə keyfiyyətə də fikir verin. Sonra Mirzə lap qızışdı:
– Əşşi, uşaqda heç bir günah yoxdur, sən özün taraz deyilsən. Saxlaya bilmirsən, ver qatım sürüyə, 10 ildən sonra ya gəl özününkünü apar, ya da seç, içindən hansını istəyirsən, götür.
Soruşdum ki, Mirzə, həqiqətən, evdə uşaq çoxdur? Dedi, ev doludur. Dedim: – özün də deyirsən kasıbçılıqdı, saxlamaq olmur, bəs neyləyirsən bir belə uşağı. Dedi, kasıbçılıq olmağına kasıbçılıqdı, özü də kasıblıq yeganə şeydir ki, ömür boyu mənə sədaqət göstərib, anadan olandan yanımdadır. Amma bunun məsələyə dəxli yoxdur, uşağı gərək seçmə üsulu ilə çoxaldasan ki, axırda heç olmasa içindən bir fərlisi çıxsın. Xanımlardan biri söhbətə qoşuldu:
– Nədənsə son vaxtlar kişilər ailə həyatlarından yaman narazıdırlar, bilmirəm nə məsələdi?
Mirzə əvvəlcə dedi ki, birincisi, mən ailə həyatı sözünü qəbul eləmirəm. Nə həyat, orda həyat var? Özü də indiki arvadlarda təzə bir xüsusiyyət əmələ gəlib, qabaq küsəndə yenə çıxıb gedirdilər dədələrinin xarabasına, sən də rahat nəfəs alırdın, indikilər küsüb otururlar evdə. Di gəl bu dərdə döz, görüm, necə dözürsən. Sonra Mirzənin dərdi bir az da açıldı. Dedi ki, əslində, mənim də dərdim-sərim çoxdu, bəxtim çoxdan vəfat eləyib. Amma bilmirəm nə bəladırsa, ciddi işlərim də lağlağıya çevrilir, heç kəs də mənə inanmır. Sonra bir xeyli də problemlərindən danışdı və üzünü avtobusdakılara tutdu:
– Sizin problemləriniz mənimkindən də çoxdur, amma demirsiniz.
Dostum giley və şikayət üstündə köklənmiş uzun-uzadı çıxışını bu sözlərlə bitirdi: Ailəsi olmayanlar idealımdır!
Avtobusda Mirzədən bir sıra arxada oturan 55-60 yaşlarındakı Səməd müəllim himə bənd imiş kimi Mirzənin – sizin problemləriniz də çoxdur, amma demirsiniz – sözlərindən həvəsləndi, başladı avtobioqrafiyasını danışmağa. Söhbətin ümumi məğzini mən belə başa düşdüm ki, bunun ölkə qulağına qoyulası olmayan bir oğlu var, arvadı da oğlunun tərəfini tutur. Bir sözlə, kişini təkləyib gününü qara eləyiblər. Səməd müəllim dərdini danışıb qurtarandan sonra guya ki, bu sahə üzrə mütəxəssis olan Mirzədən məsləhət istədi. Və elə bildi ki, dostumdan nəsə ciddi bir söz çıxacaq. Mirzə yenə öz ampluasında idi:
– Səməd müəllim, bilirsən də belə yerdə Aşıq Ələsgər nə deyib:
Bu dünyada üç şey başa bəladı:
Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat.
Mirzənin hələ də nə isə ciddi bir məsləhət verəcəyinə ümid eləyən Səməd müəllim soruşdu ki, yaxşı, indi mənə sözün nədir? Mirzə dedi:
– İndi mən sənə Aşıq Ələsgərin dediyi kimi məsləhət verə bilərəm ki, arvadı boşa, oğulu boşla, amma səni yaxşı tanıyıram, o bəxt ki səndədir, atı alan olmayacaq, qalacaq əlində, ona görə də ən yaxşısı odur ki, birtəhər dözəsən.
Hamımız gülüşdük. Səməd müəllim gördü ki, dostum bunu dolayır, nə qədər and-aman elədik, mümkün olmadı, avtobusu saxladıb düşdü və yəqin ki, yol maşını ilə Bakıya gəldi. Avtobus əhli belə güman elədik ki, yəqin, Mirzə hadisəyə səbəbkar kimi səmimi peşmançılıq hissi keçirər. Amma dostum Bakıya kimi şuxluğunu əldən vermədi.
Bakıya yaxınlaşdıqca sürücü kimi harada düşürəcəyini planlaşdırırdı və hamıdan bir-bir şəhərin harasında yaşadığını soruşurdu. Növbə Mirzəyə çatanda dostum mənimlə şirin-şirin söhbət eləyirdi. Ona görə sürücü Mirzədən məxsusi soruşmalı oldu:
– Müəllim, siz harda yaşayırsınız?
Dostumun cavabı yenə orijinal idi:
– Mən son vaxtlar yaşamıram!
Ardınca – ev adlı əzaba doğru gedirik – cümləsini də əlavə etdi və başladı Rəşid Behbudovun məşhur mahnısını zümzümə eləməyə:
– Qəm-qüssə görməyə gecikin bir az...
***
Adətən, mən Mirzəyə zəng eləyirəm görüşmək üçün. O da sağ olsun, heç vaxt sözümü qırmır, harda olsa, o saat gəlir. Dağdan-arandan danışıb dərdimizi dağıdırıq. Şənbə günü tezdən telefonum zəng çaldı. Mirzə idi:
– Gəl görüşək, yaman darıxıram, bu saat “pasadka” eləyə bilməyən təyyarə kimiyəm – bilmirəm, neyləyim.
Fikirləşdim birdən dostuma pul-zad lazım olar – arvaddan gizli saxladığım 30 “şirvan”dan (o vaxtlar pul bu cür adlanırdı) onunu gizlincə cibimə qoyub vədə yerinə gəldim. Mən “İzmir” parkına çatanda dostum sağa-sola var-gəl eləyirdi. Yaxınlaşıb hal-əhval tutdum. Dedim, Mirzə, sən birdən-ikiyə zəng eləyən deyilsən, bir hadisə olmayıb, bəlkə, pul-zad lazımdır, tez cibimdən 10 “şirvan”ı çıxartdım. Dostum dedi ki, yox, pula ehtiyacım yoxdur, təzəlikcə çal-çap eləmişəm. (Mirzə yazı-pozu işlərinin müqabilində aldığı pula “çal-çap” deyir) Amma dost sözünə, dost qayğısına ehtiyacım var. Sonra da əlavə elədi:
– Çal-çapım çoxdu eyy, köpəkuşağı gətirmir. Gətirmir ki, verək qoşun-qoşun dərdimizə, odumuza.
Mirzəni əlimin içi kimi tanıyıram. Bilirəm ki, acından ölsə də, özünü tox göstərər. Cibində qəpiyi olmayanda da özünü ağayana aparır. Görkəmli alimlərdən biri “Ədəbiyyat qəzeti”ndə Mirzə haqqında yazmışdı: “Mirzə pulu qul kimi qazanıb, bəy kimi xərcləyənlərdəndir”. Amma bu dəfə gördüm ki, xına o xınadan deyil, zəmanə bəyi yaman sıxıb. Şair də yaxşı deyib: Ehtiyac qul eylər qəhrəmanı da. Başladı yaşayışından gileylənməyə. Dedi, gərək biz də vaxtında yaltaq olaydıq – indi ailəmizi əməlli-başlı dolandırırdıq. Sonra bir az da dərinə getdi:
– Ailələrinə, uşaqlarına yaratdıqları şəraiti gördükcə yaltaq adamlara hörmətim artır. Axırıncı dəfə evə ət aldığım yadımdan çıxıb – kartof yeməkdən kartof üzrə mütəxəssis olmuşam.
Ucuz aşxanaların birində adama yarım pors borş, üstündən də yenə adama yarım qreçka yeyə-yeyə böyük gələcəkdən-zaddan danışırdıq. Mirzə məni dümsüklədi: – Eldara fikir ver! Baxdım ki, 70 yaşını bu günlərdə kirayə mənzildə qarşılayan Eldar müəllim qabağına iki növ yemək, meyvə şirəsi, salat, turşu düzüb xımır-xımır yeyir. Eldarın oturduğu tərəfə dübarə boylanıb Mirzəyə dedim: – Nə məsələdi? Dostum dedi, bu da taraz deyil, özgə vaxt deyir, kirayədə qalıram, acından ölürəm, ləlöyünəm, sən onun stolundakı dəm-dəsgaha, növbənöv yeməklərə bax, o cür adam gərək bu saat əlində dürmək dəli kimi buraları dolaşsın. Eldar müəllim yemək dəsgahını bitirəndən sonra adəti üzrə bizim masaya yaxınlaşdı və məndən eyni xahişi, bəlkə də, mininci dəfə elədi:
– Sən o müəllimlə məni görüşdürsən, qiyamət olar ey.
Eldar düz dörd il idi ki, mənim yüksək vəzifədə işləyən qohumumla görüşmək üçün əldən-ayaqdan gedirdi. Mən də hər dəfə bir dastan danışıb yaxamı əlindən qurtarırdım. Amma deyəsən, Mirzə bu dəfə canımı biryolluq qurtardı:
– Ay oğul, əl çək də uşaqdan. Sən yaşaya bilmirsən, bu yazıq neyləsin?!
Həmin gündən sonra Eldar bir də mənə səmt gəlmədi.
Mirzənin qadınlara meyilli olmağını çoxu bilir. Yanından münasib bir xanım keçən kimi deyir: – adam az qalır arvadı boşaya, bunu ala. Bir dəfə dedim: – Mirzə, sənə evdə yaxşı baxmırlar? Dedi, yox, sən öl, lap yaxşı baxırlar. Düz dörd evdə hər axşam adıma qazan asılır. Dedim, yaxşı, bəs onda bəy dediyin nədir, bəyənmədiyin nə? Dedi:
– Qardaş, mən həyatıma gələn qadınları həyətimə gələn toyuq-cücə kimi qova bilmərəm ki?!
Dostum bu məsələlərdə bəzən, həqiqətən də, yerini bilmir və özünü hara gəldi, pərçim eləyir. Bir gün tanışı olan ahıl qadınlardan biri sözarası deyir ki, bəs qızım evdə qalıb, oxumuş, ağlı özündə, huşu özündə qızdır, qohumda-əqrəbada münasib adam olsa, sən Allah deyərsən, savabdır. Mirzə qayıdıb nə desə, yaxşıdır:
– Mən heç kəsə məcburi qaydada deyə bilmərəm ki, gəlib sənin qızını alsın. Mənim gücüm ancaq özümə çatır, ona görə də ancaq öz namizədliyimi irəli sürə bilərəm, bir dənə boş ştatım da var.
Mirzədən belə söz eşidəcəyini unamayan qadın mərəkə qoparır. Mirzə yenə dediyindən dönmür:
– Mən istədim, sənə yaxşılıq eləyim. Yaxşı, qoy qızın heç kəsi bəyənməyib otursun evdə, görək nə vaxt bu mübarizənin Klara Setkini olacaq.
Bir dəfə dostumdan soruşdum: – Elə kimi görürsən, deyirsən, ürəyimdə yerin brondu, bir dənə boş ştatım var, ürəyində bu qədər yeri necə tapırsan? Dedi, əsas odur, cibində yer olsun, ürəkdə yer tapmağa nə ki? Sonra əlavə elədi:
– Fikir vermirsən, mən bu cür sözləri ancaq “krupnu” çal-çap eləyəndə deyirəm.
Mirzənin xanımlara biganə olmadığını bilən dostları arada onun adına əfsanələr uydururlar: filankəslə gördük, bəhmənkəsə gördük, ordan gəldi, burdan getdi. Bir gün mən də belə bir dastan quraşdırdım: – deyəsən, indi də təzə-təzə filankəslə görüşüb-eləyirsən. Birinci dəfə idi ki, dostumu özündən çıxan görürdüm:
– Sən Allah, adıma növbəti uydurma əfsanə yaratma – özü də böhtan janrında!
Eşq-məhəbbət məsələlərində zəngin təcrübəsi olan, bu yolda, necə deyərlər, saç ağartmış Mirzə arada başqalarına bu kimi işlərdə məsləhət verib yol göstərir. İşdən evə gedirmiş. Avtobusda görür, onunla eyni idarədə çalışan qız yenə onunla eyni idarədə işləyən oğlanla yanaşı oturub. Oğlan basıb-bağlayır ki, səni belə xoşbəxt eləyəcəm, elə xoşbəxt eləyəcəm. Səhəri gün işdə oğlanı qırağa çəkib deyir:
– Ay oğul, sən özün ac-yalavac, səfil günündəsən. Sən kimsən ki, kimisə xoşbəxt eləyəsən...
***
Dostumla axırıncı dəfə dünən görüşmüşük – Tofiq Bəhramov stadionunun aşağısındakı “Orman” restoranında. Açığı, biz “Orman”a tez-tez yığışırıq. Amma Mirzəni bu siyahıya son vaxtlar əlavə eləmişik və bundan da çox məmnunuq.
Vədələşdiymiz kimi, bir saat əvvəlcədən Cavid bağında görüşdük. Özüm qəsdən tez çağırmışdım ki, haqqında yazacağım hekayə üçün bir az da material yığım. Material yığmaq deyəndə ki, ayrı heç nə lazım deyil, eləcə sən hal-xoş elə, ümumi şeylərdən, gündəlik hamı ilə danışdığın mövzulardan danış – Mirzə bütün məsələlərə o qədər orijinal yanaşacaq ki, məəttəl qalacaqsan, material da gəlib duracaq böyründə. Məni görən kimi adəti üzrə təzə xəbər soruşdu. Mirzənin bəxtindəndir – onunla nə vaxt görüşürəmsə təzə xəbər özü peyda olur, özümə əziyyət verib axtarıb eləmirəm. Yenə əliboş deyildim:
– Bəs xəbərin olmadı, dünən Ramizi kafedra müdiri vəzifəsindən çıxartdılar.
Ramiz institutda Mirzə ilə bir qrupda oxumuşdu, hələ aralarında dostluq münasibətləri də vardı. Mirzənin dediyinə görə, cavanlıqda bir yerdə ora-bura da gediblər. Bir sözlə, Ramiz Mirzə üçün doğma adam sayılırdı, mənə görə. Elə bildim, dilxor olacaq. Amma reaksiyası yenə özünəxas oldu:
– İşdən çıxarıblar? Əşşi, o da taraz deyildi, yaxşı eləyiblər. Tamamilə layiqdir işdən çıxarılmağa.
Niyəsini soruşmadım. Mirzəni yaxşı tanıyıram, bilirəm ki, sözü havaya deməz. Bu dəfə mən soruşdum, bəs Mirzə, sizdə nə var, nə yox, dünən haralarda idin, otağınıza gəldim, səni tapmadım. Dedi:
– O Səməd müəllim var idi ey – Şəkidən gələndə Ələsgərdən şeir dedim, acıq eləyib özünü avtobusdan atırdı – yadında olar.
Dedim, hə, yadımdadır. Qayıtdı ki, bəs onun qayınatası ölmüşdü, onun yerinə getmişdim. Soruşdum, bəs küsülü deyildiniz? Dedi, əşşi, mən cəhənnəm bu, bütün respublikayla küsülüdür. Qayınatası ilə də küsülü imiş, arvadı mənə yalvardı ki, sən Allah, birtəhər razı sal, gətir, məclisdə görünsün, yoxsa qohum-əqrəba yanında biabır olarıq. Mən də kişini tutub məcburi qaydada apardım qayınatasının yasına.
Gördüm Mirzə maraqlı söhbətlər eləyir, təklif elədim ki, gəl “Orman”a piyada gedək. Dostum həmişəki kimi yenə mənimlə razılaşdı:
– Yaxşı, gedək deyirsən, gedək. Onsuz da bütün günü bu küçələri ac-susuz, ləlöyün gəzib-dolaşıram.
Biz restorana çatanda məclis əhli yaxşıca yeyib-içirdi. Yerimizi rahatlayan kimi mən də girişdim yeməklərə. Süfrədə nə desən, varıydı: çəpiş buğlaması, basdırma, kabablar... Aclıq məni nə cür fənikdirmişdisə, yalnız özüm toxtayandan sonra düz böyrümdə oturan Mirzəni görə bildim. Və görməyimlə də yerimdə donub qalmağım bir oldu. Adətən, bu cür məclislərdə öz fəallığı ilə seçilən dostum boşqabındakı yeməklərə əl vurmamışdı. Buğlamanın yağı çoxdan donmuşdu, kabablar da, yəqin, buz kimi idi. Arabir könülsüz-könülsüz salatdan, göy-göyərtidən yeyirdi. Sonra ofsiantı çağırıb qulağına nəsə dedi. Ofsiant da o dəqiqə gəlib Mirzənin boşqabında nə vardısa, hamısını yığıb-yığışdırıb apardı. Mən heyrətlə soruşdum:
– Mirzə, nə iş görürsən? Olmaya yeməklər xoşuna gəlmədi – bəs özün demirdin “Orman”ın yeməklərindən yeyən ölməz.
Dedi ki, məsələ sən düşündüyün kimi deyil. Dedim, əşi, məni çatlatma, de görüm, nə deyirsən. Dostumun gözləri doldu:
– Mən burda basdırma, kabab, buğlama yeyim, evdəkilər də qalsınlar İran kartofunun umuduna?! Allah bunu götürər?! Payımı ofsianta verdim ki, qablaşdırsın, aparım evdə arvad-uşaq yesin.
Adətən, Mirzənin sözlərinə şaqqanaq çəkib gülürəm, ya da yavaşdan gülürəm, ən azı qımışıram. Birinci dəfə idi ki, Mirzənin sözü məni ağladırdı. Mən onsuz da bilirdim ki, Mirzənin ən lağlağı söhbəti, ən şit yumoru da, əslində, kədərlə yoğrulub. Bilirdim ki, bu lağlağı söhbətlərin alt qatı ağrı-acıyla doludur. Bu gün bildiyimə lap əmin oldum. Əmin oldum ki, Mirzə ağrısına-acısına yumorla, lağlağı ilə meydan oxuyur, yaxasını namərd əlinə vermir, kürəyini yerə qoymur – hər şeyə gülüb keçir. Elə yaxşı da eləyir. Belə də lazımdı – həyatı çox ciddiyə almağın özü də bir qeyri-ciddilikdir. Mən gözümü sildim və həmişəki kimi yenə bizimlə yanaşı oturan dostumuz şair Mikayılı dümsüklədim:
– Bəs deyirdin, Mirzə ailəsini, uşağını bir qram da istəmir?..