HƏR BAHAR
Sevgi nəğmələri pıçıldar bahar,
Çiçəklər söyləyər nəğmələrini.
Ürəyim, bilsəniz, nələr arzular,
Durnalar gətirə sevdiklərimi.
Öpə saçlarımdan, telim oxşaya,
Sığınam köksünə körpələr kimi.
Həsrət dənizinə qoşulub gələ,
Dərdimi soruşa ləpələr kimi.
Hər bahar gələndə çiçəyə dönər,
Qoşular buluda, yağar gözümə.
Çiçəklər min nağıl, hekayə söylər,
Bir kövrək qəm yağar, dolar sözümə.
Darıxar cənnətdə ata qucağı,
Durnaya, çiçəyə, yağışa dönər.
Götürüb getdiyi ata payımı
Yağmurla, çiçəklə geri göndərər.
Mənim ümidimin qapılarına
Papaqlar atılmaz, xonçalar gəlməz.
Atalar qapıdan çıxdığı gündən
Heç qardaş payı da qapıdan girməz.
Aləmin ürəyi yara yeridi,
Hər bahar sızlayar, yeri göynəyər.
Mənim həsrətimin qəm dastanını
Əlim yazsa belə, gözüm söyləyər.
VƏ SƏNİN ÜÇÜN...
Qırx ildi, hər bayram səhər gedirsən,
Qırx ildi, hər axşam ölüb gəlirsən!
A.S.
Heç vaxt səməni göyərtmədim.
Qorxdum ayrılıqlardan.
Anam atamı itirdiyim il ilk dəfə qoymuşdu səmənini.
Ömrü boyu atamın ölümünü yıxdı səməninin üstünə.
Nə özümə, nə anama deyə bilmədim,
Atamı Allah apardı.
Bir dəfə dava eləmişdilər.
Anam bizi yığıb başına,
olmayan anasına pənah aparmışdı.
Tez-tez bizi öyrədirdi:
– Məhkəmədə: “Anamıznan qalırıq”, deyin!
Amma mən ürəyimdə "Atamnan qalacam", – deyirdim.
Atam anamdan daha doğmadı.
Sevə bildiklərimin atasını sevmədim.
Sevmədiklərimin atasını…
Mən özümə sevda deyil, ata axtarırmışam, demə.
Amma bir gün nə özünü, nə atasını sevdiyim gəldi ömrümə.
O vaxtdan təzədən öldü atam.
Mən də qırmızı almaların üstünə atdım
Atamın qırmızı alma söz verib,
gedib gəlmədiyini.
Mənə aldığı qırmızı paltar və almalar
qırmızı qanına boyandı deyə, əynim qırmızıya,
balalarım qırmızı almaya həsrət böyüdü.
Sözüm ona,
uşaqlar atalarını sevəndə
bir az dözün haqsızlıqlara.
Yenilin uşaqların arzularına.
Ayrılıq atasını sevməyən uşaqların haqqıdı,
səməni bayramların,
almalar xonçaların.
Səməni göyərtməyən əllərim
yüz ağrı böyütdü.
Qırmızılar küsüb getdi isti ölkələrə.
Mən indi üşüyürəm bu bahar axşamında
səməni üçün,
qırmızı üçün,
və sənin üçün...
GƏLƏCƏYƏM
Qızıma
Bəlkə, çiçək kimi, bəlkə, quş kimi
Yenidən dünyaya qayıdacağam.
Yaşaya bilmədim adam dilində,
Sənlə quş dilində danışacağam.
Bəlkə, çiçək kimi, bəlkə, gül kimi
Evində səninçün çiçəkləyərəm.
Qonub pəncərənə göyərçin kimi
Ruhumla qapını döyəcləyərəm.
Məni yaşamağa səsləyən quzum,
Ömrümü nə qədər baltalayan var!
Çəkdiyim zəhməti, verdiyim haqqı
Hər gün neçə dəfə tapdalayan var.
Bilmirəm, qədərmi, yoxsa cəzamı,
Təpədən-dırnağa bu yanmaq nədir?!
Mən ki Tanrı üçün ölürəm hər gün,
Bu qədər yanğıda bu donmaq nədir?!
Bəlkə də, səninçün yaşadım ömrü,
Bəlkə, sənin üçün dözürəm hələ.
Tanrının verdiyi ağrılarımı
Bəlkə, Tanrı üçün yazıram elə?!
Sən mənim nəfəsim, sən mənim canım,
Mən axı canımdan necə ayrılım?!
Hər gün kərpic-kərpic sökülən ömrü
Təzədən ömrümə necə qaytarım?!
Yaşayım mən necə, ölüm mən necə
Bu qədər yoxluğun, varın içində?!
Aləmin ömrünü necə uzadım
Bu qədər düşmənin, xarın içində?!
ÜÇ NÖQTƏLƏRİM
Mənə üç nöqtəni irad tutan dost,
Ömrüm üç nöqtədən asılı qalıb.
Qırx ildi bir adam çıxıb qapıdan,
O vaxtdan nöqtələr canımı alıb.
Suallar, nidalar kəsib qapımı,
Bir gözüm ağlayıb, bir gözüm gülüb.
Necə yaşamışam, hələ bilmirəm,
Mənim arzularım o gündən ölüb.
O üç nöqtələrdə o qədər sirr var,
Yağıblar ruhuma qar, yağış kimi.
O gündən ömrümə nələr toxuyur
Ağrı ilmə-ilmə, qəm naxış kimi.
Ömrüm də kəsişir üçbucaq kimi,
Bu kəsir taledən çıxa bilmirəm.
Mənim tənliklərim həll ola bilmir,
Ondan üç nöqtəni hələ silmirəm.
Nöqtələr danışır bitməyənləri,
Bitib-tükənməyən dərd-sərimi.
Nəsimi bir dəfə soyulub, dostum,
Hər gün həyat soyur mənim dərimi!
Həyat başdan-başa sözdü, nağıldı,
Nə yaşayan bilər, nə ölən bilər.
Hələ danışıram öz nağılımı,
Mən ölüb gedəndə nöqtələr bitər.
Nöqtələr Aləmi bitirsə bir gün,
Tanrı özü gələr məzarı üstə.
Bir yaşıl, bir bəyaz örtüyü çəkər
Bir qəmli nağılın yazarı üstə.
KİMİ
Azca darıxmışam, azca səninçün,
Arı gül-çiçəkçün darıxan kimi.
Bir dilim çörəyə, bir içim suya,
Bir udum havaya yaxılan kimi.
Hər tərəf ayrılıq, hər tərəf kədər,
Sinəmdə düyündü udduğum qəhər.
Adını bilmirəm, duyğular bilər,
Sevən sevdiyiçün sıxılan kimi.
Qorxuram özümü ələ verərəm,
Ya dəli küləyə, yelə verərəm.
Bir özgə çiçəyə, gülə verərəm
Bu ömür yolunda soluxan kimi.
Baxışım titrəyər, gözüm utanar,
Sənə demədiyim sözüm utanar,
Payız gözlərimdə yazım utanar
Dolan gözlərimə baxılan kimi.
Bir qəmli nəğmədi, çiçəkdi ömrüm,
Bir sirli romandı, mələkdi ömrüm.
Min dərdə, kədərə pətəkdi ömrüm,
Duyarsan Aləmi oxunan kimi.
BOYDADIR
Mənim əllərimin çiçəyi yasda,
Mənim güllərimin gözü yoldadır.
Mənim əzabımın yaşı çox qoca,
Gülməyən könlümün özü boydadır.
Hər bayram könlümə bir nağıl yazar,
Olanlar – olmazlar min məzar qazar.
Tapdığım hər ümid fikrimdə azar,
Sevincim ümidin izi boydadır.
Nə işvə yaşadı, nə də naz bildi,
Nə çəkdi həyatda, onu yaz bildi.
Harda tar ağladı, harda saz dindi,
Külləri könlünün közü boydadır.
Bilməz ki dərdini kimə söyləyə,
Kimi yoldan edə, kimi əyləyə.
Çevirib üzünü indi qibləyə.
Ən gözəl dünyası sözü boydadır.
SABAHIN XEYİR
Bu gecədən sağ çıxan,
Canım, sabahın xeyir!
Güzgüdən mənə baxan
Xanım, sabahın xeyir!
Kirpiyindən qan sızan,
Gözlərindən qəm süzən,
Atəşi məni üzən
Yanım, sabahın xeyir!
Ey dərdi sorulmayan!
Əzabdan yorulmayan.
Heç rəngi durulmayan
Qanım, sabahın xeyir!
Ay dünyası qarışan,
Öz-özüylə danışan!
Hər tərəfi pərişan
Şanım, sabahın xeyir!
Açılmaz ki sandığım,
Səhərədək yandığım.
Diri gözlü dandığım
Danım, sabahın xeyir!
İlləri ötürdüyüm,
Ayları bitirdiyim,
Qənimət götürdüyüm
Anım, sabahın xeyir!
Aləm ilə yol gələn,
Hər gün dirilən, ölən.
Tanrı payı verilən
Canım, sabahın xeyir!