<br/>
***
Heç olmadı bu dünyada bir kimim,
Çözülmədi alın yazım sirr kimi.
Yer olmadı mənə uzaq yer kimi,
Göy olmadı mənə yaxın göy qədər.
Buxar oldu toxunduğum hər nə var,
Duman oldu, yelə getdi arzular.
Sübhə qədər kirimədi kaman-tar,
Sızlatmadı ürəyimi ney qədər.
Nəyin qalıb qəmdən başqa bəridə?
Yadlar çətin gözlərini kiridə.
Ulduzların arasında biri də
Bənzəmədi gül üzünə ay qədər.
Yol görmədim sənə gələn yol kimi,
Boyun əydim yoxluğuna qul kimi.
Bal olmadı damağımda bal kimi,
Dodağından qopardığım pay qədər.
ƏLVİDA
Yadımdaydı o baharın istisi,
Nəfəs almaq zaman qədər dar idi.
Otağımda siqaretin tüstüsü,
Eh, yoxluğun necə də aşkar idi.
Pəncərəmdə neçə ayın toz qatı,
Şüşələrin gözü görmür küçəni.
Yaşayırdım bu zəhrimar həyatı,
Qədəh-qədəh bitirərək gecəni.
Yazıb, cırıb tulladığım vərəqlər
Döşəmədə tör-töküntü, zir-zibil.
O güzgüdən mənə baxan adamı
Biri qəsdən öldürürdü elə bil.
Biri qəsdən yox edirdi günbəgün,
Ümüdləri əl üzmüşdü duadan.
Dağılırdı, tökülürdü büsbütün,
Yıxılırdı öz içindən bu adam.
Yadımdaydı qərarsız addımların,
Hər sözünün arxasında bir nida.
Topladığın çantaların, bir də ki
Gözündəki iki damla əlvida.
Ah, dalınca necə çaxdı göy üzü,
Səpələndi küçəmizə yağışlar.
Getmə, dedim, ay günəşim, gündüzüm,
Titrəyərək pıçıldadın, bağışla!
Ah, yağışlar izlərinə toxundu,
Qara bulud toran etdi gündüzü.
Ah, o səhər necə qəlbim sıxıldı,
Ah, dalınca necə çaxdı göy üzü…
DÖNMƏDİM
Dodaqlarında donub qalmışdı
Adımın ilk hərfi,
Sonra yavaş-yavaş pıçıldadın məni.
Gözlərinin içində çağlayan
Dəniz idim,
Elə indi daşacaqdım yanaqların boyu,
Səssiz idim, daşmadım.
Dodaqlarında donub qalmışdı
Adımın son hərfi,
Sonra yavaş-yavaş susdun məni.
Gedişimi izləyirdin gecənin bir küncündə,
Elə indi dönəcəkdim geri, elə indi, bu saat
Öpəcəkdim səni,
Dönmədim.
ÜMİDSİZ
Artıq bizi xilas etməz gümanlar,
Bağışlayar nə göy, nə də yer bizi.
Yanımızda ögey-ögey adamlar,
Yanımızda yad nəfəslər var bizim.
Dodağında neçə öpüş izi var,
Bu idimi inamımın bədəli?
Yatağında fərqli-fərqli qadınlar,
Yastığında neçə qərib saç teli.
Başqasına sarılmışam özüm də
Ümidsizlik ürəyimi sıxanda.
Heç onda da getməmisən gözümdən,
Heç onda da düşməmisən yaxamdan.
Bir ümidi min yalana yem etdin,
Xatırlayıb saflığımı gülürəm.
Nə etdinsə, ikimizə sən etdin,
Nə etdimsə, mən elədim, bilirəm.
Başqaları göz yaşımı qurutdu,
Ürəyimi ovutmadı, bağışla.
Dodaqlarım öpüşünü unutdu,
Yanaqlarım unutmadı, bağışla...
Yollarından əl üzübdür nəzərim,
Xəbərsizdi ölümümdən küçələr.
Yuxudadı balıqları Xəzərin,
Mürgüləyir yuvasında sərçələr...
***
Necə oldu, yollar səni yormadı?
Gecə oldu, ulduz aya qovuşdu.
Taleyimə yazdım səni, olmadı,
Uşaq kimi olmazlara alışdıq.
Xəzan oldu hələ dünən gül açan,
Hədər oldu neçə-neçə fəsillər.
Dirənmədik bu sevgidə sonacan,
Aramızda soyuq yellər əsirlər.
Bu nə gücdür dalğaları oyadan?
Dəyişibdir çalarları rənglərin.
Birdəfəlik çıx ömrümdən, ay adam,
Kəs arasın məktubların, zənglərin.
Necə oldu, yollar səni yormadı?
Boyun əydim intizara, dərdə mən.
Bu nağılın sonu gözəl olmadı,
Almaları cin apardı, birdənəm!
***
Keçər ömrümüzdən illər, fəsillər,
Dəyişər tanış da, dost da dəyişər.
Bütün ümidlərdən ümid kəsilər,
Yadına o qərib arzular düşər.
Deyərsən dönəydim o günə yenə,
Sözünü sovurar küləklər səhər.
Kim bilir, bəlkə də, sənin yerinə
Ağlayar buludlar, darıxar şəhər...
XƏTİRƏ
Səni xatırlamaq istədim bu gün,
İllər xatirəmin üstünə kölgə.
İki yad adamıq, bilirəm, gülüm,
Dünyada hər kəsdən tənhayıq, bəlkə.
Səni xatırladım gülüşlərinlə,
İçimə qəribə ağırlıq çökdü.
Doldu gözlərimin qəm buludları,
Getdiyim hər yerə xatirə tökdü.
Hər yer xatirənmiş, mənsə fikirli,
Neçə il yaşadım bundan xəbərsiz.
Sən demə, dünəndə ilişib qalan
Qanadı qırılmış xatirəyik biz.
Ömründə nə idim, sevinc, səadət?
Yoxsa ki bəxtinə hopan çənmişəm?
Sən demə, mən səni unutmamışam,
Təpədən-dırnağa xatirənmişəm...
BİR DƏ İNANMAQ
Mənim darıxmağa adamım yoxdur,
Elə tələsməyə görüş yerim də.
Bütün sevinclərim düyünə dönüb,
İlişib alnımın qırış yerində.
Tuturam kofeyə halsızlığımı,
Yarpağa dönürəm saralıb düşən.
Mən ki bu dünyaya yalqızlığımı
Özümlə bərabər pay gətirmişəm.
Duyduğum vədlərə inanmam daha,
Sözlərin qüdrəti sovruluncadı.
Həvəsim qalmayıb qanad açmağa,
Çətini bir dəfə yoruluncadı.
Qovuram fikrimdən kor gümanları,
Qayğılı gözlərim hələ yol çəkir.
Çətindir unutmaq yaşananları,
Təzədən birinə inanmaq təki.
ƏLVİDA AYRILIQ DEYİL
Anlaşa bilmədik nə sən, nə də mən,
Bəs niyə ürəyim yanan ocaqdır?
Əlvida ayrılıq deyil, birdənəm,
Ayrılıq əslində, darıxmamaqdır.
Mən sənə nə deyim?.. O yol, o da sən,
İntizar yolunun üzü gecədir.
Əlvida ayrılıq deyil, birdənəm,
Ayrılıq ümidlər can verincədir.
Demirəm, bu eşqin önündə əyil,
Sevgi qəfəs deyil, azad olmaqdır.
Ayrılıq həsrətdən boğulmaq deyil,
Ayrılıq onsuz da nəfəs almaqdır.
İndi əllərinin təsəllisi nə?
Özgə dodaqların dadı necədir?
Əlvida ayrılıq deyil, birdənəm,
Ayrılıq inadın tükənincədir.