Vətən Müharibəsi Azərbaycan tarixinə zəfər səhifələri yazdı. Müharibə həm də işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizədə xalqın tarixi birliyi ilə yadda qaldı. Otuz illik Vətən həsrətinə qırx dörd günlük müharibə son qoydu. Qələbəyə ədəbiyyat da biganə qalmadı, əksinə, döyüşlər zamanı hərbçilərimiz üçün ilhamverici rol oynadı. Yazılan hekayələrdə və şeirlərdə həsrət hissləri deyil, qələbə ovqatı aparıcı mövzuya çevrildi. Ən çevik ədəbi reaksiya özünü poeziyada göstərdi. Vətən müharibəsi mövzusunda yazılmış şeirlərdə şəhid obrazı üstünlük təşkil edir. Müharibədə qələbə 2881 şəhidin qanı bahasına başa gəldi. 28 hərbçi isə itkin düşmüş sayılırdı. Murov yüksəklikləri uğrunda gedən döyüşlərdə canından keçmiş itkinlərin nəşi tapıldıqca şəhidlərin sayı artır. Yüzlərlə yaralı hərbçimiz Qarabağ torpağı otuz illik mürgüdən ayılıb ayağa qalxsın deyə, ayağından keçdi, canında qəlpə gəzdirməli oldu. Soyuq havalarda, şaxtalı günlərdə də səngərdə möhkəm dayanan əsgərlər nəyin uğrunda mübarizə apardıqlarını yaxşı bilirdilər. Onların arasında müddətli hərbi xidmət çəkənlərlə yanaşı, səfərbər olunanlar və könüllülər də vuruşurdular. Şəhidlərə və qazilərə həsr olunmuş şeirlər çağdaş poeziyamızın inciləridir. Son vaxtlar ədəbiyyatımızda gələcək nəsillərə örnək olan şəhid obrazları yaradılmışdır. Şeirimizdəki şəhid obrazlarından biri Əkbər Hüseynlidir. Əkbər, haqqında ən çox şeir yazılan və mahnı bəstələnən şəhiddir. Onun haqqında Şakir Xanhüseynli, Vəfa Mürsəlqızı, Gülnarə İsrafil, Əhməd Qala Vəlizadə, Əlirza Həsrət, İltimas Səmimi, Faiq Hüseynbəyli, Arzu Göytürk, Fuad Biləsuvarlı, Hüseyn Hüseynli, Bilal Hüseynbəyli, Vüsalə Vətənxan Mehri, Elşad Barat, İlham Cəsur, Tamara Nadirova, İqbal Nəhmət, Xalid Mahmud, Xətai Səlimov, Bilal Alarlı, Mehri Mikayılova, Ənvər Məsud, Allahşükür Ağa və Bəhruz Xəlil şeirlər yazmışlar. Xətayi Səlimlinin yazdığı şeirə Məhəmməd Fəda musiqi bəstələmiş, özü də ifa etmişdir:
İgidlər veribdi can vətən üçün,
Axıdıb hər addımda qan vətən üçün.
Bir canımız var, o da qurban olsun,
Biz hazırıq hər zaman vətən üçün.
Mahnı sosial şəbəkələrdə yayımlanmışdı. Əkbər Hüseynlinin şəhadətinə digər qələm adamları da müraciət etmiş, onun haqqında kimlik oçerkləri yazıb çap etdirmişlər. Eşqanə Babayeva, Faiq Balabəyli, Təbriz Vəli, Vidadi Kərimbəyli,İlkin Mehdi, Vasif Əlihüseyn, Vəfa Mürsəlqızı, Faiq Hüseynbəyli, Şahanə Müşfiq, Reyhan Dadaş, Nüşabə İsmayılova, Fidan Quliyeva, Zeynəb Əkbərli, Günel Ağayeva, Röya İlyasova, Elnur Nağızadə, Namiq Ağa, Azər Hüseynov, Hüseynov Şövqi və Şaiq Hüseynbəylinin kimlik yazılarıƏkbər Hüseynli şəxsiyyətinə məhəbbəti ifadə edir. Bu siyahıya bir faktı da əlavə etmək istəyirəm: “Vətən müharibəsi və Alar şəhidləri” adlı kitabda Əkbər Hüseynlinin həyat yolundan bəhs edən ayrıca fəsil verilmiş, onun haqqında yazılmış şeirlərin bir qismi yer almışdır.
Şəxsiyyətinə, döyüş yoluna bu qədər diqqət yetirilən şəhid, əslində, kimdir?
Əkbər Azər oğlu Hüseynli 15 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb. H.Əliyev adına 1 nömrəli tam orta məktəbi bitirən Əkbər Hüseynli təhsilini Bakı Sosial İqtisad Kollecində davam etdirirdi. O, təhsilini yarımçıq qoyub könüllü olaraq doğum günündə – 15 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən isə ön cəbhədə qəhrəmancasına vuruşub, Murov yüksəkliyinin alınmasında xüsusi igidliklər göstərib. Komandiri Əkbərin qorxmazlığını xoşlayır, bütün döyüş əməliyyatlarında onunla birlikdə hərəkət edirdi. Əkbər Hüseynli saysız-hesabsız erməni işğalçısının axırına çıxır, arası kəsilməyən atəşləri ilə düşmənin gözünü qorxudur, geri çəkilməyə məcbur edirdi.
Filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva Əkbər Hüseynliyə həsr etdiyi məqaləsində yazır: “Əkbər Hüseynli şiddətli döyüşlərdə yaralansa da, qısa müddət sonra yenidən ön cəbhəyə, yoldaşlarının yanına qayıdıb, Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, işğal altında qalan torpaqlarımızın alınmasında şücaət göstərərək şəhidlik məqamına yüksəlib”.
Evin tək oğul övladı olan Əkbər vətənpərvərliyi, cəsarəti, nümunəviliyi ilə hərbçilərin arasında böyük rəğbət qazanıb, neçə yaralı əsgər yoldaşını xilas edib. Onun yeganə arzusu canı-qanı bahasına olsa belə, vətəni mənfur düşmənlərdən azad etmək idi.
Qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əkbərdən ailəsi uzun müddət idi ki, heç bir məlumat ala bilmirdi. Murov uğrunda döyüşlərdə şəhid olan Əkbər Hüseynli itkin kimi axtarılırdı. Axtarışlar müharibə dayanandan sonra da davam etdirildi. Ölümü ilə ölümsüzlük qazanan Əkbər 17 dekabr 2020-ci ildə doğulduğu Alar kəndində torpağa tapşırıldı.
Anası Ruhiyyə xanım əhd eləmişdi ki, Əkbər qayıdanda onun ayaqları altında qurban kəsəcək. Əkbər qayıtdı, amma ayağı ilə deyil, çiyinlərdə qayıtdı. Anası da əhdinə vəfa elədi, Əkbərin cənazəsi önundə qurban kəsdi.
Faiq HüseynbəyliƏkbər Hüseynliyə həsr etdiyi “Arzuların şəhidi” adlı silsilə-poemasında Vətənin azadlığı uğrunda döyüşlərdə qurban gedən şəhidə kəsilən qurbanı obrazlı şəkildə sorğuya çəkir. Bu müqayisəli sorğu-sual hansı qurbanın daha uca zirvədə dayandığını anlatmaq üçündür:
Məqamın necədi Tanrı qatında
Əlləri günəşdən üzülən qurban?
Sən necə özünü hiss eləyirsən,
Tabutun önündə kəsilən qurban?
Bu Vətən uğrunda qurban gedənin
Yolunda qurbanlıq necədi, qurban?
Hisslər haldan-hala düşür bu yerdə,
Həssasdı, kövrəkdi, incədi qurban.
Faiq Hüseynbəylinin“Arzuların şəhidi” adlı silsilə-poeması maraqlı təzadlar üzərində qurulub. Təəssüflə başlayan silsilə təəssüblə bitir. Bu, təəssüfdür:
Getdi qanlı döyüşlərə,
Gəlmədi Əkbər, gəlmədi.
Ondan sonra olanlar,
Bilmədi Əkbər, bilmədi.
Bu isə təəssübdür:
Bir ağac əl açır sənin dalınca,
Getdiyin yollarda izindən öpür.
Küləklər səsinə oxşama deyir,
Torpaq səcdə edir, üzündən öpür.
Bir ağac yalvarır, qayıt geriyə,
Qayıt, davam elə qaldığın yerdən.
Hər şeyi dondurub gedən Əkbərim,
Sən nura çevrildin olduğun yerdə...
Bu da təqdirdir:
Oğul düşmən çəpəridi, dedilər,
Çəpər oldu son döyüşdə Əkbərim!
Sinəsində qızılgülə döndü qan,
Sipər oldu son döyüşdə Əkbərim!
Çiçəklərə həyat verdi qanıyla,
Ucaldı öz şöhrətiylə, şanıyla.
Alınmaz bir qala oldu canıyla,
Şəhər oldu son döyüşdə Əkbərim!
Azadlığa, hürrə çatdı şəhidim,
Rahat oldu, rahat yatdı şəhidim.
Gecələri aydınlatdı şəhidim,
Səhər oldu son döyüşdə Əkbərim!
“Proloq”, “44 gün əvvəl”, “15 oktyabr”, “8 noyabr”, “17 dekabr” fəsillərində Böyük Zəfərə gedən yolun tarixi mərhələləri poetikləşdirilir. Vətən müharibəsində qazanılmış bu zəfər uğrunda Əkbərin doğulduğu Alar kəndindən Taleh Əlizadə, Ramin Bayramov və Bilal Rzayev kimi mərd oğullar da şəhid olublar. Faiq Hüseynbəyli bu şəhidləri etiramla yad edir. İndi Əkbərin də doğulduğu Alar kəndini bu Zəfər elçilərinə görə tanıyırlar:
Əkbərtək oğuldan əmindi Alar,
Sevincim, kədərim, qəmimdi Alar.
Talehdir, Bilaldır, Ramindir Alar,
Alar, şəhidin var, gözlərin aydın.
Poemanın bölmələrində məntiqi bir ardıcıllıq var. “Şəhid atası Azərin dilindən”, “Şəhid anası Ruhiyyə xanımın dilindən”, “Şəhid bacısı Zeynəb xanımın dilindən” adlı fəsilləri “Şəhidin öz dilindən” adlı bölmə tamamlayır. Şəhid ölmədiyini deyir, “Bu dünyada susadığın ən şirin xəbər ilə qayıtmışam, Vətənim” söyləyir. O, yurda göz dikənləri yenib, hünər ilə qayıdıb. Şəhidin qalibiyyəti isə əməlinin böyüklüyü ilə ölçülür: “Al günəşi öz yerinə qoymuşam, səhər ilə qayıtmışam, Vətənim”. Düşmən işğalından azad edilən torpaqlar şəhidin qalibiyyət himnini tamamlayır:
Dağlarından əskilməz bu duman-çən,
Sən mənə tən, mən sənə tən, can Vətən!
Şuşa kimi buludlardan su içən
Şəhər ilə qayıtmışam, Vətənim.
İntizardan qar ələnən saçınla,
Sağ əlinlə, sol gözünlə, qıçınla –
Kəlbəcərlə, Zəngilanla, Laçınla,
Zəfər ilə qayıtmışam, Vətənim.
Poemanın maraqlı fəsilləri Əkbərsiz keçən günlərlə bağlıdır. Adət-ənənəyə görə, dünyasını dəyişənə yeddi gün mağar qurulur, yas saxlanılır. Sonra şəhidin məzarı ardıcıl olaraq bütün cümə axşamlarında ziyarət olunur. Qırx mərasiminin təmtəraqlı keçirilməsi dünyasını dəyişən şəhidə ehtiramı ifadə edir. Poemanın “Qırxıncı gün” adlı fəsli bu ənəni yaşatmaq istəyindən doğur:
Bu məzar daşının dili var, Allah,
Adamla danışır bu məzar daşı.
Od qoyur sənətə, sözə, nəğməyə,
Bu ayrılıq daşı, intizar daşı.
Bir vətən uyuyur burda bu adda,
Gəlir ziyarətə doğma da, yad da.
Ayağı torpaqda, başı buludda,
Aşa bilməz qara ruzigar daşı.
Azadlıq sözünün abidəsidir,
Min illik tarixin sözü, səsidir.
Bir elin-obanın salnaməsidir,
Xatirə lövhəsi, dərd-qübar daşı.
Poemanın epiloqunda şəhidlərin böyüklüyü onların uğrunda canlarını qurban verdikləri Vətənlə ölçülür. Onlar sələflərindən öc aliblar, tarixlərdən güc alıblar, şəhadətə ucalıblar, Vətən-Vətən böyüyüblər.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Vəfa Mürsəlqızı Əkbər haqqında ürək ağrısı ilə yazır: “Yadımda gözlərin qalacaq, həsrət dolu baxışların. Heç kim bilməyəcək nəyin və ya kimin nisgilini apardın ürəyində. Saçlarına və yanaqlarına doğma torpağından əsən meh dəyməyəcək, körpə balamız. Can şəhid, ağıllı gözlərinə qurban olaq. Əkbər, sənin yaşaya bilmədiyin o ömrü bizə halal elə. Oğul, qardaş, elə bilirdim, sağsan. Allaha əmanət ol, yerin behişt olsun”. Bu təsəllinin arxasınca Vəfa Mürsəlqızının ürək parçalayan “laylası” gəldi:
Sən gedənnən neynirəmsə, ölmürəm,
Həyatmı var mənə sənnən aralı?
Sənin haran yaralıydı, bilmirəm,
Mənim əlim, qəlbim, gözüm yaralı.
Daha kimsə eşitməz ki səsimi,
Bitib sözlər, bayatılar, ağılar,
Qoxlayıram köynəyini min dəfə,
Yumuram ki, ətrin birdən dağılar.
Vəfa Mürsəlqızının “bu dünyada ürək dolusu gülməyən” şəhid Əkbər Hüseynli haqqında yazdığı ikinci şeiri də eyni ovqata köklənib. Hər şəhid bir yaranış üçün ilmədir:
Dünya sənsiz gülmür, oğlum, Bahar sənsiz gəlmir, oğlum. Axı qızlar bilmir, oğlum, Ölmədin, Əkbər, ölmədin.
İnsana iki dəfə layla çalırlar, oxşama deyirlər, bir dünyaya gələndə, bir də dünyadan köçəndə! Arzu Göytürkün nur üzlü şəhidimiz Əkbər Hüseynliyə dediyi layla ürək dağlayır:
Cənnət ətirlim, oyan,
Qoxuna qurban olum.
Əbədi yatışına,
Yuxuna qurban olum.
Gəldim laylay söyləyəm,
Uçulub qalam, lay-lay.
A mənim müqəddəsim,
Kəbəm, Kərbəlam, lay-lay.
A mənim kişi balam,
Oğul balam, ər balam.
Vətənin fədaisi,
Qəhrəman Əkbər balam.
Belə səssiz-səmirsiz
Yatışına qurbanam.
Qara mərmərdən baxan
Baxışına qurbanam.
Oyan, qurbanın olum,
Yuxusu şirin balam.
Bəy otağın boş qalıb,
Görünür yerin, balam…
Digər bir şair xanım, o zaman Türkiyədə yaşayan Gülnarə İsrafil isə Əkbərə ağı tutdu:
Murov qana boyanıb,
Şəhid-şəhid oyanıb.
Vətən min can aparıb,
Biz yanmışıq, o yanıb.
Bir qədər sonra Gülnarə İsrafilin Əkbər haqqında yeni şivən-ağısı mətbuata ayaq açdı. Şəhid Əkbərin əyninə geydiyi üç rəngə boyanan köynək isə Azərbaycan bayrağıdır, tabutu üstünə döşənib:
Gülüşü kəklik səkdirir,
Köynəyi üç rəngə dolur.
Sinəsi xallı köynəyin,
Toylu, qavallı köynəyin,
Vətənə çevrildi igid,
Geyindi şanlı köynəyin.
Bu ər oğul, ər oğuldu,
Evdə təkdi, bir oğuldu.
Çiyni torpağı qaldıran
Dayaq – ərgin tir oğuldu.
İlkin Mehdi yazır ki, Əkbərin qayıdışını bütün kənd intizarla gözləyirdi. Hamı ondan xoş xəbər almaq ümidi ilə yaşayırdı. Əkbər Murovun zirvəsini fəth elədi, elə fateh kimi də çiyinlərdə döndü, nəslini-soyunu şəhadət hədiyyəsi ilə şərəfləndirdi. İlham Cəsur “Əkbərim” adlı mərsiyəsini yazdı:
Sən hicabı-ərşi açdın, mərhəba,
Həqqə kimdir böylə məhrəm, Əkbərim.
Əhli-aləm eşqinə pərvanədir,
Sən də əhli-aləmə şəm, Əkbərim.
Surətindən qeyrət axır qanlara,
Qəhrəmanlıq əks olur həm, Əkbərim.
Bir məqamdır bu şəhadət, onda Həqq
Hər nə mənzil var edib cəm, Əkbərim.
Tamara Nadirova “Şəhidlər bir-birinə bənzəyir” adlı mərsiyəsində Əkbər Hüseynlinin xatirəsini müqəddəs sayır, onun bu şeiri ana harayına bənzəyir, deklamativ poetikadan çox, nalə, qıya, şivən ovqatını ifadə edir:
Qəbrin üstə açılıb tər-təzə güllər, balam,
Ruhuna qurban olum, ay mənim Əkbər balam.
Ay düşmən gülləsinə sinəsi sipər oğlum,
Polad biləkli əsgər, igid oğlum, ər oğlum.
Şəhidlər haqqında silsilə şeirlər yazan Elşad Baratın qələmi Əkbər Hüseynlidən də yan ötmədi, kiçik bir şeirdə möhtəşəm bir şəhid obrazı yaratdı:
Tanrı bütün dağların
Taleyini tən yazıb.
Ayaq izin Murovda,
Qar üstə "Vətən" yazıb.
Yazıb itkin dedilər,
Gizlədi zaman səni.
Bircə günə bir ömür
Gözlədi anan səni.
Mən səni tanıyıram
Cənnətin güllərindən.
Mən səni tanıyıram
Kərbəla çöllərindən,
Tanıyıram əbədi
Yadda qalan birisən.
Birdən-birə böyüyüb
Vətən olan birisən.
Mən səni tanıyıram,
Torpağın canındasan,
Atanın yuxusunda,
Tanrının yanındasan.
“Kərbala çöllərindən tanınması” Əkbərin yeniyetmə yaşlarından bu müqəddəs şəhadət məktəbini ziyarət etməsi ilə bağlıdır. İnanclı bir gənc olan Kərbəlayı Əkbər Hüseynlinin bu xarakteri onun haqqında yazılmış başqa şeirlərdə də xatırlanır. İqbal Nəhmət“Sonuncu tapşırıq”şeirində Əkbər Hüseynlinin Haqq uğrunda savaş üçün Qarabağı seçdiyini yazır:
Ziyarət etmişdi imam Hüseyni,
Bilirdi haqq nədir, ədalət nədir.
Getdi zülmlərə dur demək üçün,
Dedi, Qarabağda başlasın "Bədr"!
Vətən çətin gündə... bilirdi Əkbər,
O üzdən yanğını, alovu seçdi.
Bilirdi zirvələr düşmən əlində,
Qisas almaq üçün Murovu seçdi.
İqbal Nəhmətə görə, şəhid əbədiyyətin ölməz oğludur, bu dünya durduqca üzündən, gözündən nur yağan şəhidin haqqı ödənməz.
Əlirza Həsrət şəhid Əkbər Hüseynlinin ruhuna iki şeir həsr edib. “Qənirsiz ölüm” adlı şeirində şəhid ruhunu “Tanrı elçisi” adlandıran Ə.Həsrət “Bayrağa bükülüb Vətənə dönən” igidi elin sevdası sayır:
Şəhidlik-döyüşdən üzüağ çıxmaq,
Şəhidlik-qənirsiz ölüm sevdası.
Başqadır hər şəhid qanından bitən
Çiçəyin sevdası, gülün sevdası.
Hər şəhid bir ovuc Vətən şəklidir,
Ruh Tanrı elçisi, bədən şəklidir.
Tabut-şəhidlərin gedən şəklidir,
Ana laylası da dilin sevdası.
Əlirza Həsrətin Əkbər Hüseynliyə həsr etdiyi ikinci şeir də obrazlı ifadələrlə zəngindir. O, Əkbər Hüseynli kimi şəhidlərin məzarını yurda sipər sayır:
Yarıruh, yarıbədən,
Bitib göyərdi bu dən.
Köz götürüb Vətəndən, –
Bayraq-bayraqdır Əkbər.
Məzarı yurda sipər,
Qız-gəlin çiçək səpər.
Gəl oxu, a bəxtəvər –
Varaq-varaqdır Əkbər.
Əhməd Qala VəlizadəƏkbər Hüseyinlinin əziz xatirəsinə həsr etdiyi “Özüm qurban oldum Azərbaycana!” adlı şeirində şəhidin adından danışır, onun arzularını dilə gətirir:
Ata, səbir et, ölməmişəm, diriyəm, Ölməz şəhidlərin mən də biriyəm. Anam adlı Vətənimə gərəyəm, Başını uca tut, ağlama, ata.
Yeniyetmə şair Bilal Hüseynbəyli şəhid anasına təsəlli verir:
Şəhid anası, başını uca tut,
Dərdini, qəmini, kədəri unut.
Şəhid adı şərəfli, şanlı addır,
Vətən yolunda can vermiş övladdır.
Ağlama, saxla gözünün yaşını,
Özü şəhid olan oğlun
Ucaldıb sənin başını,
Ucaldıb Vətənin başını.
Fuad Biləsuvarlı şəhid Əkbərin Vətən yolunda canından keçib, igidlik dastanı yazdığını bildirir:
Doyunca almadı həyatdan kamı,
Çox məyus elədi hər bir insanı.
On doqquz yaşında tapşırdı canı,
Şəhidlik şərbətin daddı igidim!
Murovda şəhadətə yetmiş Əkbər Hüseynlinin məzarını Tanrı əmanəti adlandıran Şakir Xanhüseynli yaratdığı obraza ənənəvi prizmadan deyil, fərqli tərəfdən baxır. Şair belə hesab edir ki, ananın qucağı da, ölümün də qucağı birdi. ananın şəhid oğlu üçün söylədikləri ürək dağlayır:
Harda, nə vaxt canından keçdin, Əkbər?!
Ana qoynundan rahat, ya istiydimi
ölüm "beşiyi?"
O tabut ki,
düşmədin ondan.
...Baxdım uzaqdan,
gördüm yaxından;
rahat yat, bala, rahat yat,
olma şirin yuxundan...
“Artıq arxadadır o qanlı günlər” deyən İltimas Səmimi haqq savaşlarının sonunun qələbə olduğunu bildirir. Vətən uğrunda qəhrəmancasına şəhid olmuş əsgər Əkbər Hüseynlinin poetik obrazını silsilə şeirlərdə yaradır. Üç şeirdən ibarət olan bu silsilənin ilk bəndi qəhrəmanın dilindən söylənilir, ikinci şeirdə isə şücaəti təsvir olunur:
Bu da Murov dağı, ər oğulların
Ömrünə yazılmış bir ağır sınaq.
Silaha sarılan hər əsgərim də
Deyir, qoy yaşasın bu ana torpaq.
Əsgər Əkbərim də bir igid kimi,
Qəlbində yurd eşqi, əlində silah.
İçində nə qorxu, nə bir talaş var,
Açılır gözündə işıqlı sabah.
Silsilənin üçüncü bəndi elimizə və şəhidin ailəsinə olan təsəlli misraları üzərində qurulub:
Torpağın qoynunda uyuyan igid,
Torpağın rahatdır, sən də rahat ol.
Vətənə çevrilən qəhrəmanlarım,
Bir ulu tarixdir bu müqəddəs yol.
Hüseyn Hüseynli “Əkbər” şeirində şəhidin ailəsi üçün artıq ayrılıq ifadəsi olan şəklə dönməsini ürək ağrısı ilə poetikləşdirir:
Daha şəkillərə dönmüsən, Əkbər,
Qəlbi ovutmağa şəkil bəs etmir.
Gecələr gündüzə qarışıb artıq,
Dan yeri sökülmür, gün sona yetmir!
Ağlayan yağışlar, əsən küləklər
İntizar sözüymüş, həsrət səsiymiş.
Biz səni doyunca yaşamadıq heç,
Şəkillər ayrılıq ifadəsiymiş...
Vüsalə Vətənxan Mehrimərdliyi, qeyrəti tarix yazan, gənc yaşında başdaşı qoyulan şəhidin məzarının Ana ürəyində qazıldığını bildirir:
Atalar fəxr edər oğul gücünə,
Mərdliyi, qeyrəti tarix yazıbdır.
Gənc yaşda başdaşı qoyulan şəhid,
Ana ürəyində məzar qazıbdır...
Sən idin Vətəni qoruyan mələk,
Vətənə sinəni sipər edərək...
Xain ayaqlardan azad etdiyin
Torpağa sarıldı anan, öpərək.
Xalid Mahmud “Zəfər marşı” şeirində Əkbər Hüseynlinin dilindən şəhidin ata-anasına təsəlli verir. Doğrudan da, üçrəngli bayrağa bürünüb çiyinlərdə evinə dönən şəhidin dəfn mərasimində deyilən ağının özü də zəfər marşıdır:
Canımı yolunda qurban vermişəm,
Nə son mənzilimdi, nə son səfərim.
Üçrəngli bayrağa bürünən ruhum,
Mənim qələbəmdi, mənim zəfərim…
İndi Vətənimin səması aydın,
Çəkilib üstündən ölüm qorxusu.
Çöküb sinəsinə ana torpağın
Qələbə qoxusu, hünər qoxusu...
Anam, saçlarını ağartmasın qəm,
Atam, əyilməsin sinənə başın.
Hələ çox Əkbərlər doğulacaqdır,
İgidlər yetirər torpağın, daşın...
Mehri Mikayılova yazır ki, şəhidin başına mələklər dönər, bu millət Əkbər adını öz yaddaşına yazar, bu Vətən şəhidini unutmaz. Əkbər Hüseynli cavan yaşında tarixdə iz qoydu:
“Vətən, vətən!” dedin, getdin irəli,
Bezmədin keçilməz dağlar aşanda.
Cəmi on doqquz il həyatda qaldın,
Tapşırdın canını Suqovuşanda.
Dayana bilmədi o yağı düşmən,
Dayana bilmədi sənin önündə.
Vətən torpağına şəhid qanınla
Yazdırdın adını öz ad günündə.
Ənvər Məsud Şəhid Əkbər Hüseynlinin əziz xatirəsinə həsr etdiyi şeirdə qolunda qeyrəti güc olan Vətən igidini özəl obrazlı ifadələrlə təsvir edir. Sən demə, şəhidin qanı Vətən azadlığı üçün məlhəm imiş, canını fəda elədi, yurddan axan qan kəsildi:
“Can Azərbaycan!” dedilər,
Hər saat, hər an dedilər.
“Can sənə qurban!” dedilər,
Can dedilər, can kəsildi.
Bir ruh gəzir fəzada, bax,
Əkbərdir, o azada bax!
Ay Allahım, təzada bax,
Qurbana qurban kəsildi.
Allahşükür Ağa “Şəhidlər ölməzdir, vətən bölünməz!” – deyir, Əkbərin də bu nida adıyla ucaldığını yazır. İndi şəhid Əkbərin adı Qarabağla bir çəkilir:
Günəşi parladı Murov dağının
Əkbərin ayağı dəydiyi gündən.
Düşmən tab gətirə bilmədi daha
Böyük Türk oğlunun haqqı önündə!
Bəhruz Xəlil, Əkbərin özşəhadəti ilə əbədi alov saçan tonqal qaladığını yazır:
Vətən uğrunda axan
qanına qurban olum.
Bir gün mən də gələcəyəm
yanına... qurban olum!
İşıqlı sabahlarımızı əməlləri ilə nurlandıran, başımızı dik tutmağa səbəbkar olan Əkbər Hüseynli kimi şəhid balalar canlarını qurban verib tarix yazdılar. Onların haqqında yazılan şeir, hekayə, oçerklər gələcək nəsillər üçün ibrət dərsidir. Bu cür nümunələr dərsliklərə daxil edilməli, kiçik və orta yaşlı məktəblilərə mübarizə örnəyinə çevrilməlidir.
Mən bir şəhid haqqında olan şeirlərdən söhbət açdım. Yüzlərlə şəhidin belə poetik obrazları yaradılıb və yaradılmaqdadır. Tarix bu zəfər anlarını əbədiləşdirəcək, ən gözəl bədii əsərlər hələ bundan sonra yazılacaq. Ancaq isti-isti yazılan şeirlər, müharibə gedə-gedə xalqımızı, ordumuzu qələbəyə ruhlandıran bədii nümunələr əvəzedilməzdir. Elşad Baratın şəhidlər haqqında silsilə şeirlər yazıb “Ədəbiyyat qəzeti”ndə müntəzəm çap etdirməsi, Şahanə Müşfiqin şəhidlər və qazilər haqqında “525-ci qəzet”ə ayaq açan kimlik oçerkləri fədakarlıq nümunələridir. Əslində, onlar əməlləri ilə tarix yaradanlar haqqında tarix yazırlar. Bu cür yazıları və bu yazıların obrazlarını yaratdığı insanları unutmağa haqqımız yoxdur.
Şəhidlərimizə ucaldılan söz abidələri nəsillərə bir örnəkdir.