***
Od vurdum yana kağız,
Halımı qana kağız.
Şair də toxucudu,
İp sözdü, hana kağız.
***
Şirini acı kəsin,
Uzadın, ucu kəsin,
Şəhidin toyu budu –
Xınalı qoçu kəsin.
***
Qanlı gələn Abbasdı,
Hamını oda basdı?!
Şəhidlik busatıdı –
Toy havasında yasdı.
***
Qalx dağdan, yolu kəs dik,
Nə kimsəydik, nə kəsdik.
Toy ətliyi cöngəni
Şəhid vayında kəsdik.
***
Dərya, qırağın hanı?
Gəmi, durağın hanı?
Ayaqqabını sildim,
Oğul, ayağın hanı?!
***
Nədi söylədin, balam?
Məni teylədin, balam.
Qolumdan yapışırdın,
Qolu neylədin, balam?!
***
Mən görən hala mat qal,
Davaya, qala mat qal.
Bir də səni görmərəm,
Göy üzü, salamat qal.
***
Mən görən ahu tutub,
Qan daman oxu tutub.
Gedəndə ayıq idi,
Balamı yuxu tutub.
***
Mən görən yazdan gedir,
Dönüb payızdan gedir.
Şəhid bir anasından,
Bir sevən qızdan gedir.
***
Əl tuturam sıxmırsan,
Ev-eşiyə baxmırsan.
Budu, komandir gəlir,
Əsgər, niyə qalxmırsan?!
***
Çay yatağı əyridir,
Yolu əyri-müyrüdür.
Bizim əsgərdi, çapır,
Tankı attək səyirdir.
***
Həsrətin var, sil aha,
Qabı doldur – silə, ha!
Çiling-ağacı atıb
Sarıldılar silaha.
***
Qar-çovğun sovrum-sovrum,
Gəlmədi mənim yavrum,
Belə nişanı vardı –
Çatmaqaş, teli qıvrım.
***
Muradı xaliq versin,
Dilinə qılıq versin.
Balam onlarla getdi,
Əsgərlər salıx versin.
***
Hasar üstən basa cağ,
Gəl qapını bas, açaq.
Qollu tərəziyə qoy,
Zəfər ağır basacaq.
***
Dünəni aşıq andı,
Qul sakit, asi qandı.
Zəfər nədən əvəzsiz,
Çünki bahası qandı!
***
Gözəllik aşıq salır,
Hissi qarışıq salır.
Qələbə çıraq kimi
Vətənə işıq salır.
***
Telini dara bəri,
Ağ ilə qara bəri.
Varmı elə bir dəyər,
Zəfərin bərabəri?!
***
Hər şirin söz qəlbədi,
Acı saxta, qəlpədi.
Həkim, Qarabağ kimi
Hər tərəfim qəlpədi.
***
Üç rəngdə güllən, bayraq,
Ətirlən, hillən, bayraq.
Qoy düşmənin çatlasın,
Şuşada yellən, bayraq.
***
Ocaqçısan kömür ver,
Dəmirçisən dəmir ver.
Əsgər gəldi, general,
Dur döyüşə əmr ver.
***
Mən görən belə olsun,
Belədən belə olsun.
Nə qaldı ki, olmasın,
Qoy bu da belə olsun!
***
Necoldu o çağ məndən,
Yanardı ocaq məndən?!
Mən elə sənə sarı,
Sən elə qaçaq məndən.
***
Körpü salan ad salır,
O tay, bu tay yurd salır.
Canan, maşallah olsun,
Cana odsuz od salır.
***
Çayı keç o taya çıx,
Bir səmtə, butaya çıx.
Cana od salan qanlı,
Su götür ortaya çıx.
***
İçimə bir sən sızdı,
Sənsiz dərdim sansızdı.
Tale adlı bağım var,
Heyif, o bağ sənsizdi.
***
Ye, dedim, yemir, gedir,
De, dedim, demir, gedir.
Sən bunda, xəyal onda,
Arada ömür gedir.
***
Dedim, bu yana gedək,
Bizi sayana gedək.
İş yox, güc yox, çörək yox,
Duraq hayana gedək?!
***
Dağdan bir qaya düşüb,
Çobanlar haya düşüb.
Gecə ayamı baxdın,
İşığın aya düşüb?!
***
Yar dolanan bağ olam,
Çırağında yağ olam.
Yellənir, bağdan tutur,
Yelləncəkdə bağ olam.
***
Yıxılmışam tar-maram,
Pay qoyma, aparmaram.
Səndən gələn kədəri
Qapıdan qaytarmaram.
***
İsti buxarı başı,
Nəfin çıxarı başı.
Kədər, xoş gəldin! – yerin
Ömrün yuxarı başı.
***
Sinəndi müşkün yurdu,
Salaydım düşkün yurdu.
Ürəyin adı çıxıb,
Ciyərdi eşqin yurdu.
***
Ustad dedin – meyardı,
Qızılda şərt əyardı.
İş könülsüz olmasın,
Könülsüz iş biyardı.
***
Bir sallan, üç əs, alma,
Sallama küçə salma.
Sevgi könülsüz olmaz,
Ürəyi gücə salma.
***
Çay axar, şırıltı var,
Qar yağar, xarıltı var.
Yazıq, eşqə düşmüsən,
Gözündə parıltı var.
***
Gəl görüm, gülə gələn,
Bülbültək dilə gələn.
Acı təbəssüm olur
Sevgidən ələ gələn.
***
Teli əcəb burmadı,
Qəmzələri qırmadı.
Harda bir nakam eşq var,
Yuvada tək durnadı.
***
Ağladıb gülən qədər,
Gəz qapı dilən, qədər.
Məni özün bilmədin,
Mən səni bilən qədər.
***
Katib yazan sənəddi,
Öyrəndiyin sənətdi.
Məni mən edən fələk
Bir də döndü sən etdi.
***
Çaydı, dərindən gəlir,
Duru yerindən gəlir.
Yaranışdan belədi,
Acı şirindən gəlir.
***
Mən görən yolu gəlir,
Əlləri dolu gəlir.
Yolçu, başına xeyir,
Gurhagur dolu gəlir.
***
Gözümü sıxdım, zalım,
Nə edim? – baxtım zalım.
Məni elə süzürsən,
Dünyamı yıxdım, zalım!
***
Sevməyən kölən deyil,
Dərdini bölən deyil!
Göz yoldan yığılarmı,
Yüz denən, gələn deyil?!
***
Ovçusan, qaç, al ovu,
Yenə saldın a lovu.
Bu adlar da sənindi, –
Can odu, can alovu!
***
Meh əsdikcə od əsən,
Könüldə bir oda sən!
Məni kitabda tapan,
O kitabdı, o da sən.
***
Çöllərin lalə yeri,
Göylərin halə yeri.
O ovdu, mən ovçuyam,
Ayağım, hələ yeri.
***
Yaxşı rəhmətə səbəb,
Salam hörmətə səbəb.
İşıq kölgəni doğur,
Sevgi həsrətə səbəb.
***
Havada türk, yerdə türk,
Özgür də türk, hürr də türk.
Döyüş günü biz tərəf,
Bir Pakistan, bir də Türk!
***
Məhləmiz güllə tutdu,
Yar üzün güllə tutdu.
Mənim dilim tutuldu,
Onu nə güllə tutdu?!
***
Evlərin arası var,
Atını ara suvar.
Mənlə aranı kəsib,
Gör kimlə arası var.
***
Bağban bağlara baxsın,
Loğman ağlara baxsın.
Məni kim xatırlasa,
Üzü dağlara baxsın.
***
Bağçalar lalam desin,
Analar balam desin.
Laçına yolu düşən
Məndən də salam desin!