AÇ QAPINI
Eşidirsən?!
Və ya
Eşitməmək mümkünmü qapı səsini?!
Çoxdan olub e,
Lap çoxdan...
Nə vaxt olub, xatırlamıram,
Bu qapını öz üzümə
Özüm bağlamışdım axı.
İndi o qədər yolu
Gedişimin üstündən keçib
Necə gəlmişəm, İlahi?!
Əllərim də məndə qalıb,
Qapını da döyə bilmirəm.
Nə qədər çox şey almışam özümdən,
Nə qədər çox şey alıb özüm məndən...
Təngnəfəs pıçıltı səsləri döyür qapını,
Bilirəm, ürəyin üşüyür, – deyir.
Yolları ilmə-ilmə söküb
Bir misra şeir toxumuşam,
Ürəyinin çiyninə salacam, üşüməsin.
Aç qapını!
Sonuncu ilməsi qalıb bu yolun,
Bir addımlıq ümidəm.
Aç qapını!
Bəlkə, elə ölmüşəm?
Aç qapını!
Yeni gəlməmişəm ki?
Mən yenidən gəlmişəm!
KARANTİN DÜŞÜNCLƏRİ
Ağ vərəqə rəngbərəng
Gül-çiçək əkən qızım,
Buludları günəşdən
Çox böyük çəkən qızım,
Mən də öz dərdlərimə
Gülən üzlər çəkmişəm,
Bütün olmazlarıma
Təsəllilər əkmişəm...
Pambıq şəkəri
Əlinə cox yaraşanım,
Şirin- şirin danışanım,
Ağlımın fərmanını
Ürəyə dedirtmişəm,
Səbrin qırıntısını
Ümidə yedirtmişəm...
Haçan ki
Yarım qalmış düşüncələri
Tamamlamaq istədim,
Özüm kiçildim, qızım...
Bax, gecə yenə
Barmaq ucunda girdi otağıma.
Düşüncələrdən qalma yorğunluğum
Sərildi yatağıma...
Üstü açıq qalmış gözlərimə
qapaqlarını örtdü qaranlıq...
Göz gözü görmür
İçimin viranlığında,
Sən bilməzsən bu zülmət
Nələri aydınladır qaranlığında...
İlahi, bu nə darıxmaqdı
İçimdə tufan qoparır?
İlahi, bu nə darıxmaqdı?
Adam lap həsəd aparır...
Pambıq şəkəri
Əlinə çox yaraşanım,
Rəngləri çox qarışdırma!
Çəkmə günəşin önünə gecəni, körpəm.
Rəsmindən ümid saçılsın,
Mənim zülmətimdə səhər açılsın...
ACI ŞOKOLAD...
Bəlkə də, tam başqa cür rastlaşacaqdıq...
Məsələn, mən yorğun bir gecənin
Taqətsiz sabahına oyanacaqdım...
Sən zəngli saatı susdurub yenidən yatacaqdın...
Və o gün tələsik
Özünü itələyə-itələyə çıxaracaqdn küçəyə,
Hind filmlərindəki kimi toqquşacaqdıq...
Yerdən toplayacaqdın əşyalarımı,
Təlaşının nəfəsi
Baxışlarımda kəsiləcəkdi.
Gülüşlərinin pıçıltısı
Acı şokolad dadacaqdı...
Və ya kimsə tanış edəcəkdi bizi...
Qırıq-qırıq kəlmələrin arxasında gizlənəcəkdi cəsarətimiz...
Ocağa daşıb tökülmüş qəhvə qoxusu
Və yanmış şabalıd ətri
Tüstü-tüstü sevişəcəkdi
Çaşqınlığımızın önündə...
Beləcə, bir ömrün qucağında
Öz hekayəmizə
Ailə-ailə, övlad-övlad dolacaqdıq...
Birləşİb, bəşər olacaqdıq...
İndi mən öz hisslərimin
Məsum analıq çağında,
Sən isə öz hekayənin,
Nağlının tən ortasında.
İndi necə tanış olduq,
Yaddaşına gec düşər.
Çevirdikcə vərəqləri
Ürəyinə güc düşər.
İndi qismətimin səsi
Gah susar, gah da bağırar.
Yeni nağıl dinləməyə
Səni qızın səsləyər,
Məni oğlum çağırar.
İndi alın yazısına
Yolun varsa, bir addım gəl.
Daha qələmi qırmağa
Qoymaz əlimi tutan əl...
Məni süslə övladının xəyalında –
Qırmızı donlu, çətirli...
Nağılda qalsaq, yaxşıdır,
Acı şokolad dadında,
Yanmış şabalıd ətirli...
QORXU VƏ MƏRHƏMƏT
Mən qorxaram heyvanlardan...
Hələ həşəratları demirəm –
ayağıma dəydimi,
Kafkanın "Çevrilmə"sinə dönüb
Sarar bütün sakitliyimi.
İndi vicdanıma sarılan
Pişik yavrusuna
Necə izah edim ki,
Qorxmasam,
Mərhəmətim
Qarşındakı çörək qırıntısından daha böyukdü!
İslanmış tüklərin ürəyimə yükdü!!!
Bu gecə
Duaya qalxan ovuclarım
Çətir olacaq sənə,
Fondakı miyoltu səsinə qarışacaq
Bütün çarəsizlərin fəryadı.
Allaha deyəcəm ki,
Külək az əssin...
Yağış tez kəssin...
ODUNÇU
Gecənin ayaq səsləri
Qara-qara döşənir
Yerin qulağına!..
Bir külək üşüyür
Bu səsin sorağına.
Bu ağac yenə də
Qamətindən asdığı
Rüzgarı yelləyir
Beşik budaqlarında.
Dizləri qabıq-qabıq çatlamış,
İllər yorğunudu bu ağac...
Ona torpaqda da uzanmaq yasaq...
Bu odunçu, axır ki,
Dizlərini bükdü ağacın,
Alov-alov uzanıb uyudu ağac.
Tüstüsündə gecə boğuldu,
İstisinə şeir doğuldu...
Küləksə ulaya-ulaya
Beşiyini axtardı,
Axtardı, axtardı...
O ağacın tüstüsünü çəkib ciyərlərinə
Yuva oldu beşiyinə...
Tanrının dizlərinə qoyub başını
elə bərkdən susdu ki...
Bu sükutun səsində
Allahda susdu...
ÜLKƏR ÜÇÜN
Bizim küçədən bir şəhər o yanda,
Bizim evdən bir dünya o tərəfdə
İslanmış saçlarını günəşdə qurudan
O qızın batan yanaqlarında
Bir öpüş üşüyür...
Göyərçin qanadına dönmüş
Baxışlarında
Çırpınır kirpikləri...
Əgər bu şeiri
Küləyin əlinə sıxışdırıb
Allaha məktub göndərsəm,
Şairliyimə gülər
Tanrı...
Günəşin gözlərini qamaşdıran
Ürəyinin işığı
Bizim küçədən bir şəhər o yanı,
Bizim evdən bir dünya o tərəfi
Nuruna bələyər...
İndi aç ovuclarını
Göy qurşağıyla ilıq-ilıq
Yu ümidlərinin üzünü... Asorti darıxmaq...
Heç kəs qayıtmadı, heç kəs dönmədi...
Kölgəsi sakitliyinin ayağına dolaşan
Bu adam yenə də darıxdı...
Yenə
Özünü topladığı yerdə görəndə karıxdı...
Yenə də
Küçələrin daş ürəyinə
Dabanları ağrısını pıçıldadı...
Bu gününü də kədərinə həsr etdi...
Yenə də
Əlləri cibinin yaxasından asıldı...
Yenə də fəryadını
Fit çalan dodaqlarının arasından
Bulud kimi üfürdü havaya....
Bu günü də ahının rəngiylə boyadı qaraya...
"Kaş ki"lərinin arasında itirdi
Kimləri, nəyi...
Yenə də
Özünə etiraf edə bilmədi çox şeyi...
Noolsun e...
Deməsə də, çoxdan öyrənmişdi
Sevginin iki insanın bir-birinə əyilmə radiusu olduğunu,
Bütün hesablarının cəminin "o" elədiyini...
İndi öz kölgəsində oturan bu adam
Xatirələrin səsini kəsmək üçün
Susqunluğuyla qışqırır
Darıxmağın üstünə...
İndi hər kəsi
Baxışlarıyla yola salır...
İndi
Dünyanı səssizə alır...
Bir azdan o adam
Dünənki kimi
Özünü küçədə tək qoyub evinə qayıdacaq...
Səhər yenə onu
darıxmağı oyadacaq.
Yenə it ulayacaq içində,
Hamını qapacaq.
Ayaqlarını qucağında,
Başını dizlərinin üstündə tapacaq...
Taqəti bir az daha çox
Pencəyinin qucağında qırışacaq...
Və
Göyə üfürdüyü qara buludun hıçqırıq səsi
Şimşək olub
Göyün bağrını çatladacaq...