BARIM - QUŞ YUVASI
O barı - bəhrəni gəz ayrısında,
Baxma boyum uca, qol - budağım çox,
Mən bir tək ağacam yol ayrıcında,
Barım - quş yuvası,
Ayrı barım yox.
Yol çəkər gözümü,
Yolçu da ki kəm,
Ürək intizarda, ümid tarımda.
Gəlsə, gələnlərim quşlar olacaq,
Hər gələn quş ilə çiçəklənərəm,
Qönçəm yuva - yuva budaqlarımda.
Gəlişlər - gedişlər özgə bir aləm,
Ya tək - tək, ya cüt - cüt, ya qatar - qatar,
Mən çoxdan quşlara ata eviyəm,
Yəqin hərəsinin bir umacağı,
Yəqin hərəsinin bir istəyi var.
Həyat yazqabağı başlar mənimçün,
Payız köçən quşun vida səsidir.
Bu gələn, bu gedən quşlar mənimçün
Ya bahar, ya payız müjdəçisidir.
Hərdən bir yuvada qalar ürəyim,
Hər cücə səsinə qoşulan mənəm,
Yuvalar dolduqca dolar ürəyim,
Elə ki, boşaldı, -
Boşalan mənəm.
Daşar qanad - qanad budağın barı,
Baxıb şənlənərəm bar yiyəsitək,
Mənim qazancımdır quş etibarı,
Bir ömür bəsimdir, elə bilirəm,
Bəs eləyəcək.
Mənə də pay düşər hər quş dölündən,
Sevincmi, kədərmi, həsrətmi, qəmmi?
Yarıya bilmədim adam dilindən
İndi öyrənirəm quş dillərini,
Qoy görüm öyrənə biləcəyəmmi?!
...Yersizə, yurdsuza yer də yük olar,
Can ver yük altında,
Yük altda yaşa.
Bu da bir taledir, neyləmək olar,
Özüm didərginəm, – yurdsuz - yuvasız,
Sinəm yurd yeridi nə qədər quşa.
BIR AZ DA LƏNGISƏM
Çıxıb gedəsiydim,
bir səs gəl dedi,
Sıxdı ürəyimdə bulud buludu.
Üzünə baxmağa üzüm gəlmədi,
qorxdum islanasan...
gözüm suludu.
Döndüm yel əsənə,
canim bir əsim,
Açma niyyətimin astar üzünü.
Dedim küləyinin yönünü kəsim,
Ürəyimin odu qarsar üzünü...
Mizrab sarı simə çəkir tarımı,
Bəs elər, izin ver gedim, ta nə qəm.
Bir az da ləngisəm, ayaqlarımı
Sürüyüb apara bilməyəcəyəm...
DILIM - SÖZ AĞACIM
Sabir Rüstəmxanlıya
Boyuma boy verən dilimin dadı,
Mətləbə çatıram dilimlə birgə.
Mənim uzunluğum dilim boydadı,
Azalıb artıram dilimlə birgə.
Nəyim var, nəyim yox, -
Dilim qazandı.
Mən yaxşı bilirəm nə çəkdi dilim,
Hardasa uzunam, -
Dilim uzundu,
Hardasa gödəyəm, -
Gödəkdi dilim.
Ölçməsən, biçməsən çətindi axı,
Nə gəldi deyirik bəzən biz elə.
Dilin uzunluğu baş ucalığı,
Dilin gödəkliyi...
Məlum məsələ.
Nə yazdım, nə pozdum, -
Sözümə söykək,
Elə biz də sözük,
Olur, qoy olsun.
Sözüm hardadırsa, ordayam demək,
Dünyanın harası olur, qoy olsun.
İkimiz bir boyda yanaşı dursaq,
Boyumda dilim var,
Dilimdə boyum,
əlim çatmayana dilim çatırsa,
elə oracandı mənim də boyum.
Bir kəlmə sözlə də alışar ocaq,
Elə söz özü də oddur, ocaqdır.
Dilim uzandıqca sözüm artacaq,
O da dodaq - dodaq uzanacaqdır.
Ulular - uluslar sözün sırası,
Ulular seçilib, ulusu seçək.
Qoy dilim uzanıb keçsin Arazı,
Bir təzə, bir rahat körpüyə dönsün,
O taylı - bu taylı üstündən keçək.
Yağsın yağış kimi,
axsın sel kimi,
sözüm söz qananın xoşuna gəlsin.
Keçsin bizdən belə,
Təbrizdən belə,
Dolanıb Dərbəndin başına gəlsin.
Dilim uzağlığım bu ana kimi,
Qara düyünləri açıb gedəcək.
Uzanır uzansın hayana kimi,
Yenə qarşısında ürəyim durur,
Yenə ürəyimdən keçib gedəcək!
Ortada ürək var,
Çətin ki, azam,
Düşüb qabağıma gedər öndəcə.
Qaya kölgəsində yatmadım, atam,
Yatdım öz dilimin kölgəsindəcə.
...Söz mənim toxumum,
Ağrım - acımdır,
Səpərəm səpilər, bitməz nə fayda.
Dilim də sözümdür,
Söz ağacımdır,
Onun çiçəyini gördüm, yaşadım,
Onun meyvəsini dərdim, yaşadım,
Boyum da dilimin kölgəsi boyda.
ÇEVIR BALINCINI
Sən orda gecəni gözünə yığıb,
Qəfildən diksinsən qulağı səsdə;
Yorğanın ucunu gözünə sıxıb
Çevrilsən o biri üzünün üstə,
Burda mən bilməsəm, -
Qınarsan məni.
Tutsan kirpiyinin ucunda belə,
Bir qırpım içində nəyisə duysan;
Nolar, lap yuxunun içində belə
Buz bilib əlini üstümə qoysan,
Axıb süzülməsəm, -
Qınarsan məni.
Hərdən xatirələr qalxsa, bir ovsun,
Oxu, ovqatında uyusun nə qəm.
Gecənin harası olursa - olsun,
Çevir balıncımı yadına düşsəm,
Yuxuna gəlməsəm, -
Qınarsan məni...
HƏRƏNIN ÖZ YERI
(Ustad Şəhriyarı oxuyarkən)
Zaman istəyini özü andırır,
Kimə bir az bütöv,
Kimə bir az kəm.
Hərənin öz yeri,
yolunla yeri,
Hamıdan yuxarı Yaradan durur,
Hamıdan aşağı yəqin ki, mənəm.
İllər pilləkəndir,
qalxa bilmirəm,
Yerində saymaq da işdir mənimçün,
Üstdən aşağıya baxa bilmirəm,
O qəlbi dağlara,
Ucalıqlara
Aşağıdan baxmaq xoşdur mənimçün.
Gərək şərik ola yer yiyəsinə,
Olmasa, qapısı açıq, yeri get.
Özün nə,
üzün nə,
salma üzünə,
Ora sənin deyil, ver yiyəsinə,
Ya tap öz yerini,
ya çıx, yeri get.
Yerini bilməyən yersiz qalası,
Çoxunun başına gəlib, deyim ki;
Burda o ölçülər keçmir, qadası,
Əmrlə deyil ki,
Zorla deyil ki!
Çox zirvə umanlar dirəndi küncə,
Bəzən imkanı da iddia udur,
Kimdənsə yapışıb,
ardınca düşüb
Qalxıb yuxarıya, sonra enincə
Elə aşağıda dursan yaxşıdır.
Özündən müştəbeh qınında qalar,
Xəyalı ulduzda gəzsə də öncə.
Sözüm yox, bəlkə də boyum ucalar,
Başım yenəsidir bar gətirincə.
Hərə öz yerində var olsun təki,
Arxın nizamıdır suyu axıdır.
Təki budağında bar olsun, təki,
Başın əyilməyi ucalığıdır!
Yolu kəmərinə doladı çarxım,
Üzü ağ gedirəm imtahanıma.
Başımı endirdim -
özümə baxam,
Qaldırdım, -
əyiləm Yaradanıma!
YA GƏRƏK...
Səsimi sazdan aldılar,
Sazdan - avazdan aldılar
Dedilər ki, boğularsan,
Dartıb Arazdan aldılar,
Tulladılar Kür üstünə.
Çəmən gendə, dibçək bəri,
At əlini, dur çək bəri,
Yığırdılar,
bölürdülər çiçəkləri,
Hamı getdi toy evinə,
Mən düşdüm qəbir üstünə.
Bu da belə işdi, belə,
Kim nə görə, kim nə bilə.
Ya gərək ələnib keçəm,
Ya gərək atılam çölə,
Yığıblar xəlbir üstünə...
HARDAN - HARA
Ömür keçdi möhnət ilə,
Çox ovundum möhlət ilə...
Mən iynə ilə gor qazıram,
nə zülüm ilə, zillət ilə
düşüb ürəyimin
yoluna gəlmişəm.
Nə bələdəm, nə də naşı,
Ümidim var uzaqbaşı...
Ora - bura atdı məni,
Dərələr aldatdı məni,
Gör nə qədər dağı - daşı
dolana - dolana gəlmişəm.
Elə bilmə ki, üşüdüm,
Qar içində bişmiş idim...
Qış bulağım, yay bulağım,
Sənin də donun açılsın,
bir pıçılda, ay bulağım,
bircə kəlmə de, eşidim,
hardan - hara üstünə
qulaq falına gəlmişəm...
YAZIQ BULUD
Yazıq bulud,
göy üzündə saxlatdılar,
şımşək - şimşək dağlatdılar,
bir - birinə qarışdırıb,
bir - birinə vuruşdurub,
ağlatdılar,
yaşına yağış dedilər.
Bir tərəfdən,
xalı üstə gəzdirdilər,
bir tərəfdən,
qol - budağın kəsdirdilər,
çöldə üzünə güldülər,
içəridə küsdürdülər,
asta - asta öldürdülər,
usta - usta basdırdılar,
adına küçə qoydular,
şəninə alqış dedilər.
Dərələri tutdu ahım,
Axı, nə idi günahım?
Kim kiməsə çəlikləndi,
Kim kiməsə qoltuqlandı.
Yağı düşmən ayaq tutdu,
diş gətirdi, otuxladı...
əlimdən silahı alıb
sonra da vuruş dedilər.
Çoban bizi qurda verdi,
Orda verdi, burda verdi.
Kənd-kənd yandıq,
buxarlandıq.
Axır, su çıxdı boğaza,
Qılınc kimi oxarlandıq,
atıldıq qisas almağa,
onda da barış dedilər.
TORPAQDAN TORPAĞA
Yolum düşməmişdi birdən ikiyə,
Mən hardan biləydim hədərmiş bu yol.
Quş getsə, yarıda qanad salarmış,
At getməz, it getməz, bəlkə də hələ
Betər deyiləndən betərmiş bu yol.
Sabun köpüyündə özülü gördüm,
Özül dayağından üzülü gördüm,
Elə bir həsirmiş,
Məmmədnəsirmiş,
Hara yön çevirdim özümü gördüm,
Özümdən özümə gedərmiş bu yol.
Əzildim, kəsildim, dinə bilmədim,
Neyləmək istəyir mənə, bilmədim,
Ha dedim dönərəm, dönə bilmədim,
Anladım, alnıma yazılıb artıq, -
Bu yol qismət imiş,
qədərmiş bu yol.
Tor atdım dərəyə,
Tor dağa çıxdı,
Sən at atdığını, torpaq açıqdı.
Əzəli torpaqdan başlanan yolun
Axırı yenə də torpağa çıxdı,
Torpaqdan torpağa qədərmiş bu yol.
“Azərbaycan “ jurnalı