Yer üzündə qorxunc kölgələr dolaşırdı...
Mən indi yaddaşsız bir adamam. Gecə-gündüz başımın içində yad, soyuq küləklər əsir. Harda doğulduğumu, atamın-anamın, bacımın-qardaşımın, əgər onlar varsa, varlığını-yoxluğunu belə unutmuşam. Amma yox, anamın əllərinin istisi, tərtəmiz nəfəsi yaddaşımda ilişib qalıb, bir də, bir də atamın hökmlü, hərdən də nəvazişli səsi...
Yaddaşım yavan olsa da, divarlarına köz kimi çoxlu göz yapışıb. Mənə görə gözlərin hərəsi bir insandı. Darıxanda boş beynimin ekranında gözləri böyüdüb kitab kimi oxuyuram. Adamların həyatı, yaşadıqları, sevinci, kədəri, azruları, yarımçıq sevgisi, gizli niyyəti belə gözlərinə yazılıb. Niyə adamlar bu yazıları oxuya bilmir – deyə kədərlənirəm.
Hamı məni yaddaşsız saydığından dediklərimə kimsə inanmır. Heç kimi qınamıram, ağlını itirən, yaddaşını yelə verən adama kim inanar?
Hərdən qaramca “Yaşlı-başlı adamdı, özünü uşaq kimi aparır” – deyirlər. Sözün düzü, neçə yaşım olduğunu bilmirəm. Əllərim çox böyükdü, uşaq əlləri belə olmaz – mızıldayıram öz-özümə. Heç güzgüdə gördüyüm adam da xoşuma gəlmir, birtəhərdi, elə bil saralmış, unudulmuş köhnə şəkildir...
Hə, onu deyirdim axı, vərdiş eləmişəm, şəhadət barmağımı tez-tez ağzıma aparıb soruram. Damağım bomboşdu, yəqin, hələ dişlərim çıxmayıb – deyə, özümə təskinlik verirəm. Amma yaddaşıma tilişkə kimi ilişən hiss deyir ki, nə vaxtsa, sapsağlam, dümağ, mirvari dənələri kimi dişlərin olub. Mən bilən, belə bir şey olmayıb...
Saçlarım da bəmbəyazdır, qaralmağa, ya da saralmağa vaxt tapmayıb.
Hərdən belə “ağıllı-ağıllı” danışanda baxıcım, o arıq, çəlimsiz qadın deyir ki, sən ulduzu sönmüş filosofsan. “Filosof” sözü fişəng kimi açılıb boş yaddaşımı işıqlandırır. “Filosof” sözündə iki f hərfi var deyə, bu söz xoşuma gəlir. Sonra “f” ilə başlayan sözlər yaddaşımda cücərir: fil, Finlandiya, fosfor, fosforda da iki “f” var... fəsəli, Fələstin, fabula...
Gün boyu ağlımdan qırıq-qırıq xətlər keçir. Elə bil qarışqalar iki-bir, üç-bir sıraya düzülüb yaddaşımın qürubunda gözdən itir. Bu qırıq lentləri yan-yana düzəndə sözə, ədəbiyyata, sənətə çevrilir...
ƏDƏBİYYAT... Sözlər rəngli hava şarı kimi olmayan yaddaşımın fəzasında dolaşır. Əvvəllər yaddaşımın səmasında göy üzündəki ulduzlardan çox ulduzlar sayrışardı. Mən kainatın, kainat mənim içimdə döyünərdi. Səslərdən, sözlərdən, rənglərdən özümə bir dünya yaratmışdım. Dünyanın həsəd aparacağı bir dünya... İndi o möcüzədən əsər-əlamət də qalmayıb, hərdən yaddaşımın gölməçəsində suya batıb-çıxan qurbağa görürəm. Ağzını açıb yuma-yuma mənə yunan mifologiyasından danışır.
Seyrək yaddaşıma axtarış verirəm ki, görüm yunan mifologiyası nədir? Ölmüş sivilizasiyanın qalığımı? Yoxsa allahların yer üzündən sürgünümü? Xaosun, heçliyin, qarmaqarışıqlığın içində qanadlı atlar peyda olur. Qorxub Odisseyi köməyə çağırıram, o gəlib çıxanacan atlar uçub gedir. Odissey də deyinə-deyinə qadınlar yaşayan adaya gedir...
...Nədənsə hər şey mənə əzab verir, incidir, küsdürür. Mən Allahın dərgahından qovulub Sərəndib dağına sürgün edilən Adəm, ya da Mu qitəsindən qopan torpaq kimiyəm, naməlum sularda üzdükcə üzürəm. Hərdən yaddaşımın səhrasında başında alov yanan bir saray görürəm. Kimsə pıçıldayır ki, sən o saraya məxsussan, ora qayıtmalısan. Getmək istəyirəm, amma yollar od tutub yanır, saray yaddaşımın səhrasında əriyib yox olur.
Bütün bunlardan məyus oluram, sıxılıram, darıxıram, “yaddaşını itirmiş adamlar belə olur” – deyir psixiatrım. O, illərdir, məni inandırmağa çalışır ki, tezliklə yaddaşın geri qayıdacaq. Ona inanmıram. Çünki... çünki... yaddaşımdan əvvəl inamımı itirmişəm.
İNAM... Gen yaddaşımızdakı qiymətli cövhər... İlahiylə aramızdakı əbədi bağ... qorxunu dəf edən qalxan... ölümü məyus edən yeganə hiss! Mən onu itirmişəm...
Yenə boş başımda küləklər əsir, yağışlar yağır, bu dəfə əməlli-başlı fırtınaya düşürəm. Hərdənbir şimşək çaxır. Şimşək çaxanda yaddaşım qımıldanır, hamilə qadın kimi sancılanır, elə bil yeni yaddaş doğulacaq. Mən şimşəyin çatlarında yumrubaş adamı görürəm. Xısın-xısın gülür. Şimşək yox olan kimi o da yox olur, qaranlıq çökür. Ürəyimin niyə belə döyündüyünü bilmirəm. Şimşək yenidən çaxır, adam yaddaşımda dalğalanıb dirilir. Bu dəfə özümü də xatırlayıram.
Gənc bir oğlanam. Qolumda qovluq palıdı rəngli qapını döyürəm. Elə həyəcanlıyam ki, əlim-ayağım bir-birinə dolaşır. İlk dəfə həyatda böyük yazıçını görəcəm. Qapını elə yavaşdan döyürəm, özümdən başqa kimsə eşitmir. Həyəcanımı ört-basdır edib bu dəfə ürəklə döyürəm qapını. Qapı açılır, böyük yazıçı gözünü qıyıb diqqətlə məni süzür, oturmağa yer göstərir. Oturmaqdan yayınıram, mən şöhrətli yazıçının qarşısında necə otura bilərəm? “Sağ olun” sözünü üç dəfə ard-arda təkrarlayıram. Necə sıxıldığımı görüb: “Əyləş”, – deyir.
Ürəklənib niyə gəldiyimi deyirəm.
– Hər gün iş adıyla gələnlər olur, – deyir dodağının ucuyla.
Düz üç ildi, döymədiyim qapı, getmədiyim yer qalmasa da, özümü o yerə qoymuram.
Hə, işsizlikdir, – deyirəm.
Könülsüz-könülsüz başını tərpədir, sonra: “Özündən danış” , - deyir.
Universiteti bitirdiyimi, filoloq olduğumu, hərdən cızma-qara elədiyimi deyirəm, hekayə yazdığımı eşidəndə gülümsəyir: “Hekayən xoşuma gəlsə, işin düzələcək”, – hə, elə beləcə də deyir.
Qovluğumda tutiyə kimi gizlətdiyim hekayəni çəkinə-çəkinə stolunun üstünə qoyuram.
Get, sabah gələrsən, – deyir.
Bu sözdən it kimi qorxuram... “Get, sabah gəl” – o deməkdir ki, get, bir də ayağın bu tərəflərə dəyməsin. Amma mən gələcəm. Çünki bu sözü mənə böyük yazıçı deyir. Böyük yazıçılar yalan danışmaz...
YALAN... Yalan gözəl qadın kimidir. Hamı ona aşiq olar, o da hər kəsi özünə aşiq edər, hekayət hekayət dalınca düzülər. Amma heç birinin sonu olmaz. Günlərin birində hekayətin gerçək qəhrəmanı gəlib çıxar...
...Yenə yaddaşımda gecə düşür. Başımda əməlli-başlı fırtınadı. Arada ildırım çaxır, çoxdandı yaddaşım belə işıqlanmayıb. Dünyanın işinə bax, yaddaşım qaldığı yerdən yoluna davam edir. Mən yenə böyük yazıçının hüzurundayam.
– A kişi, sən əməlli-başlı yazıçısan ki, – deyib qoltuğumun altına qarpız qoyur. Uçmaq üçün bir himə bəndəm.
Sonra da deyir: “Get ərizəni yaz, bu gündən işdəsən”.
Sevincdən uçuram.
Xoşbəxtliyin səmasında hələ çox süzəcəkdim ki, səs məni yerə qaytarır:
Bu hekayə hardasa çıxıb?
And-aman edirəm ki, təzəcə yazmışam, heç mürəkkəbi qurumayıb.
Xısın-xısın gülür:
Bir az əl gəzdirim, sonra baxarıq, – deyir...
***
...Bir ayın tamamında gözlədiyimdən də çox maaş aldım. Bu mənim ilk qazancım idi.
Xəyalımda bu pulla nələr eləməmişdim, İlahi?! Kənddə yaşayan, dünyada məndən başqa heç kimi olmayan əli qabarlı, əyni yamaqlı anama paltar alacaqdım, tələbə yoldaşımın toyuna gedəcəkdim, sevdiyim qıza ürəyimi açacaqdım... Maaş aldığım gün kirayə qaldığım evə qayıdanda köşkdən özümə xeyli qəzet-jurnal aldım. Axşam qəzetləri qarşıma töküb keflə oxuyurdum ki, gözümə hekayəm, daha doğrusu, hekayəmin adı sataşdı. Yox, bu qədər xoşbəxtlik birdən ola bilməzdi, bu qədər yaxşılığı adama birdən etməzdilər! Hekayəmin içində böyükyazıçının ədalı şəklini görəndə də ağlıma heç nə gəlmədi. Mənə uğurlu yol yazdığını düşündüm. Adımı axtardım. Yuxarıda rəqs edən kursiv şriftində böyük yazıçının adı gülümsəyirdi. Donub qalmışdım. Bu, bir qəzet xətasıdır, yanlışlıqdı, – düşündüm. Böyük yazıçının belə bir iş tutacağını xəyalımdan belə keçirmədim. Axı o mənim üçün müqəddəs idi...
MÜQƏDDƏS... yaddaşım müqəddəs sözündə donur. Handan-hana yaddaşım “dirilir”, ekranından Error! Error! Error! – anonsu keçir. Dağınıq yaddaşım deyir ki, biz çox vaxt qanlı əllərdən, kirli düşüncələrdən, ruh qatillərindən “müqəddəs” düzəldirik. Biz kimə sitayiş edirik? Sərsəm düşüncələriylə sağlam ruhumuzu əzib bizi köləyə çevirən, yaddaşımızın köklərini qurudan günahkarlara? Biz “müqəddəslər”i ağ yalanlardan düzəldirik, illərlə sitayiş edirik və bir gün, “müqəddəs”in öldüyü gün, əslində, biz də ölürük...
Gözüm mayıf olmasa da, həyata baxışım yanlış olan mən də ruh oğrusundan “müqəddəs” düzəltmişdim. Hər halda mən onu qanadlı fantaziyalarımla süsləyib bəsləmişdim...
...Səhəri dirigözlü açdım. İş yerinin qarşısında var-gəl edəndə heç kim işə gəlməmişdi. Sonra adamlar gəldi, handan-hana o da gəlib çıxdı. Mən əvvəlki hörmət-izzətlə onu salamladım, o da heç nə olmamış kimi yanımdan ötüb keçdi. Günün ikinci yarısı özümdə cəsarət tapıb otağına getdim. Çəkinib eləmədən: “Hekayəm sizin adınızdan gedib”, – dedim. Ürəkdən gülüb: “Sakit ol, onsuz da səni heç kim tanımır, gəncsən, hələ çox yazacaqsan!” – dedi.
Gecə qərara gəldim ki, hər şeyə tüpürüb işdən çıxacam. Amma səhər tezdən evin sahibi gəlib iki aylıq kirayəhaqqını istəyəndə qürurumun qəddi əyildi. Cibimdə olub qalanları verib, işə getdim. O gün o qədər yazı-pozu işləri oldu ki, başımı qaşımağa vaxtım olmadı. Axşama yaxın məni mühasibatlıqdan çağırdılar. Mühasibimiz quru qadın: “Gəl bura qol çək, müdirimiz sənə mükafat yazıb”, – dedi. “Bayramdı?” – soruşdum. Rəqəmlərlə işləyən əksər adamlar kimi, mühasib qadın da eyhamımı anlamayıb soyuq-soyuq: “Yox”, – dedi. Tərəddüd edə-edə qol çəkdim, o qol sonrakı həyatımın üstündən xətt çəkdi...
Böyük yazıçının vəzifəsi get-gedə böyüyür, şöhrəti artır, mənsə konveyer kimi gecə-gündüz yazır, yazır, yazırdım. Yazdıqlarım adına çap olunsa da, hərdən ona qoşulub ürəkdən sevinir, hərdən də özümə nifrət edirdim. Ürəyinin qanıyla yazdıqların başqasının adıyla çap olunur, sənsə mağmın-mağmın durub baxırsan. Nə var, nə var, o əclaf səlahiyyət sahibidir, dişləri köpək balığının dişlərindən də itidir, kəsdiyi başa sorğu-sual yoxdur, sənsə çarəsizsən, onun tez-tez dediyi kimi “heç kimsən”! Yox, özümə bəraət qazandırmıram, mən də hamı kimi bir parça çörəyə qane olub heç olmasa, ruhumu satmazdım. O yaddaş oğrususa tez-tez məndən soruşurdu: “Hələ ruhun ölməyib ki?..”. Ruhum yox, mən ölmüşdüm. Mən onun kölgəsinə çevrilmişdim...
KÖLGƏ... Yer üzündə mənim kimi yüzlərlə, minlərlə yaddaşsız, xatirəsiz, izsiz-tozsuz kölgələr dolaşır. Onları heç kim görmür, tanımır, xatırlamır. Çünki ölülərin kölgəsi olmur!
Ruhumu bir gözü dünyaya şübhə ilə baxan, istedadsız, ruhsuz adama satır, əvəzində həyatımın əskikliklərini düzəldirdim. Evlənmişdim. Ev almışdım, bağ evim lap dənizin ləpədöyənindəydi. Maşınımı hər il dəyişirdim. Var-dövlətim hər gün məni keçmişimdən bir az da ayırırdı.
Yuxarı dairələrdə fırlanır, adlı-sanlı adamlarla tanış olur, çevrəmi böyüdürdüm. Onlar üçün maraqlı adam olmasam da, gözəgörünməz dahiliyimdən zövq alırdım. “Böyük yazıçı” ruhumun işığında işıq saçır, oxucular mənim ruhumu oxuyur, mənim ruhumu sevir, amma yastıbaş ilanın qarşısında təzim edirdilər. Əvvəllər hekayələrini, romanlarını yazırdım, indi onun yerinə müsahibələri, elmi məqalələri, tənqidi yazıları da mən yazır, hərdən utanmadan adına tərcümələr də edirdim.
İllər bir-birini qovurdu. Mən zamanı, zamanın içində özümü itirmişdim. Bir dəfə şeytan məni dingildətdi, ondan xəbərsiz bir hekayəmi çap elədim. Təvazökarlıq etməyəcəm, hekayəm ədəbi mühitdə əməlli-başlı səs-küy saldı. Elə o gün, xoşbəxt olduğum o gün səbri daş çatladan “müqəddəsim” məni yanına çağırıb xısın-xısın güldü, ünvanıma xoş sözlər dedi, işdən sonra qonaqlıq da verdi. Gecədən keçənə qədər yeyib-içib əyləndik. Düşünürdüm ki, o, şöhrətin zirvəsindədir, bir hekayəyə görə özünü alçaldıb xətir-hörməti tökməz, özünü kiçiltməz, günah etməz...
GÜNAH... Hər kəsin daddığı, hər kəsi dönə-dönə tövbə qapısına aparan, amma dövriyyədən çıxmayan hiss...
...O, gecə boyu güldü, vəfadan, sədaqətdən dəm vurdu, dostluq haqqında moizə oxudu, yaxşılıq haqqında yaxşı sözlər dedi, evə gələndə halım qəfildən pisləşdi. Elə bil bədənim, ruhum hissələrə ayrılır, bölünür, parçalanırdı.
O gecə yaddaşımı itirdim. Bütün öyrəndiklərim, oxuduqlarım, bildiklərim bir anda uçub getdi. Hər şeyi bağışlayan Tanrı, ruhuma xəyanətimi mənə bağışlamadı.
İllərdi, çarpayımda oturub ayaqlarımı yelləyə-yelləyə yaddaşımda gəzişirəm. Yaddaşımın ayaqlarına nəsə olduğunu düşünürəm, ayaqları olsa, getdiyi kimi bir gün geri qayıdacaq. Amma onu da bilirəm ki, gedən qayıtmır...
İndi hər şey mənə həyatı xatırladır...
HƏYAT... qoca sehrbazın çubuğunun ucundakı illüziya köpüyü, siyənək balığının ülgüc kimi iti yelpənəkləri, molyuskların göz yaşından “doğulan” mirvari dənəsi, sarıdimdik qaranquş balasının ilk cikkiltisi, özünə nəğmə deyən çayın zümzüməsi, hər kəsə yaşamaq və ölmək rolu verən istedadlı REJISSORUN təbəssümü...
Həyat mənim kimi naşıları sevmir, mənsə onu sevirəm, o mənə əbədiyyəti xatırladır...