ŞİR
(hekayə)
Hər şey fantastik hadisə kimi başladı: məhz qüdrətli heyvanlar şahı şir əməlli-başlı sərxoş olmuşdu. O gah dörd pəncəsi üstə büdrəyir, gah da yanlara doğru əyilirdi. Bu isə əsl fəlakət idi.
Şir Leninqrad universitetində təhsil almışdı, eyni zamanda isə teatrda balet üzrə statist kimi fəaliyyət göstərirdi. Bugünkü tamaşada şir dərisi geyinərək qayanın üzərində dayanmalı, baletin qəhrəmanının nizəsinin onu yıxacağı anı gözləməli idi; bu vaxt öldürülmüş şir qayadan kulisin arxasındakı döşəyin üzərinə yıxılırdı. Məşqlərdə hər şey əla gedirdi – və birdən bu gün, məhz premyera günündə, pərdənin qaldırılmasına yarım saat qalmış şir elə bir oyun çıxardı ki! Ehtiyat statist (Səhnədə ikinci dərəcəli, sözsüz rollar oynayan, kütləvi səhnələrdə iştirak edən aktyor – X.N.) yox idi. Səhnəni ləğv etmək olmazdı: tamaşanı Moskvadan gələn xalq komitəsi sədri də izləyəcəkdi. Teatrın “qırmızı direktoru”nun kabinetində iclasa SOS çağırışı səsləndi.
Qapı döyüldü, kabinetə teatrın yanğınsöndürəni Petya Jerebyakin daxil oldu. “Qırmızı direktor” (qəzəblənmiş direktorun rəngi indi, həqiqətən də, qızarmışdı) onun üzərinə şığıdı:
– Nədir, nə lazımdır? Vaxt yoxdu! Cəhənnəmə ki!
– Mən, yoldaş direktor... mən şirə görə gəlmişəm... – yanğınsöndürən dedi.
– Şirə görə?
– Deməli, belə, bizim şir sərxoşdu, ona görə də yoldaş direktor, mən şirin rolunu ifa eləmək arzusundayam...
Ayıların kirpikləri, mavi gözləri olurmu, bilmirəm. Əgər olursa, onda nəhəng, çuqun çəkmələr geyinmiş Jerebyakin şirdən daha çox ayıya oxşayırdı. Amma birdən möcüzə baş versə, onun içərisindən şir çıxsa, necə olar? O and içirdi ki, çıxacaq, çünki kulis arxasında bütün məşqləri izləmişdi, çünki hələ əsgərlik illərində “Çar Maksimilian” tamaşasında rol almışdı. Söhbətin pik anında isə rejissora çəpəki nəzərlə, qaşqabaqla baxan direktor Jerebyakinə dərhal əynini dəyişib sınağa yollanmağı əmr elədi.
Bir neçə dəqiqədən sonra musiqiçilər səhnədə surdinanın (Musiqi alətinin səsini zəiflətmək üçün alət – X.N.) sədaları altında “Şir marşı”nı səsləndirirdilər. Şir Petya Jerebyakin şir dərisində elə çıxış edirdi ki, sanki gözlərini ryazan kəndində deyil, Liviya səhrasında açmışdı. Amma sonda qayadan yıxılmaq lazım gəldikdə o, aşağı baxdı, elə həmin anda dili dolaşdı.
– Yıxıl da, lənətə gəlmiş... yıxıl! – rejissor quduzlaşmış pıçıltı isə ona fısıldadı.
Şir müti şəkildə aşağı çökdü. Kürəyi üstə möhkəm yıxılıb yerə uzandı, ayağa dura bilmədi. Görəsən, qalxa bilməyəcək? Yəni son anda yenə fəlakət baş verdi?
Onu ayağa qaldırdılar. Dərini soyundu, bənizi solmuş şəkildə kürəyini divara söykəmişdi, özü də utanaraq gülümsəyirdi. Amma üst dişlərindən birinin yerində boşluq yaranmışdı, ona görə də təbəssümü sanki qəmginlik saçırdı, həm də uşaqcasına qəmginlik (əslinə qalsa, ayılarda uşaqlara məxsus nəsə var, düz demirəm?).
Xoşbəxtlikdən göründüyü qədərilə ciddi heç nə baş vermədi. O, su istədi. Direktor öz kabinetindən bir stəkan çay gətirilməsini əmr etdi. Şir çayı içərkən direktor onu tələsdirməyə başladı:
– Hə, yoldaş, indi ki adını şir qoydun, dərini geyin. Geyin, geyin, qardaşım, tezliklə başlayırıq.
Kimsə əlində dəri ilə ortaya sıçradı, amma şir onu geyinmək istəmirdi: o, qəti şəkildə bəyan elədi ki, hökmən teatrdan bayıra çıxmalıdı. Axı bu nə fövqəladə ehtiyac idi – izah eləməkdən imtina elədi, sadəcə utancaq halda gülümsəyirdi. Direktor bərk əsəbiləşdi. O əmr eləməyə, Jerebyakinə partiyaya namizəd göstərildiyini, onun zərbəçi olduğunu xatırlatmağa çalışdı, amma zərbəçi-şir qəti şəkildə sözünün üstündə dayanmışdı. Güzəştə getməli oldular, təbəssümü ilə parlayan Petya Jerebyakin teatrdan çıxıb harasa tələsdi...
– O hara getdi? – əsəbiləşdiyinə görə yenidən qızarmış direktor soruşdu. – Onun hansı gizli işləri var axı?
Qırmızı direktora heç kim cavab verə bilmirdi. Sirr ancaq Pyotr Jerebyakinə məlum idi, bir də, əlbəttə ki, hazırda oxuduğunuz bu hekayənin müəllifinə. Petya Jerebyakinin Peterburqun payız yağışının altında harasa qaçdığı zaman biz onun sirrinin yarandığı həmin iyun gecəsinə dönə bilərik.
Həmin gün gecə mövcud deyildi. Bu, hərbi əməliyyat zamanı yuxu ilə ayıqlıq arasında addımlamağı dayandırmadan bircə saniyəlik gözü açıq yuxulayan əsgərin mürgüsü kimi bir saniyəlik mürgülədiyi gün idi. Kanalların çəhrayı sularında yıxılmış ağaclar, pəncərələr, sütunlar, Peterburq mürgü vururdu. Birdən yüngül küləkdən Peterburq yoxa çıxır; onun əvəzində Leninqrad peyda olur, Qış sarayının başı üzərində, küləkdən oyanmış qırmızı bayraq dalğalanır, Aleksandr bağının barmaqlıqlarının yanında isə tüfəngli milis işçisi dayanıb.
Gecə tramvay fəhlələri milis işçisini hər tərəfdən əhatəyə almışdı. Petya Jerebyakin milis işçisinin təkcə yumru, Ryazan almasına bənzəyən sifətini görə bilir. Nəsə çox qəribə hadisə baş verir: milis işçisini əllərindən, çiyinlərindən tuturlar – nəhayət, fəhlələrdən biri dodaqlarını boru kimi irəli uzadaraq onun yanağından nəzavişlə öpür.
Milis işçisi pörtür, qəzəbli şəkildə fiti çalır, fəhlələr qaçışırlar. Petya Jerebyakin milis işçisi ilə üz-üzə qalır, milis işçisi isə küləkdən ürkmüş kimi qəfil yoxa çıxır: Jerebyakinin qarşısında Nevski prospektində inqilabın təyin etdiyi, milis papağı və köynəyi geyinmiş qadın milis işçisi dayanmışdı. Qara qaşları qəzəblə çatılmışdı, gözlərindən ildırım çıxırdı.
– Ayıb olsun sizə, yoldaş – Petya Jerebyakinə dedi, amma necə tonda dedi! O, çaşqın halda burnunun altında günahkarcasına mızıldanmağa başladı:
– Allah eşqinə, axı bunu mən eləmədim! Mən sadəcə evə gedirdim...
– Ay səni... Hələ adını fəhlə qoyub! – qadın milis işçisi ona baxırdı, özü də necə baxırdı!
Əgər burda – körpüdə lük olsaydı, teatr səhnəsində olduğu kimi, Jerebyakin lüka yıxılardı, beləliklə də, xilas olardı. Amma o, kürəyindəki qəzəbli baxışların müşayiəti ilə aramla getməli oldu.
Ertəsi gün yenə bəyaz gecə idi, teatrdakı növbətçiliyi bitmiş yoldaş Jerebyakin isə yenə də evə gedirdi, Aleksandr bağının barmaqlıqlarının yanında isə yenə də qadın milis işçisi dayanmışdı. Jerebyakin tələsik keçib getmək istəyirdi, amma qızın ona baxdığını gördü, utancaq halda günahkarcasına təzim etdi. Qız başını əydi. Amma dan yeri tüfəngin poladdan olan qara parıltılı hissəsini işıqlandıraraq çəhrayı rəngə boyadı. Jerebyakin bu çəhrayı tüfəngdən beş il əvvəl ona müxtəlif cəbhələrdən atəş açanların qarşısında olduğundan daha çox çəkinirdi.
O, qadın milis işçisi ilə ancaq bir həftə sonra danışmağa risk elədi. Məlum oldu ki, o da Jerebyakin kimi Ryazan quberniyasındandır, bundan başqa, Ryazan almalarını da xatırlayır. Bəs necə: həm şirindir, həm də azacıq acı dadır. Burda beləsi olmur...
Jerebyakin hər dəfə evə qayıdanda Aleksandr bağının yanında dayanırdı. Bəyaz gecələr tamam ağlını itirmişdi, gah yaşıl, gah çəhrayı, gah da bal rənginə bürünən səma bircə anlıq da qaralmırdı. Bağda qucaqlaşmış cütlüklər görünməmək üçün gündüzlər olduğu kimi kölgəlik axtarırdılar.
Bu cür gecədə yöndəmsiz, ayıyabənzər Jerebyakin qadın milis işçisindən soruşdu:
– Məsələn, siz milis işçiləri vəzifənizi yerinə yetirən zaman ərə gedə bilərsiz? Buna icazə var? Daha doğrusu, xidmət zamanı deyil, ümumiyyətlə, sizin xidmətiniz hərbi iş hesab oluna bilər.
– Ərə getmək nəyə lazımdı ki? – tüfəngə söykənən milis Katya dedi, – biz indi kişi kimiyik: istəsək, belə də sevə bilərik...
Onun tüfəngi çəhrayı rəngdə idi. Milis işçisi üzünü çırpınan səmaya qaldırdı, sonra Jerebyakinə tərəf baxaraq dedi:
– Məsələn, əgər o insan şeirlər yazmış olsaydı... ya da aktyor olsaydı, səhnəyə çıxardı, bütün teatr da onu alqışlayardı...
Alma: həm şirindi, həm də acıtəhər. Petya Jerebyakin başa düşdü ki, yaxşısı budur getsin və bura bir də qayıtmasın: onun məsələsi həll edilmişdir...
Yox, həll edilməmişdir! Dünyada möcüzələr də olur axı! Məsələn, qeyri-adi hadisə baş verir – şir Tanrının təqdiri ilə sərxoş olanadək içir. Petya Jerebyakinin ağlına gələn fikir isə onu direktorun kabinetinə aparır.
Bir sözlə, bütün bunlar artıq geridə qalıb: indi o, payız yağışı altında Qlinka küçəsinə doğru yüyürürdü. Bəxtindən ora teatrın yaxınlığında idi, yenə də bəxtindən milis işçisi Katya evdə idi. İndi o, milis işçisi deyildi – o, sadəcə Katya idi. Qollarını çirmələmiş Katya vannada ağ köynəyini yuyurdu. Qızın burnunda, alnında damcılar gözə dəyirdi, özü də o heç vaxt bu cür, yəni evdəki qədər qədər sevimli olmayıb.
Jerebyakin onun qarşısına teatr biletini qoyaraq deyəndə ki indi tamaşada rol ifa edəcək, qız inanmadı. Sonra maraqlı gəldi. Sonra isə nə səbəbdənsə utanaraq çirmələnmiş qollarını aşağı saldı. Daha sonra isə ona baxaraq (özü də necə baxaraq!) mütləq gələcəyini dedi.
Teatrın zəngi artıq fasilə otağında, dəhlizdə, foyedə səslənirdi. Keçəl xalq komitəsi sədri lojada gözlərini qıymış halda pensnesinin arxasından baxırdı. Səhnədə, hələ ki bağlı olan pərdənin arxasında balerinalar ətəklərini qu quşlarının suya enərək qanadlarını təmizlədikləri tonda qaydaya salırdılar. Şir Jerebyakinin yanındakı qayanın arxasında isə rejissorla direktor həyəcan keçirirdilər.
– Yadda saxla, sən zərbəçisən! Bax ha, tamaşanı korlama! – direktor şirin qulağına pıçıldadı.
Pərdə yuxarı qaldırıldı. Şirin qarşısında lampaların işıqlarının ardınca yuxarıdan aşağıya doğru ağ simalarla dolu qaranlıq səhnə açıldı. Çoxdan, o hələ Jerebyakin olanda səngərdən çıxan zaman qarşısında mərmilər partlayırdı, o titrəyir, kəndli şakəri üzrə xaç çevirirdi, amma yenə də irəliyə doğru qaçırdı. İndi ona elə gəldi ki, bircə addım da ata bilməz. Amma rejissor arxadan itələyirdi, o isə artıq yadlaşan əllərini, ayaqlarını çətinliklə hərəkət etdirərək ləng şəkildə qayaya dırmaşırdı.
Şir qayanın zirvəsində başını qaldırdı, lap yaxınlığında isə ikinci yarusun lojasında, maneənin o üzündən boylanan milis işçisi Katyanı gördü: qız düz ona baxırdı. Şirin ürəyi bir-iki dəfə möhkəm vurdu! Və... dayandı. O bütünlüklə titrəyirdi. Bəs necə? Axı indi taleyi həll olunurdu – artıq nizə ona tərəf uçurdu. Budur! – nizə böyrünə dəydi. İndi yıxılmaq lazımdır. Bəs birdən yenə də lazımi kimi yıxılmasa, hər şeyi məhv eləsə? O, həyatda heç vaxt qorxmadığı kimi qorxdu, hətta səngərdən çıxanda da bu qədər qorxmamışdı...
Zaldakılar artıq səhnədə nəyinsə doğru getmədiyini başa düşmüşdülər: ölümcül yaralı şir qayanın başında hərəkətsiz dayanaraq aşağı baxırdı. Ön sıralarda rejissorun qəribə pıçıltı ilə “yıxıl da, tez ol, yıxıl!” deyə qışqırdığını eşitdilər. Sonra isə hamı fantastik bir hadisəyə şahid oldu: şir sağ pəncəsini qaldırdı, cəld şəkildə xaç çevirdi və daş kimi qayadan yerə yıxıldı...
Bir an hər kəs donmuş vəziyyətdə qaldı, sonra isə zaldan mərminin ölümcül partlayışı kimi qəhqəhə qalxdı. Milis işçisi Katyanın gülməkdən gözləri yaşarmışdı. Qətlə yetirilmiş şir üzünü pəncələrinin içərisində gizlədərək ağlayırdı.
1935
Rus dilindən tərcümə edən: Xatirə Nurgül