...Ölkələr və xalqlar arasında sərhədləri hökmdarlar, hökumətlər qurur, şairlər isə bu sərhədləri dağıdırlar. Gəncədə doğulmuş və bütün ömrünü orda sürmüş Azərbaycan oğlu Nizami bütün bəşəriyyətə mənsubdur. Təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Şərq ölkələrinin ədəbiyyatlarını Nizamisiz təsəvvür etmək mümkün deyil. Bütün dünya mədəniyyəti Nizamisiz daha kasıb, daha yoxsul görünərdi.
Nizami də Homer və Firdovsi, Yunus Əmrə və Nəvai, Rustaveli və Puşkin kimi bütün dünyanın fəxridir, amma, ilk növbədə, əlbəttə, öz xalqının övladıdır.
Müstəqil Azərbaycan qurucularından Məhəmməd Əmin Rəsulzadə böyük şairə həsr etdiyi qiymətli tədqiqatında haqlı olaraq qeyd edir ki, "Nizami yaradıcılığı forma (burda dil nəzərdə tutulur – A.) baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə yetişdiyi mühitə dərindən bağlıdır. Bu bağlılıq bizim gözümüzdə onu azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir".
Məhəmməd Əmin Rəsulzadə Nizami dünyasında türklük anlayışının nə qədər önəmli, mühüm olduğunu da əyani dəlillərlə sübuta yetirir. "Gözələ, böyüyə – türk, gözəlliyə, böyüklüyə – türklük, gözəl və böyük sözə – türkcə, gözəllik və böyüklük diyarına – "Türküstan" deyən Nizaminin əsərlərində Rum şahzadəsi, "Rum nəslindən olan türkdür". Bir kürd qızının gözəlliyini ifadə edərkən o, "gözləri bir türk gözü qədər gözəl idi", – deyir, Leylinin ətrafındakı ərəb qızlarına "Ərəbistanda yaşayan türklər" – deyir. "Çin padşahına – Türk padşahı", – deyir. "Bu həbəşlikdə türkcəmi anlayan yox" deyə şikayətlənir, fars şeirinə onlara türk kəlməsi daxil edir.
Ümumi türklük ruhundan başqa, Nizamini bir azəri türkü kimi tanıdan onun əsərlərində Azərbaycan və Qafqaz mühitinin ab-havası, ətridir.
Heç şübhəsiz, Nizaminin mənəvi və bədii təcrübəsi, şairin tədqiqatçıları Firidun bəy Köçərli, Bertels, Krımski, Rəfili, Araslı, Qəzənvər Əliyev və Rüstəm Əliyevin qeyd etdikləri kimi, doğma Azərbaycan zəminində, Şərq və Qafqaz mədəni arealında yetişmişdir. Gəncə, Şirvan, Qarabağımızın bağrında Nüşabə şəhəri Bərdə, Bərdənin füsunkar bağları, doğma Azərbaycanın bütün varlığı – onun əfsanə və rəvayətləri, dastan və nağılları, musiqisi, memarlığı, xalça sənəti şairin böyük epik əsərlərində olduğu kimi, zərif lirik nümunələrində – qəzəllərində də bədii təcəssümünü tapmışdır. Gəncə, Şirvan, Dərbənd, Bərdə yalnız Nizami dünyasının coğrafi adları deyil, şairin ilhamla vəsf etdiyi doğma torpaqdır.
Öz xalqına, torpağına, doğma mədəniyyətə və folklora bu qədər bağlı olan Nizami eyni zamanda ümumibəşəri dəyərlərdən, həyat və ölüm, xeyir və şər, ədalət və zülm, məhəbbət və xoşbəxtlik haqqında elə dərin mətləblərdən söz açmışdır ki, səkkiz yüz il ərzində həm milli şeirimizə, sənətimizə, həm də Şərq və Qərb ədəbiyyatına misilsiz təsir göstərmişdir.
"Xəmsə"sində toplanmış beş poema, yüzlərlə şairin, o cümlədən nəhəng söz ustalarının ilham mənbəyinə çevrilmişdir. Əmir Xosrov Dəhləvi, Cami, Nəvai kimi böyük sənətkarlar mövzularını Nizami poemalarından almış, beşliklər yaratmışlar. Nizami süjet və motivləri Anadolu şairi Cəlaləddin Rumidən, azəri türkü Füzulidən tutmuş, italyan Hotsiyə, alman Şillerə qədər Şərqin və Qərbin bir çox məşhur sənətkarlarının yaradıcılığında ifadəsini tapmışdır. Şillerin müasiri, başqa bir alman dahisi Höte Nizami poeziyasının heyranı idi. Özünün "Qərb – Şərq divanı"nın Nizami fəslində Höte Azərbaycan şairinin Leyli, Məcnun, Xosrov, Şirin kimi surətlərini təhlil edir. Nizaminin qələmə aldığı rəvayətlərdə şairin dərin əxlaqi mövzulara varmağından heyrətləndiyini bildirir. "Faust" müəllifi yalnız Nizami yaradıcılığına vaqif deyildi, o, böyük şairimizin Vətəni – Şimali və Cənubi Azərbaycan haqqında biliklərə də malik idi. "Azərbaycan çölləri"ni xatırlayan Höte Nizami ömrünün bioqrafik ayrıntılarından da söz açır: "Nizami özünün dinc sənətinə uyğun dinc bir ömür keçirmiş və doğma şəhəri Gəncədə dəfn olunmuşdur" – deyir.
Həqiqətən, Nizami zahirən çox adi, sadə və sakit bir ömür yaşamışdır. Ancaq elə həmin Hötenin dediyi kimi: "Yalnız xarakter mübarizələrdə yaranır, istedad isə sakitlikdə yetişir".
Doğma Gəncəsinin hüdudlarından kənara çıxmayan Nizami öz dühası ilə bütün dünyanı ağuşuna almışdı. Onun dünyasının coğrafi ərazisi şərqdə, Çindən başlayıb qərbdə Antik aləmin hüdudlarına qədər, cənubda Afrikadan başlayıb şimalda sirli-soraqlı ruslar ölkəsinə qədər uzanırdı.
Nizami milli mədəniyyətin özünəqədərki sərvətlərinin varisi olmaqla bərabər, eyni zamanda XII əsrə – öz dövrünə qədərki bütün bəşər mədəniyyəti xəzinəsini də öz mənəvi dünyasında ehtiva etmişdi. Arximed, Fales, Əflatun, Sokrat, Ərəstu kimi yunan filosoflarının, alimlərinin dərin hikmət dolu irsi də bura daxildir, atəşpərəstlik dünyagörüşü və etik konsepsiyası, onun müdəqqəs kitabı "Avesta" da. İslama mənsub olan bütün mənəvi zənginliklər də. İslam dininin bütün fəlsəfi kompleksini, etik və hüquqi dəyərlərini mənimsəmiş dindar müsəlman şeyx Nizami, yəhudi, xristian görüşlərini də dərindən bilirdi. Eyni zamanda:
"Bilirəm ki, hər ulduz bir cahandır,
Hər biri bir dünya, bir asimandır"
– deyən şair Cordano Bruno və Kopernik kimi böyük Avropa mütəfəkkirlərinin kainat haqqında elmi fikirlərini 400 il qabaqlamışdır.
Nizami kainatı zaman və məkan daxilində bir bütöv kimi dərk edirdi. "İskəndərnamə"dəki tarixi anaxronizm dövrlərin yerbəyer edilməsində təsadüfi uyğunsuzluq deyil, müəllifin özü tərəfindən dəqiq və aydın dərk edilən bir prinsipidir. Özü qeyd edir ki, "hekayətimdə irəli-geri çəkmələr görsənir, eyib tutmayın, bundan qaçmaq mümkün deyil". Makedoniyalı İskəndəri həm Misir fironlarının, həm də rus knyazlarının çağdaşı etməklə, onu müsəlman aləminin müqəddəs ziyarətgahı Məkkəyə və uzaq Çinə aparıb çıxarmaqla, əsrlərin və ölkələrin yerlərini dəyiş-düyüş etməklə Nizami dünyanın zaman və məkan fövqündə duran vahid mənzərəsini yaradır, – bütün çoxcəhətliyi və əlvanlığı ilə birlikdə bir bütövlük təşkil edən dünyanın. Dünyanın bütövlüyü, vahidliyi ideyasından insanların birliyi, xalqların tarixi ünsiyyəti fikri meydana çıxır.
Səkkiz əsr bundan qabaq Nizami bəşəriyyətin vəhdətini dərk etmişdi. Dərk etmişdi ki, müxtəlif ölkələrin və xalqların təkrarsız özəllikləri onların mehribanlıq, razılıq, dinclik şəraitində qarşılıqlı anlaşmalarına əngəl olmamalıdır.
Şairin dünyasında ayrı-ayrı xalqların nümayəndələri məskundur və onların hamısının bir ümumi vətəndaşlığı var – Nizami vətəndaşlığı, yunan sərkərdəsi İskəndər və Bərdənin azərbaycanlı hökmdarı Nüşabə, İran şahları Xosrov, Bəhram və türk Sultan Səncər, talelərinin girdabında həlak olan ərəb aşiq-məşuqlar – Məcnun və Leyli – tam siyahısını verə bilmədiyimiz bütün bu Nizami personajları "Xəmsə"də bir dahi qüdrətiylə rəsm olunmuş canlı, parlaq surətlərdir.
Nizami dünyası, həqiqətən, intəhasız kosmosdur. Təsadüfi deyil ki, bir sıra hallarda onun yaratdığı surətlər də elə kosmik mahiyyət daşıyır: səyyarələr, ulduzlar, günəş, Ay... Amma ilk öncə bu dünya insanların dünyasıdır. Bu dünya ayrı-ayrı fərdlərin zəngin xarakter qalereyası, talelər kataloqu, müdrik rəvayətlər toplusu, son dərəcə zərif psixoloji məqamlar, insan qəlbinin ən dəruni guşələrinə nüfuz etməklə səciyyələnir. Həyatın mənası, ömrün faniliyi, olum və ölüm, qüdrətli imperiyaların süqutu, şöhrətin ötəriliyi, hakimiyyətin etibarsızlığı, sarayların dəbdəbəsi və düşkünlüyü, məhəbbətin incəliyi – bütün bunlar var Nizami dünyasında.
Nizami poemalarında təkcə "Leyli-Məcnun" tam halda yalnız məhəbbət mövzusuna həsr olunub. Hətta süjeti məhəbbət macəraları ətrafında qurulmuş "Xosrov və Şirin" poeması da daxil olmaqla, şairin bütün başqa əsərləri, sevgi kolliziyalarının onlarda önəmli yer tutumasına baxmayaraq, əsasən, mənəvi axtarışlara, dünyanın yaradılışına, insanın varlıqda mövqeyini müəyyənləşdirmək cəhdinə həsr olunub. Metafizik-problemlərə şəksiz meyli, açıq-aşkar təsəvvüf rəmzləri (xüsusilə "Yeddi gözəl"də) və hətta müasir istilahla desək, sürrealizm ünsürləri ilə yanaşı, Nizami axtarışları yenə də birbaşa dövrün gerçəkləri ilə bağlıdır. Nizamini cəmiyyətin ən ağrılı, ən bəlalı, ən kəskin problemləri narahat edir. O, ədalətlə zülmün, qanuniliklə özbaşınalığın tənasübü üzərində dərindən-dərinə düşünür. Nəticə etibarilə bu hökmdar və xalq, dövlət və dövlətlə müəyyən qarşılıqlı münasibətlərdə olan İnsan, Fərd, Şəxsiyyət haqqında düşüncələrdir. Demək olar ki, hər bir əsərində Nizami çağdaş olan böyüklü-kiçikli hökmdarlara müraciətlə onları ədalətə, xalqın qayğısına qalmağa, maarifə, xeyirxahlığa çağırır. Gah öyüd-nəsihət verir, gah inandırmağa çalışır, gah çəkindirməyə. Bu məsləhətlər bəzən birbaşa, "Sirlər xəzinəsi" poemasında olduğu kimi, didaktik şəkildə verilir. Lakin şair bu məqsədə daha çox estetik təsir yolu ilə nail olmaq istəyir. Xosrov şahın mənəvi təkamülü, eləcə də "Yeddi gözəl"in qəhrəmanı Bəhram şahın əxlaqi dəyişməsi uzun, dolanbac bir yoldan keçir – hökmüylə, iqtidarıyla məst-xumar olmuş bir hakimi-mütləqdən öz rəiyyəti qarşısında borcunu dərk etmək zirvəsinə qədər yüksələn bir yoldan. Hakimiyyət sahiblərinin iltifatını qazanmaq niyyətindən çox-çox uzaq olan Nizami öz vəzifəsini başqa cür görürdü: zəmanəsinin hökmdarlarından qat-qat müdrik olan sənətkar adil həyat anlayışını onlara təlqin etməyə çalışırdı. "Dünya heç bir padşaha qalmayıb, sənə də qalmayacaq, cahanda əbədi qalmaq niyyətindəsənsə, cahana faydalı ol, dövlət işlərində dövlətin nüfuzuna tük qədər xələl gətirən şeylərə yol vermə, güclü ol, amma təmkinini saxla, tədbir sahibi olsan da, başqalarının rəylərinə biganə qalma. Ədalət axtarışlarına cavablarını yalnız doğru sözlü adamlar vasitəsilə göndər, verdiyin sözünə əməl et ki, hər kəs sənə güvənə bilsin" – bu hikmətlər idi Nizaminin hökmdarlara tövsiyəsi. Onun belə sözlər söyləməyə mənəvi haqqı vardı.
Hökmdarlar arasında şairin bu haqqını dərk edən adamlar tapılırdı. Nizami "Sirlər xəzinəsi"ni ərməğan göndərdiyi hökmdar nahaq deməmişdi: "Mümkün olsaydı, bu kitab üçün mən bütün xəzinə və sərvətlərimi hədiyyə verərdim, çünki mənim adım dünyada yalnız bu əsərin sayəsində əbədi yaşayacaq. Şair və yazıçıların tərifi, ya töhməti bu vəfasız dünyada yaxşı, yaxud yaman ad qazanmaq və bu adla tarixə düşmək üçün yeganə vasitədir".
İki başlıca cəhət – döyüşdə zəfər və müdriklik, gündəlik həyatda adillik Nizaminin son poeması olan "İskəndərnamə"nin qəhrəmanı İskəndərin surətində öz ifadəsini tapmışdır. Poemanın birinci hissəsində – "Şərəfnamə"də o, dünyanın yarısını fəth etmiş müzəffər, qalib sərkərdədir. İkinci hissədə – "İqbalnamə"də isə Zülmət ölkəsinə ayaq basmış və dünyanın da, şöhrətin də, fəthlərin də faniliyini, keçəriliyini başa düşmüş mütəfəkkir hökmdardır. Yaradıcılığının son mərhələsində Nizaminin düşüncələr axını onu xoşbəxt ölkə, ədalətli cəmiyyət barədə xəyallara qovuşdurur. Avropa humanistlərini – "Utopiya"nın müəllifi ingilis Tomas Moru dörd əsr və "Günəş şəhəri"nin müəllifi italyan Kampanellanı beş əsr qabaqlayan Nizami xəyali ideal cəmiyyəti "İskəndərnamə"də təsvir etmişdir. Hərbi yürüşlərlə dünyanın bu başından vurub o başından çıxan fateh İskəndərin keçdiyi yolu isə həqiqət axtarışı, mənəvi kamillik, ideal hökmdarlıq zirvəsinə yaxınlaşma yolu kimi mənalandırmışdır.
...Allah vergisi ilə düha və xasiyyəti etibarilə yorulmaz zəhmətkeş olan Nizami maddi cəhətdən xeyli sıxıntılı ömür sürsə də, heç vaxt şirnikib saray məddahı olmağı özünə rəva bilmirdi. Əsərlərini ayrı-ayrı hökmdarlara həsr etsə də, onların şəninə tərifli sözlər yazsa da Nizami ürəyi yeyib çürüdən, çərlədən saray intriqalarından uzaqlarda, hökmdar mərhəmətindən, taxt-taca yaxın isti yerlərdən çox kənar məkanda, vara-dövlətə, mənsəbə can atmadan, Gəncədəki tənha guşəsinə sığınmış, ləyaqətini, heysiyyətini, mənliyini qoruyub saxlaya bilmişdi. Nizami, əlbəttə, bu sayaq müstəqilliyin, məğrurluğun nəyin bahasına başa gəldiyini gözəlcə bilirdi. O, qürurlu insan idi, buna görə də tənha idi. Müdrik insan idi, buna görə də kədərli idi.
Tədqiqatçıları xüsusi olaraq vurğulayırlar ki, təbiəti etibarilə yumşaq və hamıya yaxşılıq diləyən şair ona pislik istəyənlərə belə pislik etməkdən çəkinmişdir. Öz sözlərilə desək, pislik edərsə, bu pislikdən mənəvi əzab çəkəcəyini bilirdi. Yaxşı olmaq, yaxşılıq etmək və yaxşılıqdan yorulmamaq şairin əsas əqidələrindəndir.
Nizami zahidanə bir həyat keçirdi, ancaq taleyin özü onun sakit evinin qapısını amansız və vahiməli yumruqla dönə-dönə döydü. Gəncədə üç yüz min adamın həlakına bais olan zəlzələ və onun nəticəsində təbiət incisi Göygölün yaranması böyük şairə öyrətdi ki, gözəllik çox vaxt əzab-əziyyətlərdən, iztirablardan doğulur. Oğlunun anadan olması və sevimli arvadı Afaqın – qıpçaq gözəli Appağın ölümü kədərlə sevincin bir-birindən ayrılmaz olduğunu göstərdi.
Gedir əldən gecələr səbrü-qərarım sənsiz,
Aldığım hər nəfəs atəşdi, nigarım, sənsiz.
Hicrinin zülmü deyir: vəslinə and oslun, inan,
Qaçmayıb tab edəcəm, yoxdu güzarım sənsiz.
Nə gözüm var – arayım, ah nə o bəxtim ki, tapam,
Nə əlim var ki, açım... bağlı bazarı sənsiz.
Sən Nizamidən uzaq... mən gecə ulduz sayıram,
Fal açıb gündüzə yalvarmada karım sənsiz...
Nizami, əlbəttə, sevinc də dadmışdı, amma daha çox itkilərin ağrısını duymuşdu, düşmən həsədi və dost xəyanətini görmüşdü. Bütün itki və iztirablarının əvəzində tale ona böyük bir təskinlik bəxş etmişdi – əsərlərinin ölməzliyini. Şair bu xoş iqbalını özü də dərk edirdi.
Möcüzəvi bir fəhmlə Nizami yalnız keçmişləri deyil, gələcəyi də görə, duya, hiss edə bilirdi...
Nizami bu gün də bizimlədir, bizim aramızdadır və bu barədə hamıdan yaxşı o özü demişdir:
Yüz il sonra sorsan, bəs o
hardadır?
Hər beyti səslənər:
Burda, burdadır!
Sentyabr-oktyabr, 1991