ŞƏHİDLƏR HEÇ ZAMAN UNUDULMUR, UNUDULMAYACAQLAR...
Müqəddəs şəhidlik zirvəsinə ucalanlar daim qədirbilən xalqımızın yaddaşında yaşayacaqdır.
Müharibə tariximizin qızıl səhifəsi olan 44 günlik müharibənin bünövrəsi 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərində qoyulub.
Güləmail Muradın qələmə aldığı “Tovuz Döyüşləri” kitabı 2020-ci il Tovuz döyüşlərinin ildönümünə həsr olunub. Kitabda Tovuz döyüşlərində şəhid olan hərbçilərimizin həyat yolundan, onların doğulub boya-başa çatdığı torpaqdan bəhs olunur. Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, şərəfli zirvə şəhidlik zirvəsidir. Öz qanları ilə dastan yazan şəhidələrimiz, torpaq uğrunda canından keçən oğullarımız heç vaxt unudulmur.
Şəhidlər bizim nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimizdir.
Şəhidlər haqqında yazılan kitablar gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə olan sonsuz sevgi, sədaqətdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onu vətənpərvər ruhda böyütmək, torpağına bağlılıq, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Güləmail xanım şəhidlər haqqında yazdığı bütün kitablarda şəhidlərdən qürurla, sevgilə, kövrəkliklə söz açır.
Vətən sevgisi, vətənpərvərlik duyğusu, qəhrəmanlarımıza, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Müharibə qəhrəmanlarının, şəhidlərin ömür yolu gənclər üçün örnəkdir.
Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Çingiz ABDULLAYEV
Xalq yazıçısı,
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi