Gülxani Pənahın “Əsrin Oğuznamə"si kitabı işıq üzü görüb. Kitabın ilk səhifəsində II Qarabağ Müharibəsinin başda Ali Baş Komandan olmaqla əsgər və zabitlərinə ithaf olunan “Uğurlu yol, Allah sənə yar olsun” şeiri çap olunub. Müəllif kitabda II Qarabağ Müharibəsində vətənimizi, torpaqlarımızı qoruyarkən şəhidlik zirvəsinə ucalan Oğuz rayonundan olan igid qardaşlarımızın keçdiyi həyat yolunu işıqlandırıb. Şəhidlərimiz vətənin müqəddəsliyi uğrunda gözlərini belə qırpmadan canlarını fəda etdilər. Torpaqlarımızın düşmən tapdağı altından azad olunması uğrunda şəhid olan gənclərimiz xalqımızın qürur mənbəyidir.
44 günlük Vətən müharibəsində minlərlə cəsur oğulllarımız öz qanları ilə tarix yazdılar. II Qarabağ müharibəsi zamanı Ali Baş Komandanımızın uzaqgörən siyasəti və rəşadətli ordumuzun güclü döyüş taktikası Azərbaycanın güclü dövlət olduğunu bir daha bütün dünyaya nümayiş elədi. Mənfur düşmənin tapdağı altında qalan torpaqlarımız azad edildi, üçrəngli bayrağımız Qarabağ torpağında dalğalandı. Bu qələbə zəfəri bizləri sevindirdiyi qədər də qəlblərimizdə iz qoydu – xalqımızın igid oğul və qızları müqəddəs şəhidlik zirvəsinə ucaldılar, öz qanları, canları ilə tarix yazdılar.
Gülxani Pənahın qələmə aldığı “Əsrin oğuznamə"si kitabı şəhidlərin xatirəsinə ehtiramın, həssas münasibərin ifadəsidir.
Məlahət Qənbərova