KEÇƏN GÜNƏ PEŞMANAM...
İllər asılır ayların ayaqlarından,
Sənsiz keçən günlər bir-bir düşür
Saralmış yarpaq kimi,
Təqvim varaqlarından...
Dərdi dərd çəkən anlar,
Sözsüz eşidən anlar.
Bir əbədi dostun olar dünyada –
Üzünə şax baxdığın tək həqiqət – aynalar...
İndi iki əlim, bir başım,
Keçən günə peşmanam.
Gələr, – deyib çox yol çəkdi gözlərim,
İnsanam ey, insanam...
İndi köhnə şəkillərdə
Gülümsəyir adamlar.
İndi bu yarımçıq ömrümü
O şəkillər tamamlar...
Mənim bütün şeirlərim
Ürəyimdən su içir.
Özümdən qaçdığım yollar da
Gəlib alnımdan keçir...
AYRILIQ ŞƏRQİSİ
Burda bütün şərqilər
Ayrılıqdan danışar.
Saralar təqvimlər də,
Fəsillərlə yarışar.
O da səndən uzaqda
Göy qurşağın izləyər.
Səninsə buz əllərin
İsti nəfəs gözləyər.
Köz salar ürəyinə
Orda onun istisi.
Dolar ciyərlərinə
Ürəyinin tüstüsü.
Heyif, olmadı qismət, –
Deyərsən öz-özünə.
Gözlərin ta bir ömür
Su daşıyar közünə.
SÖNƏN OCAQLAR
Yerdə yanan ağacların ahından
Alov aldı səmada buludları.
Bundan sonra yuvası yox, səsi yox,
Külə döndü quşların qanadları.
Yandı bütün yaşıl-yaşıl arzular
Bu atəşin közündə, ocağında.
Kəpənəklər, qarışqalar, böcəklər,
Bala dovşan ananın qucağında.
Ocaq ocaq söndürərmiş, öyrəndik.
Tüstü udan səmalar boşaldımı?
Bir bulud da dolmadı ki, ağlaya,
Tanrı, sənin gözlərin yaşardımı?
SƏNSİZ
Sənsiz yadların doğması,
Doğmaların yadıyam.
Sənsiz ünvansız evlərin,
Küçələrin adıyam.
Sənsiz qara kağız alan
Ananın göz yaşıyam.
Sənsiz adsız məzarların
Şəkilsiz başdaşıyam.
Sənsiz əsalı qocayam,
Yuxusuz körpə uşaq.
Sənsiz səninlə doluyam –
Xatirən qucaq-qucaq.
Sənsiz sahilsiz dənizəm,
Bir limansız gəmiyəm.
Sənsiz səfil, avarayam,
Kimsəsizlər kimiyəm.
RUHUM YANIR
Bu evin divarları
Min ildir ki danışmır.
Qapının dəstəyi də
Heç bir əllə barışmır
Uzanan yola baxır
Darıxan pəncərələr.
Gözümün kökü kimi
Saralıb ağ pərdələr.
Divardakı saatın
Sanki nəbzi dayanıb.
Hər küncdə bir xatirə
Ruhumu əsir alıb.
Boş qalmış çərçivədən
Hüznün şəkli boylanır.
Gəl bir udumluq su ol,
Bu evdə ruhum yanır
BURDA UNUTMAQ SƏNİ...
Burda unutmaq səni –
Dörd mövsüm payız kimi.
Yavaş-yavaş yox olmaq,
Unutduğun qız kimi.
Burda darıxmaq sənə –
Qəfəsdə bülbül olmaq.
Yanıb pərvanələrtək,
Öz oduna kül olmaq.
Burda gözləmək səni –
Gəmilər gələn yerdə.
Həzin bir yaz gecəsi
Lövbəri salan yerdə.
Burda qovuşmaq sənə –
Əzəmətli dağ olmaq.
Calanıb köklərinə,
Dönüb min budaq olmaq.
Burda qarışmaq sənə –
Ev olmaq, Vətən olmaq.
Dönüb günəşə, aya,
Aydınlığa tən olmaq.
AZƏRBAYCAN ƏSGƏRİ
Nələr gördük İlahi,
Nələrdən keçdik, Allah.
Biz vətənin uğrunda
Tarixə köçdük, Allah.
Min ilin qocasıdır
Dərdinin ömür yaşı.
Torpağında qan gölü,
Torpağında göz yaşı.
Hər qarışın bir tarix,
Hər tarixin bir zəfər.
Şəhid yatan torpaqda
Çiçək bitər, gül bitər.
Analar qurban deyər
Xınalı quzuları.
Ürəyində basdırar
Körpəcə arzuları.
Gözlərin aydın, Ana,
Qarşıda zəfər durur.
Sənin "körpəm" dediyin
Düşmənə qan uddurur.
Cəsarətlə keçir o
Neçə dağ, neçə dərə.
Sancır ulu bayrağı
Ən uca zirvələrə.
O sildi bu vətənin
Gözündəki kədəri.
Yaşa, yaşa, min yaşa,
Azərbaycan Əsgəri!