Böyük quşlar köçüb gedəndən sonra xırda quşlar payızın qulağına nəsə pıçıldayırdılar...
Onların daxması kəndin qurtaracağında, zəhmli palıd meşəsinin düz ağzında yerləşirdi. İncəvara, daxmanın üzü kəndə tərəf idi, axşamlar meşədə canavarlar ulayıb çaqqallar səs-səsə verəndə daxma işığı yanan kəndə baxıb ürəklənirdi.
Daxmanın da qəribə görkəmi vardı. Taxtapuşunun bir tərəfi əyildiyindən uzaqdan papağını yan qoyub macəra axtaran şuluq uşağa oxşayırdı. Elə bilirdin, nəfəsini alan kimi yerindən götürülüb kəndə tərəf qaçacaq. Amma qaçıb eləmirdi. Gün boyu daxma adamın gözünə birtəhər dəyir, haldan-hala düşürdü. Səhərlər qollarını çırmalaya-çırmalaya günəşin gözünə baxıb “Bu gün biçin başlayacaq!” – deyən əkinçiyə, günorta bostan oyuğuna, gün əyilib meşənin o üzünə aşanda ayaqüstə mürgüləyən yorğun qocaya oxşayırdı.
Görünüşünə baxmayın, bu daxmada dünyada tayı-bərabəri olmayan, oyunları bitib-tükənməyən, sevinci yerə-göyə sığmayan nənəylə nəvə yaşayırdı. Birinin altı, o birinin altmış altı yaşı olsa da, elə bil yaşıdıydılar.
Düzdü, həyat nənəni döyə-döyə istədiyi şəklə salmışdı. Anaş toyuğa oxşayan bu yastı-yapalaq qarı tükü-tükdən seçər, yazda qışın, qışda yazın tədarükünü görər, bostanda, meşədə, dağda, düzdə, çayda – hər yerdə gözə dəyərdi.
Nəvəsini də körpəlikdən o saxlamışdı. İndi əli çomaqlı, telli-toqqalı yekə kişiydi. Hər dəfə nənəsi:
– Çomağına nənən qurban, ay evimin yaraşığı, ömrümün naxışı – deyəndə uşaq əlindəki qupquru çomağa baxıb içini çəkərdi. Ona elə gələrdi ki, bir gün möcüzə baş verəcək, bu quru çomaq əlində yaşıllaşıb böyük ağaca olacaq. Elə yekələcək ki, qol-budağı köhnə daxmalarını qanadı altına alıb onları dünyanın bütün yamanlıqlarından qoruyacaq. Hər səhər nənəsinin gözündən yayınıb daxmaya söykədiyi çomağına baş çəkər, zoğ atıb-atmadığını yoxlayardı. Çomağını quru taqqıldanaq kimi görəndə ümidini itirməz, gör hələ nə qədər səhərlər var – deyib özünə təskinlik verərdi. Nənəsinin dediyi kimi, səhərlər Gözəgörünməzin kitabının səhifələriydi. Nənəsi deyərdi ki, bu kitab bir ucdan peydərpey yazılır. Nə bitən deyil, nə tükənən.
Nəvə nənəsinin qurduğu dünyada xoşbəxt idi. Hərdən kəpənəklər, parabüzənlər, qanadlı həşəratlar başlarının üstündə dövrə vurub onların sevincinə şərik olar, həyatlarına rəng qatardı. Nənəsi demişkən, xoşbəxtlik üçün padişah-zad olmaq gərək deyildi, xoşbəxtlik üçün sevgi bəs edirdi. Bu köhnə, taxtapuşu əyilmiş daxmada o qədər sevgi, istək, şəfqət vardı ki, bütün dünyaya bəs edərdi.
Səhərlər odun peçinin üstündə qaynayan südün ətri dalğa-dalğa ətrafa yayılıb nəvənin burnunu qıdıqlayanda taxta qapının o üzündən nənənin güllü səsi gələrdi:
– Ay savağın xeyir olsun, ay üzünə xeyir savaxlar açılsın, ay günün uğurlu olsun, dur gör bizə kim gəlib?
Nəvə mitilin içindən boynunu uzadıb gözləri gülə-gülə:
– Kim gəlib? – soruşardı.
– Bu gün bizə günəş gəlib, başına dönüm, düz damımızın üstünəcən gəlib, deyir, şirin nəvən harda gizlənib, niyə gözümə dəymir?
Nəvə uşaq marağıyla yerindən dik atılar:
– Məni soruşdu, hə?! – deyib nənəsinin yanından güllə kimi keçib günəşin görüşünə gedərdi.
Qonaq gəlməyən evə günəşin gəlməsi toy-bayram olardı.
Sonra yaz gələrdi, nənəsi ona “Yazın mübarək, dərdin ürəyimə, qışda sənə danışdığım yaz vardı ha, zərif qanadlarıyla qara qışı qovub uzaqlaşdıran yaz, bax, gələn onun özüdür” – deyərdi. Uşaq nə cavab verəcəyini bilməzdi, əslində o, günəşdən çox, yazdan çox, anasının yolunu gözləyərdi. Bir dəfə nənəsi ona demişdi ki, sənin anan da bir gün yaz kimi səssiz-səmirsiz gələcək. O, anasını görməmişdi, xatırlamırdı, amma hər yaz gözləri kolun dibindəki nərgizə sataşanda bu şux, sarı çiçəyi anasına bənzədərdi. Amma ürəyindən keçənləri nənəsinə deməzdi. Ürəyinə dəyər, ürəyinə toxunar deyə, deməzdi. Xırda addımlarla gedib çöp kimi barmaqlarıyla nənəsinin cadarlı əlindən tutar:
– Nənə, yazın mübarək! – deyərdi.
Hamının unutduğu bu daxmada nənə-nəvə günü günə calayar, heçnədən özlərinə bayram düzəldərdilər. Köhnə daxma sevincdən cilvələnər, hərdən divarlarında yaşıl otlar da bitərdi.
“Günün mübarək, yağışın mübarək, yarpağın mübarək, isti çörəyin mübarək, təzə soğanın mübarək, yamağın mübarək...”
Bir belə sevincin içində darıxmaq olardı?
Ayda-ildə bir dəfə, unları azalanda nəvəsini yanına alıb kəndə gedərdi. Qarşılaşdıqları adamlar tələsik salam verib keçərdilər. Bircə dükançı Osman kişi nənəsiylə əməllicə hal-əhval tutar, hərdən onun başını sığallayıb:
– Maşallah, yekə kişi olmusan, nənəndən muğayat ol, – deyərdi.
Uşaq bu sözlərdən utanar, çiyinlərini qısar, balaca əllərini şalvarının cibində gizlədərdi.
Nənəsi dükançı Osmandan sabun, duz, nəvəsinə finka, pamazı köynək, hərdən də özünə utana-utana alt paltarı alardı. Lap axırda da bir kisə unu ərki çatan adamın ulağına yükləyib aparardı. Heç borclu da qalmazdı, xırda bez torbada qurutduğu dənə lobyadan, qozdan-fındıqdan, qaxdan ulaqhaqqı verərdi ulağın sahibinə.
Gələni yola salan kimi nəvə nənəsini səsləyib əliylə un kisəsini göstərər, sevinə-sevinə:
– Unumuz mübarək! – deyərdi.
***
Bu qış həmişəkindən tez gəldi. Nənəsi qışın mübarək deməmiş, nəvəsi qarın mübarək dedi. Nənə-nəvə qara qışı işıqlı sözlərlə rəngləyə-rəngləyə yarıladılar.
Amma qış uzandıqca uzanır, qurtarmaq bilmirdi. Tərslikdən qışın çilləsində unları da qurtardı. Nənə güllü şalını başına örtdü, dəvə yunundan olan şalını ortasına bağladı, nəvəsini də yanına alıb qarı yara-yara kəndə endi. Belə qarlı havada uzaq yol nənənin gözünə dursa da, nəvənin sevinci yerə-göyə sığmırdı. Mərdanı görəcəkdi. Mərdan dükançı Osmanın nəvəsiydi. İnişil dostlaşmışdılar. Mərdan ondan iki-üç yaş böyük olardı, ya olmazdı. Necə dostlaşdıqlarını heç özləri də bilmirdilər. Hər dəfə un almağa gedəndə ikisi də dükanın arxasına qaçıb oynayar, söhbətləşərdilər. Mərdan ona maraqlı şeylərdən, balıq tutmaqlarından, kinoda gördüklərindən danışardı. O da nəfəs çəkmədən Mərdana qulaq asar, ondan ayrılmaq istəməzdi. Bu dəfə də görüşdülər, qartopu oynadılar. Necə oldusa, Mərdanın əlindən tutub: “Gəl bizə gedək” – dedi.
Elə bil Mərdanı ilan vurdu, əlini geri çəkib:
– Yox, – dedi.
– Niyə?
– Anam qoymaz.
– Niyə?
– Anam deyir ki, ondan uzaq dur.
Pərt olsa da, özünü o yerə qoymadı.
– Mənim bitim yoxdu ki, – deyib əlini başına çəkdi.
Bit söhbəti deyil eyyy, uşaqlar deyir ki, anası onu atıb gedib. Anam deyir, yazıq uşağın nə günahı var, anası gərək belə iş tutmayaydı.
Eşitdiyi sözlər onu üşütdü.
– Anam məni atmayıb ki, uzağa gedib, nənəm deyir, bir gün yaz kimi gələcək.
Mərdandan aralanıb nənəsinin yanına qaçdı.
Yolboyu ağzını açıb bir kəlmə də kəsmədi. Onsuz da nənəsi ulağın yiyəsi ilə nə barədəsə xısın-xısın danışırdı. Daxmalarına çatanda başını ot tayasının içinə salıb zülüm-zülüm ağladı.
O gün nənəsinin rəngli sözləri, işıqlı alqışları, alabəzək oyunları sehrini itirib adiləşdi. O gün heç nənəsinə “Unumuz mübarək!” – də demədi.
O gündən sonra nəvə əvvəlki nəvə olmadı. Yumurtası tərs gələn toyuq kimi nənəsinin yanında o tərəf-bu tərəfə vurnuxur, gecələr balaca əllərini başının altında daraqlayıb nə barədəsə uzun-uzadı fikirləşirdi.
Nəvəsinin qəribəlikləri nənənin gözündən qaçmadı, axır əlacı kəsildi:
– Nə fikirlisən, dərdim ürəyimə, de görüm, nolub, niyə quş kimi səksəkəlisən?
– Nənə, mən bir şey bilirəm.
Nənəsi özünü itirdi.
– Nəyi bilirsən?
– Anamın məni atdığını.
Nənəsi eşitdiklərinə inanmadı.
– Bunu sənə kim deyib?
– Mərdan. O, hər şeyi danışdı. Dedi ki, anana görə heç kim səninlə dostluq eləmək istəmir. Hamının zəhləsi gedir bizdən.
Nənəsi onu bərk-bərk qucaqlayıb saçından, paltarından, əllərindən öpdü.
– Qoy hamının bizdən zəhləsi getsin, istəmirlər, heç un da verməsinlər, qonşu kənddən gətirərik, ürəyini sıxma, dərdin ürəyimə.
O gecə nənə-nəvə səksəkəli yatdılar...
Qara qış arxada qaldı. Nənə-nəvə sağ-salamat yaza çıxdılar. Bayram gecəsi nəvə qorxulu bir yuxu gördü. Gördü ki, kəndin içiylə qaça-qaça: “Nənə, ölümün mübarək, nənə, ölümün mübarək! – deyib qışqırır. Amma səsinə heç kim səs vermir. heç Mərdan da...
Yuxudan ayılanda ürəyi quş ürəyi kimi döyünürdü. Bayırdan səslər gəlirdi. Yatağından qalxıb qapıya yaxınlaşdı. Nənəsinin bal kimi səsi aləmi bürümüşdü:
– Çölə çıx, ömrüm-günüm, gör kim gəlib?
O qorxa-qorxa qapının arasından boylandı. Taxta darvazalarının yanında yaşıl paltarlı bir qadın dayanmışdı. Günəş rəngli saçları güllü yaylığının altından çiyinlərinə dağılmışdı. Nənəsinin dediyi kimi: “O, yaz kimi səssiz-səmirsiz gəlmişdi...”
Qapını aralayıb yalın ayaqlarıyla qadına tərəf qaçdı. Ayaqları torpaqdan üzüldü, kimsə onu havaya qaldırıb bağrına basdı, doğma ətir qoxusu ağlını başından aldı, nənəsinin göz yaşlarına bulaşmış titrək səsini eşitdi:
– Anan mübarək!
İndi köhnə daxma papağını yan qoyan şuluq uşağa, bostan oyuğuna, yorğun qocaya yox, qanadları yeni çıxan şanapipik balasına oxşayırdı. Günəş barmaqlarıyla daxmanın başına sığal çəkir, kəpənəklər yallı gedir, üzünə təbəssüm qonmuş meşə pəsdən oxuyur, Gözəgörünməz kitabının yeni səhifəsini yazırdı...