Qar yağıb. Ağarıb şəhərin bənizi: üzü, siması, sifəti.
Qar yağıb. Bənizi ağarıb şəhərin: yerin, asfaltın, səthin.
Qar yağıb. Şəhərin bənizi ağarıb: örtülüb torpağın qarası, damlar,
səkilər. Üstəgəl, soyuqdur, gizlənib, evinə çəkilib adamlar.
İndi məkan da daha çox özüdür.İndi səthin üzü ağ, alnı açıqdır.
Əslində, səthin arzusu düzlükdür, təklikdir – yoxluğa maksimum yaxınlıq,
qohumluq – boşluq. Səth üçün boşluq yoxluğun üstünə özünü gəlməkdir,
əlbəttə, bacarsa. Qar yağıb: ələnib hündürdən un kimi.
Çılpaq ağaclar qol-qol, budaqla təkrar qaldırıb ağlığı yuxarı.
Yuxarı – mütləq ağlığa işarə edərək, təslim olaraq. Yəni göydə fırlanır
bu yerin xəlbiri çoxdandır. Bir vaxtlarsu basan dünyanı indi qar basıb.
Göydən yağıb qar: su adın, görkəmin dəyişib, ağlanıb; səyahət edərək
arınıb. Bircə yaddaşı həminki. Qar yağıb hər yerə: quşlar oturan
heykələ düşüb qar. Kim bilir, bəlkə də, basıb su bütləri yenidən.
Sübutlar köhnəlmir dünyada. Qar yağıb. Təəssüf. Əriyir.