Vətən mövzusu əbədi və əzəli mövzudur…Bu mövzudan yan qaçanlar, istər oxucular, istərsə söz adamları olsun, birmənalı şəkildə kimliyini unudanlar və ya unutmağa cəhd göstərənlərdir.
Vətən – sığındığımız yuvadır. Udduğumuz hava qədər yaşam imkanımızı bədirləndirən məkandır. Biz ata-anamıza nə qədər gen baxımından doğmayıqsa, vətənə də genetik kodlarla bağlıyıq. O dədə-babalarımızın bizə miras saxladığı məkandır. Dünyanın harasında yaşayırsansa yaşa, sənin genetik yaddaşında əbədi iz qoyan və ölənə qədər ruhundan, canından çıxmayan bir yer var, bu VƏTƏNDİR! Onun axarlı-buxarlı dəryaları, ormanları, bulaqları adama ana laylasıtək doğmadır və bir ömür yaddaşa həkk olunub adamı izləyir. Bir də insanın doğulduğu yer var. O, yer unudulmaz, yaddaşdan silinməz ocaqdır.
Şirin Xanım Kərimbəyli Şadimanın “Vətən səndən nə qaldı“ kitabında, ayrı-ayrı illərdə çap olunmuş və yeni yazılmış şeirləri işıq üzü görüb. Kitab geniş oxucu kütləsi üçün, habelə, tədris ocaqlarında vətənpərvərlik hislərini aşılamaq məqsədi ilə gələcəyimiz olan gənc nəsil üçün nəzərdə tutulub.
“Vətən səndən nə qaldı” kitabında Vətən ağrıları birər-birər sadalanır, iki yerə parçalanmış güneyli-qüzeyli Azərbaycan dərdi misraların fəryadına, üsyanına, harayına çevrilib. Müəllif ədəbi şeirin bütün formalarında vətənin dağını, düzünü, meşəsini, irmağını, bol sulu çeşmələrini bədii sözün qüdrətiylə cilalamağa çalışıb.
Şirin Xanım Kərimbəyli Şadiman kitabında iki əsr başımıza gələn faciələrin real mənzərəsini misraların, bəndlərin fəryadıyla oxuculara çatdırmağa çalışıb…Topluda İyirmi yanvar faciəsi, Xocalı soyqırımı dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza yol gedən qan yaddaşımızdı! Bunları unutmamaq üçün İyirmi yanvar faciəsinə həsr etdiyi “Ağı-dastan”, “Xocalı soyqırımı” adlı nəzm hekayətlərini qələmə alıb.