Yazıçı Gülxani Pənahın tərtib etdiyi “Vətən bağı al-əlvandır” kitabı nəşr olunub.
“SkyE” nəşriyyatında işıq üzü görən kitab II Qarabağ Müharibəsində əldə etdiyimiz qələbənin ildönümünə həsr olunur.
Kitab Gülxani Pənahın “Qalib Azərbaycanım...” ön sözü ilə başlanır: “Döyüş meydanlarında canıyla, qanıyla zəfər tariximizi yazan qeyrətli oğullarımızın, şəhid oğullarımızın ruhu qarşısında baş əyirik. Hər bir şəhidimiz qanı ilə yeni tariximizi yazdı. Haqqını istədi, Haqqını özlədi, Yurdumuzu, elimizi – Qarabağımızı düşməndə qoymadı. Bir evin oğluydu hər biri, indi hər evin oğludur hər biri... Bütöv Azərbaycanımın hər bir şəhidi mənim şəhidimdir...
Uyu qucağında ana yurdunun,
Küləyi laylayın, mehi laylayın.
Sən mənim yurdumun mərdi, igidi,
Sən mənim ən böyük O Allah payım,
Şəhidim mənim!”
Kitabın “Vətən... Vətən... Vətən...” bölümündə Ağabəyim Cavanşir, Abbas Səhhət, Əhməd Cavad, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Hadi, Səməd Mənsur, Almas İldırım, Nigar Rəfibəyli, Mədinə Gülgün, Rəsul Rza, Süleyman Restəm, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə, Qabil, Əliağa Kürçaylının Vətən, Qarabağ, Bayraq mövzusunda şeirləri dərc olunub.
“Torpaq uğrunda ölən varsa...” bölümündə Anar, Asim Yadigar, Azər Turan, Adil Cəmil, Azadə Taleh, Çingiz Abdullayev, Çingiz Əlioğlu, Fərid Hüseyn, Gülxani Pənah, Elçin Hüseynbəyli, Emin Piri, Əşrəf Veysəlli, Fikrət Qoca, Xəyal Rza, Jalə Əliyeva, İlqar Fəhmi, Səlim Babullaoğlu, Rəşad Məcid, Zeynal Vəfa və başqa yazarlarımızın Qarabağ mövzusunda qələmə aldıqları şeir, hekayə və esseləri yer alıb.
Məlahət Qənbərova